SON DƏQİQƏ

naxcivanxeberleri.com

STEAM təlimlərini başa vuran müəllimlər və Respublika fənn olimpiadasının qalibləri mükafatlandırılıb

STEAM təlimlərini başa vuran müəllimlər və Respublika fənn olimpiadasının qalibləri mükafatlandırılıb
15-01-2021, 21:26

15 yanvar 2021-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində STEAM təlimlərini uğurla başa vuran müəllimlərə sertifikatların, 2019-2020-ci tədris ilində keçirilən Respublika fənn olimpiadasının qaliblərinə isə medal və diplomların təqdim olunması ilə bağlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, müstəqillik illərində Naxçıvanda bütün sahələr kimi təhsil də dinamik inkişaf etmiş, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilmişdir.

Bildirilib ki, 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikada STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Hazırda Şərur rayon Qarabürc və Şəhriyar kənd tam orta məktəblərində və Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin nəzdində STEAM kabinələri yaradılmış, yaradılan kabinələr elektron lövhə, kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunmuşdur. Görülən işlərin davamı olaraq, STEAM metodları ilə bağlı xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunmuş, müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsaitlər hazırlanmışdır. STEAM dərslərini tədris etmək bacarığı formalaşdırmaq məqsədilə 30 müəllim 1 aylıq STEAM təlimlərinə cəlb olunmuşdur. Təlimlər  zamanı STEAM metodologiyaları, Robotexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, micro:bit və arduino texnologiyaları, mühəndislik modulları müəllimlərə öyrədilmişdir. Nazir qeyd edib ki, bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən start veriləcək onlayn STEAM təlimlərinə muxtar respublika ümumtəhsil məktəblərinin 150 müəllimi də cəlb olunacaqdır. Bu da muxtar respublikada STEAM dərslərinin yüksək səviyyədə tədrisinə geniş imkanlar açacaqdır.

Təhsil naziri muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində də mühüm tədbirlərin həyata keçirilməsindən danışıb. Bildirilib ki, göstərilən dövlət qayğısından və yaradılan şəraitdən səmərəli bəhrələnməyin nəticəsidir ki, 2019-2020-ci tədris ilində də fənn olimpiadaları maraqlı yanaşmalar, fərqli nəticələr və yüksək fəallıqla yadda qalmışdır. Belə ki, muxtar respublika məktəbliləri Respublika fənn olimpiadasında 4-ü qızıl, 7-si gümüş, 13-ü isə bürünc olmaqla 24 medal qazanmışdır. Həmin şagirdlərdən 15-i XI sinif, 4-ü X sinif, 5-i isə IX sinif şagirdləri olub. Qalib olanlardan        13-ü Naxçıvan şəhərinin, 11-i isə rayon və kənd məktəblərinin şagirdləri olmuşlar.

Nazir qeyd edib ki, olimpiada qalibləri sırasında XI sinif şagirdləri qəbul imtahanlarında 500-700 arası bal toplayaraq Azərbaycanın ən nüfuzlu ali məktəblərinə qəbul olublar. Həmin 15 məzundan 4-ü Naxçıvan Dövlət Universitetinin, 3-ü Dövlət Neft və Sənaye Universitetinin, 3-ü Bakı Dövlət Universitetinin, 2-si Azərbaycan Tibb Universitetinin, 1-i Bakı Ali Neft Məktəbinin, 2-si isə Ali Hərbi Məktəbin tələbələridir.

Təhsil naziri Rəhman Məmmədov STEAM təlimlərini uğurla başa vuraraq sertifikat alan müəllimləri və Respublika fənn olimpiadalarının qaliblərini təbrik etmiş, muxtar respublikada təhsilin inkişafına göstərdiyi qayğıya görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirmişdir.

Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Ceyran Məmmədova və Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin müəllimi Nazim Rəhimov 1 ay müddətində keçirilən STEAM təlimlərinin əhəmiyyətindən, Şahbuz rayon Kükü kənd tam orta məktəbinin məzunu, Naxçıvan Dövlət Universitetinin Xarici dil müəllimliyi ixtisasının I kurs tələbəsi Fidan Məmmədli və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin X sinif şagirdi Nicat Əlizadə isə fənn olimpiadalarının şagirdlərin istedadlarının inkişaf etdirilməsinə təsirindən danışmış, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

Sonda təlimləri başa vuran müəllimlərə sertifikatlar, olimpiada qaliblərinə isə medal və diplomlar təqdim edilib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031