SON DƏQİQƏ

naxcivanxeberleri.com

MİLLİ QURTULUŞ TARİXİMİZ VƏ BÖYÜK XİLASKARIMIZ

MİLLİ QURTULUŞ TARİXİMİZ VƏ BÖYÜK XİLASKARIMIZ
15-06-2019, 12:12

Tarixin elə bir həssas anı olur ki, güclü, qüdrətli bir şəxsiyyətə və uzaqgörən, müdrik qərarlara ehtiyacı olur. Bu şəxsiyyət az qala bir tarixi xilas etməyə, öz millətini, xalqını, ölkəsini qurtarmağa müvəffəq ola bilir. 1993-cü ilin iyun ayı məhz Azərbaycan tarixinin belə bir anı idi: o an ki, yenicə xalqın mübarizə əzmi ilə əldə edilmiş dövlət müstəqilliyi itirilmək təhlükəsinə düşmüş, ölkə qardaş qırğını, vətəndaş müharibəsinə sürüklənmiş, parçalanma, yox olma təhlükəsinə salınmışdı. Məhz elə bir müdrik şəxsiyyət və elə uzaqgörən qərarlar lazım idi ki, xalqın taleyinə, dövlətin müqəddəratına, vətəndaşın canına bir zərər dəymədən bu problemlər aradan qaldırılsın, ictimai sabitlik, siyasi müqəddərat həll edilsin. Belə müdrik qərarı verə biləcək, ölkəni belə dilemmadan qurtara biləcək yalnız bir şəxsiyyət, bir düha vardı: 1923-cü ildə dağları insanda qürur, vüqar yaradan, təbiəti vətənpərvərlik havası uduzduran, tarix və mədəniyyət mərkəzi olan Naxçıvanda dünyaya göz açan, davamlı olaraq şüurlu ömrünü xalqının, ölkəsinin inkişafına həsr edən Heydər Əliyev... Məhz onun fövqəl şəxsiyyət qüdrəti və fəaliyyət əzmi mənsub olduğu millətinin milli mövcudluq taleyi və müqəddəratını həll etməyə qadir və qabil idi. XX əsrin sonlarında bütöv bir ölkənin, xalqın taleyi yalnız onun iradəsindən və qərarlarından asılı qalmışdı. Məhz bu şəxsiyyət bir millətin ümidi, pənahı və xilaskarına çevrilmişdi. Necə ki bu dahi şəxsiyyətin özü də deyəcəkdi ki: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımıdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”.Bu baxımdan müdrik lider Heydər Əliyev özünün milləti və ölkəsi yolundakı misilsiz xidmətləri, xilaskarlıq missiyası ilə xalqının ən böyük hörmət və sevgisini qazandı. Ən yüksək ünvana – Azərbaycan xalqının ümummilli lideri adına ucaldı.
