SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fikrət Əmirovun anadan olmasının 100 illiyi qeyd olunub-FOTO

Fikrət Əmirovun anadan olmasının 100 illiyi qeyd olunub-FOTO
23-11-2022, 10:00

Azərbaycan Respublikasının Prezidenti 15 mart 2022-ci il tarixində görkəmli bəstəkar, ictimai xadim, Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama müvafiq olaraq Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi və Elmi kitabxananın birgə hazırladığı tədbir keçirilib.

NDU-nun televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, tədbirin birinci hissəsində Fikrət Əmirova həsr olunmuş kitab sərgisinə baxış olub. Sərgidə dahi bəstəkarın həyat və yaradıcılığı əsas götürülərək ərsəyə gətirilmiş kitab, qəzet və elmi məqalələr toplusunun da daxil edildiyi əlliyə yaxın nəşr nüsxəsi nümayiş olunub. Fikrət Əmirovun Kapriççiosunun səsləndirilməsi ilə başlayan tədbirin ikinci hissəsində Musiqinin tarixi və nəzəriyyəsi kafedrası əməkdaşlarının məruzələri dinlənilib. Fikrət Əmirov yaradıcılığının ümumi xarakteristikasını açan dosent İnara Məhərrəmova dünya şöhrətli bəstəkarın uşaqlıq və yeniyetməlik dövrü, bəstəkar kimi fəaliyyəti, özünəməxsus dəst-xətti ilə seçilən yaradıcılığı barədə məlumat verib. Musiqisi xalq mahnıları və muğamlarla sıx bağlı olan və çox sayda ilklərin yaradıcısı olan bəstəkarın əsərləri sırasına simli alətlər orkestri üçün yazılmış ilk milli simfoniya, müasirlik mövzusuna həsr olunmuş ilk lirik opera, ilk fortepiano sonatası və dünya musiqi ədəbiyyatında ilk və yeni olan, janr üslubi ilə yazılmış simfonik muğamlar daxildir. Fikrət Əmirovun yaradıcılığı Azərbaycan xalqının həyat tərzi, problemləri ilə sıx bağlı olub. Bu barədə bəstəkar özü qeyd edirdi: “Sənətkar öz həyatının mənasını, varlığını böyük sənətin saflığında, xalqa xidmətində görməlidir.”

Fikrət Əmirovun opera yaradıcılığı barədə söhbət açan dosent Günay Məmmədova bildirib ki, opera bəstəkarın yaradıcılığından mühüm aparıcı sahələrdən hesab olunur. Müəllifin sözlərinə görə, görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının eyni adlı pyesi əsasında ərsəyə gətirdiyi “Sevil” operasını yazarkən Fikrət Əmirov öz xatirələrində qeyd edirdi: “Görəsən, Cəfər bunu bəyənərmi?” Opera əsərlərində əsas obrazların xarakteristikasınn açılmasına leytmotivlər vasitəsilə nail olan bəstəkar bu zaman dünya opera bəstəkarları, xüsusilə də  Çaykovski ənənələrindən bəhrələnib, eyni zamanda milli musiqi ilə sintezinə nail ola bilib. “Sevil” operası Üzeyir Hacıbəyovun “Koroğlu” operasından sonra yazılan ən möhtəşəm əsər və “Koroğlu”nun varisi olaraq dəyərləndirilib. Məruzəçi bildirib ki, Ümumilli lider “Sevil” operasının tamaşasına baxdıqdan sonra öz fikirlərini belə ifadə edib: “Mən sənətşünas, nə də musiqişünas deyiləm, ancaq hesab edirəm ki Fikrət Əmirov “Sevil” operası ilə yaradıcılığının ən yüksək zirvəsinə qalxıb, çünki bu əsər həm müasir həyatımızın mövzusu, həm də milli musiqi üzərində qurulub.”

