SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda gənc müəllimlər ümumtəhsil məktəblərində işlə təmin olunub-FOTO

Naxçıvanda gənc müəllimlər ümumtəhsil məktəblərində işlə təmin olunub-FOTO
22-01-2021, 17:30

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 28 dekabr 2020-ci il - 11 yanvar 2021-ci il tarixlərdə keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbirdə təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi təhsil də dövlət qayğısı ilə əhatə olunmuş, təhsil müəssisələrinin maddi-tədris bazası müasirləşdirilmişdir. Bununla yanaşı, muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm tədbirlər görülmüş, müəllimlərin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşları 2 dəfə, 2019-cu il sentyabrın 1-dən isə müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılmışdır. Müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adlarına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Muxtar respublikada müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində də zəruri tədbirlər həyata keçirilib. Ümumtəhsil müəssisələrinin pedaqoji heyəti üçün sistemli təlimlər təşkil edilib. Təkcə ötən tədris ilində ümumtəhsil məktəblərindən 1500-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb olunmuşdur. Müəllimlər diaqnostik qiymətləndirmədən keçmiş, şahmatı tədris edən müəllimlərin ödənişsiz sertifikasiyası keçirilmiş, 505 müəllim sertifikatla təmin edilmişdir. 2021-ci ilin yanvar ayından isə Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin sertifikasiyasına başlanılmışdır.

Təhsil naziri bildirmişdir ki, muxtar respublikada müəllim əməyinə verilən qiymət onların fəallığını artırmış, ötən tədris illərində 4 müəllim “Pedaqoji mühazirə müsabiqəsi”nin, 5 müəllim isə “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nin qalibi olmuşdur. Ali Məclis Sədrinin məktəbə, təhsilə, müəllimə göstərdiyi diqqətin nəticəsidir ki, bu gün ali məktəbə qəbul olunan gənclərimiz pedaqoji profilli ixtisaslarda təhsil almağa böyük maraq göstərirlər.

Nazir bildirmişdir ki, 2018-2019-cu tədris ilindən etibarən müəllimlərin işə qəbulunda müsabiqə mexanizmi tətbiq edilmiş, qaydalar şəffaflıq və obyektivlik baxımından əhəmiyətli dərəcədə təkmilləşdirilmiş, ümumtəhsil məktəblərinin bilikli kadrlarla təminatı yaxşılaşmışdır. Bu günədək işə qəbulla bağlı keçirilən müsabiqələrdə yüksək nəticə göstərən kadrlardan 466-sı müəllim, 140-ı isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə 606 gənc kadr işlə təmin olunmuşdur. 437 gənc kadr kənd məktəblərini seçdikləri üçün bu məktəblərdə kadra olan kəskin ehtiyac ödənilmişdir.

Təhsil naziri qeyd etmişdir ki, yanvarın 11-də yekunlaşan müəllimlərin işə qəbulu imtahanında 156 vakant yerə 261 müraciət olmuş, onlardan 136-sı keçid balını toplamışdır. Keçid balını toplayanlardan 47-si ən yüksək nəticə göstərdiyindən müvafiq vakant vəzifəyə təyin olunmuşdur. İşə qəbul edilənlərdən 20-si stimullaşdırıcı tədbirlərin təqbiq olunduğu 14 məktəbi seçmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi, həmin ixtisaslarda təhsil alan tələblərin ixtisaslı kadr kimi formalaşması ilə yanaşı, onların işlə təminatına da öz müsbət təsirini göstərmişdir. Bunun nəticəsidir ki, işlə təmin olunan 47 müəllimdən 40-ı Naxçıvanda yerləşən ali təhsil müəssisələrində təhsil almışdır. Bunlardan 32-si Naxçıvan Dövlət Universitetinin, 5-i Naxçıvan Müəllimlər İnstitutunun, 3-ü isə Naxçıvan Universitetinin pedaqoji profilli ixtisaslarının məzunlarıdır.

Nazir bildirmişdir ki, muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, gənc müəllimlərdən 21-i şəhər və rayon mərkəzlərində yaşasalar da kənd məktəblərində işləməyə üstünlük vermişlər.

Sonra təhsil naziri yeni işə təyin olunan gənc müəllimləri təbrik etmiş, onlara hərtərəfli biliyə, geniş dünyagörüşünə, xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən nəsil yetişdirilməsində səylə çalışmalarını tövsiyə etmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Baba Əliyev yeni işə qəbul edilən gənc kadrların ümumtəhsil məktəblərində müasir təhsil sistemində pedaqoji yeniliklərin, fənn kurikulumları və yeni təlim texnologiyalarının tətbiqi ilə tədris prosesinin aparılmasına verilən tələblər barədə danışmış, gənc müəllimlər adından isə Firuzə Əhmədova çıxış edərək həyata keçirilən uğurlu təhsil siyasəti, fəaliyyətləri üçün yaradılan şəraitə və gənclərə göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirmişdir.

Sonda Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərə metodiki vəsaitlər və “Pedaqoji fikir tarixindən” kitabı hədiyyə olundu və müəllimlərin               3 günlük seminarına start verildi. Seminar müddətində gənc müəllimlərlə müəllim peşəsinin xüsusiyyətləri, müəllimlərin etik davranış qaydaları, fənnin tədrisi və məktəb sənədlərinin işlənməsi üsulları, fənn metodbirləşməsinin əhəmiyyəti, pedaqoji şuranın strukturu və hesabatın hazırlanması qaydası, məktəbdaxili qiymətləndirmənin aparılması qaydası, sinif rəhbərinin vəzifələri mövzularında müzakirələr həyata keçiriləcəkdir.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031