SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hər bir xalq öz dili ilə yaranır

Hər bir xalq öz dili ilə yaranır
24-01-2023, 17:45

Mənim ana dilim! Bu, o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir.

Bəli, "dil" və "ana" sözləri həmişə qoşa işlənir. Bu da təsadüfi deyildir. İnsan dünyaya göz açandan dil ananın südü, beşik başında oxuduğu laylaları, oxşamaları ilə onun canına, qanına hopur. Böyük şairimiz Nəbi Xəzri vaxtı ilə "Ana dili" şeirində yazırdı:
Ana gözlərindən süzülən nur kimi,

Doldun ürəyimə sən gilə-gilə,

Hər kəlmən, hər sözün bəzənməyibmi

Mehriban ananın təbəssümüylə?!

Bu, o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.

Ana dili bizim müqəddəs sərvətimiz, anamızın dilidir. Ana dili ömrümüzə məna verən, onu gözəllədirən əxlaq dərsliyidir. Ana dili adicə bir ifadə deyil, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır.

Dilsiz insan susuz səhralara bənzər. İnsan hələ körpə ikən dilin vasitəsilə ana laylasındakı doğmalığı duyur, hiss edir, eşitdiyi nağıllardakı hər sözün, hər ifadənin necə səsləndiyinə  diqqət  edir.

Mənim ana dilim Azərbaycan dilidir. Bu dil məni dünyaya gətirən anamın dilidir, üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir, Azərbaycan Respublikasının dövlət dilidir.

Azərbaycan dili həm qüdrətli və gözəl, həm də mənalı və şirin dildir. Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə, ən obrazlı epizodları çatdımağa qadir bir dildir.

Səni şəfəq bildim bu cahanda mən,

Bəzən şimşək olub qəzəblə çaxdın.

İlk dəfə dünyaya göz açanda mən,

Qəlbimə günəşin özüylə axdın.

Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli fikirlər söyləmişdir. Azərbaycan dili haqqında yazıçı Mirzə İbrahimovun fikri çox maraqlıdır. O yazırdı: "Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda, bu dil gözəldir, cazibədardır, şerlə, ahənglə, musiqi ilə doludur.”

İnsan həyatında dil qədər lazımlı, dil qədər ecazkar bir şey yoxdur. Çünki məhz dilin köməyilə biliklərə yiyələnir, onun vasitəsi ilə öz sevinc və arzularımızı, sevgi və məhəbbətimizi, qəzəb və nifrətimizi bildiririk.

Azərbaycan dili əsrlər boyu inkişaf edərək zamanlardan süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir. Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur. Bir çox tanınmış sənətkarlar bu dilin gözəlliyini duyaraq onu öyrənmək həvəsində olmuşlar.

Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Onun saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən qurtarmaq bizim borcumuzdur.

Əsrlər, qərinələrdir ki, xalqımıza, o taylı-bu taylı Azərbaycana xidmət edən dilimiz qədim tarixə malik olan, min illərin növbənöv burulğanlarından üzüağ çıxaraq dövrümüzə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Azərbaycan dili tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın psixoloji-fəlsəfi cizgilərini yaşadan milli varlıqdır. Vaxtilə Azərbaycanın böyük şairi Süleyman Rüstəmin: 

“Mən sənin dilinə dəymirəm, cəllad,

Gəl sən də bu ana dilimə dəymə,

Sənin də bağın var, gülün var, çəkin,

Bağıma əkdiyim gülümə dəymə.”

Həsədlərlə baxdın çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən.
Yan deyib, od vurdun bədənimə sən!
Altında atəş var, külümə dəymə!

Mən ağa ağ dedim, qaraya qara,
Sən məni istədin çəkəsən dara.
Yenicə sağalır vurduğun yara,
Mənim bu yaralı könlümə dəymə!

Yaxud, istiqlal şairimiz Xəlil Rza Ulutürkün: “Yad məktəbə verilir umudumun qalası, O qaraqaş, qaragöz Azərbaycan balası”, – deməsi dilimizin sabahını düşünən böyük şairin vətəndaş etirazı idi. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı bu dildə danışır, öz milli mədəniyyəti, tarixi ilə haqlı olaraq qürur hissi keçirir, millətinin sabahı, gələcəyi barədə düşünür, müstəqil Azərbaycanla fəxr edir, qürur duyur. İnsan, vətəndaş kimi borcunu başa düşür, dolayısı ilə Azərbaycan dilinə borclu olduğunu dərk edir. Bu dillə ruhunu, fikrini, istək və arzusunu, böyük ideallarını ifadə edir. Xalqımızın laylalarını, nəğmələrini, nağıllarını, dastanlarını bu dillə qəlbinə hopdurur. Azərbaycan dilinə olan sevgi, bağlılıq, doğmalıq onun qüdrətini torpaq və Vətən qədər müqəddəs zirvəyə çatdırır. Bir bayatıda deyildiyi kimi:

Mən aşiq dilim-dilim,

Qovun kəs, dilim-dilim,

Öz dilimdən dönmərəm,

Doğransam dilim-dilim.

Yaxud:

O yaram…

Köz-köz olub o yaram,

Sənə yad bir göz baxsa,

Barmaq salıb oyaram.

Bizcə xalqımızın yaranışıyla bu cür gözəl misralar yaranıb, fikrin, hissin ifadəsinə çevrilib.

