SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək rayonunda 15 İyun-Milli Qurtuluş Günü qeyd olunub

Sədərək rayonunda 15 İyun-Milli Qurtuluş Günü qeyd olunub
12-06-2019, 15:00

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Rayon Mədəniyyət Sarayında, “15 İyun–Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan ulu öndər Heydər Əliyev hələ Naxçıvanda fəaliyyət göstərdiyi müddətdə əsl vətənpərvərlik, liderlik qabiliyyəti ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak edirdi. Respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atıldı. 1993-cü ilin iyununda – son dərəcə mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə, vətəndaş qarşıdurmasını aradan qaldırmaqla, respublikanı parçalanmaq təhlükəsindən hifz etməklə, sözün əsl mənasında, milli qurtuluşu təmin etdi. 15 iyun günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Arif Qasımov vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəmizin çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub. Məhz bu qayıdış sayəsində Azərbaycan üçün çoxdan hazırlanan məkrli planların qarşısına möhkəm sipər çəkildi, siyasi varlığımıza doğru uzanan xain əllər kəsildi, dövlətimizin müstəqilliyi əbədi, dönməz, sarsılmaz oldu. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində bütün problemlər aradan qaldırıldı, müstəqil Azərbaycan inkişaf etdi, möhkəmləndi və demokratik, dünyəvi bir dövlətə çevrildi. Təşkilatın sədri ümummilli liderin siyasi kursunun bu gün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirildiyini, xalqımıza parlaq, firavan gələcək bəxş etdiyini bildirib.
Tədbirdə çıxış edən, Təşkilatın Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Gənclər Birliyinin sədri Polad Rzazadə, Partiyanın fəal üzvləri Asya İmamverdiyeva və Elçin Nadirli ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, ulu öndərin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi sayəsində ölkəmizin gələcək tərəqqisi üçün yaradılmış etibarlı bünövrə respublikamızın sağlam təməl üzərində sürətlə inkişafına şərait yaradıb.
Sonda 11 gənc vətəndaşa Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub, rayon məktəbliləri tərəfindən Milli Qurtuluş Gününə həsr edilən şerlər bədii qiraət edilib.


SƏRXAN İSMAYILOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930