SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsinin 2018-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunları geniş təhlil olunub

AMEA  Naxçıvan Bölməsinin 2018-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunları geniş təhlil olunub
26-12-2018, 10:57 371 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikanın hərtərəfli inkişafına elmi fəaliyyəti ilə layiqli töhfələr verən AMEA Naxçıvan Bölməsi 2018-ci ildə müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlarda və elmi-təşkilati işlərdə bir sıra uğurlu nailiyyətlər əldə edib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,bunu bölmədə cari ildə əməkdaşların 23 monoqrafiyası, 15 kitabı, 4 kitabçası, 3 metodik vəsaiti, 555 elmi məqaləsi, 213 konfrans materialı, 7 tezisi olmaqla 820 elmi əsərinin nəşr edilməsi faktı təsdiqləyir. Digər müsbət cəhət isə 2 monoqrafiya, 87 elmi məqalə, 75 konfrans materialı və 3 tezis olmaqla əsərlərdən 167-si xaricdə işıq üzü görməsidir. Elmi məqalələrdən 48-i impaktfaktorlu (11-i Tomson Reuters) jurnallarda çap edilib. Məqalələrin 99-u xaricdə olmaqla 498-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb ki, bu da ötən illə müqayisədə 25 əsər çoxdur. Bundan əlavə, tədqiqat dövründə 9 buklet tərtib edilib. Əgər nəzərə alsaq ki, 2017-ci ilin göstəricisi ilə müqayisədə bu il ümumilikdə 51 əsər çox çap olunub onda bölmə əməkdaşlarının elmi fəaliyyətini aydın görə bilərik.
Bütün bunlar Naxçıvan Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan tədbirdə geniş təhlil olunub.
Əvvəlcə bölmənin elmi-tədqiqat müəssisələrinin cari ildəki nəşrlərdən ibarət sərgiyə baxış olub.
Sonra bölmənin sədri, akademik İsmayıl Hacıyev qurumun 2018-ci ildəki fəaliyyətinə dair məruzə ilə çıxış edib. Bildirib ki, hesabat ilində ölkə başçısının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin sərəncam, qərar, tapşırıq və tövsiyələri bölmənin elmi-tədqiqat müəssisələrində yüksək səviyyədə icra olunub.
İsmayıl Hacıyev cari ildə Naxçıvanın tarixi, maddi-mənəvi mədəniyyəti, mədəni mühiti, təbii sərvətləri, sosial-iqtisadi inkişafı, coğrafi şəraiti, potensial enerji mənbələri, biomüxtəlifliyi, qədim əlyazmaları və günəş sistemi cisimlərinin tədqiqinə həsr edilən tədqiqat işlərinin 23 şöbə və 8 laboratoriyada 2 akademik, 4 müxbir üzv, 6 elmlər dоktоru, 49 fəlsəfə dоktоru, 1 doktorant, 21 dissertant olmaqla yerinə yetirdiyini söyləyib.
Akademik hesabat ilində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi əsasında Plan işindən əlavə, bölmədə “Naxçıvan türbələri”, “Naxçıvan imamzadələri”, “Naxçıvan hamamları” və “Naxçıvan buzxanaları” kitabçaları, həmçinin “Yengicə kəndində Şərq hamamı” (Azərbaycan və ingilis dillərində) bukleti, “Naxçıvanın məscid və ziyarətgahları” monoqrafiyası, “Qarabağlar Türbə Kompleksi” (üç dildə, Azərbaycan, rus və ingilis) və “Naxçıvan coğrafiyası” kitabının ikinci cildi hazırlanaraq nəşr edildiyini deyib. Diqqətə çatdırıb ki, əməkdaşlar “Naxçıvan” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100, eləcə də 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan xüsusi nömrələrinin nəşrində iştirak edib. Tədqiqat dövründə tərtib edilən “Nemətullah Naxçıvani: taleyi və sənəti” və “Azərbaycanın ən qədim yallılarından biri: “Köçəri” məqalələr topluları çap olunub, “Naxçıvan tarixi mənbələrdə” və “Naxçıvanın duz dağı” kitabları isə çapa hazırlanıb.