Nə vaxt xalqımız tarixin bir dönəmində dara qısnandısa, çıxılmazlığa düçar oldusa, ümummilli lider Heydər Əliyev onun ümid qapısı oldu. Azərbaycanın 1990-1993-cü illərdəki dövrü də məhz tarixin belə bir mürəkkəb, qarışıq bir dönəmi idi. 1988-ci illərdən başlanan milli azadlıq uğrunda xalq hərəkatının əzmi nəticəsində Sovet imperiyasının çöküşü ilə hakimiyyətə gələn qüvvələr milli müstəqilliyi əldə saxlamağa müvəffəqiyyət göstərə bilmədilər. Azərbaycanın müstəqilliyi yenidən təhlükə altına düşdü. Beləliklə, 1990-1993-cü illər qısa zaman kəsiyi Azərbaycan xalqının tarixi taleyinin həll olunma məqamı, müstəqilliyin itirilmə təhlükəsi kimi problemlərlə səciyyəvi olaraq tarixə yazıldı. Dilemma qarşısında qalan Azərbaycan xalqının böyük qəhrəmanlıq hesabına əldə etdiyi müstəqilliyi, milli azadlığı təhlükə altında idi. Vətəndaş qarşıdurması xalqın taleyini durmadan təhdid edirdi. Bu xaos qarşısında aciz qalan, nə edəcəyini bilməyən, birdən-birə vəzifə görüb beşəlli hakimiyyətə sarılan naşı hökumət nümayəndələri isə xalqa müxtəlif yuxular sayıqlayırdılar. Sözsüz ki, belə gərgin, mürəkkəb ictimai-siyasi vəziyyətdən baş çıxarmaq mövcud hakimiyyət üçün namümkün olmuşdu. Gəncə hadisəsi isə bilavasitə hakimiyyət boşluğu və səriştəsizlikdən irəli gələrək xalqla hökumət uçurumundan doğan özbaşınalıq, xaos, hakimiyyət böhranı yaratmışdı. Ölkədə mövcud olan vətəndaş müharibəsi təhlükəsi isə özü ilə bərabər ölkə suverenliyinə qaçılmaz təhlükə yaratmışdı. Bu mənada doğru deyilmişdi ki, “hakimiyyəti saxlamağa çalışanlar da, hakimiyyətə gəlmək istəyənlər də silahın gücünə arxalanırdılar. Dövlətçilik, idarəetmə sahəsində heç bir təcrübəsi və səriştəsi olmayan kriminal düşüncəli bir qrup insanın hakimiyyətə gəlməsi nəticəsində ölkənin sərvətləri talan edilib xaricə satıldı... Silahlı qüvvələr isə xırda dəstələrlə ayrı-ayrı adamların tabeliyində idilər. Hakimiyyət davası vətən təəssübkeşliyini üstələyirdi. Bu məqsədlə də döyüşən qüvvələr cəbhədən, vətənin müdafiəsindən Bakıya çağırılır və müdafiəsiz qalan vətən torpaqları döyüşsüz olaraq düşmənə təslim edilirdi. Məkrli qonşularımıza da elə bu lazım idi”. Bu mənada 15 iyun Qurtuluş Günü tarixi zərurətin nəticəsi idi.
Belə məqamda bütün çıxılmaz problemlərin qarşısında acizliyini qəbul edən hökumət özü də Heydər Əliyevə müraciət etmək zərurətini başa düşdü. Heydər Əliyev ucalığı və dahiliyi həm də ordadır ki, o, çətin günün, dar məqamın adamı, ümid, inam yeridir. Elə bu məqamda da yeganə ümid ocağı, bütün ağıllarda yanan işıq yeri Heydər Əliyev şəxsiyyəti idi. Bütün ağıllarda yalnız bir xilas məqamı, qurtuluş yolu görsənirdi: xalqın böyük oğlu Heydər Əliyevə güman. Mürəkkəb, xaotik, təhlükəli vəziyyət insanların həyatını, hətta bir ölkənin taleyi və aqibətini təhdid qarşısında qoymaqla, dostu da, düşməni də bir qərara gətirmişdi: Heydər Əliyevsiz nicat yoxdur. Dara düşən arxa axtaran kimi təhlükənin ciddiliyini başa düşən xalq da ona ədalətli, humanist, xalq mənafeli, idarəçilik təcrübəsi bəxş etmiş Heydər Əliyevi xilaskar kimi yenidən görürdü və bağrına basmaq üçün gözünü yollara dikmişdi. Bu zamanda ümummilli lider Heydər Əliyev xalqı ilə birlikdə səriştəsiz adamların səhvi ucbatından Azərbaycanın əsas hissəsindən ayrı düşmüş, çətin blokada şəraitində yaşayan Naxçıvanda ciddi dövlətçilik işləri ilə məşğul idi. Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı ən möhkəm addımlar, zəruri tədbirlər də Heydər Əliyevin başçılığı ilə Naxçıvanda həyata keçirilirdi. Xalqın bu vəziyyətdə bütün ümid gözləri, nəzərləri özündə xilaskarlıq missiyası daşıyan Naxçıvana – Heydər Əliyevə yönəlmişdi. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü, iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam”, - deyən Heydər Əliyev böyük tarixi vəzifə kimi xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Həmişə xalqa arxalanmaqla xalqlaşan, gücündə, qüvvətində yenilməz olan ulu öndərimiz bir daha həyat və fəaliyyəti ilə çətin sınaqlardan, çıxılmaz dilemmalardan keçə-keçə “Xalq-Heydər Əliyev”, “Heydər Əliyev-Xalq” vəhdətini nümayiş etdirərək xilaskarlıq mücəssəməsinə çevrildi. Xalqını ümidsiz, ölkəsini başsız, vətəni müdafiəsiz qoymayan dahi lider olduqca həyati təhlükəli və ciddi surətdə qorxulu olmasına baxmayaraq, lider üçün vacib, zəruri yüksək keyfiyyət olan görünməmiş cəsarətlə Bakıya - dərddən ağrıyan paytaxta getdi. Siyasətimizin atası ulu öndər Heydər Əliyev hərblə çözümlənməyən bu nifaqları uzaqgörən incə siyasətlə nizamladı. Xalqın yekdil rəyi, birmənalı tələbi ilə ulu öndər Heydər Əliyev 15 iyunda Milli Məclisin Sədri seçildi. Ulu öndər bütün varlığı, enerjisi ilə yeni siyasi mübarizəyə qədəm basdı. Sözün əsl mənasında, Azərbaycanda böyük quruculuq erası, milli dövlətçilik epoxası başlandı. Ulu öndərin dövlətçilik fəaliyyəti nəticəsində milli dövlətçilik ənənələri formalaşdı. Azərbaycan milli müstəqilliyinə və dövlətçiliyinə yenidən qovuşdu. Bu baxımdan Heydər Əliyev siyasi məktəbinin layiqli davamçılarından olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbovun sözləri tam yerinə düşür ki: “Heydər Əliyevin fəal siyasətə QAYIDIŞI o dövrə təsadüf edir ki, daim xalqı ilə bir yerdə olan bu böyük şəxsiyyətin susması daha mümkün deyildi… Azərbaycanda dövlət quruculuğu ağrılı, əzablı yollar keçib. Bu yolun ən məsul məqamlarında ictmai-siyasi mühitin xüsusi həyəcanla vuran nəbzi xalqın uzun illər həsrətində olduğu müstəqilliyini itirmək nigarançılığı ilə bağlı olmuşdur. 1993-cü ilin iyununda da bu vəziyyət yaranmış, xalq real parçalanma, məhv olma təhlükəsi qarşısında qalmışdı. O günlərin dramatik faciəli gedişləri ilk baxışdan Azərbaycan xalqı üçün başqa bir alternativ qoymamışdı. Lakin əsl yolu Zaman özü seçdi. Xalqın iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə QAYIDIŞINDA tapdı. Təsadüfi deyil ki, taleyinə xilaskarlıq missiyası yazılan xalqımızın əvəzedilməz liderinin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığı gün - 1993-cü ilin 15 iyunu tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin bu ən ağır və məsul dövründə onu qurtuluşa aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar missiyasına – AZƏRBAYCANI AZƏRBAYCANA QAYTARMAQ məramına xidmət edir”.
