SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Muxtar respublikanı necə tanıdırıq?” mövzusunda dəyirmi masa keçirilib

“Muxtar respublikanı necə tanıdırıq?” mövzusunda dəyirmi masa keçirilib
19-11-2019, 20:10

19 noyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının İcra Katibliyində “Muxtar respublikanı necə tanıdırıq?” mövzusunda dəyirmi masa keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov çıxış edərək bildirmişdir ki, 18 mart 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” mövzusunda keçirilmiş müşavirədə verilmiş tapşırıqlara əsasən Nazirlik tərəfindən turizmin inkişafı ilə bağlı foto müsabiqələr keçirilmiş, “Mən muxtar respublikanın tanıdılması və inkişafı üçün nə etmişəm?” adlı inşa yazı müsabiqəsinə start verilmiş, “Naxçıvanı tanıyaq” devizi altında gənclərin və idmançıların tarixi yerlərə, təbiət abidələrinə, turizm məkanlarına, gənclərin yay və qış məktəblərində Ağbulaq kəndi ərazisinə ekskursiyalar təşkil olunmuş və foto müsabiqələr keçirilmiş, çəkilmiş foto şəkillər, Naxçıvanla bağlı məlumatlar Nazirliyin sayt və sosial şəbəkələrdəki hesablarında, həmçinin yaradılmış “Xaricdə təhsil alan naxçıvanlı gənclər” qrupu və digər qruplarda mütəmadi olaraq paylaşılmışdır. Sosial şəbəkələrdə keçirilən onlayn foto müsabiqələr və on/off video yarışmalarınında məqsədi muxtar respublikanın turizm məkanlarının tanıdılması olmuşdur. Daha sonra Naxçıvan Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov mövzu ətrafında çıxış edərək bildirmişdir ki, muxtar respublikanın zəngin tarixi və mədəni irsi, mineral bulaqları, nadir təbiət abidəsi olan Duzdağı, qədim memarlıq abidələri və özünəməxsus mətbəxi, sabitlik və müasir infrastruktura malik yaşayış məntəqələri turizmin inkişafını şərtləndirən əsas amillərdir. Muxtar respublikada turizmin ekoloji, müalicə, dağçılıq və başqa növlərinin inkişafı üçün böyük potensial var. Bərəkətli torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəş, muxtar respublikanın əlverişli coğrafi mövqeyi, flora və faunasının müxtəlifliyi, mədəni-tarixi irsi, zəngin milli mətbəxi, qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlər açır. Qədim dövrlərin yadigarı olan tarixi abidələr–Möminə xatın, Qarabağlar, Gülüstan türbələri, insanların ilk məskunlaşdığı yaşayış yeri Gəmiqaya, xalqımızın məğlub edilməzliyinin simvolu olan Əlincəqala, misilsiz təbiət abidələrindən Göygöl, Batabat, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və yüzlərlə digər sənət əsərləri Naxçıvan diyarının əsas turizm ehtiyatıdır.
Son dövrlər muxtar respublikada geniş vüsət almış tikinti-quruculuq işləri, müasir avtomobil yollarının salınması, beynəlxalq standartlara cavab verən mehmanxanalar, müasir əyləncə və iaşə obyektləri, tənəffüs yolları xəstəlikləri və dəri xəstəlikləri üçün nadir müalicəvi əhəmiyyəti olan Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası, həmçinin Ağbulaq Kənd Turizm İstirahət Bölgəsinin yaradılması turizmin inkişafını sürətləndirib.
Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikaya dünyanın bir çox ölkələrindən turistlər gəlir və buranın təbəitinə, tarixi abidələrinə heyran olurlar. Muxtar respublikanın təhlükəsiz region kimi tanınması, keçirilən beynəlxalq və yerli əhəmiyyətli tədbirlər, təşkil edilmiş info-turlar, aparılan təbliğat işləri də turistlərin sayının artmasına müsbət təsir göstərir. Çıxışlardan sonra mövzu ətrafında gənclərlə müzakirələr aparılmış və gəncləri maraqlandıran suallar cavablandırılmışdır. Dəyirmi masada Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm ixtisasında təhsil alan 40 nəfər tələbə iştirak etmişdir. Tədbirdə, həmçinin aprel ayından elan olunmuş gənclər arasında “Mən muxtar respublikanın tanıdılması və inkişafı üçün nə etmişəm?” adlı inşa yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilmişdir. Belə ki, 30-a yaxın gənc tərəfindən yazılan inşa yazı müsabiqəsində Məmmədzadə Tural I yerə, Məmmədli Məryəm, Sadiqov Anar II yerə, Bağırlı Nurlan, İsmayılova Nisə III yerə layiq görülmüşlər. Cəfərova Sürəyya, Quliyeva Nərmin, Mustafayeva Zeynəb, Kazımova Səriyyə və Rzazadə Aysun isə fərqləndiklərinə görə mükafatlandırılmışlar. Qaliblərə və fərqlənən iştirakçılara Gənclər və İdman Nazirliyinin diplom, fəxri fərman və qiymətli hədiyyələri təqdim olunmuşdur. Tədbir Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatı İcra Katibliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031