İsmayıl Hacıyev istehsal yönümlü tədqiqatlar və onların nəticəsindən də danışaraq bildirib ki, Ali Məclis Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığına əsasən, bölmədə palçığın kimyəvi analizi aparılıb, qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanıb, həm krem, həm də quru toz formasında qablaşdırılaraq satış üçün əczaxanalara göndərilib. Həmçinin Biləv kəndi ərazisindən alüminium sulfat tərkibli süxur analiz olunub, süxurdan kalium alüminium zəyinin, alüminium sulfatın və alüminium hidroksidin alınması texnologiyası işlənilib. Eyni zamanda Darıdağ termal suyunun quru qalığını almaq üçün şərait yaradılıb və məhsul istehsalına başlanılıb. O cümlədən Qabıllı gili əsasında yuyucu tozu hazırlanıb.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının ərazi florasında elmi və xalq təbabətində istifadə olunan, Farmakopeyaya daxil edilən 132 rəsmi dərman bitkisi müəyyənləşdirilib. Dərman bitkiləri toplanılıb, steril şəraitdə qurudulub, qarışıqların hazırlanması üçün sertifikatlar alınıb. Qarışıqlar standartlara uyğun reseptlər əsasında qablaşdırılaraq əczaxanalara satışa göndərilib.
Qurumun beynəlxalq əlaqələri və qrantlardan da söz açan İsmayıl Hacıyev Türkiyənin İstanbul, Ankara, Ərzurum, İğdir Universitetləri, İranın Təbriz Dövlət Universiteti, Təbriz Milli Kitabxanası, Rusiya Federasiyasının Elmlər Akademiyası, Moskva Dövlət, Tomsk Universitetləri, Yer Maqnetizmi, İоnоsferi və Radiо Dalğalarının Yayılması İnstitutu, Krım Astrоfizika Rəsədxanası, Gürcüstan Respublikası Batumi Botanika Bağı, Ümumdünya Təbiəti Mühafizə Fondu, ABŞ və Fransanın elm və təhsil müəssisələrinin alim və tədqiqatçıları ilə sıx elmi əməkdaşlığın aparıldığını vurğulayıb. Qeyd edib ki, cari ildə bölmə üzrə 2 respublika səviyyəli qrant layihəsinin icrası başa çatıb, 1-i beynəlxalq olmaqla 2 qrant layihəsinin icrası davam etdirilib. Əməkdaşların təqdim etdiyi 1-i beynəlxalq olmaqla 3 qrant layihəsi isə qalib olub. Bölmə əməkdaşları tədqiqat dövründə 4 patent təqdim edib. Bölmədə 1 beynəlxalq, 13 elmi konfrans, 9 iclas və tədbir, 13 kitab təqdimatı, 46 seminar, oxunması zəruri olan 10 kitabın müzakirəsi keçirilib. 51 əməkdaş respublikada və xaricdə keçirilən 44 beynəlxalq tədbirdə məruzə ilə çıxış edib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına əsasən 53 elmi dərəcəli əməkdaş ayda bir dəfə ümumtəhsil məktəblərdə nümunəvi dərslərdə iştirak edib. Bununla yanaşı 12 nəfər əməkdaşın interaktiv, 3 nəfər əməkdaşın isə Naxçıvanşünaslıq Mərkəzində açıq dərsi dinlənilib.
Bildirilib ki, cari ildə bölmənin Batabat Astrofizika Rəsədxanasının www.ameanbbar.nakhchivan.az saytı istifadəyə verilib. İl ərzində əməkdaşlar açıq dünya ensiklopediyası olan Vikipediyanın Azərbaycan, ingilis və rus dilli səhifələrində Naxçıvanın tarixi, mədəniyyəti, florası və faunası ilə bağlı məqalələrin redaktəsi ilə yanaşı yeni materiallar yerləşdirib. Bölmənin Mərkəzi Elmi kitabxanasında müxtəlif elm sahələrinə aid 454 kitabın elektron variantı hazırlanıb.
