SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ulu Öndər Heydər Əliyev – Azərbaycan xalqının dahi xilaskarı TƏHLİL

Ulu Öndər Heydər Əliyev – Azərbaycan xalqının dahi xilaskarı TƏHLİL
13-06-2019, 18:31

15 iyun Milli Qurtuluş Günü hər bir vətənsevər azərbaycanlının şanlı, qürurlu, fərəhli həyat səhifəsidir

Ulu Öndər Heydər Əliyevin tarixi xilaskarlıq missiyası bu günkü müsair -müstəqil Azərbaycanımızın inkişaf və tərəqqi yolunun mayakıdır. Əbəs deyil ki, biz Heydər Əliyev ideologiyasının əbədiliyi barədə danışarkən, bu reallığı önə sürür, bu tarixi həqiqəti əxz edirik. 15 iyun Milli Qurtuluş Günü hər bir vətənsevər azərbaycanlının şanlı, qürurlu, fərəhli həyat səhifəsidir. Bu gün əldə edilən hər bir uğur, hər bir nailiyyət məhz bu tarixi salnamənin bariz nümunəsidir.

Belə ki, Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etdi. Amma Ümummilli Liderimiz Heydər Əliyevin ifadə etdiyi kimi, müstəqilliyin qorunmasının, onun əldə edilməsindən nə qədər çətin olduğunu sonrakı hadisələr bir daha təsdiq etdi. Çünki cəmi iki il ərzində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan dövləti daxili çəkişmələr, vətəndaş müharibəsi təhlükəsi, total xaos və anarxiya Ermənistanın işğalçılıq siyasəti, ən nəhayət, səriştəsiz dövlət idarəçiliyi səbəbindən dərin uçuruma sürüklənməkdəydi. Bütövlükdə isə, dövlətlə xalq arasında yaranmış uçurum ölkəmizdə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyin itirilmə təhlükəsinin yaranmasına gətirib çıxarmışdı. Şimalda "Sadval", Cənubda "TMR" adı altında yaradılan və xarici kəşfiyyatların əli ilə idarə olunan qurumlar yenicə müstəqillik əldə etmiş ölkəmizi, dövlətimizi məhvə doğru sürükləyirdi. Habelə, orduda və o zamankı hakimiyyət daxilində baş verən daxili çəkişmələr, kreslo davaları onsuz da ağır vəziyyətdə olan xalqımızı daha çətin duruma doğru aparırdı. Bazar və dükanlarda strteji qida məhsullarının yox olması, çörək növbələri, silahlı reketçilik, cinayətkar qanunlarının dövlət qanunlarını üstələməsi kimi hallar Azərbaycanın xəritədən silinməsi təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Bu, həqiqətən də bir xaos idi!

Qurtuluş, xilas olmaq istəyi Azərbaycanda qaçılmaz zərurətə çevrilmişdi

Bu səbəbdən də insanlar təbii ki, ölkənin düşdüyü ağır vəziyyətdən-vətəndaş qarşıdurmasından xilas olmaq, dərinləşməkdə olan mövcud sosial-iqtisadi-siyasi böhrandan qurtulmaq istəyirdi. Bir sözlə, qurtuluş, xilas olmaq istəyi Azərbaycanda qaçılmaz zərurətə çevrilmişdi desək, yanılmarıq. Bu Qurtuluşu isə Azərbaycan xalqına yalnız o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, sonradan xalqımızın Ümummilli Lideri statusunu qazanmış böyük dövlət xadimi, dünya şöhrətli siyasi xadim Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş edə bilərdi. Çünki müstəqil Azərbaycanın möhkəm əsaslarını məhz Ümummilli Liderimiz Heydər Əliyev hələ Sovetlər Birliyi dövründə yaratmışdır. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, cəsarətli ideyaları, böyük təşkilatçılıq qabiliyyəti Azərbaycanı Sovetlər İttifaqının inkişaf etmiş respublikalarından birinə çevirmişdi. Məhz bu səbəbdən Azərbaycan xalqı dövlət müstəqilliyimizi itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda yenidən o böyük şəxsiyyəti - Heydər Əliyevi qüdrətli xilaskar kimi siyasi hakimiyyətə dəvət etdi.

Naxçıvanın işğaldan xilas edilməsi, sonrakı illərdə inkişaf strategiyasını müəyyənləşdirməsi dahi rəhbər Heydər Əliyevin qətiyyəti və təşəbbüsü nəticəsində mümkün olmuşdu

Milli Qurtuluşa zəmin yaradan digər bir amil isə Ümummilli Liderin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi, onun rəhbərliyi ilə Azərbaycanın müstəqil dövlətçiliyinin əsaslarının bu qədim torpaqda qoyulması idi. Bu dövrdə dahi şəxsiyyət çoxşaxəli fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaratmış, Muxtar Respublikada milli dövlətçiliyin qurulması istiqamətində nəhəng işlər görülmüşdür. Hələ Sovetlər İttifaqının mövcud olduğu bir dövrdə üçrəngli Azərbaycan bayrağının Naxçıvanda qaldırılması, Muxtar respublikanın adından "Sovet Sosialist" sözlərinin çıxarılması, dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qoyulması, blokada şəraitində yaşayan Naxçıvanın işğaldan xilas edilməsi, sonrakı illərdə inkişaf strategiyasını müəyyənləşdirməsi dahi rəhbər Heydər Əliyevin qətiyyəti və təşəbbüsü nəticəsində mümkün olmuşdu.

