SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gələcəyə ümid sarıdan dünyanın ən varlı şairi-FOTO

Gələcəyə ümid sarıdan dünyanın ən varlı şairi-FOTO
4-12-2022, 18:00

Gəldim baş əyməyə önündə mən də,
Qarşıma gah boran, gah tufan çıxır,
Nədənsə, şairim, adın gələndə 
Çox şairin adı yadımdan çıxır.

O bu misralarla ustad Füzuliyə olan sevgisini dilə gətirib. Mənsə onun bu misraları ilə özünə olan sevgimi dilə gətirirəm. Yoluma işıq tutan, həyatıma şeirləri ilə rəng qatan, ən əsası, qəlbimə böyük bir ədəbiyyat sevgisi salan, sözün əsl mənasında, adı gələndə bütün şairləri unutduran şairdir Məmməd Araz.
Dünyada bir ümmana çevrilən böyük şair, əsl vətəndaş olan Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də bütün yaradıcılığı boyu əsərlərində adı keçən, nur sulu bulaqlarına, uca dağlarına bir çox şeirlər yazdığı “Kəndim balacasan, çox balacasan” misraları ilə özü ilə bərabər, adını tarixə yazdırdığı Şahbuz rayonunun Nursu kəndində anadan olub. Doğulduğu kənddə yeddiillik orta məktəbi bitirib və sonra Şahbuz kənd tam orta məktəbində onillik təhsilini tamamlayıb.
İnstituta gedəndə Ədəbiyyat fakültəsinə gecikdiyi üçün sənədlərini Coğrafiya fakültəsinə verir və qəbul olur. Beləliklə, o, Azərbaycan Pedaqoji İnstitutunda coğrafiya təhsili alır. Bir az sonra doğulub boya-başa çatdığı yurd yerini öz şeirləri ilə ölkəmizdə tanıdacaq Məmməd Araz müsahibələrinin birində deyib: “Tezliklə peşman oldum ki, nahaq yerə, coğrafiya fakültəsinə getdim. Bura mənim yerim deyil. Daha mən böyük şair ola bilməyəcəyəm. Gərək Ədəbiyyat fakültəsində oxuyam ki, “böyük şair” olam”. Məmməd Araz sübut etdi ki, Ədəbiyyat fakültəsində oxumasan da, böyük, həm də çox böyük şair olmaq mümkünmüş.
Təhsilini bitirən kimi doğma kəndinə qayıdan Məmməd Araz burada bir il həm müəllimlik etmiş, həm də bir sıra şeirlərini qələmə almışdır. Hazırda Nursu kəndində yaşayan və Məmməd Arazın ilk şagirdlərindən biri olan 80 yaşlı Yaşar Heydərovla söhbət zamanı bildirdi ki, Məmməd Araz adını poeziyamıza həkk etmiş bir şair olmaqla yanaşı, həm də şagirdlərinin qəlbinə yol tapa bilmişdir. Dərslərə qlobus olmadan girməz, nəinki Azərbaycanın, hətta dünya xəritəsinə baxmadan göstərici ilə bütün çayların, göllərin yerini işarə edərmiş. Dərs zamanı təbiətə tez-tez ekskursiyalar