SON DƏQİQƏ

naxcivanxeberleri.com

Güclü antioksidant qaynağı olan itburnunun faydaları

Güclü antioksidant qaynağı olan itburnunun faydaları
4-12-2022, 22:00

Payız-qış aylarında, məlum olduğu kimi, insan orqanizmi xəstəliklərlə mübarizədə daha zəifdir. Buna görə də soyuqdəymə, qrip halları bu aylarda daha da artır və immuniteti aşağı salır. Bunların qarşısını almaq məqsədilə dərman preparatlarından istifadə edir və bundan əlavə, insanlar təbii bitk (meyvə, tərəvəz) çaylarından qəbul edərək xəstəlik müddətini daha asan keçirir, daimi istifadə etdikdə isə xəstəliyə yoluxma halları minimuma enir. Bunun üçün də bu çaylardan tez-tez istifadə etmək lazımdır. Təbiətin bizə bəxş etdiyi bu nemətlərin hər biri orqanizmimiz üçün çox faydalı hesab olunur. Belə faydalı nemətlərdən biri də itburnudur.
Zəngin tərkibinə görə itburnunun insan sağlamlığı üçün saymaqla bitməyən faydaları var. Onun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosforla zəngindir. Polifenol komponentlər, C və E vitaminləri və karotinoidlər kimi antioksidantlarla zəngin itburnu ən güclü antioksidant meyvələrdən biridir. Bu xüsusiyyəti sayəsində itburnu maddələr mübadiləsini tənzimləyir, oksidləşmə-reduksiya reaksiyalarını sürətləndirir, sərbəst radikalları neytrallaşdırır və stressi azaldır. Buna görə də xərçəng, ürək-damar və xroniki xəstəliklərə qarşı təbii qorunmanı təmin edir. Bundan əlavə, tərkibindəki C vitamini sayəsində damar quruluşunu qorumağa kömək edir. Beləliklə, aterosklerozdan (damarların qalınlaşması və sərtləşməsi) qorunmanı təmin edir.

İtburnu insulin həssaslığını artırmaq və qan şəkərinin tənzimlənməsini dəstəkləmək kimi təsirlərə malikdir. Bu şəkildə insulin müqaviməti olan xəstələrdə tip-2 diabetin inkişafının qarşısını almağa və diabet xəstələrində qan şəkərini tənzimləməyə kömək edir.
İtburnunun əsas faydalarından biri immunitet sistemini gücləndirməsidir. C, A və E vitaminləri və polifenollarla çox zəngin olan itburnu orqanizmi infeksiyalardan qoruyan limfositlərin istehsalını artırır, həmçinin yoluxucu xəstəliklərə qarşı immunitet reaksiyasını gücləndirir.
Mədə-bağırsaq xəstəlikləri zamanı itburnu çayı tövsiyə olunur. Çünki itburnu meyvəsi və ya çayı mədənin pH balansını dəyişdirdiyi üçün mədə xəstəlikləri olan insanlarda xora əmələ gəlməsinin qarşısını alır.
Qalaktolipidlər və polifenollarla çox zəngindir, iltihabı və oynaq ağrılarını azaltmaqda əhəmiyyətli təsirləri var. Bu şəkildə osteoartrit və revmatoid artritli xəstələrdə oynaq ağrılarını aradan qaldırmaqda, həmçinin bir çox xəstəliklər və xroniki infeksiyalarda iltihabı azaltmaqda müsbət təsir göstərir. Hətta bəzi araşdırmalara görə bir çox sağlamlıq faydası olan itburnu bitkisi bel ağrısı, həzm problemləri, öd durğunluğu və sidik yolu infeksiyaları kimi bir çox xəstəliklərə də təsir göstərir.

Böyrək xəstəliklərindən şikayətlənənlər üçün itburnu bitkisi olduqca faydalıdır.  Böyrəklərin iltihabı zamanı 3 xörək qaşığı itburnu meyvəsi ilə 6 xörək qaşığı qarğıdalı saçağını yarım litr qaynar suda dəmləmək (qaynatmamaq şərtilə), 12 saat saxladıqdan sonra süzmək və 3 ay ərzində gündəlik olaraq yeməkdən qabaq 100 qram içmək lazımdır.

İtburnu çayının hazırlanması da çox asandır. Belə ki, 1 fincan qurudulmuş itburnu meyvəsi yuyulduqdan sonra 4-5 fincan su ilə 10 dəqiqə qaynadılır. Çayın dadının kəskin olması üçün diri qalan meyvələr qaşıqla əzilir. Daha sonra 10 dəqiqə dəmlənməyə qoyulur. İstəyə uyğun limon, zəncəfil, darçın və ya mixəklə içilə bilər.
Gördüyünüz kimi, faydaları saymaqla bitməyən güclü antioksidant qaynağı olan itburnu həm dadına-tamına görə, həm də tərkibindəki minerallara və vitaminlərə görə hər zaman seçilir. Elə yuxarıdakı səbəbləri nəzərə alaraq itburnu bitkisini istifadə edək və sağlam olaq.

Fərizə NAĞDƏLİYEVA

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728