SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadə olunması və mühafizəsi sahəsində ardıcıl işlər görülməkdədir-FOTO

Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadə olunması və mühafizəsi sahəsində ardıcıl işlər görülməkdədir-FOTO
4-12-2022, 09:00

Ölkəmizdə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəlməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətimizin daim diqqət mərkəzindədir. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda əhalinin təmiz su ilə təmin olunması istiqamətində əsaslı tədbirlər, irimiqyaslı layihələr həyata keçirilməkdədir. Həyata keçirilən ekoloji siyasətin mühüm istiqamətlərindən olan su mənbələrinin çirklənməsinin qarşısının alınması yönündə reallaşdırılan əsaslı tədbirlər əhalinin təmiz suya olan tələbatının ödənilməsini yaxşılaşdırmaqla bərabər, ekosistemin bütövlüyünün qorunub saxlanmasına  da köməklik edir.
Naxçıvan Muxtar Respublikasının çaylarının qidalanmasının 53 faizini yeraltı sular, 47 faizini isə yağış və qar suları təşkil edir. Burada 400-ə qədər kiçik çay vardır. Onlardan ən böyükləri Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay və Ordubad çaylarıdır. Bunların da əsas qidasını qar, yeraltı və yağış suları təşkil edir. Məlumdur ki, Yer kürəsində olan 16 milyard kubkilometrdən çox su vardır. Bu rəqəm planetin kütləsinin 0,25 faizini təşkil edir. Təbii ehtiyatlar içərisində yeraltı və yerüstü sular insan cəmiyyətinin inkişafında əsas rol oynayır. Ona görə də su ehtiyatlarından kompleks və daha səmərəli istifadə olunması zərurəti yaranır. Dünyada elə bir istehsal sahəsi yoxdur ki, orada sudan istifadə olunmasın. İnsanların həyatı və məişət üçün ən yararlı sular şirin sulardır. Buna görə də su ehtiyatları dedikdə şirin su ehtiyatları nəzərdə tutulur. Yer kürəsində şirin su ehtiyatları ümumi su ehtiyatlarının cüzi bir hissəsini təşkil edir və buna görə də həmin sulardan səmərəli istifadə etməklə qorunub saxlanılması bu günün əsas prioritet məsələlərindən biridir.

Naxçıvan Muxtar Respublikasının su ehtiyatı 6,08 kubkilometr olub, onun 0,47 kubkilometr daxili su ehtiyatı, 5,61 kubkilometr isə xaricdən daxil olan su ehtiyatları hesabına formalaşır. Hazırda su mənbələrinin çirklənməsinin qarşısının alınması tədbirləri çirklənmə baş verən ərazilərdə təmizləmə işlərinin həyata keçirilməsi, bu məqsədlə ən müasir texnologiyadan istifadə edilməsi muxtar respublikada həyata keçirilən ekoloji siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Su ehtiyatlarının mühafizəsi onlardan səmərəli istifadə olunması məqsədilə mütəmadi qaydada suların tərkibini və çirklənməsinin monitorinqi aparılır. Su obyektlərin çirklənməsi, onların  keyfiyyətini pisləşdirən, səthinə, dibinə və ətrafına təsir edən zərərli maddələrin tökülməsi və axıdılmasıdır. Bu çirklənmələrin qarşısının alınması məqsədilə monitorinqlər aparılır ki, bunun da məqsədi suların vəziyyətində baş verən proseslərin vaxtında aşkara çıxarılması, su ehtiyatlarının hidroloji, hidrokimyəvi, hidrobioloji göstəricilərində olan dəyişikliklərin qiymətləndirilməsindən və proqnozlaşdırılmasından ibarətdir. Bu sahədə biz ekoloqlar öz səmərəli fəaliyyətimizi göstəririk. Belə ki, istər içməli suların, istərsə də təsərrüfat sularının mühafizəsinə dövlət nəzarəti tətbiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq əsas funksiyamız ərazilərdə əhalini içməli su ilə təmin edən anbarlarında və onların sugötürmə mənbələrində monitorinqlər aparmaqdır. Suların keyfiyyət göstəriciləri və onların fiziki-kimyəvi tərkibini müəyyənləşdirmək məqsədilə analizlər aparılır. Aparılmış analizlər zamanı müəyyən olunmuşdur ki, əhaliyə verilən içməli sulara heç bir mənbədən səth suları qarışmır. İçməli suların keyfiyyət göstəriciləri mövcud ekoloji standartlara tam cavab verir. Qeyd etmək lazımdır ki, həddindən artıq çirklənmiş sularda yaşayan canlılardan qida kimi istifadə müxtəlif xəstəliklərə səbəb ola bilər. Çirkləndirici amillər olan toz və xırda hissəciklər havadakı saysız-hesabsız kimyəvi birləşmələr bilavasitə və ya dolayı yolla çaya və dənizə tökülür. Təbiətdə nə qədər özünü təmizləmə prosesi getsə də, suyun özünü təmizləməsi üçün təbii potensial bu gün artıq kifayət etmir. 
Son illər muxtar respublikanın şəhər və rayon mərkəzlərində mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, fekal mənşəli tullantı sularının təmizlənməsi üçün müasir tələblərə cavab verən təmizləyici qurğuların tikintisi üzrə böyük layihələr icra olunur. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamına müvafiq olaraq  Naxçıvan Muxtar Respublikasının ərazisində əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatı yaxşılaşdırılmış və bu sahədə işlər davam etdirilir. 
2019-cu il 2 iyul tarixdə Sədərək rayonunun Heydərabad qəsəbəsində Su Monitorinq Laboratoriyası istifadəyə verilmişdir. Laboratoriyanın yaradılmasında məqsəd muxtar respublikanın su mənbələrinin çirklənməsinin qarşısının alınmasından, eləcə də sularda yaşayan canlıları qorumaqdan ibarətdir. Müasir laboratoriyanın qurulması muxtar respublikanın sərhədləri daxilində tədbirləri vaxtında görməyə və qərar qəbul etməyə imkan verir. Bu məqsədlə səyyar analizlərlə yanaşı, Sədərək Rayon Su Monitorinq Laboratoriyasında muxtar respublika ərazisinə daxil olan Araz və Arpaçay çaylarından götürülmüş su nümunələrində analizlər aparılaraq mövcud su ehtiyatları mütəmadi olaraq nəzarətdə saxlanılır.
Təbiətin yaratdığı gözəllikləri qorumaq, ona qayğı göstərmək, onu mühafizə etmək sağlam gələcəyimiz, ən böyük mirasımız olan təbii sərvətlərimizin keşiyində dayanmaq deməkdir. Muxtar respublikamızda aparılan bu ekoloji siyasətin uğurla həyata keçirilməsində diyarımızın hər bir sakini fəal iştirak etməli, bunu özünün mənəvi vətəndaşlıq borcu hesab etməlidir.

Dürdanə HƏSƏNOVA 
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin aparıcı məsləhətçisi 
 

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728