SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti ilə Strasburq Universitetinin əlaqələri

Naxçıvan Dövlət Universiteti ilə Strasburq Universitetinin əlaqələri
26-09-2020, 13:51

Azərbaycan və Fransa  əlaqələri zəngin tarixə malikdir.  Ölkələrarası əlaqələrin yaranması milli və bəşəri dəyərlərin birləşərək zənginləşməsinə və qarşılıqlı inkişafına şərait yaradır. Bu əlaqələr uzun illərdir ki,  inkişaf edir və bir çox sahələrdə  özünü göstərir. Təhsil sahəsində olan əməkdaşlığı xüsusi vurğulamaq lazımdır. Bu sahədə əməkdaşlıq əhəmiyyətli şəkildə möhkəmlənib və öz töhfələrini verir. Universitetlər arasında əməkdaşlıq bəzən ikitərəfli razılaşma, bəzən də Avropa proqramlarına daxil olmaqla reallaşır. 1998-ci ildə Naxçıvan Dövlət Universiteti və Strasburqun Mark Blok Universiteti (indiki Strasburq Universiteti) arasında müqavilə imzalanıb. Bu müqavilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Fransanın Azərbaycandakı Səfirliyinin birgə razılığı ilə həyata keçirildi və  Fransız dili filyeri fəaliyyət göstərməyə başladı. Həmin ildən Fransadan, hətta İsveçrədən təcrübəli fransız dili müəllimləri səfirlik tərəfindən universitetimizə göndərildi. Tələbələrə öz bilik və təcrübələrini əsirgəmədən  fransız dilini böyük maraqla və innovativ metodlardan istifadə edərək tədris edirdilər. Bu həm fransız dili müəllimləri, həm də bu dili öyrənən tələbələr üçün xüsusi əhəmiyyət kəsb edirdi. Universitetimizdə xarici dillərin tədrisinə, eləcə də Fransız dilinin tədrisinə xüsusi əhəmiyyət verilir. Fransız dilinə maraq göstərən tələbələr də çoxluq təşkil edir.

         Fransanın Strasburq Universiteti (əvvəlki adı Mark Blok Universiteti) ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması  böyük və səmərəli tərəfdaşlığın inkişafı üçün geniş perspektivlərə imkan yaratdı. Naxçıvan Dövlət Universitetinin Fransız dili ixtisasının ilk məzunlarından olaraq qürur duyuram. Məhz bu əməkdaşlığın sayəsində təhsilimi Fransanın tanınmış ali təhsil ocaqlarından Strasburq Universitetində Fransız dili üzrə Magistratura pilləsində (Master FLE Recherche və Master Formation du FLE/FLS Professionnel  ) davam etdirmək şansına nail oldum. Əlaqələrin nəticəsi olaraq müəllimlərin Strasburq və Bezanson universitetlərində təkmilləşdirmə kurslarında iştirak etməsini, tələbə müəllim mübadiləsini nümunə gətirmək olar. Fransanın ali təhsil müəssisələrində bir çox azərbaycanlı tələbələr təhsil alır və onların Azərbaycanı tanıtmaq sahəsində fəaliyyətlərini  qeyd etmək lazımdır. Hər bir azərbaycanlı getdiyi xarici ölkəyə  xalqının mədəniyyətini, tarixini, adət-ənənəsini, bir sözlə özündə vətəninin bir parçasını aparır. 

         Strasburq şəhəri Almaniya və İsveçrənin sərhəddində yerləşən və Fransanın tarixi əyaləti olan Elzasın paytaxtıdır.  Fransa və Almaniya arasında mübahisə obyekti olub, gah Almaniyaya, gah da Fransaya keçib. Artıq bu şəhər ölkələrin barışıq rəmzi və Avropanın paytaxtı hesab olunur. Strasburq universiteti 1621-ci ildə yaradılıb, Fransanın ən qədim təhsil ocaqlarından biridir. Bu ali təshsil müəssisəsi üç universitetin birləşməsindən yaranıb (Robert Schuman, Louis Pasteur və Marc Bloch) və 50 mindən artıq tələbəsi var. Avropada bu universitet xarici tələbələrin ən çox üz tutduğu universitetlər sırasındadır, azərbaycanlı tələbələrin çoxluğunu qeyd etmək lazımdır.

         Hər hansı bir xarici dili öyrənmək, həmin ölkənin sivilizasiyasını, tarixini, ədəbiyyatını öyrənmək deməkdir. Ilk olaraq vurğulamaq lazımdır ki, təhsil sistemi 2002-ci ildə tamamilə fərqli idi və bu fərqlilik imtahanlarda da özünü büruzə verirdi. Qarşıya çıxan çətinliklərə baxmayaraq, məqsəd yalnız təhsili başa vurub elmi biliklərə yiyələnmək idi. Müxtəlif millətlərin nümayəndəsi olan qrupumuzda qırx beş nəfər tələbədən altı nəfəri azərbaycanlı idi. Bunlardan üç nəfər Fransanın Azərbaycandakı Səfirliyinin ayırdığı təqaüdlə, digər üç azərbaycanlı tələbə isə, öz hesabına təhsil alırdı. Azərbaycanlı tələbələr Fransada fəaldırlar, bir çox ictimai tədbirlərdə iştirak edir və dövlətimizi Avropada layiqincə təmsil edirlər.

