SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rəşadətinlə xalq öyünür, Rəşad!

Rəşadətinlə xalq öyünür, Rəşad!
2-10-2022, 09:31

İkinci Qarabağ müharibəsində cəmi 44 günə Azərbaycan qarşısında diz çökərək yalvaran Ermənistan indi sülh sazişi bağlamaq əvəzinə məkrli oyunlar oynayır. Dövlət sərhədinin müxtəlif istiqamətlərində təxribatlar törətməklə yenə də əsl xislətini nümayiş etdirir. Sentyabrın 12-də erməni diversiya qruplarının Azərbaycan dövlət sərhədini pozaraq Daşkəsən, Kəlbəcər, Laçın rayonları istiqamətində təxribatlar törətməsi isə Azərbaycanın səbrini daşırmaya bilməzdi. Dəfələrlə edilən xəbərdarlıqlardan dərs almayan işğalçı Ermənistan ordusu növbəti dəfə qəhrəman Azərbaycan əsgərinin gücünə şahid oldu. Ordumuzun qətiyyətli cavab əməliyyatı Ermənistanı məyus etdi.

Ermənistan silahlı qüvvələrinin bu il sentyabrın 12-14-də sərhəddə törətdiyi təxribatların qarşısını alarkən qəhrəman Azərbaycan Ordusunun hərbçiləri arasında şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Hüseynli Rəşad Ramiz oğludur.
21 may 2000-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olan Rəşad 2006-2017-ci illərdə Yaycı kənd 2 nömrəli tam orta məktəbində təhsil almış, orta məktəbi bitirdikdən sonra 2018- 2020-ci illərdə həqiqi hərbi xidmətə yollanmışdır. Xidməti dövründə atıcı silahların sirlərinə dərindən yiyələnən qəhrəmanımız nümunəvi  xidməti ilə seçilmişdir.

Xidmətini başa vuraraq geri qayıtdıqdan sonra ötən ilin aprel ayında Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmətə başlayan igidimiz bir müddət Şəki şəhərində kurs keçmiş, sərrast atıcılıq qabiliyyəti olan Rəşad Hüseynli snayper kimi xidmətini davam etdirmişdir. Cəlilabadda, Cəbrayılda, Zəngilanda xidmət edən Rəşadın arzusu hər zaman Vətəni bütöv, azad görmək idi. O, bunun üçün hərb sənətinə maraq göstərmişdi. Nümunəvi xidməti ilə çavuş və baş çavuş vəzifələrinə yüksələn Rəşad Hüseynli komandirlərinin dediyi kimi, bölüyün görən gözü idi. 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadət Rəşad Hüseynli üçün hər zaman örnək olub. Qəhrəman şəhidlərimizin şərəfli yolunu davam etdirən Vətənin igid oğlu sentyabrın 12- 13-də Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə baş verən genişmiqyaslı təxribatının qarşısının alınmasında fəal iştirak edib, Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhidin anası Lətafət Hüseynova  deyir ki, Rəşad hərb sənətini çox sevirdi: “Uşaqlıqdan hərbçi olmaq arzusunda idi. Bu arzu ilə də ordu sıralarından tərxis olunduqdan sonra Dövlət Sərhəd Xidmətində xidmətə başladı. Onunla hər gün danışırdıq. Deyirdi, ana, nigaran qalmayın, yaxşıyıq. Axırıncı dəfə sentyabrın 10-da danışmışdıq. Üç gün idi ki, Rəşaddan xəbər yox idi. Televiziyadan öyrənəndə ki, xain düşmən yenə də təxribata əl atıb, torpaqlarımıza hücum edib. Həmin an tez Rəşada zəng etdim ancaq ona zəng çatmadı. Həmin gün neçə dəfə mən, atası cəhd etsək də onunla əlaqə yarada bilmədik. Nəhayət, komandirləri ilə danışa bildik. Dedi ki, narahat olmayın, hər şey qaydasındadır. Rəşad döyüş tapşırığını yerinə yetirmək üçün döyüş mövqeyindədir və orada da danışmaq olmaz. Çalışacağam sizinlə danışsın. Səhəri gün, yəni sentyabrın 15-də günortaya yaxın Rəşad evə zəng etdi. Atası ilə danışdı. Sonra mən danışdım. Dedi ki, ana sağ-salamatam. Narahat olmayın imkan düşən kimi yenə zəng edəcəyəm. Bu zəngdən sonra atası da, mən də biraz rahatladıq. Günortadan sonra isə vəziyyət tamam dəyişildi. Qonşular, kənd camaatı hamı bizə gəldi. Heç kim, heç nə demirdi. Axı biz heç iki saat deyildi ki, Rəşadla telefon əlaqəsi yaratmışdıq. Sonra məlum oldu ki, oğlum
düşmən hücumunu dəf edərkən şəhidlik zirvəsinə ucalıb. Onunla fəxr edirəm. Fəxr edirəm ki, oğlum torpaqlarımızın müdafiəsində canından, qanından keçib,
bizləri qoruyub. Anasını qoruyub, Vətənini qoruyub, torpaqdan pay verməyib. Rəşadımla qürur duyuram. Oğlumun üçrəngli bayrağa bükülü evimizə gətirilməsi, qapımızın ağzında olan böyük izdiham, hamının ucadan səsləndirdiyi “Başını dik tut, şəhid anası!” şüarı məni çox qürurlandırdı. Şəhidimizin atası Ramiz Hüseynov oğlunun son sözlərini belə xatırlayır:
- “Ata mən yaxşıyam, nigaran olma. Əgər hər nə olsa, başını dik tut”. Şəhid atası deyir ki, üç oğlum var. Balaca övladım məktəblidir. Şəhidimin – Rəşadın böyük qardaşı da hərbçidir. Muxtar respublikamızda ön xətdə xidmət edir. Rəşad həmişə deyərdi ki, ata başını uca edəcəyəm, bayrağımızı yüksəklərə qaldıracağam. Mən fəxr edirəm ki, oğlum o bayrağa bükülü gəldi. Torpaq uğrunda canını fəda etdi. Torpaqlarımızın müdafiəsi uğrunda oğullarımla bərabər mən də şəhid olmağa hazıram. Allah bütün şəhidlərimizə rəhmət etsin. Vətən sağ olsun.  Bəli, əziz şəhid atası oğlunun da dediyi kimi, başını dik tut. Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Rəşad Hüseynli kimi şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Qəlbində yaralar qaysaq bağlamaz,

Bilirəm, nə desəm təsəlli olmaz,
Şəhid anaları başını əyməz
Sən başını dik tut, şəhid anası
Göz yaşını qurut, şəhid anası!
***
Bu qan yerdə qalmaz, yer qanı tutmaz,
Zülm də, zalım da dünyanı tutmaz,
Vətən unudulmaz, Vətən unutmaz,
Sən başını dik tut, şəhid atası
Göz yaşını qurut, şəhid atası!

Alim AĞAYEV

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031