SON DƏQİQƏ

naxcivanxeberleri.com

 “Mütaliə aylığı”nda keçirilən tədbirlərdə 11 mindən çox şagird iştirak edib   

 “Mütaliə aylığı”nda keçirilən tədbirlərdə 11 mindən çox şagird iştirak edib   
30-04-2021, 22:14

Aprelin 30-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib.

Nazirliyin NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Muxtar respublikada şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında məktəb kitabxanalarının rolu və əhəmiyyəti nəzərə alınaraq kitabxanalar zəruri avadanlıqlarla təchiz olunmuş, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülmüş, kitabxana fondu dərslik və bədii ədəbiyyatla zənginləşdirilmişdir.  

Təhsil naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2017-ci il 28 avqust tarixli  “Oxunması zəruri olan kitablar haqqında”  Sərəncamı da bu istiqamətdə görülən işlərin davamı olmaqla yanaşı, həm də uşaq, yeniyetmə və gənclərin Azərbaycançılıq ideologiyasına bağlı, vətənə, xalqa sədaqət ruhunda tərbiyəsində mühüm rol oynayır.

Muxtar respublika məktəblərində yaradılan şəraitin şagirdlərin mütaliəyə cəlb edilməsinə, onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına geniş imkanlar açdığını bildirən Təhsil naziri qeyd edib ki, tədris ili ərzində şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi istiqamətində davamlı tədbirlər keçirilir. Tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, şagirdlərin kütləvi olaraq mütaliəyə cəlb edilməsi baxımından 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Cari tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı”nın keçirilməsi ilə əlaqədar olaraq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq aprel ayı ərzində müxtəlif tədbirlər - kitab müzakirələri, dram, inşa, şeir, sürətli oxu müsabiqələri, konfrans, dəyirmi masa və digər tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərə ümumilikdə 11 mindən çox şagird cəlb olunmuşdur. Bununla yanaşı, ümumtəhsil məktəblərində kitabxanaların fəaliyyətinin gücləndirilməsi məqsədilə kitabxanaçılar üçün kurs təşkil edilmiş, gənc müəllimlərin iştirakı ilə Mətanət Məmmədovanın “Naxçıvan blokadası” kitabının müzakirəsi aparılmışdır.

Rəhman Məmmədov qeyd edib ki, əvvəlki illərdə olduğu kimi bu tədris ilində də “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlər istedadlı şagirdlərin üzə çıxarılmasında, biliklərinin artırılmasında mühüm rol oynamaqla yanaşı, onlarda mütaliəyə marağın yaradılmasına, vətənpərvər, dünyagörüşlü formalaşmasına öz töhfəsini vermişdir.

Təhsil naziri təhsilə göstərdiyi diqqət və qayğıya görə bütün təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirmiş, “Mütaliə aylığı” çərçivəsində təşkil edilən müsabiqələrin qaliblərini təbrik etmişdir.

Bədii hissə ilə davam edən tədbirdə elm, təhsil, məktəb, müəllim, şagird, kitab və mütaliə haqqında dəyərli fikirlər səsləndirilib, Naxçıvan Qızlar Liseyinin şagirdləri tərəfindən səhnələşdirilən Hüseyn Cavidin “Qız məktəbində” əsərindən parçaya baxılıb, şagirdlər tərəfindən Vətən, müəllim və kitab haqqında şeirlər, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərindən parça qiraət olunub.

“Mütaliə aylığı” çərçivəsində keçirilən müsabiqələrin qaliblərinə diplom və kitablar verilib. Tədbirin sonunda “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərdən ibarət videoçarxa baxış olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31