SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan türk-islam mədəniyyəti abidələri” mövzusunda tədbir keçirilib-FOTO

“Naxçıvan türk-islam mədəniyyəti abidələri” mövzusunda tədbir keçirilib-FOTO
25-11-2022, 15:05

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı, AMEA Naxçıvan Bölməsinin əməkdaşının və “Naxçıvan” Universitetinin müvafiq ixtisas üzrə bir qrup tələbəsinin iştirakı ilə “Naxçıvan türk-islam mədəniyyəti abidələri” mövzusunda tədbir keçirilmişdir.  

NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, tədbiri giriş sözü ilə Mərkəzin elmi katibi Nihad Tarverdiyev açmışdır. Qeyd edilib ki, Naxçıvan şəhərindəki türk-islam mədəniyyəti abidələri qədim tariximizi yaşadan nadir memarlıq nümunələridir. Naxçıvan Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir.Naxçıvanda şəhər mədəniyyətinin formalaşması Azərbaycanın bu qədim torpağında sivilizasiyanın inkişafının ən mühüm göstəricisi hesab olunur. Azərbaycan türkləri min illər boyu burada həyat sürmüş, böyük dövlətçilik ənənələrinin əsasını qoymuşlar. Naxçıvan həmçinin antik və orta əsrlər dövrünə aid mədəniyyət nümunələri və tarixi abidələrlə – qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir.      

Diqqətə çatdırılmışdır ki, müasir şəhərsalma işlərində türk-islam mədəniyyəti elementlərindən məqsədyönlü şəkildə istifadə olunmuş və zaman keçdikcə Naxçıvanın zəngin tarixi-mədəni irsi onun türk-islam mədəniyyətinin mərkəzi kimi əhəmiyyətini daha da artırır. Bütün bunlar nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədər Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli sərəncamında deyilir: “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar sivilizasiyalar-arası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsirlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb”.

Tədbirdə AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya   İnstitutunun böyük elmi işçisi, tarix üzrə  fəlsəfə doktoru Aytəkin Qəhrəmanova qeyd etmişdir ki, Azərbaycan türkləri İslam dinini qəbul edənə qədər Naxçıvanda böyük mədəniyyət və özünəməxsus adət-ənənələr sistemi yaratmışlar. İslam dininin qəbulundan sonra isə Naxçıvan memarları islam memarlıq ənənələrindən də bəhrələnmiş, bir-birindən dəyərli türk-islam mədəniyyəti nümunələri ilə tarix və mədəniyyətimizi daha da zənginləşdirmişlər.     

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamına uyğun olaraq son illər muxtar respublikada 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Bu abidələrdən 70-ə yaxını tarixiliyi saxlanılmaqla bərpa olunmuşdur. Möminə xatın və Gülüstan türbələrinin, Xanəgah Memarlıq Kompleksinin, Ordubad Qeysəriyyəsinin, Came məscidinin, Şərq hamamının, Zaviyyə-Mədrəsə binasının, Xan sarayının, Qarabağlar Türbə Kompleksinin,Yengicə hamamının, imamzadələrin və buzxanaların tarixi görkəmi özünə qaytarılmışdır.

Sonda Mərkəzlə tanışlıq həyata keçirilmişdir.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031