SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı elmi konfrans keçirilib-FOTO

AMEA  Naxçıvan Bölməsində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı elmi konfrans keçirilib-FOTO
19-02-2019, 15:48

AMEA Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbir AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi, “Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Universiteti tərəfindən birgə təşkil olunub.
Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamlara uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlər keçirildiyini bildirib. Alim sözügedən sərəncamları təkcə Mirzə Cəlilə deyil, bütünlükdə Azərbaycan ədəbiyyatına verilən dəyər kimi qiymətləndirib.
Daha sonra İsmayıl Hacıyev Azərbaycan ədəbiyyat tarixində xüsusi yer tutan, böyük yazıçı və ictimai xadim, Naxçıvan ədəbi mühitinin yetirməsi, “Molla Nəsrəddin” satirik məcmuəsinin və eyniadlı ədəbi məktəbin yaradıcısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, vətən, millət, dil Cəlil Məmmədquluzadə yaradıcılığının əsas mövzusu olub. Görkəmli ədibin publisistikası, dram əsərləri Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutur. Milli ideyalılığı, xalqa bağlılığı, ana dilinə məhəbbəti, eləcə də müasirliyi və bəşəri dəyərləri təbliğ edən yazıçının zəngin irsi xalqımızın ədəbiyyat tarixində və yaddaşında unudulmaz yer tutub.
Alim Cəlil Məmmədquluzadə yaradıcılığına, onun ədəbi-mədəni irsinə göstərilən dövlət qayğıdan da bəhs edib. Diqqətə çatdırıb ki, ölkəmizdə bir sıra mədəni-maarif müəssisələrinə ədibin adı verilib. Onun vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi Cəlilkənd adlandırılıb. Bakı və Naxçıvanda Cəlil Məmmədquluzadənin ev-muzeyləri, Nehrəm və Cəlilkənddə xatirə muzeyləri yaradılıb. Həmçinin Naxçıvan və Cəlilabadda ədibin heykəli qoyulub.
Bölmə sədri əlavə edib ki, görkəmli yazıçının əsərləri latın qrafikası ilə yenidən çap olunub, bir sıra xarici dillərə tərcümə edilib, yaradıcılığının tədqiqi və təbliği istiqamətində mühüm işlər görülüb.
Konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Azərbaycan milli tənqidi realizmin banisi və ideoloqu-Cəlil Məmmədquluzadə”, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar “Kiçik hekayənin böyük ustadı-Cəlil Məmmədquluzadə”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili problemi”, “Naxçıvan” Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq”, Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov “Cəlil Məmmədquluzadə dramaturgiyasında konflikt və xarakter” mövzusunda məruzələrlə çıxış ediblər.

AMEA  Naxçıvan Bölməsində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı elmi konfrans keçirilib-FOTOAMEA  Naxçıvan Bölməsində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı elmi konfrans keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930