SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cəbi Quliyev: Gənclər cəmiyyət həyatının bütün sahələrində təmsil olunurlar

Cəbi Quliyev: Gənclər cəmiyyət həyatının bütün sahələrində təmsil olunurlar
2-02-2023, 09:35

Azərbaycanda hər bir sahədə həyata keçirilən dövlət siyasəti kompleks, ahəngdar və sistemli inkişafı uğurla təmin edərək respublikamızın yüksəlişinə yol açıb. Ölkəmizin sürətli yüksəlişinin əsas komponentlərindən biri insan kapitalının inkişafına xidmət edən addımlardır ki, bu sırada uğurla reallaşdırılan dövlət gənclər siyasətinin böyük rolu var. Fəxarət hissi ilə qeyd etməliyik ki, təməlləri 30 il əvvəl - 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Respublikamızın tarixindən bəlli olduğu kimi, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qrupların səbatsızlığı gənclərlə iş sahəsindən də yan keçməmişdi. O illərdə neçə-neçə istedadlı gənc üzləşdiyi məhrumiyyətlər və diqqətsizlik ucbatından ölkəmizi tərk etmək məcburiyyətində qalıb. Ən ağrılısı da o olub ki, müstəqilliyimizin ilk illərində Azərbaycanı siyasi və iqtisadi böhranlara sürükləyənlər, düşmən dəyirmanına su tökənlər öz məqsədlərinə çatmaq üçün gənclərdən də bir vasitə kimi istifadə ediblər.
Yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xalqın istək və arzusu ilə 1993-cü ildə siyasi hakimiyyətə gəlişindən sonra bu sahədə dönüş yaranmışdır. Təsadüfi deyil ki, Ulu Öndər 1993-cü ildə, hələ prezident seçilməmişdən əvvəl gənclərlə görüş də keçirmişdi. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan siyasi və iqtisadi böhranlardan, anarxiya girdabından qurtulduğu kimi, cəmiyyətin bütün zümrələrinin, o cümlədən gənclərin üzləşdiyi problemlərin həlli və gənc nəslin potensialından düzgün istifadə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Bu sahədə həyata keçirilən fəaliyyətin əlaqələndirilməsi, dövlət siyasətinin vahid mərkəzdən koordinasiya olunması məqsədilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı.
1996-cı ildən başlayaraq isə gənclərin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Azərbaycan Gənclərinin Forumu keçirilir. Bu forumun keçirilməsi təşəbbüsünü də 1995-ci ildə Heydər Əliyev irəli sürüb və ilk forum 2 fevral 1996-cı ildə keçirilib. Bu gün ilk forumun keçirilməsindən 27 il ötür.  1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını dəyərləndirərək 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. İndiyə qədər Azərbaycan gənclərinin 9 forumu keçirilib və reallıq göstərir ki, hər bir forum gənclər hərəkatının daha da inkişafına böyük töhfələr verib.
Ümumiyyətlə, Azərbaycan dövləti gənclərin inkişafı, onların potensialının üzə çıxarılması, təhsili, cəmiyyət həyatında gedən proseslərə fəal cəlb olunması üçün hər zaman kompleks tədbirlər həyata keçirib.  Hələ 2002-ci ildə qəbul edilən "Gənclər siyasəti haqqında" qanun ölkəmizdə gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, əsaslarını müəyyən edən, bu sahədə münasibətləri tənzimləyən mütərəqqi hüquqi bazadır. Gənc nəslin inkişafını xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə dövlət gənclər siyasəti daha da təkmilləşdirilərək, məzmunca yeni mərhələyə qədəm qoyub. Ötən dövr ərzində ardıcıl şəkildə gənclərlə bağlı bir neçə proqramın qəbul edilməsi gənc nəslin problem və qayğılarının həllinə dövlətimizin diqqət və qayğısının təcəssümüdür. Bununla yanaşı, xaricdə təhsillə də bağlı dövlət proqramları qəbul edilib ki, bu da ölkəmizdə neft gəlirlərinin insan kapitalına  çevrilməsi təşəbbüslərinin uğurla həyata keçməsindən xəbər verir. Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin ölkəmizdə "Gənclər ili" elan olunması isə gənclərin inkişafına yönəlmiş ali siyasi iradənin möhtəşəm  təcəssümünə çevrildi. Bu faktın özü Prezident İlham Əliyevin gənc nəslin nümayəndələrinin layiqli vətəndaşlar kimi formalaşmalarına nə qədər diqqətlə yanaşdığını nümayiş etdirdi. 
 Gənclərin intellektual, fiziki və mənəvi inkişafı, onların respublikamızın siyasi, ictimai, iqtisadi, sosial və mədəni həyatına aktiv qoşulmalarını təmin etmək üçün Prezident İlham Əliyev 2015-ci ildə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nı imzalayıb. Bu strategiya çərçivəsində ötən müddətdə həyata keçirilən dövlət gənclər siyasətinin qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi təmin edilib.  Regionlarda "Gənclər Evi"nin yaradılması, gənc ailələrin sosial qayğılarının dəstəklənməsi, gənclər üçün ipoteka şərtlərinin sadələşdirilməsi kimi məsələlər də gənc nəslin inkişafına və onların qayğılarının aradan qaldırılmasına  xidmət edən mütərəqqi addımlardır.
Beləliklə, uğurlu dövlət siyasətinin nəticəsidir ki, indi gənclik cəmiyyət həyatının hər bir sahəsində fəal təmsil olunur. Bu gün Azərbaycan  gənci siyasətçi, dövlət məmuru, alim, iş adamı, həkim, idmançı, hərbçi, dövlətimizi xaricdə layiqincə təmsil edən diplomatdır. Hansı sahəyə müraciət etsək, orada mütləq gənclərimizin imzasını tapmaq mümkündür. Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan gənci həm də vətənpərvərdir. Təsadüfi deyil ki, 2020-ci ilin Vətən müharibəsində əldə silah döyüşən oğullarımızın böyük bir hissəsini məhz gənclər təşkil edirdilər. O dövrdə döyüşlərdə iştirak etmək üçün səfərbərlik orqanlarına müraciət edənlər, əsasən, gənc nəslin nümayəndələri idi. Onlar Vətən müharibəsində öz qəhrəmanlıqları ilə Azərbaycan gəncinin vətən və torpaq sevgisini, fədakarlığını bütün dünyaya nümayiş etdirdilər. "Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir", - deyə Prezident İlham Əliyev ötən il fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər forumunda bildirib. 
Azərbaycan dövləti gənclərin cəmiyyətdə gedən hər bir prosesdə fəal iştirakı, gənc nəsli düşündürən məsələlərin yoluna qoyulması üçün bütün addımları atır.

Gənclik isə dövlət və cəmiyyət qarşısındakı milli və mənəvi borcunu, məsuliyyətini hər zaman düzgün dəyərləndirəcək, yaradılmış imkanlardan bəhrələnməklə yanaşı, hər bir ümummilli məsələyə özünün layiqli töhfəsini verəcək. 

Cəbi QULİYEV,
Milli Məclisin deputatı,
Naxçıvan Gənclər Fondunun icraçı direktoru

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031