SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cari tədris ili də yeni uğurlarla başa vurulacaq

Cari tədris ili də yeni uğurlarla başa vurulacaq
8-12-2021, 09:00

Təhsil millətin gələcəyidir


Hər il Naxçıvan şəhərindən başlayaraq ən ucqar dağ kəndlərimizdə yeni məktəb binalarının tikintisi və ya yenidən qurulması, tədris müəssisələrinin maddi-texniki bazalarının müasir təhsil avadanlıqları ilə təchizatı günün reallığıdır. Bunu bütün naxçıvanlılar, diyarımıza gələn qonaqlar da görür, blokada şəraitində yaşayan bir məmləkətdə 30 ilə yaxın bir zaman kəsiyində böyük həcmdə belə tədbirlərin həyata keçirilməsindən təəccüblərini gizlədə bilmirlər. 

 

Bu qayğıdan bol-bol bəhrələnən təhsil müəssisələri doğulub boya-başa çatdığım Şərur rayonunda da çoxdur. İllərdir ki, Naxçıvan şəhərində yaşayıb fəaliyyət göstərsəm də, tez-tez rayona gedir, burada həyata keçirilən yenilənmə tədbirlərini böyük qürur hissi ilə izləyirəm. Yenilənmə həyatın bütün sahələrini əhatə edir, öndə isə təhsil dayanır. Rayon mərkəzindəki 2 nömrəli tam orta məktəb də hərtərəfli dövlət qayğısından bəhrələnən təhsil müəssisələrindən biridir. Qeyd edim ki, bu tədris ocağı muxtar respublikanın müasir məktəbləri sırasına 2017-ci il mart ayının 7-də qoşulub.

Açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Məktəblərdə təhsilli, dünyagörüşlü və peşə sahibi olacaq gənclərin hazırlanması ölkənin etibarlı gələcəyindən xəbər verir. Bu səbəbdən də ölkəmizdə məktəb işinə xüsusi diqqət yetirilir. Yaradılan müasir tədris şəraiti imkan verir ki, ümumtəhsil məktəblərini bitirən hər bir gənc ölkəmizlə yanaşı, həm də istənilən xarici ölkədə ali təhsil ala bilsin. Həmçinin ölkəmizdə qəbul olunmuş Dövlət proqramlarına uyğun olaraq yaxşı oxuyan gənclər seçilərək xarici ölkələrdə ali təhsil almağa göndərilir. Bu gənclər təhsillərini başa vurub qayıtdıqdan sonra ölkəmizə xidmət edirlər. Ona görə də gənclər hərtərəfli hazırlanmalı, dünya təhsil sisteminə inteqrasiya olunmalıdır”.

