SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistanın Azərbaycana qarşı törətdiyi EKOLOJİ TERROR

Ermənistanın Azərbaycana qarşı törətdiyi EKOLOJİ TERROR
28-01-2023, 22:11

İlk öncə ekoloji terrorun nə olduğunu qeyd etsək, ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirmək, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ətraf mühitə və inkişafa dair Rio-de-Caneyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Bu səbəbdən dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin, ermənilər nəinki bu prinsipləri gözləmir, həmçinin həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərdə təbiəti viran qoydular.

Azərbaycan Respublikası beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edən dövlətlər sırasındadır. Ölkəmizdə istər daxili, istərsə də xarici terrorizmə qarşı güclü mübarizə siyasəti yürüdülür.
Hər hansı bir dövlətdə ekoloji tarazlığın pozulmasına yönəldilən terror aktları ekosidin tərkib hissəsi olub, ekoloji problemlərin yaradılması məqsədini güdür. Ekoloji terrorizmin qarşısının alınmasında əsas məqsəd əhalinin ekoloji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin qorunması və canlıların tələfatına yol verməməkdir. Hər hansı bir ölkə və yaxud şəxslər tərəfindən bilərəkdən digər ölkənin təbiətinə, flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə vurulan ziyan ekoloji terror hesab edilir.
1988-ci ildən başlayaraq ermənilərin və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı başlanan müharibə, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması ilə nəticələnən, şəhər və kəndlərin dağıdılmasına, dinc əhalinin genosidinə və eyni zamanda, bitki və heyvanlar aləminin məhv edilməsinə səbəb olub. Hərbi münaqişə və müharibə yalnız Azərbaycan Respublikasının ərazisində aparıldığından atmosfer, su mənbələri və torpaqlarımız bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalıb.  

Azərbaycanın təbii sərvətlərini bacardıqca tükəndirməyi qarşılarına ən ali məqsəd kimi qoyan ermənilər işğaldan azad olunmuş ərazilərimizdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələrini, Azərbaycanın təbii sərvətlərini bacardıqca tükəndirməyi qarşılarına ən ali məqsəd kimi qoymuşdular. Ermənilər işğal etdiyi ərazilərdə bu qiymətli sərvətləri amansızcasına dağıdıb, Ermənistana daşınıb, daşınması mümkün olmayanları isə yandırmaqla ekologiyaya ciddi ziyan vurublar. Ermənilərin meşələrdə hər il mütəmadi olaraq törətdiyi yanğınlar min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurduğunu mətbutdan izləmək olurdu.  

Ermənistan 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə şəhər və kəndləri xarabalığa çevirmək, maddi-mədəniyyət abidələri yer üzündən silmək, təhqir etmək bərabər, həm də yeraltı-yerüstü sərvətlərimizi – mineral su mənbələrini, meşə fondunu (246,217 hektar meşə sahəsi), 152 dövlət təbiət abidəsini, 5 ədəd geoloji obyekti və 155 növ faydalı qazıntı yatağını talamışdır. Düşmən Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərini qazanc götürmək məqsədilə məhv edib, yarımfabrikat kimi xarici ölkələrə satıb. Bir fakta diqqət yetirmək lazımdır ki, işğalın son illərində Ermənistanın Qərb ölkələrinə məxsus şirkətlərin köməyilə meşəçilik sahəsində istehsalı 10 dəfə artmışdır. Hər kəs üçün aydındır ki, bu göstərici Azərbaycan meşələrinin qırılması hesabına reallaşıb.

Ümumi sahəsi 8 min hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyə ən ağır zərbə olub. Bununla da Ermənistan qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasını pozub. Belə ki, Flora və faunanın ən qiymətli ağacları ilə zəngin olan Qarabağ meşələri qırılıb və xaricə daşınıb. Yaşıllıq zənginliyinə öyrəşmiş quşlar, heyvanlar bu yerlərdən didərgin düşüb. Təbiətin müvazinəti, balansı pozulub, torpağın erroziyası başlanıb.

