SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gömürdə bir gün: gördüklərim, etiraf etməyə borclu olduğum hisslər...

Gömürdə bir gün: gördüklərim, etiraf etməyə borclu olduğum hisslər...
11-08-2022, 23:30

    Cümə günü səhərin erkən çağında yolumu buz kimi sərin dağ havası, göz yaşı kimi dumduru, zümrüd bulaqları, al-əlvan gül-çiçəyi, təbii bitkiləri ilə cana məlhəm, ruha qida verən ucqar yaşayış məntəqəmizdən salıram. Avtomobilimiz Şahbuz şəhərinin yaraşıqlı, geniş, abad yollarıyla dağlar qoynunda yerləşən Gömür kəndinə doğru irəlilədikcə yolboyu seyr etdiyim gözəl, ürəkaçan mənzərələr illərdir, muxtar respublikamızda aparılan geniş quruculuq işlərinin müsbət nəticəsinin göstəricisi kimi göz oxşayır, könül açır. Budur, artıq Gömürə qalxan yolayrıcına çatırıq, maşın sürətlə yüksəkliyə qalxır. Yerlə göyün bu qədər yaxınlığının hiss olunduğu anda adama elə gəlir ki, sanki əlimi uzatsam buludlara çatar. Bu yaxınlıq get-gedə daha çox duyulur. Heyrətlənmək isə təbii ki, əsassız deyil. Çünki kənd dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir...

    Çox çəkmir ki, ünvana yetişirik. Avtomobildən enirəm. Gözəl mənzərə ilə yanaşı, həm də havaların çox isti keçməsinə baxmayaraq, əsən sərin rüzgar ruhumu titrədir sanki. Ətrafdakı dağlar, dərələr, yarğanlar, yaşıllıqlar kəndə o qədər gözəl bir görünüş verir ki, göz baxdıqca baxmaq istəyir. Dağların zirvəsinə yaxın olan evlərə kənardan tamaşa edəndə bu evlərin orada necə bərqərar olduğu da adamı heyrətə gətirir... 

