SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Bölməsinin Rəyasət Heyəti bir neçə qərar qəbul edib

Naxçıvan Bölməsinin Rəyasət Heyəti bir neçə qərar qəbul edib
22-09-2022, 17:10

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyəti növbəti dəfə toplanıb. İclası açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yığıncaq iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, bölmənin Təchizat və xidmət şöbəsinin aparıcı mütəxəssisi İlham Cəfərov çıxış edərək bildirib ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Ali Məclisin Sədri cənab Vasif Talıbov müşavirədə enerji, ərzaq təhlükəsizliyi, sabitliyin qorunması kimi məsələlərin vacibliyini vurğulayıb, müşavirədə verilən tapşırıqların yerlərdə müzakirə edilməsini və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət olunmasını tapşırıb.

İlham Cəfərov AMEA-nın Naxçıvan Bölməsində payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə məlumat verib. Məlumatda qeyd olunub ki, Naxçıvan Bölməsinin tərkibindəki bütün inzibati binalara mövsümə hazırlığı təmin etmək məqsədilə baxış olub, mövcud olan kiçik nasazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb. O, bölməyə aid hər binanın qışa hazırlığı barədə ətraflı danışaraq bildirib ki, Naxçıvan Bölməsi 2022-2023-cü illərin payız-qış mövsümünə tam hazır vəziyyətdədir.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev iclasda 2022-ci ildə Naxçıvan Muxtar Respublikasında aparılmış beynəlxalq və yerli arxeoloji ekspedisiyaların nəticələri, Sədərək, Uçan Ağıl, Osmantəpə, Plovdağ yaşayış yerlərindən aşkar olunan yeni tapıntılar barədə məlumat verib. Professor qeyd edib ki, qazıntılar zamanı Alt Paleolit və Orta Paleolit dövrünün erkən mərhələsinə aid materialların aşkar edilməsi gələcək araşdırmaların daha da səmərəli nəticələr verəcəyinə işarə edir.

Vəli Baxşəliyev həmçinin 3-6 sentyabr tarixlərində qardaş Türkiyə Cümhuriyyətinin Mersin şəhərinə təşkil edilən elmi ezamiyyənin nəticələri barədə məlumat verib. Bildirilib ki, professor Vəli Baxşəliyev və bölmənin elmi katibi Rəşad Zülfüqarovun dünya şöhrətli şumeroloq alim Muazzez İlmiye Çığ ilə sentyabrın 5-də baş tutan görüşü zamanı Naxçıvanın Nuh yurdu olması, Nuh tufanının buradakı izləri, Gəmiqaya qayaüstü təsvirləri və başqa mühüm mövzularda fikir mübadiləsi aparılıb. Görüşün əhəmiyyətindən və gələcək əməkdaşlıq üçün nəzərdə tutulan işlərdən söz açan alim daha sonra mövzu ilə əlaqədar sualları cavablandırıb. Türkdilli şumerlərin özlərini Kəngərlər adlandırması, türk tayfalarının tarixən yaşadıqları ərazilər, eləcə də türk dil ailəsinə məxsus bir sıra sözlərin şumerlər tərəfindən də istifadə olunması ilə bağlı müzakirə aparılıb.

Rəyasət Heyətinin iclasında həmçinin AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev keçirilən gizli səsvermənin nəticələrinə əsasən Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru vəzifəsinə seçilib. Akademik İsmayıl Hacıyev bu münasibətlə Əbülfəz Quliyevi kollektiv adından təbrik edib. Professor Əbülfəz Quliyev çıxış edərək ona göstərilən etimadı doğruldacağını, vəzifəsini layiqincə icra etməyə çalışacağını bildirib.

Yığıncaqda gündəlikdəki digər məsələlər də Rəyasət Heyəti tərəfindən müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930