Məktəbin 2020-2021-ci tədris ilində qazandığı uğurlar yaradılan şərait müqabilində pedaqoji kollektivin qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində göstərdiyi əzmkarlığın ifadəsi kimi diqqəti çəkir. Cari dərs ilində tədris prosesindəki yeniliklərlə tanış olmaq üçün məktəbə üz tutduq. Məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Sevil Hacıyeva bildirdi ki, dördmərtəbəli və 1020 şagird yerlik məktəbdə müasir tədris şəraiti yaradılıb. 5-i elektron lövhəli olmaqla, 50 sinif, 2 müəllimlər, 2 şahmat, tibb otaqları, bufet, idman zalı, açıq idman qurğuları və minifutbol meydançası kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kitabxana müəllim və şagirdlərin ixtiyarına verilib.
Məktəbdə 4 kompüter otağından istifadə edilir, ümumilikdə, 84 kompüter quraşdırılaraq sürətli internetə çıxışı təmin olunub. Yeni texnologiyalar məktəbdə distant tədrisin tətbiqinə və interaktiv dərslərin keçilməsinə imkan verir. Laboratoriyalar ən müasir təcrübə avadanlıqları və əyani vasitələrlə zənginləşdirilib.
Şahmat otağında şagirdlər şahmatın sirlərinə yiyələnirlər. Geniş idman zalında isə gənclərin digər idman növləri ilə məşğul olması üçün şərait vardır. Məktəbin hərbi kabinəsi əyani tədris vasitələrilə təchiz edilib.
Kitabxanada “Oxunması zəruri olan kitablar” adlı guşə yaradılıb. Bu siyahıya daxil edilən kitabların müzakirəsi diqqət mərkəzində saxlanılıb.
Məktəbdə 1046 şagird oxuyur. Onların təlim-tərbiyəsi ilə 119 müəllim məşğul olur. 2020-2021-ci tədris ilinin məzunlarından 26-sı ali, 4-ü isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanıb. Sevil Hacıyevanın sözlərinə görə, məktəbin müəllimləri yeni tədris üsullarından istifadəyə və dərslərini canlı şəkildə qurmağa səy göstərir, informasiya-kommunikasiya texnologiyalarının tətbiqini diqqətdə saxlayırlar. Yeni dərs ilində istifadəyə verilmiş STEAM kabinəsi müəllim və şagirdlərdə böyük sevinc hissi yaradıb. Təhsil ocağında məktəbdənkənar və sinifdənxaric tədbirlərin təşkilinə xüsusi diqqət yetirilir. Bütün bunlar şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılmasında, onların vətənpərvər vətəndaş kimi formalaşdırılmasında, şagirdlərin dövlətçiliyimizə, milli və mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunmalarında mühüm əhəmiyyət kəsb edir. Müəllimlər dərs məşğələlərində, sinifdənxaric və məktəbdənkənar tədbirlərdə ötən il 44 gün ərzində qazandığımız Qələbənin xalqımızın haqq işi olması, bu Qələbədə şəhidlik zirvəsinə ucalmış igid eloğullarımız haqqında şagirdlərə ətraflı məlumatlar verir, onların məzarları ziyarət edilir, şəhid ailələri və qazilər ilə görüşlər təşkil olunur.
Dahi öndərimiz Heydər Əliyevin hamımız üçün örnək olan həyat və siyasi fəaliyyətinin gələcəyimizin etibar ediləcəyi bugünkü şagirdlərə öyrədilməsi üçün məktəbdə “Tədbirlər planı” hazırlanıb. Plana əsasən keçirilən tədbirlər öz bəhrəsini verir. İnşa, şeir, rəsm müsabiqələri bu baxımdan diqqəti çəkir. Məktəbdə şagirdlərin fiziki hazırlığına ciddi diqqət yetirilir. Bunun üçün də dərsdənkənar məşğələləri xüsusi qeyd etmək lazımdır. Məktəbin şagirdləri rayon və muxtar respublika birinciliklərində uğurlu nəticələr əldə edirlər. Təbii ki, qazanılan uğurlarda müəllimlər başlıca simadırlar. Ona görə də dövlətimiz tərəfindən müəllim əməyinə yüksək qiymət verilir, diaqnostik qiymətləndirmə aparılır, müəllimlər fəxri adlarla təltif olunurlar. Məktəbin müəllimlərindən 1-i Azərbaycan Respublikasının, 4-ü isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb.
Azərbaycan Respublikasının Əməkdar müəllimi Əminə Əsgərova da qazanılan uğurları məqsədyönlü dövlət təhsil siyasəti ilə bağladı. Cari tədris ilini daha böyük nailiyyətlərlə başa vurmaq üçün dərs ilinin ilk günlərindən kollektivin öz gücünü səfərbərliyə aldığını bildirdi.
Məktəbin direktoru Sevil Hacıyeva diqqətimizə çatdırdı ki, kollektiv onlara göstərilən etimadı doğruldacaq, bu tədris ilini daha böyük uğurlarla başa vuracaq.

Leylan MƏMMƏDOVA
Naxçıvan Dövlət Universiteti fizikanın tədrisi metodikası və
metodologiyası üzrə I kurs magistri

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31