SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikanın rayonlarında payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müşavirələr keçirilib-FOTO

Muxtar respublikanın rayonlarında payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müşavirələr keçirilib-FOTO
22-09-2022, 19:19

Şərur Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.

Müşavirədə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, cari ildə Şərur şəhərində və Çərçiboğan kəndində 22 müxtəlif müəssisə və təşkilatın yerləşdiyi 7 inzibati bina və Alışar kəndində 5-ci Sərhəd Zastavası üçün tikilmiş xidmət və yaşayış kompleksi müasir istilik sistemlərinə qoşulmuşdur.
Qeyd edilib ki, rayonda inşa olunan “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının fəaliyyət göstərməsi elektrik enerjisinə olan tələbatın ödənilməsində mühüm əhəmiyyətə malikdir. Bunlarla yanaşı, enerji təhlükəsizliyinin tam təmin edilməsi üçün cari ildə Zeyvə kəndində 3 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilərək stansiyanın gücü 8 meqavata çatdırılmışdır. Bununla da demək olar ki, rayonun elektrik enerjisinə olan tələbatının 70 faizdən çoxu Arpaçay Su Elektrik stansiyalarının (56,4 faiz) və Günəş Elektrik Stansiyasının (17 faiz) hesabına ödənilməkdədir. Qeyd edək ki, hazırda sözügedən ərazidə əlavə olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 3 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisi aparılır.
Diqqətə çatdırılıb ki, rayonu payız-qış mövsümündə dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün elektrik şəbəkəsi tərəfindən təxirəsalınmaz tədbirlər görülməlidir. Yüksək və alçaqgərginlikli elektrik xətlərində və transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılmalıdır. Qəza-bərpa briqadaları yaradılmalı, yararsız olan avadanlıq və xətlər vaxtında dəyişdirilməli, yeni elektrik xətləri çəkilərkən keyfiyyət amilinə diqqət edilməlidir. Mövsümə hazırlıq üçün transformator və yarımstansiyalar texniki baxışdan keçirilməlidir.
Vurğulanıb ki, Şərur Rayon Elektrik Şəbəkəsi və Qaz İstismar İdarəsi tərəfindən lazımi avadanlıq ehtiyatı yaradılmalı, qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunması, işçilərin qış mövsümünə uyğun xüsusi geyimlərlə təmin olunması diqqətdə saxlanılmalıdır. 
Kamal Cəfərov bildirib ki, Şərur Rayon Təhsil Şöbəsi əsas diqqəti dərslərin davamlılığına yönəltməli, qazanxanalarda olan nasazlıqlar aradan qaldırılmalı, işə götürülən ocaqçılar sertifikatlı olmalıdırlar. Payız-qış mövsümündə əhaliyə keyfiyyətli xidmət göstərilməsi, bütün yaşayış məntəqələrində dezinfeksiya işlərinin davam etdirilməsi, marşrut avtobuslarının qrafikə uyğun fasiləsiz və təhlükəsiz fəaliyyətinin təşkili, su təminatı məsələləri, kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi diqqətdə saxlanılmalıdır. 
Sonra məruzə ətrafında çıxışlar dinlənilib. 

Babək Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açıb.
Bildirilib ki, 2022-2023-cü illərin payız-qış mövsümündə rayon mərkəzində yerləşən 3 təşkilat mavi yanacaqla, digərləri isə qazanxana və kombi sistemi ilə, 8 dövlət, 5 ictimai təşkilatın yerləşdiyi 4 mərtəbəli inzibati bina və 5 mərtəbəli yaşayış binası qazanxana sistemi ilə qızdırılacaqdır. Babək şəhərindəki 7 və 2 mərtəbəli yaşayış binaları isə fərdi istilik sistemi ilə təmin olunub. Həmçinin rayonda fəaliyyət göstərən 36 təhsil və 34 səhiyyə müəssisəsi qazanxana, 73 mədəniyyət müəssisəsi isə qazanxana və kombi sistemi ilə qızdırılacaqdır.

