SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda müəllimlərin işə qəbulu üçün test imtahanları keçirilir

Naxçıvanda müəllimlərin işə qəbulu üçün test imtahanları keçirilir
2-08-2021, 16:28

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqənin test imtahanlarına start verilib.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 14 aprel 2018-ci il tarixli qərarına əsasən keçirilən müsabiqəyə ən çox Şərur (57), Ordubad (49) və Şahbuz (33) rayonlarından olmaqla ümumilikdə 214 vakant vəzifə çıxarılıb. Bu dəfəki müsabiqəyə indiyə qədər bu istiqamətdə keçirilmiş imtahanlar üzrə ən çox namizəd müraciət edib. 858 namizədin sənəd təqdim etdiyi müsabiqədə daha çox qeydiyyat Şərur (225), Ordubad (161) və Culfa (121) rayonları üzrə olub. Ayrı-ayrı ixtisaslara nəzər saldıqda isə ən sıx müsabiqə vəziyyəti ibtidai sinif (210), riyaziyyat (113), Azərbaycan dili və ədəbiyyat (94), tarix (92) və ingilis dili (86) müəllimliyi üzrə qeydə alınıb.

Test imtahanlarında hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramına aid 40, tədris metodikası və təlim strategiyasına aid 20 test tapşırığı təqdim edilir. Test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.

Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplayan müvafiq vəzifəyə təyin olunur. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir. İmtahan bitdikdən dərhal sonra namizədə “Test imtahanının nəticəsi haqqında arayış” verilir və müsabiqənin nəticələri Mərkəzin internet portalında yerləşdirilir.

Onu da qeyd edək ki, ali və orta ixtisas təhsilli namizəd tərəfindən eyni bal toplanıldıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda ixtisas fənni üzrə daha çox bal toplayan namizədə üstünlük verilir. İxtisas fənni üzrə toplanılan bal eyni olduqda pedaqoji stajı daha çox olan, pedaqoji staj eyni olduqda isə diplom göstəriciləri daha yaxşı olan namizədə üstünlük verilir.

Test imtahanları avqustun 16-a qədər davam edəcək.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930