Bəstəkarın simfonik yaradıcılığı barədə məlumat verən kafedranın baş müəllimi Aynur Qasımova bildirib ki, o, muğamın əsas cəhətlərini müasir orkestrin texniki və emosional vasitələri ilə zənginləşdirib və yaradıcılıq süzgəcindən keçirərək xalqa qaytarıb. Bəstəkarın  «Nizami» simfoniyası, «Azərbaycan» süitası, «Azərbaycan» kapriççiosu kimi əsərlərində muğam şöbələrinin növbələşməsi prinsipinə riayət olunub.

Fikrət Əmirovun balet janrında yaratdığı Azərbaycan musiqi xəzinəsinin misilsiz töhfələri barədə danışan kafedranın müəllimi Rumiyə Məmmədova bu əsərlərin onun yaradıcılığında xüsusi mərhələ təşkil etdiyini diqqətə çatdırıb. Xoreoqrafik novella adlanan “Şur” baleti, dahi şair Nəsiminin 600 illik yubileyinə həsr olunmuş “Nəsimi dastanı”, balet janrında yaratdığı ən möhtəşəm əsəri “Min bir gecə” və bu sahədəki son nailiyyəti olan “Nizami” baleti dərin fəlsəfi konsepsiya , müəllif düşüncəsinin dəqiqliyi və məntiqi kimi diqqət çəkən məqamlarla müşayiət olunub.

Dünya folklorunun qiymətli incilərindən biri hesab olunan “Min bir gecə” ərəb nağılları süjetinə müraciət edən Fikrət Əmirov əsərin xoreoqrafik təcəssümündə yüksək ustalıq və yaradıcılıq cəsarəti sərgiləyərək Azərbaycan balet tarixində yeni mərhələ açıb. Bəstəkarın şərq nağıllarına olan məhəbbəti və ərəb ölkələrinin musiqisindən topladığı materiallar bu əsərin meydana gəlməsində böyük rol oynayıb. Balet üzərində işə başlamazdan əvvəl Fikrət Əmirov İran, İraq Türkiyə, Misir, Suriya, Mərakeş və Hindistana səyahət edərək, ümumşərq mədəniyyəti ilə sıx təmasda olub.

Fikrət Əmirov vokal yaradıcılığını da diqqət mərkəzində saxlayıb. Bu barədə tədbir iştirakçılarını məlumatlandıran Musiqişünaslıq ixtisası üzrə III kurs tələbəsi Sərvət İbrahimov bəstəkarın yaradıcılığının müxtəlif dövrlərində instrumental musiqiyə müraciət edərək yaratdığı skripka, violençel, fortepiano, nəfəs alətləri – qoboy, klarnet, faqot üçün bəstələdiyi əsərlərin incəliklərini diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində xalq artisti Çingiz Axundovun bədii rəhbərliyi və dirijorluğu ilə “Sevil” operasından Balaşın nəğməsi, Dilbərin mahnısı, “Səhər” filmindən Aslanın mahnısı, “Şeyx Sənan” pyesindən Kor Ərəbin mahnısı və “Min bir gecə” baletindən Final ifaları səsləndirilib. Tədbirin sonunda çıxış edən universitetin rektoru Elbrus İsayev Fikrət Əmirov yaradıcılığını XX əsr Azərbaycan musiqi tarixinin ən parlaq səhifələrindən biri kimi qiymətləndirib. Bildirib ki, musiqisinin coşğunluğu, ehtirası, təsirli ifadə gücü, zəngin harmoniya və orkestr çalarları ilə dinləyicini valeh edən sənətkar Azərbaycanı dünyaya tanıdan milli bəstəkarlıq məktəbinin ən layiqli nümayəndələrindən biri kimi sağlığında ölməzlik qazanıb. Yüksək səviyyədə hazırlanan tədbirlə bağlı müsbət təəsüratlarını bölüşən rektor, yaradıcı kollektivə dərin təşəkkürünü bildirərək uğurlar arzulayıb.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031