təşkil edər, təbiəti şagirdlərə onlarla birlikdə müşahidə edərək, göstərərək, sevdirərək öyrədərmiş. Hətta özü də müsahibələrinin birində deyib: “O vaxt müəllim yoldaşlarım gileylənirdilər ki, şagirdlər onların dərslərində də coğrafiyanı oxuyurlar. Az vaxtda belə qərara gəldim ki, müəllimin bir müvəffəqiyyəti də onun sərbəstliyindən asılıdır. Burada heç bir sərhədə lüzum yoxdur. Müəllim istədiyi kimi şagirdlərini öyrətməlidir”. 
Bununla yanaşı, Məmməd Araz məktəbin ictimai işlərində də yaxından iştirak etmişdir. Şairin bibisi qızı Cümayə nənə xatirələrini danışarkən bildirdi ki, Nursu kənd orta məktəbində müəllimlik etdiyi dövrdə Səməd Vurğunun “Vaqif” dramı əsasında hazırlanan səhnəcikdə Məmməd Araz Vaqif rolunda çıxış edib. Çox bəyənildiyi üçün əvvəlcə Şahbuz rayonuna,  sonra Naxçıvan şəhərinə bu dram səhnəciyini göstərmək üçün dəvət alıblar. 
Daha sonra Bakıya qayıdan şair iki il Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyub. Məmməd Araz 1959-cu ildə Moskvaya getmiş, Ali Ədəbiyyat Kursunda təhsil almışdır. O burada aldığı təhsili “təhsilin zirvəsi” hesab edirdi. Bakıya qayıtdıqdan sonra yaradıcılıqla daha dərindən məşğul olmağa başlamış, Yazıçılar İttifaqına üzv olmuşdur. Müxtəlif dövrlərdə bir sıra vəzifələrdə çalışmış, 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olmuşdur. 
Çalışdığı, yaxud yaradıcılıqla məşğul olduğu bütün dövrlərdə, həmçinin gənclərə də dəstək olmuş, onlara yol göstərmiş, əlindən gələni əsirgəməmişdir. Hətta ictimaiyyət Məmməd Araza “əmi” deyə müraciət edirmiş. Xalqın həm də “Məmməd əmisi” olmağın məsuliyyətini çiyinlərinə götürmüş və bunun öhdəsindən layiqincə gəlmişdir. Bu barədə özü deyirdi: “Cavanların həmişə qayğısını çəkməyə çalışmışam. İlk addımlarını izləmişəm, yeri gələndə əl tutmuşam, yaradıcılıqlarına “uğur olsun” demişəm, kitablarına ön söz yazmışam. Müxtəlif zəmanətlər imzalamışam. Bir sözlə, əmilik borcumu həmişə yerinə yetirmişəm”.
Məmməd Araz istər şair kimi, istər müəllim kimi, istərsə də layiqli vətəndaş kimi bu xalqın qarşısında olan bütün borcunu yerinə yetirib. Şairin həyatı az-çox hər kəsə məlumdur. Məmməd Araz çox keşməkeşli, məşəqqətli bir həyat yaşasa da, buna baxmayaraq, ömrünün sonunadək əyilmir, sınmır, haqdan dönmür, həmçinin oxucunu da buna səsləyir: 

