SON DƏQQƏ

naxcivanxeberleri.com

Culfanın yenilənən son məktəbi - Camaldın kənd tam orta məktəbi

Culfanın yenilənən son məktəbi - Camaldın kənd tam orta məktəbi
23-09-2020, 16:38

Hazırda Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində 25 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan sonuncu məktəb binası – Camaldın kənd tam orta məktəbi də yenilənən məktəblər sırasına qoşularaq gələcəyimizin inkişafına öz layiqli töhvəsini vermiş oldu.

Bilik Günündə yeni məktəb binasının təhsil ictimaiyyətinə hədiyyə olunması artıq muxtar respublikada ənənəyə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən prioritet sahə elan olunan təhsilin inkişafı üçün atılan addımların önündə məktəb quruculuğunun dayanması, muxtar respublikada yenilənən məktəblərin sırasına hər il bir neçəsinin əlavə olunması insanda qürur hissi yaradır. Müstəqillik illərində muxtar respublikada 200-dən çox ümumtəhsil məktəbinin tikilməsi və ya yenidən bərpa olunması təhsilin inkişafına, uğurlu gələcəyimizin təminatına ən böyük sərmayədir. Bəli, son illər muxtar respublikamızda geniş vüsət almış quruculuq işlərinin önündə təhsil quruculuğu dayanır. Bu gün Naxçıvanın hansı istiqamətinə yolumuz düşsə ən gözəl binaların məhz məktəb binaları olduğunu görərik. Təhsilə göstərilən xüsusi qayğının nəticəsidir ki, yeni məktəblərin tikilməsi, köhnə, uçuq-sökük, heç bir tədris şəraiti olmayan məktəblərin yeni məktəb binaları ilə əvəz olunması böyüməkdə olan nəsildə oxumağa, təhsil almağa daha çox maraq oyadır.

Hər il olduğu kimi yenidənqurulan məktəblərin davamı olaraq 2020-ci ildə də artıq 3 məktəb istifadəyə verilib. Ordubad rayon Vənənd və Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəblərindən sonra Culfa rayonunda yenilənən son məktəb binası, daha dəqiq desək rayonun abadlaşan son kəndində müasir standartlara cavab verən möhtəşəm təhsil ocağının istifadəyə verilməsi muxtar respublikanın dinamik inkişafının növbəti bəhrəsidir. Məktəbin açılışında Ali Məclisin Sədri demişdir: “Muxtar respublikanın ən ucqar kəndində də, şəhərində də gənclərimiz eyni şəraiti olan məktəblərdə təhsil alırlar. Hər bir gənc üçün təhsil əlçatandır. Əsl vətəndaş yetişdirməyin, gələcəyimiz üçün əsaslı təminat yaratmağın yolu da məhz bundan ibarətdir”.

Məktəbin binası 1983-cü ildə istifadəyə verilmişdir. Köhnə məktəb binasında şagirdlərin təhsil almaları üçün şərait əlverişsiz idi. 13 sinif otağı olan məktəbdə demək olar ki, xidməti otaqlar nəzərdə tutulmamış, laboratoriyalar, idman zalı istifadəyə yararsız halda idi. Məktəb maye yanacaqla qızdırıldığından qış fəslində təlim-tədris prosesi çətin olurdu. Artıq məktəblə bağlı bu fikirlər keçmişdə qaldı, məktəbin yeni binası isə öz memarlıq üslubu və müasir tədris imkanları ilə yenilənən Naxçıvanda yenilənən məktəblər sırasında tarixə yazıldı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xüsusi diqqəti və qayğısı ilə Camaldın kənd tam orta məktəbinin yeni binası 15 sentyabr 2020-ci il tarixdə istifadəyə verildi. 252 şagird yerlik yeni məktəb binasında hazırda 160 şagirdin təlim-tərbiyəsi ilə 25 müəllim məşğul olur. 2 mərtəbəli müasir standarlara cavab verən binada 14 sinif otağı, 3 elektron lövhəli sinif, internetə çıxışı olan 21 kompüter yerləşdirilər informatika kabinəsi, 3 laboratoriya otağı (fizika, kimya, biologiya), kitabxana, direktor və müəllimlər otağı, şahmat, soyunub-geyinmə otaqları, idman zalı və hərbi kabinə fəaliyyət göstərir. Yeni məktəb binasının zirzəmi qatında idman müəllimi üçün otaqlar, bufet və anbar da yerləşmişdir. Həmçinin məktəbdə yeni istilik sistemi quraşdırılmışdır ki, bu da məktəbdə şagird və müəllimlər üçün soyuq qış günlərində belə təhsil imkanlarını daha da əlverişli etmişdir. Məktəbdə təhsil alan şagirdlər artıq müxtəlif laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artıra, idman zalında idmanın müxtəlif növləri ilə məşğul ola, kitabxanada yaradılan “Oxunması zəruri olan kitabların sıyahısı”na daxil olan ədəbiyyatlarla mütaliə mədəniyyətlərini inkişaf etdirə biləcəklər.

Yeni məktəb binasının istifadəyə verilməsi təkcə təhsil ocağının kollektivi üçün deyil, Camaldın kəndində yaşayan sakinlər üçün də yaddaqalan oldu. Bu cür müasir standartlara cavab verən bir məktəbdə yaradılan şəraitdən səmərəli istifadə etməli, təhsil alan hər bir şagird öz bilik və bacarığı ilə, təhsil verən hər bir müəllim isə yetişdirdiyi vətəndaşları ilə xalqına, vətəninə layiqli xidmət etməlidir.

Həmçinin qeyd etməliyik ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Culfa rayonunda müstəqillik illərində 264 şagird yerlik Ərəfsə (2001), 504 şagird yerlik Yaycı kənd 2 №-li (2002), 234 şagird yerlik Milax (2005), 140 şagird yerlik Xoşkeşin (2005), 306 şagird yerlik Göydərə (2006), 432 şagird yerlik Əbrəqunus (2008), 410 şagird yerlik Ərəzin (2009), 540 şagird yerlik Culfa şəhər 2 №-li (2010), 980 şagird yerlik Culfa şəhər 3 №-li (2010), 828 şagird yerlik Yaycı kənd 1 №-li (2012), 144 şagird yerlik Ləkətağ (2012), 347 şagird yerlik Kırna (2013), 110 şagird yerlik Teyvaz (2013), 110 şagird yerlik Boyəhməd (2003, 2013), 230 şagird yerlik Əlincə (2003, 2014), 620 şagird yerlik Bənəniyar (2015), 110 şagird yerlik Qızılca (2015), 96 şagird yerlik Gal (2015), 110 şagird yerlik Şurud (2015), 156 şagird yerlik Gülüstan (2016), 356 şagird yerlik Saltaq (2016), 198 şagird yerlik Xanəgah (2004, 2016), 216 şagird yerlik Dizə (2018), 216 şagird yerlik Qazançı (2018) kənd tam orta məktəbləri yenidənqurulmuş, məktəblərin infrastrukturu yenilənərək müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşdur.

Bütün bu nailiyyətlər heç də asanlıqla əldə olunmur. Bu gün muxtar respublikada təhsillə bağlı imzalanan müvafiq sərəncamlar, qəbul edilən dövlət proqramları, həyata keçirilən uğurlu layihələr bu sahədə əldə olunan uğurların günü-gündən çoxalmasına səbəb olur.

Beləliklə, muxtar respublikada növbəti məktəbin infrastrukturunun tamamilə yenilənməsi Naxçıvanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031