SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbir keçirilib-FOTO

“Naxçıvan” Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbir keçirilib-FOTO
8-05-2021, 12:50

“Naxçıvan” Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti haqqında danışıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında onun danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu.

1970-1985-ci illərdə Sovet İttifaqının  tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırıldı. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Ulu öndər Heydər Əliyevin ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söylədiyi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır” fikirlərini xatırladan rektor, Ümummilli liderin həmişə gənclərimizə böyük ümidlər bəslədiyini qeyd edib. Bildirib ki, əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir – deyən rektor bunun bariz nümunəsinin 44 günlük ikinci Qarabağ Müharibəsi olduğunu vurğulayıb.

    Sonra çıxış üçün söz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərliyə verilib. Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki siyasətindən danışan məruzəçi bildirib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ulu öndərin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Yəni ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

Elman Cəfərli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda çıxışı zamanı demişdir ki, Heydər Əliyevə Azərbaycan xalqının rəğbəti, dəstəyi həmişə çox böyük olmuşdur: “Bunun əsas səbəbi ondan ibarətdir ki, O, Azərbaycana sovet dövründə rəhbərlik edən zaman respublikamızın uğurlu inkişafına təkan vermişdi. O vaxt Azərbaycan sovet məkanında 15 respublikadan fərqlənirdi, çünki Rusiyadan başqa cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi. Azərbaycan ən geridə qalmış yerdən Heydər Əliyevin dövründə, 1980-ci illərin əvvəllərində ən qabaqcıl yerlərə çıxmışdır və insanların rifah halı böyük dərəcədə yaxşılaşmışdır. Digər səbəblər isə ağır günlərdə Heydər Əliyevin cəsarətli addımları ilə bağlıdır. 20 Yanvar faciəsindən sonra O, dərhal sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti rəsmən pislədi, Kommunist Partiyasından çıxdı və Azərbaycan xalqı onun simasında liderini gördü. Ondan sonrakı dövr Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınması tarixi hadisə idi. Deyə bilərəm ki, bu, müstəqilliyə aparan önəmli addımlardan biri idi”. Məruzəçi həmçinin qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübuta yetirib.

Növbəti olaraq çıxış edən Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev isə deyib ki, ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan ulu öndər ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzaladı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu öndərin gənclərlə çox saylı görüşü, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Formu keçirildi. Formda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı. Həmin dövürdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən ehtimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qərarların, habelə “Gənc ailə” proqramı, “gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət sənədləri bu baxımdan təqdirə layiqdir. Əlbətdə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Heydər Əliyevin qaçqın və məcburi köçkün tələbə gənclərə göstərdiyi qayğı onun bütün ölkə vətəndaşları qarşısında göstərdiyi əvəzolunmaz xidmətlərinin tərkib hissəsidir. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Məruzəçi bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün müasir Azərbaycan gəncliyi öz cəsarətini, biliyini, istedadını dünya miqyasında sübut edir.

Növbəti olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu “Ümummilli lider Heydər Əliyev və iqtisadiyyat” mövzusunda çıxış edib. Bildirib ki,  müasir dövr ulu öndər Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, ulu öndərin Vətənimizin bugününə və gələcəyinə möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir. Ümummilli lider nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə çox mühüm və həlledici addımlar atıb. Əminliklə söyləmək lazımdır ki, Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında müstəsna rolu olan əvəzsiz şəxsiyyət olub.  Prorektor qeyd edib ki, tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəb olur. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda həmin dövrü yaşadı. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda daxildən parçalanmaq təhlükəsi ilə də qarşı-qarşıya qaldı. Azərbaycanı bu ağır vəziyyətdən 1993-cü ildə xalqın israrlı istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli lider Azərbaycana qayıtdı. Xalq onu rəhbər seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu. Qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başladı. Ulu öndər digər sahələrdə olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaratdı. İlk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etdi. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı. Bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən əsası isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı. 

Məruzəçi bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial yönümlü bazar prinsiplərinə əsaslanan iqtisadi inkişaf siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında da uğurla davam etdirilir. Şübhəsiz ki, ölkəmizin tərəqqisinin əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın indiki zənginliyi Heydər Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olub. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Bu model Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir. Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir.

   Sonda ulu öndər və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın birgə portretlərini çəkərək universitetə hədiyyə edən “Naxçıvan” Universitetinin tələbəsi Bəyim Əlizadə təşəkkürnamə ilə təltif olunub.

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930