Erməni faşistlərinin işğal etdikləri ərazilərdə törətdikləri bu vəhşilik , bu ekoloji terror barədə dəfələrlə həyəcan təbili çalınsa da, beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırılsa da, heç bir nəticə verməyib. Erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarında, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Azərbaycan Respublikasının Qırmızı Kitabı” na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib. Həmçinin ölkəmizə qarşı ekoloji terroru bununla bitməmiş, ermənilər 1999-cu ildən başlayaraq işğal olunmuş ərazilərdə və həmin sahələrə yaxın torpaqlarda yanğınlar törədib. Nəticədə geniş miqyasda həm torpaq qatı, həm də fauna və flora növləri məhv olub. Belə ki, 2006-cı ildə 63414 hektar, 2007-ci ildə 31097 hektar, 2008-ci ildə 380 hektar, 2009-cu ildə 250 hektar ərazi qəsbkar tərəfindən yandırılıb. Belə yanğınlar ekoloji tarazlığın pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olmaqla qlobal ekoloji problemlərə gətirib çıxara bilər. Torpaqlarımız tam şəkildə azad olduqdan sonra Azərbaycanın Qarabağ regionunda və təcavüzə məruz qalmış digər bölgələrində fauna və floraya xas bir sıra növlərin kəskin surətdə azalmış olduğunun şahidi oluruq.

Ermənilərin ekoloji terroru Azərbaycanın su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edib. Daha dəqiq desək, ölkənin bəzi transsərhəd içməli su ehtiyatları və suvarma sistemləri Ermənistanın birbaşa işğalı altında olan zaman bunları həmişə Azərbaycan xalqına qarşı “hərbi silah” kimi istifadə ediblər. Su qıtlığı günümüzdə bütün dünyada və yerüstü su ehtiyatlarının 72,7 faizinin ölkə xaricində formalaşan Azərbaycanda da “qaynar” mövzudur. Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirir. Araşdırmalar göstərir ki, hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirklənir. Bundan əlavə, Azərbaycan ərazilərindən keçən Araz çayının 43 kilometr hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib və suyunun tərkibindəki ağır metalların miqdarı normadan çoxdur.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalmışdır. Göl ətrafında ermənilərin məskunlaşması və göl suyundan suvarma məqsədilə istifadə olunması gölün suyunun tükənməsinə və çirklənməsinə səbəb olurdu. Su ehtiyatlarının çirkləndirilməsi Ermənistanın ekoloji terror siyasətinin əsas təsir elementlərindən sayılır. Bu məsələdə ən vacib sayılan məqam isə Ermənistan ərazilərindən gələn və Azərbaycanın içməli su mənbələrini formalaşdıran çayların kimyəvi, bioloji və digər radioaktiv tullantılarla çirkləndirilməsi idi. Ermənistan ərazisindən Azərbaycana daxil olan sularda bütün növ kimyəvi və zərərli maddələr normadan dəfələrlə artıq olduğundan, ərazidə olan flora və faunaya mənfi təsir edə, Azərbaycan əhalisinin genefonduna, su axarları boyu yaşayan əhali arasında müxtəlif xəstəliklərin artmasına və yayılmasına gətirib çıxara bilər.

Bütün məsələlərə ümumi perspektivdən baxdıqda, Azərbaycanın 1992-ci ilin martında BMT-nin “Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”nı imzalaması, Ermənistanın isə bunu hələ də imzalamaması təəccüblü deyil. Ermənistanın ekoloji terror aktları bir neçə dəfə beynəlxalq təşkilatlarla müzakirə edilib, bununla bağlı çoxsaylı məqalələr yazılıb və araşdırmalar aparılıb. Nəticədə, Avropa Şurası Parlament Assambleyası tərəfindən "Azərbaycanın sərhədyanı regionlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında 2016-cı il 26 yanvar tarixli Qətnamə qəbul edilib. Həmin qətnamədə deyilir: “... Assambleya tərəfindən hesab edilir ki, qəsdən süni bir ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qəbul edilməli və bu hal bir dövlətin digərinə qarşı ekoloji fəlakət bölgələri yaratmaq və orada yaşayan əhalinin normal həyatının mümkünsüz edilməsinə yönəlmiş “ətraf-mühit aqressiyası” kimi qəbul edilməlidir”.

Qətnamədə, həmçinin bildirilir ki, Dağlıq Qarabağın və ətraf ərazilərin Ermənistan tərəfindən işğalı Qarabağın işğal altında olmayan ətraf ərazilərində yaşayan Azərbaycan vətəndaşları üçün bənzər humanitar və ekoloji problemlər yaradıb və Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq planlı texniki qulluq işlərinin aparılmaması səbəbindən bütün sərhəd bölgə üçün ciddi təhlükə yaradır. Assambleya qeyd edib ki, Sərsəng su anbarının bərbad vəziyyətdə olması böyük bir insan tələfatı və bəlkə də yeni bir humanitar böhran ilə nəticələnə biləcək bir fəlakətə səbəb ola bilər.