         2004-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburq  şəhərində Avropa Şurasının Parlament Asambleyasının sessiyasında çıxış etmişdır.  Strasburqda təhsil alan azərbaycanlı tələbələr və orada yaşayan həmyerlilərimiz Avropa Şurasına dəvət olunmuşdu. Cənab prezident tələbələrlə görüşdü, təhsildə qarşıya çıxan çətinliklərlə maraqlandı. Bu bilavasitə dövlət başçısının hər sahədə olduğu kimi təhsilə verdiyi diqqət və qayğının göstəricisidir. Təhsilə göstərilən bu diqqət gənclərin bilikli, intellektual formada inkişafına böyük töhfədir. Azərbaycanda təhsilin inkişafı yalnız ölkədaxili deyil,  həm də beynəlxalq səviyyədədir.

         Muxtar Respublikada Naxçıvan Dövlət Universiteti müasir təhsil sistemi ilə təşəkkül tapmış və daima inkişafdadır. Son illərdə əcnəbi tələbələr universitetimizə maraq göstərir və müxtəlif sahələrdə təhsil alırlar. Bir çox beynəlxalq layihələrdə  uğur qazanan  universitetimiz dünya universitetlərinə inteqrasiya  edir. Müxtəlif ölkələrlə əməkdaşlıq çərçivəsində təqaüdlə tələbələrin xaricdə ali təhsil müəssisələrində təhsillərini davam etdirmək üçün şərait yaradılmışdır. Bir çox mübadilə proqramları sayəsində tələbələr xaricdə təhsil almaq arzusunu reallaşdıra bilir və xarici universitetlərdə təhsillərini davam etdirirlər. Bu proqramlar üzrə xaricdə təhsillərini bitirib vətənə qayıdan gənclərimiz müxtəlif sahələrdə (mədəni, iqtisadi, elmi və s.) fəaliyyət göstərərək  öz potensiyallarını nümayiş etdirir və öz layiqli töhfələrini verirlər. Bu həm də xaricdə təhsil alan tələbələrin intellektual səviyyəyə yiyələnməyə, elmi biliklərini dərinləşdirməyə, təhsil aldıqları ölkənin təhsil sahəsində təcrübəsini öyrənib innovativ metod və texnologiyaların tətbiqinə imkan yaradır.

         Fransanın Azərbaycandakı Səfirliyinin  ali məktəblərdə fransız dilinin  tədrisi istiqamətində rolu böyükdür. Hər iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi, əlaqələrin elm və təhsil sahəsində fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə ali təhsil və orta təhsil məktəb müəllimləri üçün pedaqoji staj təşkil olunur. Fransadan dəvət olunan təcrübəli mütəxəssislərin iştirakı, innovativ metod və texnologiyalarla işləmək, yeni tədris metodlarını tətbiq etmək fransız dili müəllimlərinə stimul verir, onların elmi və pedaqoji biliklərini artırmağa şərait yaradır. Bununla yanaşı hər il Frankofoniya bayramı qeyd olunur və tələbələr müxtəlif ssenarilərdə iştirak edirlər.

         2019-cu il iyun ayında Naxçıvan Dövlət Universitetində ali və ümumtəhsil məktəblərinin Fransız dili fənnini tədris edən müəllimlər üçün təkmilləşdirmə kursu təşkil olunmuşdur. Təkmilləşdirmə kursunda Bakı Dövlət Universitetinin dosenti Azərbaycanda Fransız dili müəllimlər Assossiyasının üzvü Azelma Həsənova və Fransadan dəvət olunmuş Ani Domanje tərəfindən təlim keçirilmişdir. Kursun təşkili Fransanın Azərbaycandakı Səfirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycanda Fransız dili müəllimlər Assossiyasının əməkdaşlığı nəticəsində həyata keçirilmişdir.  Qeyd edək ki, Ani Domanje ikinci dəfə idi ki, universitetimizdə fransız dili müəllimləri üçün təşkil olunmuş  kursda iştirak edirdi.

         Bundan əlavə, Azərbaycanda Fransız İnstutunun  (İFA) universitetimizdə təşkil etdiyi yazılı tərcümə konkursu və  mahnı müsabiqəsində birinci yerə layiq görülən tələbələr Fransanın Paris və digər şəhərlərində iki həftəlik stajda iştirak etmişdilər. Hazırda Naxçıvan Dövlət Universitetinin fransız dili ixtisasını bitirən tələbələrimizdən Sona İbrahimli və İbrahim Rzayev Fransada öz təhsillərini magistratura pilləsində davam etdirirlər. Təqaüd proqramlarının reallaşdırılması gənc kadrların xarici universitetlərdə müxtəlif  ixtisaslarda təhsillərini davam etdirməyə xüsusi şərait yaradır. Universitetin beynəlxalq əlaqələrinin yüksək inkişafı sayəsində xarici ölkə universitetləri ilə əlaqələrimiz fonunda Fransa universitetləri ilə əlaqələrimiz daha da genişlənəcək və müəllim- tələbə mübadiləsi davam edəcəkdir.


Əzizə ƏLİYEVA 

Roman-german dilləri kafedrasının baş müəllimi

Naxcivan Dövlət Universiteti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031