O cümlədən, müstəqil Azərbaycanın taleyində xüsusi əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının da Ulu Öndərimizin rəhbərliyi ilə Naxçıvanda yaradılması ölkəmizin milli istiqlalında böyük öndərin həyatı və fəaliyyətinin Naxçıvan dövrünün müstəsna dərəcədə əhəmiyyətli olduğunu bir daha təsdiq edir.

Beləliklə, Naxçıvan məhz Heydər Əliyevin qətiyyəti, dönməz iradəsi sayəsində qurtuluş tarixinə doğru ilk addımlarını atmış oldu. Bu gün Naxçıvan Muxtar Respublikası Ulu Öndərin müəyyənləşdirdiyi siyasi-iqtisadi kurs istiqamətində günü-gündən çiçəklənərək, inkişaf edib, dünyanın ən əsrarəngiz diyarlarından birinə çevrilib. Muxtar Respublikanın Ali Məclisinin Sədri cənab Vasif Talıbovun həmin istiqamətdə gördüyü quruculuq işləri Naxçıvanı nəinki ölkədə, eləcə də ölkəmizdən kənarda dillər əzbəri etmişdir. Turizm potensialından başlayaraq, sənayenin, iqtisadiyyatın inkişafı, o cümlədən, Ordu quruculuğunda əldə edilən nailiyyətlər Heydər Əliyev əbədi kursuna olan sədaqətin məntiqi nəticələridir.

Xilaskarlıq missiyası ilə yanaşı, inkişaf və tərəqqi tarixinin başlanğıcı qoyuldu

Onu da xatırlatmaq olar ki, hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Ümummilli Liderin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası inkişaf edir, cəmiyyət quruculuğu sahəsində də qətiyyətli addımlar atılırdı. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını tələb edirdi. Belə bir şəraitdə – 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı, xilaskarlıq missiyası ilə yanaşı, inkişaf və tərəqqi tarixinin başlanğıcı qoyuldu. Bununla da, ölkəmizdə Milli Qurtuluş hərəkatının əsası tariximizə qızıl hərflərlə həkk olundu. 15 iyun müstəqil Azərbaycan dövlətinin və xalqının taleyinə "Milli Qurtuluş Günü" kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi elan etmişdir.

Ümummilli Liderimizin işləyib hazırladığı inkişaf konsepsiyası bu gün də müstəqil Azərbaycanın uğur modelidir

Daha bir vacib məqam ondan ibarətdir ki, hər bir ölkədə siyasi və iqtisadi islahatları sabitlik olmadan aparmaq mümkün deyil. Ona görə də qısa zamanda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olmuş, Dağlıq Qarabağ cəbhəsində atəşkəs əldə edilmiş, irimiqyaslı iqtisadi layihələr icra olunmağa başlanmışdır. Dünyanın aparıcı dövlətləri və şirkətləri ilə imzalanan neft müqavilələri və bunun nəticəsi olaraq xarici investisiyaların ölkəmizə cəlbi Azərbaycanın iqtisadi böhrandan çıxarılmasında mühüm rol oynamışdır. Ölkəmizdə dövlət quruculuğu prosesinə başlanmış, güclü ordumuz yaradılmış, Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunmuş və bu hüquqi sənədə xalqımızın ümumxalq səsverməsi ilə bir neçə dəfə zəruri dəyişikliklər edilmişdir. Beynəlxalq aləmdə Azərbaycan Respublikasının dünya ölkələri ilə ikitərəfli əlaqələrinin qurulması, ölkənin xarici siyasət strategiyasının müəyyən olunması böyük dövlət xadiminin həm də mahir diplomatik bacarığının əməli ifadəsi idi. Bir sözlə, 1993-2003-cü illər müstəqil Azərbaycanın Milli Qurtuluşdan başlanan intibahının birinci mərhələsinə çevrilmişdir.

Bu baxımdan, vurğulamaq lazımdır ki, Ümummilli Liderimizin işləyib hazırladığı inkişaf konsepsiyası bu gün də müstəqil Azərbaycanın uğur modelidir və həmin model Onun layiqli davamçısı, siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Əgər bu gün Azərbaycan dünya dövlətləri sırasında öz mühüm, əhəmiyyətli mövqeyini tutursa, bu Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının yaşaması, yaşadılmasıdır. Dövlət başçımız öz müdrik strategiyası, məqsədyönlü siyasəti ilə hər zaman öz xalqına arxalanıb, xalq isə Prezidentinə öz etimadını xalq-iqtidar vəhdəti ilə sübuta yetirməkdədir. Bütün bunlar isə tariximizin qürur səhifəsi olan Milli Qurtuluş Gününün xalqımız bəxş etdiyi danılmaz, əbədi reallıqdır.

Bəxtiyar ƏSGƏROV,

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031