SON DƏQQƏ

naxcivanxeberleri.com

Kəngərli rayonunun ümumtəhsil müəssisələrinin şagirdləri onlayn dərslərdə fəal iştirak edir

Kəngərli rayonunun ümumtəhsil müəssisələrinin şagirdləri onlayn dərslərdə fəal iştirak edir
15-05-2020, 15:39

Bildiyimiz kimi, Azərbaycanda, o cümlədən muxtar respublikada yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə məktəblərdə təhsil müvəqqəti dayandırılmışdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsinə və təlim-tədris prosesinin məsafədən təşkilinə dair tövsiyəsi əsasında məktəblərimizdə tədris onlayn şəkildə davam etdirilir. Şagirdlərin teledərslərə və onlayn dərslərə cəlb edilməsi, dərsdən kənar qalmamaları üçün bir vasitə sayılır. Müəllimlərimiz şagirdlərin təhsildən yayınmamaları üçün bütün səy və imkanlardan istifadə edirlər.

 

Kəngərli Rayon Təhsil Şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən mlumata görə, muxtar respublikamızın hər yerində olduğu kimi, Kəngərli rayonunda da təhsil sahəsi daim diqqət mərkəzində saxlanılır. Kəngərli Rayon Təhsil Şöbəsi də tədris prosesində yaranmış bu vəziyyətlə bağlı zəruri işlər görmüş, onlayn dərslər təşkil edilmişdir.

Hazırda rayonda fəaliyyət göstərən müəllimlər “Evdə qal, dərsdən qalma” şüarı altında birləşərək şagirdlər üçün “Zoom” proqramı vasitəsilə onlayn dərslər təşkil edir, eyni vaxtda, tədris proqramına uyğun dərslər keçirlər. Onlayn dərslərdə şagirdlərə tapşırıqlar verilir, onları maraqlandıran suallar cavablandırılır və mövzular üzrə istiqamətləndirilirlər. Müəllimlər “Zoom” proqramı vasitəsilə siniflər üzrə şagirdləri eyni vaxtda dərslərə cəlb edirlər. Bu da tədris prosesinin daha sistemli şəkildə təşkili, idarə edilməsi və monitorinqi üçün şərait yaradır.

Onlayn dərs prosesi zamanı təlim nəticələrinin daha effektiv olması əhəmiyyətli məqamlardan biridir. Ümumtəhsil məktəblərində fənn müəllimləri tərəfindən müxtəlif proqramlar vasitəsilə fənlər üzrə dərslərin onlayn şəkildə tədrisinə rayon Təhsil Şöbəsi tərəfindən nəzarət olunur. Həmçinin fənn müəllimləri tərəfindən mövzularla bağlı videodərslər və fənlərin daha yaxşı mənimsənilməsi, şagirdlərin söz ehtiyatının, dərslərdə fəallığının artırılması, yaradıcı təfəkkürünün inkişafı və s. üçün müxtəlif intellektual oyunlar, əyləncəli çalışmalar və tədrisyönümlü krossvordlar hazırlanır.

Eyni zamanda, alternativ tədris metodu qismində, müəllim heyətimizin iştirakı ilə hazırlanan videodərslər şagirdlərə təqdim edilir. Bu metod şagirdlərimizin videodərsləri konkret vaxtda deyil, onlar üçün uyğun olan istənilən vaxtda (həm də bir neçə dəfə) izləməsinə imkan verir.

Məktəblilərin  mütaliə mədəniyyətinin inkişaf etdirilməsi də bu müddət ərzində diqqətdən kənarda qalmayıb. Belə ki, “Oxunması zəruri olan kitablar”ın mütaliəsi məqsədilə “Evdə qal, mütaliədən qalma!” aksiyası təşkil olunur, siyahıda yer alan kitabların müəllimlər tərəfindən təhlillərini özündə əks etdirən videoçarxlar hazırlanır və şagirdlərin iştirakı ilə müzakirəsi təşkil edilir.