Bəli, 15 İyun xalqımızın keşməkeşli tarixinin ən yaddaqalan şanlı səhifəsidir. Məhz bu tarixdə - 15 iyunda azadlıq və dərin dövlətçilik inkişafı ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə öz əsl mənasını tapdı. Ümummilli lider Heydər Əliyevlə başlayan yeni Azərbaycan tarixi öz səhifələrini uğurlarla, yenidənqurma və quruculuq keyfiyyətlərilə yazmağa başladı. Ümummilli liderimizin görüş və baxışları, fəaliyyət və təcrübəsi ilə ümummilli vəzifələr, milli siyasət, ümummilli inkişaf doktrinası, dünyaya inteqrasiya və beynəlxalq nüfuz məsələləri müəyyənləşdi və həyata keçirildi. Bu inkişaf özünü o qədər sıx, qırılmaz və aydın surətdə müəyyənləşdirdi ki, “Heydər Əliyev – Azərbaycan, Azərbaycan – Heydər Əliyev” ideoloji-mənəvi birliyi özünü ifadə etdi. Müdrik lider Heydər Əliyevlə müəyyənləşən siyasi kurs və fəaliyyət mexanizmi Azərbaycana əbədi müstəqillik, daimi suverenlik, həmişəlik, qarşısıalınmaz inkişaf, daima güclənməkdə və özünü müəyənləşdirməkdə olan hərbi-siyasi güc və beynəlxalq siyasətdə hesablaşması vacib olan tərəf hörməti qazandırdı. Heydər Əliyev nadir şəxsiyyəti bunlardan ziyadə dünyanın siyasi xəritəsinə öz qələmilə təsir edib Azərbaycan sərhədlərini və mövcudluğunu cızmağa qadirliyini nüməyiş etdirdi. 15 İyun MİLLİ QURTULUŞ GÜNÜ Azərbaycan tarixinin “Heydər Əliyev – Xalq” birliyinin ən bariz, pozulmaz qanunu, ümumən Azərbaycan və dünya tarixində XİLASKARLIĞIN HEYDƏR ƏLİYEV NÜMUNƏSİ kimi məna tapdı. Bu mənada Heydər Əliyev dərsi almış, uğurlu varis və davamçı, xalqımızın fəxri, dünyaya demokratiya və liderlik nümunəsi olan hörmətli Prezidentimiz İlham Əliyev demişkən: “Nə qədər ki müstəqil Azərbaycan var, nə qədər ki biz varıq, Heydər Əliyev ideyaları yaşayacaq”.
Beləliklə, ulu öndər Heydər Əliyevlə Azərbaycan xalqının milli qurtuluş tarixi yazıldı. Ümummilli liderin müəyyənləşdirdiyi siyasi kursla Azərbaycanın yenidən qurulması, inkişafı və dirçəlişi tarixi başlandı. Azərbaycan görünəməmiş hərtərəfli iqtisadi, siyasi, mədəni və sair inkişafa nail oldu. Müstəqilliyimizin gözəl günlərini yaşadığımız hər keçən gündə Azərbaycan böyük inkişafın nailiyyətlərini təcəssüm etdirir. Bütün əraziləri, bölgələri ilə sürətli və hərtərəfli inkişafa qədəm qoyan Azərbaycan dünyanın siyasi və mədəni mərkəzinə çevrilmək şöhrətinə yenidən nail ola bildi. Bu gün ulu öndər Heydər Əliyevin başlatdığı genişmiqyaslı quruculuq işlərinin davam etdirilməsi nəticəsində bütün Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikası yüksək inkişaf dövrünü yaşayır. Ölkə başçısı cənab İlham Əliyevin iradəsi, əzmi və müdrik siyasəti ilə Azərbaycanda yeni inkişaf mərhələsi başlayıb. Kiçik ölkə olsa da, ən böyük iqtisadi layihələrin müəllifi kimi Azərbaycan dünya siyasətində özünə layiqli yer müəyyənləşdirib. Azərbaycan indi dünyanın ən nəhəng ölkələrinin ən etibarlı tərəfdaşı kimi çıxış edir. Azərbaycan özü müharibə və işğala məruz qalsa da, iqtisadi və hərbi gücü ilə dünyada ədalətin və sülhün təmin olunmasında fəal iştirak edərək humanist və yardımsevər ölkə kimi xarakterizə olunur. Beynəlxalq aləmdə sarsılmaz nüfuz qazanmaq, etibarlı tərəfdaşa çevrilmək, ən iri layihələr həyata keçirmək, beynəlxalq tədbirlərin ev sahibinə çevrilmək, təhlükəsizliyin təmin olunduğu ideal bir məkana dönmək Böyük Qurtuluşdan Böyük İnkişafa doğru atılan ardıcıl addımların məntiqi nəcisədir.
