SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvandakı musiqi məktəbləri maraqlı tarixi və özünəməxsus ənənələri ilə seçilir-FOTO

Naxçıvandakı musiqi məktəbləri maraqlı tarixi və özünəməxsus ənənələri ilə seçilir-FOTO
11-08-2022, 09:00

İnsan yaranışdan musiqi ilə doğulub. Kim bilir, bəlkə də, bəşər övladı bu dünyaya qovuşduğu üçün oxuyub. Və ilk ibtidai insanların da bir-birinə müraciəti də elə avazla, musiqi ilə olub. Söhbət Üzeyir bəy, Bethoven musiqisindən deyil, musiqinin böyüklüyündən, əzəmətindən gedir. Dünya şöhrətli Bethoven özünün yeganə operasına dirijorluq etdiyi zaman orkestrin səsini eşitmədiyi üçün (eşitmə problemi yarandığına görə) dirijor çubuğunu iki yerə bölmüş və saray əyanlarının dəvət olunduğu salonun səhnəsini tərk etmişdi. Budur musiqinin cazibəsi, sehri. Budur musiqinin insanı insan etmək qüdrəti. Musiqinin dili yoxdur, musiqinin vətəni yoxdur, musiqi sərhəd tanımır, musiqi Yer kürəsinin paralellərini, meridianlarını vecinə almır, anamız Yer kürəsini dolaşır, hər evə, hər kəsin ürəyinə istək, sevgi gətirir, sanki deyir ki, ey insanlar, sülhə, barışığa gəlin, mehriban olun, bir-birinizin əlindən möhkəm tutun, qoymayın bu dünyanı yıxılmağa, axı biz insanıq. Budur musiqinin möhtəşəmliyi. 

