20:28 - Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
19:35 - Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb
19:03 - NDU tələbələri arasında Nizami Gəncəvi irsiylə əlaqədar foto-slayd müsabiqəsinə yekun vurulub
18:43 - Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
18:21 - Təcrübəçi tələbələrə məktəblərdə təcrübə-sınaq dərsləri keçirilir
18:07 - “Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindən biridir”
17:58 - “Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
17:30 - Yerevanda etirazçılar yolları bağlayır
17:21 - Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
17:11 - Naxçıvan Müəllimlər İnstitutunda Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib
17:06 - Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb
17:00 - Şahbuz rаyоnundа mааrifləndirici tədbirlər dаvаm еdir
16:55 - Oksigenlə zəngin hava şəraiti gözlənilir
16:49 - Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
16:47 - Azərbaycan Prezidenti: “Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb”
“Görkəmli Azərbaycan ədibi”mövzusunda interaktiv dərs keçirilib -FOTO
Fevralın 22-də muxtar respublika ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərində yerləşən Cəlil Məmmədquluzadənin ev-muzeyi arasında “Görkəmli Azərbaycan ədibi” mövzusunda interaktiv dərs keçirilib.
Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, dərsdə qeyd olunub ki, dahi yazıçının Naxçıvan şəhərindəki ev-muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılmışdır. Həmçinin Cəlil Məmmədquluzadənin vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə xatirə muzeyləri də istifadəyə verilmişdir. Bildirilib ki, çoxəsrlik tarixə malik olan Azərbaycan ədəbiyyatının inkişafında böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin mühüm xidmətləri olmuşdur. O, Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin ərsəyə gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir.
Görkəmli yazıçı-publisistin həyatı haqqında ətraflı məlumat verilərək vurğulanıb ki, sovet dövründə yaradıcılığı və şəxsiyyəti ideologiyanın təhriflərinə məruz qalan Cəlil Məmmədquluzadənin irsi ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində toplanılaraq nəşr edilmiş, ciddi tədqiqatların obyekti olmuşdur. Ölməz ədibin övladı qədər sevdiyi və bütün ömrünü verdiyi “Molla Nəsrəddin” jurnalının latın qrafikalı Azərbaycan əlifbası ilə yeni tərtibatda, nəfis şəkildə çap edilməsi də müstəqillik dönəmində ədibin irsinə və şəxsiyyətinə göstərilən misilsiz ehtiramı nümayiş etdirir. Ulu öndər Heydər Əliyev böyük Mirzə Cəlil və onun “Molla Nəsrəddin”inə belə dəyər vermişdir: “Biz Cəlil Məmmədquluzadəyə sadəcə bir ədəbiyyatçı kimi, yazıçı kimi, publisist kimi yox, eyni zamanda böyük ictimai xadim və böyük siyasətçi kimi yanaşmalıyıq. Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır”.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında görkəmli ədibin adı və xatirəsi daim əziz tutulmuş, əsərləri, o cümlədən ikicildlik “Seçilmiş əsərləri” yeni tərtibatda nəşr edilmişdir. Görkəmli yazıçının həyat və fəaliyyətinə həsr edilmiş simpozium və elmi konfranslar keçirilmiş, ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik “Naxçıvan” jurnalının bir nömrəsi Cəlil Məmmədquluzadəyə həsr olunmuş, adını daşıyan muzeylərin ekspozisiyası zənginləşdirilmişdir. Həmçinin ədibin “Hekayələr”i Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmişdir. Əsərləri daim teatrların repertuarlarında olmuş, çoxsaylı əsərləri səhnələşdirilərək böyük tamaşaçı rəğbəti qazanmışdır. Bunlarla yanaşı 2019-cu il Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi, ədibin Naxçıvan şəhərindəki ev-muzeyi, adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrı və teatr binasının qarşısındakı əzəmətli heykəli Cəlil Məmmədquluzadə şəxsiyyətinə göstərilən ehtiramın daha bir nümunəsidir.
Dərsdə vurğulanıb ki, Cəlil Məmmədquluzadənin əsərləri bu gün-Azərbaycanın müstəqilliyi dövründə də öz aktuallığını qoruyub saxlayıb. İnteraktiv dərs 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.