SON DƏQİQƏ

naxcivanxeberleri.com

Keyfiyyətli yerli istehsal məhsulları istehlak bazarında aparıcı mövqe tutur

Keyfiyyətli yerli istehsal məhsulları istehlak bazarında aparıcı mövqe tutur
10-08-2022, 22:06

  Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması uğurla davam etdirilməkdədir. Bu istiqamətdə qəbul edilən Dövlət proqramları və atılan məqsədyönlü addımlar muxtar respublika iqtisadiyyatının yeni mərhələyə yüksəlməsinə etibarlı zəmin yaratmışdır. Son illərdə dinamik iqtisadi inkişafı səciyyələndirən əsas cəhətlərdən biri də muxtar respublikada sənayenin sürətli inkişafının aktiv dəstəklənməsidir. Belə ki, muxtar respublikada mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi sənaye müəssisələrində rəqabətədavamlı məhsul istehsalına təkan verir. Sənayeləşmə siyasətinə uyğun olaraq daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarını genişləndirən müasir sənaye müəssisələri, yeni istehsal sahələri, o cümlədən sənaye məhəllələri yaradılmışdır. Aparılan bu sosial-iqtisadi siyasət çərçivəsində keyfiyyətə nəzarət işi davamlı qaydada təkmilləşdirilir. Bu baxımdan muxtar respublikada istehsal olunan yerli istehsal məhsullarının keyfiyyətinin daha da yüksəldilməsi prioritet vəzifə kimi qəbul edilmiş, 2022-ci ilin iyul ayı ərzində, ümumilikdə, məhsulların 105 halda, o cümlədən qida məhsullarının 104 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir. 

    “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində aidiyyəti orqanların nümayəndələri ilə birlikdə Culfa rayonunun Dəmirli yaylağında arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüş keçirilmiş və bal məhsulunun fiziki-kimyəvi göstəricilərinə dair müvafiq standartdan çıxarışlar təqdim olunmuşdur.
    Qəbul edilmiş müvafiq Dövlət proqramlarının icrası istiqamətində ötən ay emal olunmuş kənd təsərrüfatı məhsullarının 28 halda, meyvə-tərəvəz məhsullarının isə 48 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin texniki normativ-hüquqi aktların və standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Hesabat dövrü ərzində ailə təsərrüfatında istehsal olunan emal edilmiş kənd təsərrüfatı məhsulu üçün 1 ədəd etiket layihəsi standartlara uyğun olaraq hazırlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. 
    “2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planı”nın icrası istiqamətində iyul ayı ərzində sənaye məhsullarının 41 halda laboratoriya analizləri aparılmış və bu istiqamətdə nöqsan aşkar edilmə­mişdir. “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində “Naxçıvan qovurması”nın istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması, qablaşdırılması, etiketlənməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşları ilə birlikdə Şərur şəhərində ailə təsərrüfatları üçün seminar-müşavirə keçirilmiş, ümumilikdə, 38 ailə təsərrüfatının nümayəndələrinə maarifləndirici bukletlər və “Naxçıvan qovurması” əmtəə nişanlı etiketlər təqdim olunmuşdur. Görüşlər zamanı ailə təsərrüfatı məhsullarının tədarük və satışını asanlaşdırmaq məqsədilə ölkəmizin digər bölgələrində ailə təsərrüfatı məhsullarının satışını həyata keçirən təsərrüfat subyektlərinə məxsus 38 ünvan kartı ailə təsərrüfatı nümayəndələrinə paylanılmışdır.
    Hesabat ayında 3 ailə təsərrüfatı üçün istehsal etdikləri məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılması, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə 14 etiket layihəsi hazırlanmışdır. Həmçinin ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə məhsullardan 10 halda nümunələr seçilərək laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin standartların tələblərinə uyğunluğu müəyyən edilmişdir. 
    Ailə təsərrüfatı məhsullarının satış arealını genişləndirmək məqsədilə İqtisadiyyat Nazirliyi ilə birgə müvafiq məhsulların növ və çeşidlərini özündə əks etdirən kataloq hazırlanmış və 2022-ci il 27 iyul tarixdə Naxçıvan Biznes Mərkəzində həmin kataloqun təqdimat mərasimi keçirilmişdir. Muxtar respublikada fəaliyyət göstərən ictimai iaşə obyektləri ilə ailə təsərrüfatlarının əlaqələndirilməsi, ailə təsərrüfatı məhsullarının ictimai iaşə obyektlərində istifadəsinin və satışının təmin edilməsi üçün tədbirə dəvət olunmuş ictimai iaşə obyektlərinin nümayəndələrinə müvafiq kataloq təqdim edilmişdir. 
    “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası üzrə aid qurumların və müvafiq yerli icra hakimiyyətlərinin əməkdaşları ilə birlikdə Ordubad rayonunun Azadkəndində seminar-müşavirə keçirilmiş, iştirakçılara bukletlər və kənd təsərrüfatı məhsulları üzrə standartlarda müəyyən edilmiş təhlükəsizlik tələblərinə dair çıxarışlar təqdim olunmuşdur. 
    2017-ci il 25 iyul tarixdə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, qarşıdakı dövrdə bu imkanların bir daha araşdırılması, ixracın coğrafiyasının genişləndirilməsi üçün verilmiş tapşırıqların, “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində Bakı şəhəri və digər bölgələrimizə tələbata uyğun olaraq davamlı qaydada ailə təsərrüfatı məhsullarının göndərilməsi təmin edilir.
    Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti ilə birgə turizm sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri nümayəndələrinin iştirakı ilə AZS ISO 10002:2022 “Keyfiyyəti idarəetmə. Müştəri məmnuniyyəti. Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbəredici sənəd” dövlət standartının tələbləri barədə növbəti maarifləndirici seminar keçirilmiş, yeni qəbul edilmiş standartın müasir tələblərə uyğunlaşdırılaraq təkmilləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
    Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilmiş müşavirədə verilən tapşırıqların və “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı zamanı tibbi-bioloji tələblərə, sanitar-gigiyena norma və qaydalarına əməl olunması istiqamətində nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə muxtar respublikada qida məhsullarının istehsalı, ticarət və xidmət sahələri üzrə fəaliyyət göstərən 32 ictimai iaşə obyektinin sahibləri ilə maarifləndirmə xarakterli görüşlər keçirilmiş, texniki normativ-hüquqi aktlara və standartlara uyğun fəaliyyətin təmin olunması üçün müvafiq tövsiyələr verilmişdir. 
    Bu il 13 iyun tarixdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası istiqamətində Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə birgə heyvan mənşəli məhsul istehsal edən 3 müəssisədə maarifləndirmə xarakterli görüş keçirilmiş, məhsullardan 3 halda nümunələr seçilərək laboratoriyaya təqdim edilmiş, analizlər üzrə heyvan mənşəli xəstəlik və ya bakteriya aşkar olunma­mışdır.
    Hesabat ayında Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə idxal olunan qızdırıcı elektrik və qaz cihazlarına baxış keçirilmiş, müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan cihazların idxalı və satışı məhdudlaşdırılmışdır.
    Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin
mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930