Bütün bu faktlar nəzərə alınmaqla assambleya tərəfindən Ermənistan silahlı qüvvələrinin dərhal bölgədən çıxarılması, ərazinin müstəqil mühəndislər və hidroloqlar tərəfindən yerində araşdırılması, Sərsəng su anbarına suyun toplanması, su resurslarından istifadə və həmin su sahəsinin saxlanılması üzrə qlobal idarəetmənin təşkili, suvarma kanallarına, Sərsəng və Madagiz (indiki Suqovuşan) su anbarlarının vəziyyətinə, payız və yaz fəsillərində suyun səviyyəsinə və sulu təbəqənin həddindən artıq istismarına beynəlxalq nəzarətin təşkili tələb kimi qoyulub.

Onlar, həmçinin Ermənistan hakimiyyət orqanlarını su mənbələrindən siyasi təsir vasitəsi və ya münaqişə tərəflərindən yalnız birinə fayda gətirən təzyiq vasitəsi kimi istifadəni dayandırmağa çağırıblar.

Qətnamənin təsdiq edilməsinə baxmayaraq, Ermənistan məkrli və qeyri-adekvat hərəkətlərindən geri çəkilməyib və beynəlxalq hüququn prinsiplərinə qarşı ardıcıl qeyri-konstruktiv davranış nümayiş etdirməyə davam edib.

2020-ci ilin sentyabrında başlayan 44 günlük  Vətən müharibəsinin qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsinə, həm də ekoloji terror aktlarının həyata keçirilməsinə son qoydu.  

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev də bildirib ki, 30 illik ekoloji terror Azərbaycanın Suqovuşan kəndinin işğaldan azad olunması ilə sona çatıb. Tərtər çayı bol su ilə axır. Ermənistan həmişə məqsədli şəkildə su axınının qarşısını alırdı. Azərbaycanın Tərtər, Goranboy və Yevlax bölgələrində ekoloji tarazlıq təmin ediləcək.

Qeyd edək ki, Suqovuşanın 2020-ci il oktyabrın 3-də erməni işğalından azad edilməsi regional eko-balansın bərpasına imkan yaradıb

Müdafiə Nazirliyinin Tibb İdarəsinin ekoloq mütəxəssisləri döyüşlər zamanı azad edilən ərazilərə, eləcə də raket zərbələrinə məruz qalan Gəncə, Mingəçevir və Bərdə şəhərlərinə ezam olunaraq ekoloji monitorinqlər həyata keçirib, torpaq və su mənbələrindən götürülən nümunələrin ekoloji laboratoriyada fiziki, kimyəvi və bioloji analizləri aparılıb.  Monitorinq zamanı işğaldan azad edilən rayon mərkəzlərinin, şəhər, qəsəbə və kəndlərin ermənilər tərəfindən tamamilə dağıdılması, yol kənarlarındakı ağac və kol bitkilərinin isə kəsilərək məhv edilməsi müəyyənləşdirilib. Qəsdən törədilən yanğınlar nəticəsində isə meşə və yaşıllıq massivləri yox edilib. İşğal olunan ərazilərin azad edilməsi zamanı Şuşa istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən istifadəsi qadağan edilən müxtəlif növ döyüş sursatlarının tətbiqi nəticəsində ətraf təbii mühit fiziki və kimyəvi çirklənməyə məruz qalıb. Qadağan olunan ağ fosfor bombalarından istifadə etməklə anti-humanist üsullarla - digər zəhərli partlayıcı maddələrdən ərazilərimizi işğaldan azad edən ordumuza, həm də flora və faunaya külli miqdarda ziyan vurulub.

Bəs işğaldan azad olunan ərazilərin ekoloji tarazlığını bərpa etmək üçün nə etmək lazımdır?

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev: “Düşməndən təmizlənən ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda nəzərə çarpmayan endemik bitkilərdir. İşğal zamanı Qarabağ və ətraf rayonların florası ilə bağlı vəziyyət barədə hələlik geniş məlumat yoxdur. Bunu nəzərə alaraq, həmin ərazilərdə nadir və nəsli kəsilməkdə olan flora növlərinin araşdırılmasına başlanılacaq. Bu məqsədlə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin hazırlanması və çapı planlaşdırılır”.