    Kəndin içində sakitlik hökm sürür, yaxınlıqda heç kim gözə dəymir. Bir neçə dəqiqə sonra yanımdan ötən, atların belində sahələrə yollanan bir neçə nəfərdən xəbər alıram ki, kənddə əkin-biçin işlərini həyata keçirmək üçün əli iş tutan hər kəs ərazilərə axışıb. Əsas dolanışıq yolları maldarlıq, heyvandarlıq olan gömürlülər biçin sahələrindən qışa ot tədarükünü də edirlər. Qısa ekskursiya zamanı əkin-biçin sahələrində işləyən zəhmət adamları da nəzərimdən yayınmır. Lap yaxınlıqda çalışan bir neçə kənd sakininə “işiniz irəli, məhsulunuz bərəkətli olsun”, – deyib kənd mərkəzinə doğru irəliləyirəm.
    Gömürdə ilk üz tutduğum ünvan burada ən yüksək və gözəl görüntüsü ilə gözoxşayan yerdə ucaldılmış müasirtipli kənd mərkəzi olur. Kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Taroyevlə söhbət zamanı bildirir ki, 2015-ci ildə istifadəyə verilən 2 mərtəbədən ibarət kənd mərkəzində yaradılan müasir iş şəraiti sakinlərin sosial problemlərinin qısa zamanda həllinə, onların asudə vaxtlarını səmərəli keçirmələrinə, müxtəlif tədbirlərdə iştiraklarına imkan verir. Müasir üslubda qurulan, gözoxşayan dizaynlı otaqlarda adam, sanki kənddə olduğunu unudur, özünü şəhərdə hiss edir. Kənd mərkəzində bu gün dövlətimizin ən çox diqqət ayırdığı və qayğı göstərdiyi səhiyyə sahəsi üçün də əlverişli tibbi şərait yaradılıb. Belə ki, burada feldşer-mama məntəqəsi üçün otaqlar ayrılıb, məntəqədə ən müasir tibb avadanlıqlar quraşdırılıb və lazımi dərman preparatları ilə təmin edilib. Deyirlər, inam həyatın gücüdür, o olmadan heç bir uğur qazanmaq mümkün deyil. Kiməsə inam bəxş etmək, kiminsə inamını qazanmaq isə hər kəsə nəsib olan xoşbəxtlik deyil. Ələlxüsus da insan sağlamlığı ilə bağlı. Bu mənada, iki ilə yaxındır, məntəqənin müdiri vəzifəsində çalışan Lamiyə Ağayeva özünü xoşbəxt hiss edir. Çünki qısa zamanda gömürlülərin inamını qazanmağı bacarıb. Kənddə hər kəs ondan ağızdolusu danışır: – Lamiyə həkimi ümid yeri bilib hər zaman – gecə-gündüz, iş vaxtından sonra xəstələrimizə baxmağa çağırmışıq. Bircə dəfə bu adamın alnını qırışdırdığını görməmişik, hər zaman canla-başla xəstələrin köməyinə yetişib. Ona görə də bütün kənd camaatı ona etibar edir, güvənir. 
    Kənd mərkəzi ilə qoşa ucalan digər bina ucqarlarda təhsilin inkişafına dövlət dəstəyi nəticəsində elə həmin il istifadəyə verilən 144 yerlik məktəbdir. İki mərtəbədən ibarət olan məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompüter, şahmat otağı, kitabxana, hərbi kabinə, idman zalı və açıq idman qurğuları vardır. Məktəbin kitabxanasındakı 2400-ə yaxın kitab, ayrı-ayrı fənlərə aid dərsliklər, ensiklopediyalar, bədii ədəbiyyatlar məktəbdə kitabxana işinin günün tələbləri səviyyəsində təşkilinə imkan verir. Bütün bunlar tədrisin keyfiyyətinə də müsbət təsir göstərir, məktəbin hər il ali təhsil ocaqlarına qəbulu yüksək səviyyədə olur. Dörd bir tərəfi abadlaşdırılan, gülkarlıqlar yaradılan, ağaclar əkilən, ümumiyyətlə, gözəlliklər əhatəsində yerləşən məktəb binası bu dağ kəndinin müəllim və şagirdlərinə illərdən bəri gözlədikləri əvəzsiz bir töhfədir. Məktəbdə müasir qazanxana sisteminin qurulması ilə istilik sarıdan əvvəllər mövcud olan çətinliklər aradan qalxıb. Ümumiyyətlə, qış ayları çox soyuq keçən kənd başdan-başa qazlaşdırılıb, fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Gömürlülər bu cür təminatlı həyatla on illər öncəki unudulmaz miskin günləri arxada qoyub, indi həmin çətinlikləri, sadəcə, o dövrün acı xatirəsi kimi yada salır, bu günün tərəqqisindən fərəhlənir, qürur hissi keçirir, dövlətimizin yaratdığı imkanlardan səmərəli istifadə edərək güzəranlarını yaxşılaşdırırlar. 
    Kəndə qısa ekskursiya zamanı icra nümayəndəsi ilə əhali, onların məşğuliyyəti, dolanışıqları, yaşayışları barədə də söhbət edirik. Məlum olur ki, kənddə 578 sakin 109 evdə, 163 təsərrüfatda birləşir. 1988-ci il hadisələri zamanı kəndə pənah gətirənlər üçün 19 fərdi mənzil tikilib onların istifadəsinə verilib. Ötən 34 il ərzində burada yaşayan qaçqın və məcburi köçkünlər kənd camaatına qaynayıb-qarışıb, isinişiblər. Hətta kənd sakinlərinə qız verib, qız alıb qohumlaşıb, doğmalaşıblar. Ötən illərdə ocaqlarda övladlar, nəvələr, nəticələr dünyaya göz açıb, böyüyüb, bu kəndin doğma balalarına çevriliblər. İndi onlar dövlətimizin qayğısı sayəsində doğma yurdları qədər əziz bildikləri bu kənddə əkib-biçir, necə deyərlər, çörəklərini torpaqdan çıxarırlar. 
