SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təhsil millətin gələcəyidir

Təhsil millətin gələcəyidir
5-10-2019, 13:00

Pedaqoji fəaliyyətə başlayan gənc müəllimlər minnətdarlıq edirlər
Bir millətin gələcəyi, inkişafı, dünya elmi və mədəniyyətində özünəməxsus yer tutması onun təhsil sisteminin düzgün və dövrün tələblərinə uyğun qurulmasından asılıdır. Təhsil siyasəti nə qədər sağlam təməllər üzərində qurularsa, dövlətin inkişafı da o qədər sürətli olacaqdır. Bu gün ölkəmiz və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız hər bir sahədə olduğu kimi, təhsil sistemində də çiçəklənmə dövrünü yaşayır.Geniş quruculuq tədbirləri çərçivəsində yenidən inşa və təmir edilən orta məktəblər, bağçalar, musiqi məktəbləri gələcəyimizin təminatçılarıdır. Naxçıvanda təhsil sahəsinin əsas istiqamətlərindən biri də ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatıdır.Artıq iki ildir ki,muxtar respublikadakı məktəblərdə işləmək arzusunda olanlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada imtahan verməli olurlar.Müəllimlərin işə qəbulunun məhz imtahan yolu ilə keçirilməsi iki mühüm məqamı özündə ehtiva edir.Əvvəla bu,gənclərin işlə təminatı baxımından vacibdir.Digər bir tərəfdən ümumtəhsil məktəbləri daha savadlı,qabiliyyətli pedaqoqlarla təmin olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkilatçılığı ilə müəllimlərin dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbulu imtahanından uğurla keçən müəllimlər artıq təhsil ocaqlarında fəaliyyətə başlayıblar. “Beynəlxalq Müəllimlər Günü” ərəfəsində onlardan bir neçəsini oxucularımıza təqdim edirik.
Müəllim adını qazananlardan biri də müsahibim Vəsilə Bağırlıdır. Əslən Şahbuz rayonundan olan Vəsilə müəllimə Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. O, “Coğrafiya müəllimliyi” ixtisası üzrə Naxçıvan Dövlət Universitetini fərqlənmə ilə bitirib və təhsilini magistratura pilləsində davam etdirib.Keçirilən imtahanda 65 bal toplayaraq Cəhri kənd 2 nömrəli tam orta məktəbinə təyinat alıb. O, deyir: “Artıq bir aya yaxındır ki, coğrafiya müəllimi olaraq fəaliyyət göstərirəm. Dünənə qədər parta arxasında əyləşdiyim halda, bu gün müəllim kimi lövhə önündə duraraq şagirdlərə dərs izah etmək, hər birinin fərdi-psixoloji xüsusiyyətlərini nəzərə almaq əsl mənada müəllim məsuliyyəti və pedaqoji ustalıq tələb edir. Düşünürəm ki, dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir. Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var:bu, müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm,bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Yaxşı ki, bu peşəni seçmişəm”.
76 bal toplayaraq müsabiqəni uğurla başa vuran digər müəllimlərdən biri də Ayla Hüseynovadır. O, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunudur. Ayla müəllimə Naxçıvan Müəllimlər İnstitutunun “Riyaziyyat və informatika müəllimliyi” ixtisasını bitirib və hazırda Babək qəsəbə 1 nömrəli tam orta məktəbində çalışır. Gənc müəllimin dediklərindən: “Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu, həqiqətən belədir. Hər kəs əlindən tutub əlifbanın ilk hərfini yazmağı,saymağı öyrədən ilk müəllimini yaxşı xatırlayır. Məktəb partası arxasında keçən illərdə müəllimlər bizə qətrə-qətrə vətənə, torpağa sevgi hissi aşılayırlar. Sözümün canı budur ki, müəllimlik şərəfli peşədir və bu sahədə biz gənc müəllimlərin də kifayət qədər məsuliyyəti var. Onu da qeyd etməliyəm ki, müəllim adını qazanmışıqsa, Naxçıvanda bu sahədə keçirilən imtahanların xüsusi rolu var. Müəllimlərin işə qəbulu zamanı təmin olunan ədalət mexanizmi, şəffaflıq imkan verir ki, öz biliyinə, savadına arxalananlar pedaqoji fəaliyyətə başlasınlar.Yaradılan şəraitə görə, gənc müəllimlər adından Ali Məclisin Sədrinə dərin minnətdarlığımı bildirirəm”.
21 yaşlı gənc müəllim Şərmin Fərəcova isə Babək qəsəbə 1 nömrəli tam orta məktəbindən məzun olub. Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsində “Coğrafiya müəllimliyi” ixtisası üzrə ali təhsil alıb. Müsahibimiz müəllimlərin işə qəbulu üçün elan olunmuş müsabiqənin test imtahanından 79 bal toplayaraq elə məzun olduğu Babək qəsəbə 1 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi işə başlayıb. Gənc müəllim təəssüratlarını bizimlə bölüşdü: “Təhsil aldığım orta məktəbdə müəllim kimi işə başladığım üçün çox sevincliyəm. Böyüdüyüm qəsəbədə, təhsil aldığım məktəbin müəllimləri ilə çiyin-çiyinə çalışmaq olduqca məsuliyyətli və qürurvericidir. Yaşadığım yerdə gələcəyimiz olan gəncləri hazırlamaq çoxdankı arzum idi və bu gün arzum reallığa çevrilib. Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Bu gün mən və timsalımdakı neçə-neçə gənc müəllim bizə dərs deyən təcrübəli pedaqoqların əməyinin məhsuluyuq. Eynilə bizdən də sağlam gələcək, vətənpərvər, bilikli, dünyagörüşlü gənclik hazırlamaq tələb olunur. Bu yolda özümə və həmkarlarıma uğur arzulayıram”.
Şıxmahmud kənd tam orta məktəbinin məzunu olan Kənanə Səfərova isə Naxçıvan Dövlət Universitetinin “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası üzrə təhsil alıb və hazırda ixtisası üzrə Babək qəsəbə 1 nömrəli tam orta məktəbində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edir. Kənanə müəllimə deyir: “Tədris etdiyim fənn məndən böyük məsuliyyət tələb edir. Gəncləri hərbi-vətənpərvərlik ruhunda yetişdirmək, vətənə, millətə, hərbi xidmətə sevgi ruhunda tərbiyə etmək qarşıda duran əsas vəzifələrdəndir. Gəncləri savadlı şəxsiyyət kimi yetişdirməklə bərabər, vətəninə, torpağına layiqli vətəndaş kimi formalaşdırmaq lazımdır”.
Naxçıvanda tarixən elmə, təhsilə qiymət verilməklə bərabər, görkəmli pedaqoqlar, əsl xalq müəllimləri də yetişib.Məsələn, bir əsr əvvəl bu ada layiq olan, ilk qız məktəbi açan görkəmli maarifpərvər şəxsiyyət və pedaqoq Məhəmməd Tağı Sidqi, min bir çətinlik hesabına Nehrəm kəndində ilk dəfə məktəb açmağa nail olan qüdrətli qələm ustası Cəlil Məmmədquluzadə və başqaları cəmiyyətə maarif, təhsil işığı saçırdılar. Düşünürük ki, bu günün müəllimləri də məhz həmin maarifpərvər ziyalıların pedaqoji yolunu örnək almalıdırlar.


Türqanə NURİYEVA,
Lalə ALLAHVERDİYEVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031