Bölmə əməkdaşlarının respublika və beynəlxalq səviyyəli mükafatlarla təltif olunduğundan da danışan məruzəçi bildirib ki, hesabat dövründə akademik Tariyel Talıbov Azərbaycan Botaniklər Cəmiyyətinin Rəyasət heyətinin birinci müavini, biologiya üzrə elmlər doktorları Əliyar İbrahimov və Fatmaxanım Nəbiyeva isə üzv seçilib. AMEA-nın müxbir üzvü Əliəddin Abbasov və kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədovanın müəllifi olduqları “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” kitabı 38-ci Beynəlxalq Paris Luvr kitab sərgisinin qızıl medalına və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Moskva Təhsil sərgisinin diplomuna, Fizzə Məmmədova Rusiya Təbiətşünaslıq Akademiyasının professoru, “Elmin qızıl fondu” milli proqramı çərçivəsində Rusiya Təbiətşünaslıq Akademiyasının “Əməkdar elm və texnika xadimi” fəxri adına və Beynəlxalq Birləşmiş Elmlər Akademiyasının üzvü diplomuna layiq görülüb. Eyni zamanda Əliəddin Abbasov, Fizzə Məmmədova və Coğrafiya şöbəsinin kiçik elmi işçisi Qiyas Qurbanovun həmmüəllifi olduğu “Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” adlı kitab Rusiyanın paytaxtı Moskva şəhərində 31-ci Beynəlxalq Kitab Sərgi Yarmarkasında elmin və təhsilin inkişafında əhəmiyyətinə görə Təşkilat Komitəsinin “Qızıl medal” mükafatına layiq görüb. Kimya üzrə fəlsəfə doktoru Günel Məmmədova İngiltərənin Kembric Skolars Pablişinq nəşriyyatının “Qeyri üzvü kimya” jurnalının məsləhətçi redaksiya heyətinin üzvü, Çinin Hangzhou şəhərində keçirilən “Ətraf mühit və geoelm” beynəlxalq konfransına rəyçi və Beynəlxalq Seolit Assosiasiyasına üzv seçilib, həmçinin Patent və əmtəə nişanları mərkəzi tərəfindən keçirilən ixtiraçılıq sahəsində beşinci respublika müsabiqəsində yer tutaraq mükafatlandırılıb. Biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirova uğurlu fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmana, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Diplom” və pul mükafatına layiq görülüb. Biologiya üzrə elmlər doktoru Fatmaxanım Nəbiyeva Bölmənin Fəxri fərmanı ilə təltif olunub. Batabat Astrofizika Rəsədxanasının Səma Cisimlərinin fotometriyası şöbəsinin müdiri Azad Məmmədli Göy mexanikası sahəsindəki nailiyyətlərinə görə Amerika Astronomiya və Astrofizika (American Journal of Astronomy and Astrophysics) jurnalının redaksiya heyətinə üzvü və rəyçisi olmaq üçün dəvət alıb.
Məruzə dinlənidikdən sonra akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri-Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Əliəddin Abbasov, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyev çıxış edərək Naxçıvan Muxtar Respublikasında elm adamlarına göstərilən gündəlik diqqət və qayğıdan, yaradılan hərtərəfli şəraitdən söz açıblar. Gənclərin xarici ölkələrdə beynəlxalq elmi konfranslarda iştirakı xüsusi vurğulanaraq gənc elmi işçilərin bu cür tədbirlərdə iştirakının zəruriliyi qeyd olunub. Elmi-Tədqiqat müəssisələrinin direktorları bölmədə il ərzində həyata keçirilən işləri yüksək qiymətləndirib, elmi göstəriciləri qənaətbəxş hesab edərək qarşıdakı illərdə də yaradılan şəraitdən lazımınca istifadə edərək muxtar respublikada elmi mühitin canlandırılması və inkişaf etdirilməsinə öz töhfələrini verəcəklərini, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirəcəklərini bildiriblər.
Tədbirdə еlmi fəаliyyətlərinə görə, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev və Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov “İlin alimi” fəхri adına layiq görülərək bölmənin Rəyаsət Hеyətinin Fəxri Fərmanı ilə təltif ediliblər.
Sonda elmi-tədqiqat müəssisələrinin illik elmi fəaliyyətlərini əks etdirən videogörüntü nümayiş olunub.AMEA  Naxçıvan Bölməsinin 2018-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunları geniş təhlil olunubAMEA  Naxçıvan Bölməsinin 2018-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunları geniş təhlil olunub

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728