Tarixin dolanbaclarından, sərt sınaqlarından üzüağ çıxan dilimiz bu gün  dünyanın ən inkişaf etmiş, zəngin dillərindən biridir. Azərbaycan dili ulu babalarımızdan bizə miras qalan milli sərvətimizdir. Bu sərvəti dədə-babalarımız göz bəbəyi kimi qorumuş, klassiklərimiz Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsində əllərindən gələni əsirgəməmiş, tarixi şəxsiyyətlərimiz isə dövlət dili kimi rəsmiləşməsinə,  daha da inkişafına qayğı göstərmişlər.

Min illər boyu ulu babalarımızın arzusu, istəyi müstəqillik illərində həyata keçmişdir. Ş.M.Xiyabani yazırdı: Təkcə istəmək kifayət etməz, istəyi həyata keçirmək gərək”. Bu gün müstəqil Azərbaycan dövlətinin dili olan Azərbaycan dilinə istək də var, onun tətbiqi işinin təkmilləşməsinə şərait də.

Dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Müstəqil dövlətin müqəddəs atributlarına qayğı ilə yanaşmaq hamının borcudur. Xüsusilə, Azərbaycan dilinə qayğıkeşlik göstərməkdə ziyalıların, ədəbiyyatçıların, yazıçıların, dilçilərin daşıdıqları məsuliyyət daha böyükdür. Ona görə ki, cəmiyyətin bu təbəqəsi təkcə Azərbaycan dilindən istifadə etmir, həm də onun tətbiqi işinin təkmilləşməsinə, inkişaf etməsinə, lüğət tərkibinin zənginləşməsinə qayğı göstərirlər.

Böyük ictimai xadim və yazıçı Nəriman Nərimanov yazırdıBir millət sözünü tanımayınca, hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır".

Azərbaycan adı bizim dilimizin adında yaşayır. Azərbaycan xalqının sevimli şairi Bəxtiyar Vahabzadənin şeirindəki misraları yada salaq:

Dil açanda ilk dəfə “ana” söyləyirik biz,

“Ana dili” adlanır bizim ilk dərsliyimiz.

İlk mahnımız laylanı anamız öz südüylə,

İçirir ruhumuza bu dildə gilə-gilə.

Nəbi Xəzrinin bu misralarında dilimizin zənginliyi öz əksini bir daha tapmışdır.

Ucalır bağçada bülbülün səsi,

Çay susur, əsməyir çəməndə yel də.

Nə qədər doğmadır onun nəğməsi

Bülbül də elə bil ötür  bu dildə.

Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biri kimi tarix səhnəsində öz sözünü layiqincə deyib.  Yaşi minilliklərlə ölçülən folklor nümunələrimiz, muğamlarımız, xalq mahnılarımız, aşıq musiqimiz, dastanlara, kitablara siğmayan, çox böyük məna yükü daşıyan folklor nümunələrimiz, mədəniyyətimiz, incəsənətimiz, milli dilimiz, tariximiz, ədəbiyyatımız var bizim.

Dil bizim varlığımızdır, bir xalq kimi özümüzü təsdiqimizdir. Müdriklər deyib ki, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Ancaq onun dilini əlindən alsan, o millət milli varlığını itirər, yox olar, tarix səhnəsindən silinər. Bu, tarixi həqiqətdir. Dil-millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur. 

Çağdaş Azərbaycan ədəbiyyatımızın aparıcı simalarından olan Zəlimxan Yaqub ruhumuza işləyən, qanımıza hopan sazın pərdəsindən süzülən, bayatı beşiyi, layla yuvası olan tarlı, kamanlı dilimizi belə vəsf edirdi.

Füzuli zirvəli, Vaqif arxalı,

Mənim qoşqar dilim, Ələsgər dilim.

Ömrümün naxışı, bəxtimin xalı,

Dadda, şirinlikdə bal, şəkər dilim.

Xalq şairi Səməd Vurğun ana dilini xalqın namusu, tarixi, vicdanı adlandırırdı. Şair Vaqif Kəhrizli yazır:

Vaqif deyər, aram-aram,

Şairlikdə mən də varam.

Öz dilimlə bəxtiyaram,

Onsuz üzüm gülən deyil,

Ana dilim ölən deyil.

Azərbaycanın  gələcəyi  üçün əlindən gələni əsirgəməyən, fenomen şəxsiyyət, xalqımızın fəxri, böyük zəka sahibi  ulu öndər Heydər Əliyev dilimizin hərtərəfli  inkişafına daim çalışmış, onun saflığı dövlət  dilinə çevrilməsi,  zənginləşə-zənginləşə nüfuz qazanması və dünyanın ən mötəbər kürsülərdən eşidilməsi üçün əlindən gələni əsirgəməmişdir. Ulu öndər deyirdi: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

Mənim ana dilim-ürəyim,odum,

Ey tarım, kamanım, qopuzum, udum,

Vaqifim, Füzulim, Dədə Qorqudum,

“Şur”umun, “Cəngi”min mayası dilim!.

Mənim ana dilim-keçmişim, ulum,

Sonsuz gələcəyə uzanan yolum,

Sən adlı Vətənin qurbanı olum,

Ana Vətənimin anası dilim!

 

                                                                                    

Fəxriyyə CƏFƏROVA

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031