“İstəyirəm ki, mənim arzum, istəklərim, ...Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”, - deyən ulu öndərimiz Heydər Əliyevin yaratdığı milli dövlətçilik yolu ilə muxtar dövlətimiz də böyük uğurlara imza atır. Heydər Əliyev siyasi kursunun uğurla davamının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin yorulmaz fəaliyyəti ilə özünəməx¬sus muxtar dövlətçilik idarəçiliyi ənənələri formalaşmış, sürətli quruculuq-inkişaf ənənələri yaranmışdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının timsalında hər bir bölgənin inkişafında nümayiş olunan uğurlar milli qurtuluş tarixinin xalqımıza bəxş etdiyi nailiyyətlərdir. Düzgün yol, sədaqətli əməl və qayğıkeş idarəçilik əldə olunan inkişafın səbəbidir. Bu da Milli Qurtuluş Gününün verdiyi töhfələrdəndir ki, Azərbaycan Respublikası Prezidentinin hər gəlişi bölgələrin, o cümlədən Naxçıvan Muxtar Respublikasının tarixində böyük bayram kimi xatırlanır, dövlət başçısının: “...Naxçıvan Muxtar Respublikasının hər bir tərəfində, hər bir rayonunda sürətli inkişaf gedir və getməlidir”, – deyə qeyd etdiyi fikirlər razılıq, məmnunluq doğurur. Bütün bunlar isə Milli Qurtuluş Günümüzün bəxş etdiyi firavanlıq və inkişaf təcəssümləri olaraq minnətdarlıq doğurur. Ulu öndərimizin layiqli varisi Ali Baş Komandan, Prezident İlham Əliyevin hər bir açılış tədbirində iştirakı, xüsusilə hərb sahəsində böyük uğurlara imza atması işğal altında olan torpaqlarımızın da bir gün qurtuluş tarixini yaradacağını yaxınlaşdırır. Hər gün inkişaf edən, beynəlxalq aləmdə möhtəşəm nüfuz qazanan Azərbaycan Respubli¬ka¬sı milli qurtuluş tarixinin yeni qələbə səhifələrini yazmağa doğru inamla irəliləyir. Əlbəttə, məhz düzgün yol, xalqa bağlılıq, uzaqgörən siyasət və qətiyyətli qərarlar 2016-cı ilin Aprel Zəfəri və Günnüt qələbələrinin sevincini yaşamağa bizlərə nəsib etdi. Söz yox ki, böyük uğurlara yol kiçik cığırlardan gedir: Azərbaycan xalqı tam əmindir ki, Böyük Qələbə uzaqda deyil... Aprel zəfərinin davamı olan daha böyük zəfərləri qeyd etməyin ümidindəyik. Regionun ən güclü, müdafiə və hücum qüdrətli ordusu olan Azərbaycan Milli Ordusunun, o cümlədən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi müxtəlif istiqamətli təlimlər və onların nailiyyətləri Milli Ordumuzun zəfər vədinə tam əminliklə inam yaradır. Qardaş Türkiyə Cümhuriyyəti ilə birgə Azərbaycan Milli Ordusunun Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq - 2019” döyüş atışlı taktiki təlimlərinin uğurla baş tutması da ərazilərimizin tam etibarlı qorunmasının öhdəsindən layiqincə gələn, işğal olunmuş ərazilərimizi azad edəcək əsl zəfər ordusundan xəbər verir.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031