    Gömürlülər, əsasən, meyvəçilik, maldarlıq, heyvandarlıq və arıçılıqla məşğul olurlar. Bu yurdun həm içməli, həm də suvarma suyuna olan tələbatı ürəkaçandır. Kəndin 2569 hektar torpaq sahəsi var. Bunun 33 hektarı həyətyanı, 170 hektarı əkinəyararlı, 7,5 hektar kəndin perspektiv inkişafı üçün bələdiyyənin balansında, qalanı isə ümumi istifadədə olan torpaq sahələridir. Kənddə sakinlər 1200 baş xırdabuynuzlu, 3000 baş iribuynuzlu, 11 minə yaxın quş saxlayırlar. Süd məhsulları – yağ, xama, pendir, qatıq, şor-kərə istehsal edən kəndlilər bu məhsullarla öz ailələrini təmin etməklə yanaşı, həm də onları bazara çıxarır, digər məhsullara olan ehtiyaclarını ödəyirlər. Yerli şəraitə uyğun olaraq, əsasən, həyətyanı sahələrində kartof əkini keçirən və tonlarla məhsul tədarük edən gömürlülər bu iş sayəsində də xeyli gəlir götürürlər.
     Meyvəçilik kəndlilərin əsas məşğuliyyət sahələrindəndir. Kəndi gəzən zaman bunu deməyə əsas verən maraqlı faktlarla rastlaşıram. Belə ki, həyətlərin yanından keçərkən gördüyüm mənzərələr, yəni Gömürün meyvəsini yığmaqla qurtarmaq olarmı, təəssüratını yaradır məndə. Kənardan adama elə gəlir ki, ağacların üzərinə sarı, qırmızı, al-əlvan yaylıqlar çəkilib. Alma, armud ağaclarında budaqların sıxlığı bol məhsuldan xəbər verir. 
    Kəndin 34 təsərrüfatında arı saxlanılır. 440 arı ailəsi ucqar dağ kəndinin bənzərsiz yaylaqlarının gül-çiçəyinin şirəsini təbii, dadlı bala çevirib sahibinə xeyli gəlir gətirir. Düşünürsən ki, 163 təsərrüfatın 34-də arı saxlanılırsa, bu elə tək həmin sayda ailənin xoş güzəranı deməkdir. Bir sözlə, kənd sakinləri kimdə nə yoxdursa, onu bir-birilərindən ala bilirlərsə, bunun özü yaranan hansısa tələbatın uzaqlarda axtarılmasının qarşısını alır, ailələrdə ehtiyac duyulan hər hansı bir məhsulun çətinliklə deyil, çox asanlıqla əldə olunmasına şərait yaradır. Kənddə biri bal satır, biri pendir, biri yun, digəri cəviz, yağ, şor. Bir sözlə, bütün təbii məhsullar əlçatandır. Belə yerdə yaşamağa nə var ki...  
     Maraqlı söhbətlərlə kəndi gəzib, insanların rahat alış-veriş etmələrinə, gündə­lik qayğılarını tam ödəməyə imkan verən xidmət mərkəzinin yanından keçib, yenidən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasına qayıdırıq. Binanın pəncərəsindən sıldırımlı dağlara, yalçın qayalara açılan gözəl mənzərəni seyr edərkən dağların o üzündə bədxah ermənilərin olduğu düşüncələrimə hakim kəsilir: nə qədər yaxındır, sanki üz-üzə dayanmışıq.
    Kənddə sosial obyektlərin açılışı zamanı Ali Məclisin Sədri buradakı hərbi hissədə də olub, şəxsi heyət qarşısında çıxış edərək deyib: “Bu gün Azərbaycan sərhədləri etibarlı müdafiə olunur. Əsgərlərimizin şücaəti sərhədlərdə sabitliyin qorunmasına, torpaqlarımızın etibarlı müdafiəsinə təminat verir. Çətin dağlıq şəraitdə yerləşməsinə baxmayaraq, burada da sərhədlərimizin qorunmasında və xidmətin təşkilində hərbi nizamnamənin tələbləri pozulmur”.
    Həqiqətən də, Ermənistanla çox yaxın məsafədə yerləşən hərbi hissədə qalib Əlahiddə Ümumqoşun Ordunun mətin əsgərləri ayıq-sayıq dayanıb. Bunun üçün də məsafə nə qədər yaxın olursa olsun, qorxmaq lazım deyil. Günü-gündən qüdrətlənən müzəffər Ordumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Böyük Qələbə ilə, eləcə də ötən günlərdə “Qisas” adlı antiterror əməliyyatında düşmənin gözünün odunu aldı. Qəhrəman oğulların əzəli yurdumuz Qarabağın əbədi olaraq düşmən işğalından azad edilməsi uğrunda göstərdiyi şücaətlər bu gün ön xətdə xidmət keçən əsgərlərin Vətənin keşiyində daha əzmli, mətn, ayıq-sayıq dayanmasına böyük stimul olub… 
    Ölkəmizdə, eləcə də muxtar respublikamızda bütün sahələrdə qazanılan uğurlar barədə qürurverici düşüncələrlə geri qayıdırıq. Avtomobilimiz üzü şəhərə doğru yol aldıqca, kəndin əsrarəngiz təbiəti arxada qaldıqca xəyal adamı bir neçə il əvvələ aparır, yaşlı insanlardan eşitdiklərim, özümün rastına çıxan mənzərələr gözlərim önündə canlanır. Düşünürəm: “Məgər bir vaxtlar Gömür kimi ucqar dağ kəndinə belə abad yollarla gedib çıxmaq mümkün idimi? Bu qədər yeni tikililərlə, meşə, bağ sahələri ilə qarşılaşmaq olardımı?” Təbii ki, diyarımızın bütün kəndlərində olduğu kimi, burada da sovet dönəmindən qalma köhnəlikdən, cansıxıcı görkəmdən savayı heç nə ilə rastlaşmaq mümkün deyildi. Bu gün isə quruculuq prosesi elə məhz ucqarlardan başlayaraq hər yeri əhatə edibsə, insanlar iməciliklər yolu ilə yaşadıqları eli-obanı abadlaşdırırlarsa, qurub-yaradırlarsa, deməli, dövlətimizin qayğısı sayəsində onlarda yaşamaq həvəsi güclənib, həyata daha sıx tellərlə bağlanıblar. Bunları Gömürdə bir gün ərzində müşahidə etdim. Gördüm ki, ucqar bir kənd olmasına baxmayaraq, burada yaşamaq üçün hərtərəfli şərait yaradılıb. İnsanlar torpağa, öz yaşayış məskənlərinə böyük məhəbbət, sevgi hissi ilə bağlanıblar. 
    Gömürdə bir gün ərzində etiraf etməyə borclu olduğum bir hissi də yaşadım. Bu hiss əvvəllər təsadüfən dağ kəndinə yolum düşəndə saatları saymağım, İlahi, bircə geri dönsəydim, – deməyim, sonralar isə peşəmlə əlaqədar hər gəlişimdə olduğu kimi, əksinə, kənddən ayrılmaq istəməməyim idi...

Nail ƏSGƏROV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930