Haqdan qələm gəlsə belə,
Öz baxtını özün yazsan,
Yüz dalğalan, min çalxalan
Sınma, sınsan yapışmazsan.

Tale onu doğma kəndindən, ata ocağından uzaq salsa da, harada olursa-olsun, Məmməd Araz üçün kəndi və ata ocağı sülhün mərkəzidir. Əmin-amanlıqdır. Heç təsadüfi deyil ki, “Məmməd müəllim, sizə kəndli demək olarmı?” sualına “kənd sözünü mənim həyatımdan çıxsan, yerdə heç nə qalmaz. Mən şəhərdə də kəndlə yaşayıram, kəndlə nəfəs alıram. Doqquzuncu mərtəbədə gördüyüm yuxu da kənddəndir” cavabını verir. 
Onun yaradıcılığında ata ocağı, onun əzəməti, böyüklüyü rəngli bir xətt kimi keçir. Ata ocağından mənən heç vaxt getməyən şair, gedəndə də onun odunu həm əlində, həm ürəyində aparır:

Hansı yarğanasa dağılan külüm,
Yerə yapışmağa yağış istəyər .
Qanqallar dibinə yığılan külüm
Ata ocağından çağrış istəyər.

Xalq şairi Məmməd Araz yaradıcılığına diqqətlə nəzər saldıqda isə kitablara sığmayan mövzusu Vətən olsa da, toxunduğu bütün mövzularda ən uca zirvəyə çatdığını görürük. Yazıb-yaratdığı poeziya nümunələri ilə, özünün də dediyi kimi, zirvələrin əlçatmaz qalası oldu:

Zirvədəki əl çatmayan qala mən,
Ətəkdəki sinə, cığır, tala mən.
Xudafərin harayından qalan mən,
Bu da belə bir ömürdü, yaşadım.

Məmməd Araz şeirlərini yazmaq xatirinə yox, yaşatmaq arzusu yaşadıqlarından yazıb. Onun sirli poeziyasının orijinallığı, ürəyə yatan olması da, zənnimcə, bununla bağlıdır. Türk şairi Orxan Vəli deyir: “Asan oxuduğunuz şeir elə bilirsiniz asan yazılıb?!” Bu baxımdan şairin hər misrası, hər cümləsi dövrün, zamanın bir parçasını özündə gəzdirən insan ürəyidir, şair qəlbidir:

...Şair olan kəs
Odlu söz tapmayır, oda yanmasa.

Dahi şairin görkəmli rus yazıçısı Mixail Şoloxovun “Mən sifarişlə yox, qəlbimin sifarişi ilə yazıram” misraları ilə səsləşən: 

Ürəyimsiz kəlmə yazan deyiləm – 
Nə qədər ki öz əlimdir yazanım, – 

bəndi qələmə aldığı hər misranın, hər sözün şairin ürəyindən qopub gəldiyini sübut edir.
Bu baxımdan Məmməd Araz kədərini bu misralarda ağrılı şəkildə duya bilərik:

Tale bir xoş ömrü çox gördü mənə,
Tikan da əkilməz qəbrimin üstə;
Ha qovdum özümü mən öz zirvəmə,
Ha qovdum...dərd yığdı dərdimin üstə...

Ancaq heç bir tufanın, qasırğanın əyə bilmədiyi şair hər zaman qəm üstünə sevincini hörməyi də bacarır:

Yox, ürəyim daş qulazla ötəri dərdə,

Qəm üstünə sevincini hörməyi bacar.
Ön cərgədən son cərgəyə adlayıb hərdən
Görünməyən məqamları görməyi bacar...

Ümidlə sönən hər şeyin qayıtdığına inanan Məmməd Araz oxucularını zamanın qədrini bilməyə, ömrün hər anını layiqli yaşamağa çağırır:

Bir də ömrümüzə qayıtmaz bu gün,
Bir də yolumuza çıxmaz bu qatar.

Yaradıcılığı boyu orden, medallara, fəxri adlara layiq görülən, adına “Məmməd Araz mükafatı” təsis edilən görkəmli şairin poeziyası insanları işığa, aydınlığa, əbədiliyə səsləyir. Onun poeziyası, həmçinin xalq məhəbbəti ilə mükafatlandırılan, oxucu alqışları ilə qiymətləndirilən bir xəzinədir. Xalq sevgisini, Vətən məhəbbətini ən ali mükafatdan belə uca tutan şairin özünün də dediyi kimi:

Qol verdin boynunu qucaqlamağa, 
Göyünə baxmağa göz verdin, bəsim...
Kürək söykəyənin ana torpağa
Haqqı yox ayrı bir təltif istəsin.

Son olaraq: Nə yaxşı ki Xalq şairi Məmməd Araz bu xalqın, bu torpağın bəxtinə düşüb. Gələcəyə inam sarıdan, dünyanın ən varlı şairinə sahib olmaq hər xalqın nəsibi olmur. Bu baxımdan biz də dünyanın ən varlı adamlarıyıq:

Demə ki, ömrümüz keçdi yarıdan,

Biz yenə ümidli günlər yarıyıq.
Biz ki gələcəyə inam sarıdan

Dünyanın ən varlı adamlarıyıq.

 

Əzizə SÜLEYMANOVA
Xalq şairi Məmməd Arazın
ev-muzeyinin direktoru

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728