SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan mətbuatı tarixdə və günümüzdə” adlı tədbir keçirilib-FOTO

“Naxçıvan mətbuatı tarixdə və günümüzdə” adlı tədbir keçirilib-FOTO
9-08-2022, 17:32

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və “Şərq qapısı” qəzeti əməkdaşlarının iştirakı ilə Naxçıvanşünaslıq Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan mərkəzin elmi katibi Nihad Tarverdiyev çıxış edərək bildirib ki, Azərbaycan mətbuatı çox zəngin və şərəfli in­kişaf yolu keçmiş, xalqımızın həyatının bütün sa­hələrinin istək və arzularını daim öz səhifələrində əks etdirmiş, milli şüurun, mənəviyyatın, mədə­niyyətin formalaşmasına və inkişafına güclü təkan vermişdir. Bu mənada başqa xalqların taleyindən fərqli olaraq Azərbaycanda milli ictimai inkişafın baş ver­məsində, xalqın savad­lanması və milli oyanışa nail olmasında mətbu orqanların və onun nümayəndələrinin müstəsna xidmətləri var.

Diqqətə çatdırılıb ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan milli mətbuatının inkişafında, müasir, demokratik dəyərlər üzərində qurulmasında çox böyük tarixi xidmətləri vardır. O, öz dərin zəkası, fenomenal bilgisi və uzaqgörən siyasəti ilə həm də Azərbaycan mətbuatının məzmununu zənginləş­dirmiş, onun milli maraqlar üzərində qurulması və milli dövlətçiliyimizin inkişafına istiqamətlənməsi üçün əvəze­dilməz işlər görmüşdür. Böyük fəxr hissi ilə qeyd edə bilərik ki, ulu öndər milli mətbuatımızın qurucusudur. Bununla yanaşı müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ali Məclis Sədrinin "Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli sərəncamından sonra qəzet redaksiyalarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır. Bu gün artıq muxtar respublikamızın bütün mətbu orqanları son illərdə Naxçıvanın dünyada təbliği və tanıdılması, diyarımızla bağlı düzgün ictimai rəyin formalaşması istiqamətində əhəmiyyətli işlər görür.  

“Şərq qapısı” qəzetinin məsul katibi, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Muxtar Məmmədov “Şərq qapısı” qəzeti muxtar respublika mətbuatının aparıcı simasıdır” mövzusunda çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması haqqında 2021-ci il 1 iyun tarixdə Sərəncam imzalaması birəsrlik şərəfli yol keçmiş bu qəzetin tarixi ənənələrinə verilmiş qiymətin və bundan sonrakı fəaliyyətinə göstərilən qayğının əməli ifadəsidir.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Şərq qapısı” qəzetinin ideya və peşəkarlıq baxımından nüfuzlu mətbuat orqanı kimi fəaliyyətini davam etdirməsi üçün geniş tədbirlər həyata keçirir, jurnalistikanın inkişafına ardıcıl olaraq böyük diqqət və qayğı göstərir. Ali Məclis Sədrinin 2000-ci il 29 mart tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamı, qəzetin 2010-cu ildə yeni bina, 80, 85, 90, 100, illik yubileylərinin keçirilməsi, milli mətbuatın 135 illiyi ərəfəsində qəzetin əməkdaşları ilə görüş, mətbuat işçilərinin əməkhaqlarının artırılması və digər tədbirlər bunun ifadəsidir. Bu gün “Şərq qapısı” qəzeti ən müasir poliqrafiya avadanlıqları ilə təchiz olunmuşdur. Ali Məclis Sədrinin qayğısı sayəsində bu gün “Şərq qapısı” qəzeti ölkə üzrə özünəməxsus yüksək maddi-texniki bazaya malik mətbəəsi olan azsaylı mətbuat orqanlarından biridir. “Şərq qapısı” qəzetinin yaradıcı kollektivi peşəkar jurnalistika ilə məşğul olmaq üçün ən müasir imkanları olan nümunəvi redaksiya binasında fəaliyyətlərini davam etdirirlər.

“Rayon qəzetləri muxtar respublikamızın mətbu güzgüsüdür” mövzusunda çıxış edən qəzetin jurnalisti Məcid Rəşadətoğlu vurğulayıb ki, Naxçıvan şəhərində muxtar respublikanın əsas mətbuat orqanının nəşrindən sonra rayonlarda da yerli mətbuat orqanları yaranmağa başladı. Müxtəlif vaxtlarda fəaliyyətə başlamış muxtar respublikanın rayon qəzetləri Naxçıvan mətbuat məktəbini yeni ənənələrlə zənginləşdirdilər. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan Naxçıvan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib. Yarandığı və fəaliyyət göstərdiyi illər ərzində Naxçıvan mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib. Belə ki, 1990-cı illərin əvvəllərində muxtar respublikanın rayon qəzetləri öz tirajinı və dövriyyəliyini xeyli azaltmış, ondan sonrakı illərdə isə fasilələrlə nəşr olunmuşdur. Xalqımızın ümummilli lideri, dahi rəhbər Heydər Əliyev Ali Məclisin Sədri kimi fəaliyyəti dövründə regionda kütləvi informasiya vasitələrinin roluna böyük əhəmiyyət vermiş, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır. Bununla bərabər o, vaxtaşırı yerli mətbuat nümayəndələri ilə görüşür, nəyi və necə yazmağı, ümummilli maraqlara xidmət etməyin nədən ibarət olduğunu onlara aşılayırdı.

Qeyd olunub ki, bu gün muxtar respublikada 8 rayon (şəhər) qəzeti – “Şərurun səsi” (1931-ci il – Şərur), “El həyatı” (1932-ci il – Ordubad), “Arazın səsi” (1932-ci il  – Culfa), “Oğuz səsi” (1936-cı il – Şahbuz), “Şərqin səhəri” (1979-cu il – Babək), “Nuh yurdu” (1996-cı il – Naxçıvan şəhəri), “Oğuz yurdu” (2000-ci il – Sədərək) və “Yeni həyat” (2005-ci il – Kəngərli) qəzetləri dərc olunur. Naxçıvanın rayon mətbuatı fikir plüralizmini, əqidə, söz azadlığını, dövlətçilik amalını özünün başlıca meyarları hesab edərək ictimai-siyasi prosesləri operativ və tərəfsiz əks etdirməyə çalışan, milli maraqları üstün tutan mətbuat orqanları kimi fəaliyyət göstərir.

 Sonra Mərkəzdə yaradılan kitab sərgisinə baxış olub.

Məcid RƏŞADƏTOĞLU

 

    

 

 

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930