Əgər musiqi təhsilin yoxdursa, bu o demək deyildir ki, musiqini başa düşmürsən. Əksinə, musiqi hər kəsin duya və dəyərləndirə biləcəyi, ürəyə, beyinə, insan zəkasına mehriban olan bir vasitədir. Amma musiqi təhsili bir başqa aləmdir və elə ki o yeddi notun sehrinə düşdün, ömrün boyu o sehrdən, o çevrədən çıxa bilməzsən. Və bu yeddi səsi də musiqi məktəbləri öyrədir. Do, re, mi, fa, sol, lya, si, sonra tərsinə.
Hər yurdun, hər bölgənin öz adət-ənənəsi var və musiqi sahəsində Naxçıvanı Qarabağımızla müqayisə etmək istəmirəm. Qarabağ musiqi diyarıdır, Qarabağ müğənnilər məkanıdır, Bülbülün, Xan əminin, Seyid Şuşinskinin adlarını çəkmək bəsdir. 
Qeyd edək ki, naxçıvanlılar da musiqisevərdirlər və onların musiqi dəsgahı olardı üçlük (trio) – tar, kaman, qaval. Bu qədim Azərbaycan musiqi alətləri ilə el şənlikləri,  toylar yola salınardı. Naxçıvan şəhərinin mərkəzində qədim Zaviyə məscidinin binasında yerləşən, sovetlər dönəmində Almaniya Kommunist Partiyası liderinin adı verilmiş Telman klubunda musiqi dərnəyi yaradılmışdı. Həmin dərnəyin tar məşğələsinə mərhum Səfər Rəcəbov müəllimlik edirmiş. Öyrəndiyimizə görə, çox yaxşı tar ifaçısı imiş, toylarda qaval (dəf) ifa edərmiş, amma ən faciəli tərəfi onda idi ki, o, görmə əngəlli şəxs idi. Səfər Rəcəbov haqqında mərhum yazıçı-publisist – atam Nurəddin Babayevin bir kiçik xatirəsi: 9-10 yaşında olarkən qonşu uşağın köhnə tarını alıb qaçır Səfər müəllimin yanına ki, mən də tar ifa etməyi öyrənmək istəyirəm. Səfər müəllim, təbii ki, gələnin neçə yaşda, tarının nə vəziyyətdə olmasını görmür və həmin uşağa deyir ki, aşağı sümüyə bir mizrab vur. Sən demə, bu tarın sümüyü-filanı yoxmuş, olmağına olubmuş, amma tar sahibi uşaqlığına salıb bunu lazımsız bir şey hesab edib çıxarıb atıbmış. Atam ürəyi istəyən bir pərdəyə barmağını dayayıb simə bir mizrab vurub və Səfər müəllim deyib ki, iki pərdə qaldır yuxarı. O, iki pərdə yuxarını da tapıb və təzədən simə bir mizrab vurub. Sonra Səfər müəllim deyib ki, yuxarı sümüyə bir mizrab vur və o vaxt atam nə illah eliyibsə, sümük-filan tapa bilməyib, sadəcə olaraq hansı pərdə gəldisə, ora bir mizrab ilişdirib. Və onda Səfər müəllim deyib ki, bala, sənin musiqi qabiliyyətin yoxdur, mənim də zehnimi korlama. Bununla da atamın tar ifa etmək həvəsinə nöqtə qoyulub. Xülasə, mətləbdən kənara çıxmayaq, qayıdaq yenə həmin musiqi məktəblərimizin ən ibtidai forması olan ilk musiqi dərnəyinə. O vaxtlar, demək olar ki, muxtar respublikanın heç bir rayonunda, kəndində musiqi məktəbi yox idi. Və yavaş-yavaş musiqi məktəbləri yarandıqca evlərdə, həyətlərdə, bağ-bağçalarda tar, kaman, qaval səslənməyə başladı. Çünki o vədələr ata-babalarımızın royal, fortepiano, gitara, simli, simsiz, nəfəsli alətlər haqqında təsəvvürləri belə yox idi, amma dünya gör-götür dünyasıdır. Naxçıvanın musiqi məktəblərində də tədricən dünya musiqisinə maraq göstərilməyə başlanmışdı. Muxtar respublikada fəaliyyət göstərən həmin musiqi məktəbləri haqqında ətraflı məlumat verəcəyik, lakin Naxçıvan şəhərinin mərkəzində görkəmli fırça ustası Bəhruz Kəngərli Muzeyindəki darısqal otaqlarda yerləşən musiqi məktəbi haqqında bir qədər ətraflı danışmaq istəyirəm. Musiqi məktəbi dahi bəstəkarımız Üzeyir Hacıbəyovun təşəbbüsü və Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 1937-ci ildə yaradılmışdı. Üzeyir bəy məktəbin işinin təşkili, buraya ixtisaslı müəllimlərin göndərilməsi ilə əlaqədar əlindən gələn köməyi edirdi. Burada əsas diqqət milli musiqi alətlərimiz olan tar və kamançanın öyrənilməsinə verilirdi. Qısa müddətdən sonra bu sıraya fortepiano da əlavə edildi, növbəti ildə isə nəfəsli alət olan truba şöbəsi yaradıldı.
Məktəbin ilk qəbulu 80 nəfərdən ibarət idi. Muxtar respublikanın özündə olan ixtisaslı musiqiçi kadrlarla yanaşı, Bakıdan və Gəncədən də məktəbə müəllimlər dəvət olunmuşdu. Tezliklə məktəbin şagirdlərinin sayı bir neçə dəfə artmağa başladı. Tar, kamança ilə yanaşı, klarnet, akkordeon, skripka, fortepiano sinifləri də yaradıldı. Burada bir haşiyə çıxmaq istəyirəm. Üzeyir bəy məktəbin açılışı münasibətilə məktəbə alman istehsalı olan fortepiano bağışlayır. Amma bu pianonun aqibəti bəlli olmur. Nə qədər araşdırdıqsa, heç bir nəticə əldə edə bilmədik. Çox heyiflər olsun ki, böyük bəstəkarın o cür hədiyyəsinin aqibəti bilinmədi. Bu məktəbdə şagirdlərə sonralar Məmməd Ələkbərov, Azər Abbasov, Lyudmila Parxomenko, habelə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini bitirmiş istedadlı musiqiçilər – Sevil Qasımova, Yuliya Vorontsova, Əqidə Ələkbərova Azərbaycan və dünya musiqisi korifeylərinin əsərlərini öyrədirlər. Bu məktəbi bitirənlərdən bir neçə nəfərin adlarını fəxrlə çəkmək istəyirəm ki, onlar milli musiqimizin, xüsusilə onun mahnı janrının inkişafında əvəzsiz rol oynayıblar və bu gün də onların sənət aləmində irs qoyduğu musiqi əsərləri gənc musiqiçilərin yaradıcılığında mayaka çevrilmişdir. Onlar görkəmli bəstəkarlarımız Ramiz Mirişli və Nəriman Məmmədovdur. Buraya müğənni Yaşar Səfərovun da adını əlavə etmək istərdik. Bəstəkar və Naxçıvan musiqisinin gözəl tədqiqatçısı Nazim Quliyevin “Naxçıvan musiqi mədəniyyəti tarixindən” kitabı dünənimizin musiqi xəzinəsini araşdırmaqda əvəzsiz kömək edə biləcək bir xəzinədir. Bəs bu günümüz?
Bu gün Naxçıvanda musiqinin, incəsənətin inkişafı üçün çox geniş perspektivlər açılmaqdadır. Kənd və qəsəbələrimizdə nə qədər yeni, müasir tələblərə cavab verən musiqi məktəbləri tikilib istifadəyə verilib. 
Bəs Naxçıvanda musiqi məktəblərinin yaradılması barədə əsl həqiqəti necə öyrənmək olar? Nə yaxşı ki, bütün dünyada arxiv deyilən bir əvəzsiz xəzinə var və bu xəzinə yüz illərdən üzübəri gələn həqiqətləri müasir dünyamıza çatdırır. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivindən belə bir sənəd tapdım. Sənəd o zamanın hökmünə uyğun olaraq rus dilində yazılıb, ana dilimizə tərcüməsi belədir:

“Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin 23 avqust 1937-ci il tarixli Naxçıvan MSSR-də musiqi məktəblərinin yaradılması haqqında Qərarı:

    Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti Qərara alır.
    1.Naxçıvan MSSR-də musiqi məktəbi yaradılsın.
    2.1937-1938-ci dərs ilində muxtar respublika üzrə şagird kontingenti rayonlar üzrə 80 nəfər olmaqla aşağıdakı qaydada müəyyən edilsin:
    a) Ordubad rayonu – 10 nəfər
    b) Şərur rayonu – 10 nəfər
    c) Şahbuz rayonu – 5 nəfər
    q) Culfa rayonu – 3 nəfər
    Naxçıvan şəhəri – 47 nəfər.
    3. 1937-1938-ci dərs ilində musiqi məktəbində aşağıdakı ixtisaslar üzrə dərslər müəyyən edilsin: a) Tar; b) Kamança; v) Royal,                 q) Nəfəsli alətlərdən qaboy, faqot, truba, valtorna, trambon və sair.
    4. Nəzəriyyə qaydaları
    5. Məktəbin direktorluğu müvəqqəti olaraq incəsənət məktəbinin inspektoru Hüseyn Baqiyə tapşırılsın.
    6. Mahmudov və incəsənət işləri üzrə Xalq Komissarları Sovetindəki nümayəndə Səfərova tapşırılsın ki, şagird kontingentinin qəbulunu təmin etsin və lazımi qədər musiqi alətlərinin alınıb gətirilməsini, habelə ixtisaslı dərs hissə müdirinin gətirilməsini təmin etsin. Sonrakı bəndlərdə smeta xərcləri göstərilir, habelə dərslərin 15 sentyabr 1937-ci ildən başlanması tapşırılır”.
Beləliklə, bu nəticəyə gələ bilərik ki, Naxçıvan Muxtar Respublikasında rəsmi olaraq musiqi məktəbinin tarixi 1937-ci ildən başlanır.

Dövlətimiz musiqimizi inkişaf etdirmək, onu hər bir evə, ailəyə çatdırmaq üçün hər cür şərait yaradıb, amma əsl mənəvi yük biz musiqi müəllimlərinin üzərinə düşür. Birinci növbədə, milli musiqimizi təbliğ etmək, onun böyüklüyünü, əzəmətini, ən ülvi sevgi, məhəbbət hisslərini həm öz xalqımıza, həm də dünya xalqlarına tanıtmaq, bəyan etməkdir. Muxtar respublikada fəaliyyət göstərən musiqi məktəblərinin başlıca qayəsi bundan ibarətdir. Bu şərəfli və müqəddəs missiyanı isə bu gün əsrarəngiz musiqi dünyasının ilk əlifbasını öyrənən musiqi məktəblərimizin şagirdləri olacaqlar. 

Zemfira BABAYEVA
Naxçıvan Dövlət Universitetinin baş müəllimi, Naxçıvan Muxtar 
Respublikasının Əməkdar müəllimi

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930