Rasim Hüseynov qeyd edib ki, payız-qış mövsümündə əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə rayon Elektrik Şəbəkəsi tərəfindən xətlərdə təmir işləri aparılıb, 247 yeni dayaq basdırılıb, 485 dayaq bərpa edilib, 1 yeni transformator yarımstansiyası quraşdırılıb, sıradan çıxmış 13 transformator yenisi ilə əvəz edilib, 168 yeni sayğac quraşdırılıb. 
İcra başçısı deyib ki, əhalinin payız-qış mövsümündə fasiləsiz mavi yanacaqla təmin edilməsi məqsədilə yeni tikilən 99 fərdi evə və 5 obyektə qaz xətti çəkilib. Əhaliyə fasiləsiz və keyfiyyətli rabitə xidməti göstərmək məqsədilə rayon Rabitə İdarəsi tərəfindən ilin ötən dövrü ərzində 156 abonent yeni telefon xətti ilə təmin olunub, 80 yeni dəmir dirək basdırılıb, 7800 metr müxtəliftutumlu və 1920 metr optik kabel xətti çəkilib.
Vurğulanıb ki, payız-qış mövsümündə yollarda hərəkətin fasiləsizliyi təmin ediləcək. Ucqar dağ və sərhəd yaşayış məntəqələri olan Aşağı Buzqov və Yuxarı Buzqov, eləcə də Gərməçataq kəndlərində mövsüm  ərzində  əhalinin rahat gediş-gəlişini və bu sahədə fasiləsizliyi təmin etmək üçün hazırlıq işləri görülür.
Müşavirədə məruzə ətrafında çıxışlarla davam edib.

Culfa rayonunda payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev açaraq məruzə edib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə Culfa rayonunda da məqsədyönlü tədbirlər görülür, mövsüm ərzində problemlərin yaranmaması üçün hazırlıq işləri aparılır. Belə ki, rayon ərazisində elektrik və rabitə naqillərinin standartlara uyğun çəkilməsi, köhnəlmiş elektrik və rabitə dirəklərinin yeniləri ilə əvəz edilməsi, həmçinin təbii qaz və yol infrastrukturunun işlək vəziyyətdə saxlanılması diqqət mərkəzindədir.
Qazanxanalarda və istilik sistemlərindəki mövcud çatışmazlıqlar aradan qaldırılmalı, noyabr ayının 1-dək bütün qazanxanalarda qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulan işlər başa çatdırılmalı, mövsümi qazanxana işçiləri qabaqcadan təlimatlandırılmalı, yanğın təhlükəli obyektlərdə texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilməlidir.
Diqqətə çatdırılıb ki, “Culfa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs qış aylarında keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi üçün mövsümi və yoluxucu xəstəliklərə qarşı tədbirlər görməli, həmçinin rayon Gigiyena və Epidemiologiya Şöbəsi mövsümə uyğun olaraq sanitar-gigiyena qaydalarını diqqətdə saxlamalı, əhali sıxlığı müşahidə edilən yerlərdə qrafikə uyğun dezinfeksiya işləri aparılmalıdır.

İcra başçısı bildirib ki, sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələri payız-qış mövsümünə hazırlanmalı, qış aylarında ucqar kəndlərə yüksək səviyyəli fasiləsiz nəqliyyat xidmətinin təşkili diqqətdə saxlanılmalı, qış aylarında yolların vaxtında qar və buzdan təmizlənməsi təmin olunmalıdır.
Rayon Rabitə İdarəsi vətəndaşlara fasiləsiz rabitə və internet xidmətlərinin göstərilməsini təmin etməli, poçt daşımalarının vaxtında çatdırılması üçün tədbirlər görülməlidir.
Məruzə ətrafında aidiyyəti təşkilatların hesabatları dinlənilib.

Ordubad rayonunda keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək bildirib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar bir sıra işlər görülmüşdür. 2022-2023-cü illərin payız-qış mövsümündə rayon üzrə yeni tikililərlə birlikdə 133 müasirtipli istilik sistemi fəaliyyət göstərəcək. Onlardan 90-ı qazanxana tipli, 43-ü isə kombi tipli istilik sistemləridir. O cümlədən Kommunal Müəssisələri Kombinatı tərəfindən 9 qazanxana vasitəsilə 15 binada 414 mənzil istiliklə təmin olunacaq. Təhsil sahəsi üzrə 36, idarə, müəssisə və təşkilatlarda 66, xidmət mərkəzlərində 22 müasir istilik sistemi fəaliyyət göstərəcək. 

