SON DƏQİQƏ

naxcivanxeberleri.com

Maddi və mənəvi irsimiz olan xalçaçılıq

Maddi və mənəvi irsimiz olan xalçaçılıq
4-12-2022, 23:38

Nənələrimizin, analarımızın əllərinin sığalı, gözünün nuru, səliqəsi ilə çeşidçeşid, zövqümüzü oxşayan sənətlərin səssorağı dünyaya yaxşı bəllidir. Söz sənətimiz, el sənətimiz, min bir naxışlı xalçalarımız, toxuculuq nümunələrimiz, milli geyimlərimiz el-el gəzib, dildən-dilə düşüb, yurdumuzu uzaq-uzaq diyarlarda tanıdıb. Onları min bir zəhmətlə, həvəslə araya-ərsəyə gətirənlərə baş ucalığı gətirib. Qədim el sənətimiz olan xalçaçılıq haqqında danışanda qürurla deyə bilərik ki, yer üzünə səs-soraq salıb Azərbaycan xalçaları. Bu dürlü xalçaların, hər naxışında bir məna yatan ilmələrin hərəsinin öz adı, öz gözəlliyi olub. Qarabağ xalçası, Quba xalçası, Şirvan xalçası, Təbriz xalçası, Naxçıvan xalçası...
Azərbaycanın hər bir bölgəsində olduğu kimi, bu qədim el sənəti ilə rayonumuzun daha çox Kolanı, Aşağı Qışlaq və Yuxarı Qışlaq, Kükü kimi kəndlərində məşğul olan ustalar çox olarmış. Bu kəndin bacarıqlı ustalarının misilsiz xalça nümunələri yüksək sənətkarlığını el-el, obaoba gəzdirmişdir. Ulu nənələrin, ağbirçək anaların toxuduqları bu nəfis xalçalar nəinki öz kəndlərində, hətta başqa yerlərdə də çoxməşhur olmuşdur. İnsanlar sirlisehrli aləmi xatırladan, min bir naxışlı “Hüseyn gölü”, “Qaynaq gəbə”, “Qollu gəbə”, “Əl-ələ” xalçalarının sorağı ilə bu kəndlərə axışıb gələr, sevib-seçdikləri xalçaları alıb apararmışlar. Kənd evlərinin divarlarından asılan xalçalar o evlərin ən gözəl bəzək aksesuarı sayılarmış. Bu gün də qədim xalq sənəti nümunəsini yaşadan qadınlarımızın toxuduğu xalçalara baxanda özünü sirli-sehrli, möcüzəli bir dünyada hiss edirsən. Sanki bu xalçaların hər biri xalqımızın qədimlərdən üzübəri söykənən dünyagörüşü, həyata baxışı haqqında bir hekayə danışır.
Rayonumuzun Aşağı Qışlaq kəndi də vaxtilə bu sənətin geniş yayıldığı kəndlərimizdən olub. Bu günün özündə belə kəndin bir çox evlərində həvənin, kirkitin səsini eşitmək olar. Yolumuzu bu kəndə saldıq. Böyük həvəsin, marağın, eləcə də zəhmətin bəhrəsi olan xalçaların hələ də qorunub saxlanıldığı bir evin qonağı olduq. Bu dəyərli sənət nümunəsinin yaradıcılarından olan Südabə Məhərrəmova ilə həmsöhbət olduq. Söhbətimiz onu anası, nənəsi, qonum-qonşuları ilə bir yerə toplaşıb xalça toxuduğu illərə apardı. Müsahibim yaddaşında qalanlardan həvəslə danışdı:
-Gözümü açandan evimizi qonaqlı-qaralı görmüşəm. Xalça toxuyanlarımız çox olub. Anam, nənəm, xalalarım, bibilərim bu işi görmək üçün bir araya toplaşardılar. Əsasən xalçanı soyuq və uzun keçən qış aylarında toxuyardıq. Xalça toxumaq üçün böyük bir otağımız var idi. Bu otaqda kirkitimiz, həvəmiz, cəhrəmiz, darağımız-hər ləvazimatımız olurdu. Xalça toxumağa gələnlər səhərin o başından durar çöl-bayır işlərini görərdilər ki, xalça toxumağa başlayan zaman rahat olsunlar.
Beləcə, gecədən səhərə qədər həvəslə cəhrə əyirir, yun darayırdıq. O vaxtlar həvəslə lampa işığına toxuyurduq xalçaları. O uzun keçən gecələrdə təkcə xalça yox, palazlar, kilimlər, gəbələr, garbıtlar, cecimlər toxunardı. Yun üçün kimsələrə “ağız açmazdıq”. Özümüzün yunu olardı. Anamla nənəm yunu yuyub təmizləyər, yun daraqlarından keçirirdilər. Soğan qabığından, boyaq otlarından və kəndimizin dağlarında, yamaclarında bitən otlardan elə gözəl rənglər əldə edərdilər ki, insan valeh olardı. Sonra həmin ipləri o rənglərlə boyayardılar. Bizim xalçalarımızın bu gün öz rəngini, təravətini qoruyub saxlamasının sirri məhz o təbii boyalardır. Bu işlər, əsasən, yaz və yay aylarında görülərdi. Əslində hər bir xalçanın toxunmasında əziyyət, zəhmət, diqqət var idi. Hər kəs öz ovqatını, daxili aləmini, içində kök salan hisslərini xalçalara həkk edərdi. Ona görə də xalçalar bizim üçün həm də mənəvi cəhətdən çox qiymətlidir.
Müsahibim deyir ki, qohumlarımızın çoxu xalça toxuyub, xalça ustası olublar. Ömürlərini başa vuranları, mənim kimi qalanları da var. Toxunan xalçaların hər biri bir evin bəzəyidir, onlardan qalan yadigardır. Mən də çox xalça toxumuşam. Bu xalçalardan övladlarımın hərəsinin öz payını vermişəm. Toxuduğum xalçalar həmişə sevilib, bəyənilib. Öz işimin öhdəsindən layiqincə gəlmişəm. Sənətə, gərək, ürəkdən bağlanasan. Ona sevgini olmur. Onun hər bir ilməsi, hər bir naxışı sanki bir nəğmə oxuyur: keçmişimizdən, tariximizdən, kimliyimizdən...
Qeyd edək ki, muxtar respublikada xalçaçılıq ənənələrinin yaşadılması ilə bağlı ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu tədbirlərin sistemli xarakter almasına şərait yaradır və bu sahədə maddi-mədəni irsin mühafizəsi ilə bağlı yeni imkanlar açır.

T.Baxşəliyeva

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728