Bu dövr ərzində  öz istedadları ilə fərqlənən şagirdlərlə ayrıca iş aparılır, onlara öz bacarıqlarını nümayiş etdirmələri üçün geniş imkanlar yaradılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mənim doğma məktəbim” mövzusunda keçirilən virtual rəsm müsabiqəsində, “Plastik obrazlar” adlı virtual heykəltəraşlıq müsabiqəsində və “Naxçıvan - mənim doğma diyarım” mövzusunda onlayn şeir müsabiqəsində rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin iştirakı təmin olunub.

Həmçinin rayon Təhsil Şöbəsi tərəfindən müstəqil Azərbaycan dövlətinin   yaradıcısı ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd etmək, Heydər Əliyev ideyalarını məktəblilər arasında təbliğ etmək, onların nitq mədəniyyətini formalaşdırmaq, istedadlı və bacarıqlı şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə təhsil müəssisələrinin şagirdləri və dərnək üzvləri arasında “Sən elə bir zirvəsən” adlı virtual şeir müsabiqəsi elan edilmiş və 12 ümumtəhsil məktəbi üzrə 44 şagird iştirak etmişdir. Münsiflər heyətinin yekun qərarına əsasən 8 qalib müəyyən edilmiş və diplomlarla mükafatlandırılmışlar.

Təhsil Şöbəsi tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə rayonun təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, müəllimləri elektron resurslar yaratmağa və resurslardan istifadəyə stimullaşdırmaq məqsədilə “Ən fəal müəllim” müsabiqəsinə start vermişdir.   

Mövcud vəziyyətlə əlaqədar müəyyən dövr üçün məktəb rəhbərlərinin iştirakı ilə iclaslar onlayn qaydada aparılır, zərurət olduqda videokonfranslar keçirilir. Videokonfransların keçirilməsində əsas məqsəd fəaliyyətin onlayn təşkili, koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması və ümumtəhsil müəssisələrində dərs prosesinin dayandırılması səbəbindən onlayn tədris imkanlarının müzakirəsindən ibarətdir. Müzakirələrdə məktəblilərin tədris prosesindən uzaqlaşmaması üçün mövcud imkanlar araşdırılır, müəllim-şagird ünsiyyətinin davamlılığının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılır. Həmçinin məktəblilərin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadəyə sövq edilməsi üçün müəllim və valideynlərin üzərinə düşən vəzifələrə nəzər salınır.

Bu gün muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində görülən işlər Kəngərli rayonunu da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən bütün sahələrdə olduğu kimi bu sahəyə də göstərilən diqqət və qayğının təzahürüdür ki, rayonumuzun yaşayış məntəqələrində sürətli internetin olması, internet istifadəçilərinin keyfiyyətli və dayanıqlı internetlə təmin edilməsi, göstərilən internet xidmətlərinin hər bir sakin üçün əlçatan olması onlayn dəsrlərin təşkili üçün mühüm şərait yaradır.

Prezident İlham Əliyev “İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir” – deməklə, müasir təhsil vasitələri və onlardan istifadə etməklə bilik və bacarıqların əldə olunmasının zəruriliyini bizlər üçün vurğulayıb.

Bütün bunlar onu deməyə əsas verir ki, təhsil müəssisələrində yaranan fasilə dövründə muxtar respublikanın hər yerində olduğu kimi, Kəngərli rayonunda da təşkil olunan onlayn dərslər pandemiya dövründə şagirdlərin dərslərdən geri qalmamasına  və yeni biliklər qazanmalarına əlverişli zəmin yaradıb.

 Kəngərli rayonunun ümumtəhsil müəssisələrinin şagirdləri onlayn dərslərdə fəal iştirak edir

Kəngərli rayonunun ümumtəhsil müəssisələrinin şagirdləri onlayn dərslərdə fəal iştirak edir

Kəngərli rayonunun ümumtəhsil müəssisələrinin şagirdləri onlayn dərslərdə fəal iştirak edir

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930