Xüsusi mühafizə olunan təbiət ərazilərimizdən Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, həmçinin Laçın, Daşaltı və Arazboyu yasaqlıqlarda biomüxtəlifliyin mühafizəsi nəzarətsiz qaldığından 30 il ərzində mənfur düşmənin hərbi-siyasi rejiminin iqtisadi fəaliyyəti nəticəsində flora və fauna vandalcasına istismar olunub. Erməni faşizmi tərəfindən Zəngilan rayonunun ərazisində adı Azərbaycanın “Qırmızı Kitabı”na yazılmış Şərq çinarlarını – bu nadir təbiət incilərini qorumaq məqsədilə 107 hektarlıq sahədə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu da məhv edilib. Laçın rayonu ərazisində dəniz səviyyəsindən 2650-2700 metr hündürlükdə yerləşən Qaragöl Dövlət Təbiət Qoruğunun bitki örtüyü sistemsiz şəkildə daim otarılmaqla korlanıb. Laçın Dövlət Təbiət Yasaqlığındakı məməlilər (cüyür, qayakeçisi, çöl donuzu) və quşlar (turac, kəklik) da işğal dövründə sıradan çıxarılıb. Şuşa şəhərinin ətrafında yaradılan Daşaltı Dövlət Təbiət Yasaqlığı isə bir vaxtlar Azərbaycanın ən səfalı və füsunkar təbiəti, tarixi abidələri ilə tanınıb. Burada zəngin meşə, kol və ot bitkilərini qorumaq, etalon ərazi kimi saxlamaq əvəzinə, təbii sərvətlərə dərin yaralar vurulub. Tuqay meşələrinin qorunması və bərpası məqsədi daşıyan Arazboyu Dövlət Təbiət Yasaqlığı da, təəssüf ki, erməni faşizminin qurbanı olub.

İşğaldan azad olunan ərazilərimizdə biomüxtəlifliyin mühafizəsi üçün xüsusi mühafizə olunan təbiət ərazilərimizin (qoruq və yasaqlıqlar) bərpası, həmçinin ekoturizmin inkişafı baxımından yeni kateqoriyalı milli parkın (və ya parkların) yaradılması gündəmdə olan məsələdir.

Topxana meşəsinin qadağan olunmuş ağ fosforla məhv edilməsi, Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətlərdir. Bu barbarlıq, vəhşilik yayılan foto və videolarda daha aydın nəzərə çarpır. Həmin ekoloji cinayətləri illərlə “Azərkosmos”dan alınan foto faktlar da təsdiqləyir. Eyni zamanda, yaşıllıqlara, meşə sahələrinə, bölgənin biomüxtəlifliyinə qarşı törədilən soyqırımı yaradılmış əməliyyat qrupunda təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən monitorinqlərin nəticələrindən də aydın görünür.

Təbiətin məhv edilməsinə, azərbaycanlılara nifrət və düşmənçiliyin bu cür vəhşi formada ifadəsinə son qoyulması və ziyanların hesablanması üçün beynəlxalq müşahidə və qiymətləndirmə qruplarının Azərbaycana dəvət olunması qərara alınıb. Ekoloji terror faktlarına qiymət verilməsi üçün səyləri davam etdirməklə yanaşı, düşməndən təmizlənən ərazilərdə hazırda ekoloji tarazlığın bərpası istiqamətində müxtəlif növ tinglərin əkilməsinə başlanılıb.

Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir təbiət incisidir. Ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşə vaxtı ilə təbiət möcüzəsini xatırladırdı. Ermənilər işğal dövründə buranı da talayaraq məhv ediblər. Bu gün qədim Şuşa, Topxana meşəsində ağacəkmə kampaniyası zamanı 3 hektar ərazidə dağdağan, göyruş, saqqız ağacı, qarağac əkilib və əraziyə 100 kiloqram palıd toxumu səpilib.

Bütün bunlar qarşısıalınmaz ekoloji problemlər yaratmaqla yanaşı, tək Respublikamızın deyil, lokal miqyasda regionun, qlobal baxımdan planetimizin bioloji müxtəlifliyinə vurulan zərbədir. Baş verən hadisələr məğlubiyyətlə üz-üzə qalmış düşmənin son cəhdləri olsada, təbiətə dəyən ziyanın əks-sədası isə dərin və uzunmüddətli ola bilər. Qeyd edilənlər hamını, xüsusən beynəlxalq ictimaiyyəti düşündürməli və ekoloji müharibəyə son qoyulmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib. Biz o torpaqları yenidən həyata qaytarmalıyıq. Ölkəmizin ən gözəl və bərəkətli regionlarından biri Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacib olacaq. Regionun bərpası ilə bağlı bizi çox böyük işlər gözləyir.

 

Hüseyn İMANOV – Naxçıvan Dövlət Universiteti “Meliorasiya və Ekologiya mühəndisliyi” kafedrasının müəllimi.

Abdulla KƏRİMLİ– Naxçıvan Dövlət Universiteti Ekologiya mühəndisliyi ixtisası üzrə II kurs tələbəsi.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031