SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitunun bir qrup professor-müəllim heyəti və tələbəsi Cəmşid Naxçıvanskinin ev muzeyində olublar

Naxçıvan Müəllimlər İnstitunun bir qrup professor-müəllim heyəti və tələbəsi Cəmşid Naxçıvanskinin ev muzeyində olublar
5-12-2020, 20:58

Bugün muzey günləri qrafikinə uyğun olaraq Naxçıvan Müəllimlər İnstitutunun bir qrup professor-müəllim heyəti və tələbəsi Cəmşid Naxçıvanskinin ev muzeyində olublar.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Şanlı tariximizə adı qızıl hərflərlə yazılmış görkəmli sərkərdə haqqında məlumat verilərkən aydın olmuşdur ki, 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində dünyaya göz açan Cəmşid Naxçıvanski 43 illik ömrünün 26 ilini hərb sənətinə həsr edib. O, bu sənətə sıravi əsgər kimi gəlsə də, igidliyi, sədaqəti, qəhrəmanlığı və şücaəti sayəsində general kimi böyük rütbəyə yüksəlməyə nail olub. Hərb sənətinin inkişafında və kadr hazırlığı sahəsində mühüm rol oynayan sərkərdə fəaliyyətlərinə görə dəfələrlə mükafatlandırılıb. Misilsiz xidmətlərinə, böyük şücaətlərinə baxmayaraq, ötən əsrin 30-cu illərinin repressiyası Azərbaycanın digər görkəmli nümayəndələri kimi, böyük sərkərdə Cəmşid Naxçıvanskidən də yan keçməyib. 1938-ci il avqustun 26-sı görkəmli hərbi xadim Cəmşid Naxçıvanski ağır repressiyaya məruz qalıb və totalitarizmin qurbanına çevrilib. Ancaq bu gün onun vətənimizin müstəqilliyi uğrunda göstərdiyi misilsiz xidmətlər yüksək qiymətləndirilir. Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi, Cəmşid Naxçıvanskinin ev-muzeyi, onun adını daşıyan məktəb və küçələr görkəmli hərbi xadimə verilən dəyərin bariz ifadəsidir.

 Bildirilmişdir ki, 1981-ci ilin avqustunda ümummilli lider Heydər Əliyev Cəmşid Naxçıvanskinin 85 illik yubileyinin keçirilməsi, generalın vətənində - Naxçıvan şəhərində onun ev muzeyinin yaradılması haqqında qərar qəbul edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində Cəmşid Naxçıvanskinin Ev Muzeyi kimi fəaliyyət göstərən ata evi əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra sentyabr ayının 23-də istifadəyə verilib.

Muzeyin ekspozisiya zalında nümayiş olunan eksponatlar generalın ömür yoluna işıq salır, onun keçdiyi hər döyüşdən, qazandığı hər qələbədən xəbər verir. Burada generalın uşaqlıq və ilk hərbi təhsil aldığı illərinə, Birinci Dünya müharibəsində döyüş yoluna, 1921-1931-ci illərdə Azərbaycan dağ atıcı diviziyasına komandirliyi dövrünə aid, M.V.Frunze adına Hərbi Akademiyada oxuduğu illərə, habelə akademiyada hərbi pedaqoji fəaliyyəti dövrünə dair sənədlər və fotoşəkillər nümayiş etdirilir, onun şəxsi əşyaları, oxuduğu kitablar mühafizə olunur.

Görkəmli sərkərdə haqqında verilən məlumatlardan bir daha aydın oldu ki, hərbi xadim Cəmşid Naxçıvanskinin şücaəti, xalqı qarşısında, vətənin müstəqilliyi uğrunda xidmətləri hər zaman yüksək qiymətləndirilib və Naxçıvan şəhərində fəaliyyət göstərən bu mədəniyyət müəssisəsi Cəmşid Naxçıvanski irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması işində əvəzsiz rol oynayır.

Sonda Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti və tələbələri muzey əməkdaşları tərəfindən verilən dəyərli məlumatlara görə öz təşəkkürlərini bildirmiş və xalqımızın hər zaman öz tarixini, milli-mənəvi dəyərlərini, görkəmli sərkərdələrini qürur və ehtiramla xatırlayacağına əminliklərini qeyd etmişlər.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031