Vurğulanıb ki, mövsümü uğurla başa vurmaq üçün Yanğından Mühafizə İdarəsinin əməkdaşları ilə birgə rayon Qaz İstismar İdarəsi və Elektrik Şəbəkəsi tərəfindən istilik sistemlərinin, qızdırıcı qurğuların, qaz cihazlarının və elektrik avadanlıqlarının vəziyyəti yoxlanılaraq baş verən nasazlıqlar aradan qaldırılır.

Elektrik enerjisindən istifadə zamanı texniki itkinin normalara uyğun olaraq minimuma endirilməsi məqsədilə bir sıra işlər görülüb.  
Elşad Məmmədov daha sonra qeyd etmişdir ki, Ordubad rayonunun bütün yaşayış məntəqələri fasiləsiz olaraq təbii qazla təmin olunur. Ötən müddətdə qəza xidmətində 166 müraciət qeydə alınmış və yaranmış nöqsanlar vaxtında aradan qaldırılmışdır. 
Dağ kəndləri ilə əlaqə saxlamaq, kənd əhalisinin şəhərə gediş-gəlişini təmin etmək məqsədilə yollarda cari təmir işləri aparılmışdır. 
Məruzə ətrafında çıxışlardan sonra müşavirəyə yekun vurulub.

Şahbuz rayonunun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edərək bildirib ki, 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq məqsədilə təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, еləcə də digər sahələrin qışa hazırlığı, əhalinin qış mövsümündə еnеrji və yanacaqla fasiləsiz təmin оlunması, inzibati binaların, kəndarası və kənddaxili yоlların təmiri diqqət mərkəzində saхlanılıb. 

Vurğulanıb ki, yollarda təhlükəsizliyi təmin etmək üçün 1 qreyder, 2 ekskavator, 1 “Kamaz” markalı yük maşını təmir edilərək payız-qış mövsümünə hazırlanıb, qarsovuran texnikada təmir işləri davam etdirilir və mövsüm başlanana qədər hazır vəziyyətə gətirilməsi nəzərdə tutulub. Həmçinin Yuxarı Qışlaq, Aşağı Qışlaq, Güney Qışlaq, Qızıl Qışlaq, Kükü, Şahbuzkənd, Külüs və Ayrınc kəndləri ərazilərində kənddaxili yollarda təmir işləri aparılıb. Avtomobil yollarının qışa hazırlanması məqsədilə, ümumilikdə, 502 ton asfalt örtük verilərək sıradan çıxmış hissələr bərpa edilib, 740 siqnal dirəyi, 112 yol nişanı yenisi ilə əvəz olunub, 12 körpüdə 650 paqonometr məhəccər, 1300 metr bordür təmir edilib. 
Rayоn əhalisinin еlеktrik еnеrjisinə оlan tələbatını yaхşılaşdırmaq məqsədilə 10 kilovoltluq və 0,4 kilovoltluq xətlərə baxış keçirilib, təmir-bərpa işləri aparılıb. Şada kəndində 1 yeni transformator yarımstansiyası quraşdırılıb. Bütün yaşayış məntəqələrində qaz xətlərində təmir işləri həyata keçirilib, 12 yeni tikilmiş fərdi evə, 3 sosial obyektə yeni qaz xətti çəkilib, istismara yararsız 17 qaz sayğacı yenisi ilə əvəz edilib.    
Diqqətə çatdırılıb ki, ATS-lərin texniki vəziyyəti daim nəzarətdə saxlanılıb. Şahbuz şəhəri, Badamlı qəsəbəsi, Sələsüz, Kükü kəndlərinin ərazilərində optik xətlərdə təmir işləri aparılıb. Şahbuz şəhərinin Bakı küçəsində 448 nömrə tutumlu yeni NGN tipli stansiya qurulub.
Əsgərlərin qış mövsümündə lazımi istiliklə təmin edilməsi məqsədilə 30 maşından artıq quru odun tədarük olunaraq hərbi hissələrə təhvil verilib. Hərbi hissələrin yerləşdikləri ərazilərə gedən avtomobil yollarının saz vəziyyətdə saxlanılmasına nəzarət artırılıb.
Payız-qış aylarında əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemindəki xətlərə baxış keçirilib, lazımi yerlərdə cari təmir işləri aparılıb. 
Məruzə ətrafında çıxışlar olub.

Kəngərli Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov müşavirəni giriş sözü ilə açaraq bildirilib ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Kəngərli Rayon İcra Hakimiyyəti qarşısında da mühüm tapşırıqlar qoyulub.

Diqqətə çatdırılıb ki, Kəngərli Rayon Elektrik Şəbəkəsi noyabrın 1-nə qədər rayonun elektroenergetika infrastrukturuna ümumi texniki baxış keçirməli, istismara yararsız avadanlıq və xətlər yeniləri ilə əvəz olunmalı, mövsümlə əlaqədar zəruri ehtiyat yaradılmalı, qəza-bərpa briqadası təşkil olunmalıdır. Şəbəkə enerji israfçılığının və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısı alınmalı, yeni elektrik xətləri çəkilərkən keyfiyyətə və standartların tələbinə əməl edilməli, işçilər qış mövsümünə uyğun xüsusi geyimlərlə təmin olunmalıdırlar.
Rayon Qaz İstismar İdarəsi qaz təchizatı sistemindəki nasazlıqları aradan qaldırmalı, istismara yararsız qaz xətləri və avadanlıqlar yenisi ilə əvəzlənməlidir. Eyni zamanda təbii qazın dəyərinin vaxtında ödənilməsi təmin edilməli və qanunsuz istifadə hallarının qarşısı alınmalıdır. Xüsusilə sayğaclara müdaxilə ilə bağlı aşkar olunmuş nöqsanlar bir daha təkrarlanmamalı, qaz təsərrüfatı sistemində çalışan işçilərin məsuliyyəti artırılmalıdır.
Vurğulanıb ki, payız-qış mövsümündə kommunal xidmət təsərrüfatının üzərinə də mühüm vəzifələr düşür. İcra Hakimiyyəti rayonun bütün yaşayış məntəqələrində qış mövsümünə hazırlıq işlərinə başlamalı, istilik sistemləri yoxlanılmalıdır. Qış aylarında qazanxanalar təbii qazla yanaşı, dizel yanacağı və işlənmiş yağlar ilə də fəaliyyətə nizamlanmalı, işlənmiş mühərrik yağlarının tədarükü davam etdirilməlidir. Kommunal xidmət texnikaları saz vəziyyətə gətirilməlidir.
Sonra məruzə ətrafında çıxışlar olub. 

Sədərək Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə icra başçısı Mahirə Adnayeva bildirib ki, əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə başlanılıb. 

Rayon Elektrik Şəbəkəsi tərəfindən payız-qış mövsümünü problemsiz keçirmək üçün müəyyən işlər görülüb, tələb olunan mal-material və avadanlıqların ehtiyatı yaradılıb. 
Vurğulanıb ki, rayon Qaz İstismar İdarəsi əhalini fasiləsiz mavi yanacaqla təmin etmək üçün daşıyıcı və paylayıcı xətlərdə təmir işləri aparmalı, korroziyaya uğramış borular yenisi ilə əvəz olunmalı, xətlərdə olan sızmalar tamamilə aradan qaldırılmalı, işləməyən sayğaclar yenisi ilə əvəz edilməli, qaztənzimləyici şkaflar təmir olunmalıdır. Qış mövsümündə təbii qazın nəqli ilə əlaqədar hazırlıq işləri vaxtında başa çatdırılmalı, xətlərdə təzyiq tələbata uyğun tənzimlənməli, meydana çıxan texniki itki normaları minimal həddə saxlanılmalıdır. 
Qeyd olunub ki, rayon Yol-Təmir İstismarı İdarəsində qış mövsümündə yolların təmiz saxlanılması üçün lazımi işlər görülməli, marşrut və digər nəqliyyat vasitələrinin qarlı günlərdə rahat hərəkət etmələri üçün mövcud texnikalar saz vəziyyətə gətirilməlidir. 
2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi içməli su və kanalizasiya sistemlərinin qışa hazırlıq vəziyyətini yoxlamalı, payız suvarma mövsümi bitdikdən sonra hidrotexniki qurğular növbəti ilə hazırlanmalı, su ehtiyatlarının yaradılması diqqətdə saxlanılmalıdır. Eyni zamanda payız-qış mövsümünü mütəşəkkil keçirmək məqsədilə işlək vəziyyətdə olan subartezian quyularının zəruri elektrik avadanlıqları yenisi ilə əvəz olunmalıdır. 
Müşavirədə mövzu ilə əlaqədar çıxışlar dinlənilib. 

Xəbərlər şöbəsi

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930