SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada əhalinin məşğulluğu təmin edilir

Muxtar respublikada əhalinin məşğulluğu təmin edilir
5-08-2022, 23:30

 Muxtar respublikada əhalinin məşğulluğunun təmin olunması və həyat səviyyəsinin yüksəldilməsi iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən sosial-iqtisadi islahatlar, sahibkarlığa göstərilən dövlət dəstəyi, yeni istehsal və xidmət sahələrinin yaradılması iş yerlərinin sayının artmasına və işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına geniş imkanlar açıb. 

    Muxtar respublikada 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi, 2014-2015, 2016-2020-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə Dövlət proqramlarının, həmçinin qəbul edilmiş digər Dövlət pro­qramlarının uğurlu icrası əhalinin məşğulluq imkanlarını artırıb və bu sahənin inkişafını daha da sürətləndirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qeyd etdiyi kimi: “Bütün bu görülən işlərin mərkəzində bir məqsəd dayanır: əhalinin rihaf halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, məşğulluq səviyyəsinin yüksəldilməsidir” .

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu sahədə həyata keçirilən  tədbirlərin davamlılığını təmin edib. 
    Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq təkcə 2018-ci ildən 1 iyul 2022-ci il tarixədək muxtar respublikada 7 min 603 yeni iş yeri açılıb. Açılmış iş yerlərinin 54 faizini daimi iş yerləri təşkil edib. Ümumi açılmış iş yerlərinin 44,4 faizi Naxçıvan şəhərinin, 15,2 faizi Şərur, 12,6 faizi Babək, 7,6 faizi Ordubad, 9,3 faizi Culfa, 4,4 faizi Kəngərli, 4,1 faizi Şahbuz, 2,4 faizi Sədərək rayonlarının payına düşüb.
    2022-ci ilin ilk yarım ilində muxtar respublikada sahibkarlara 24 milyon 344 min 900 manat kredit verilib. Verilmiş kreditin 11 milyon 14 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 13 milyon 330 min 400 manatı isə fərdi sahibkarlı­ğın inkişafına sərf olunub. Bu dövrdə 6 hüquqi və 1414 fiziki şəxs qeydiyyata alınıb.
    2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 68 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 58 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilib. Bununla yanaşı, cari ilin ilk altı ayında həyata keçirilən sosial layihələr çərçivəsində, ümumilikdə, 227 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin edilib. 
    Ümumi inkişafın təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər demoqrafik proseslərə də müsbət təsir göstərmiş, muxtar respublikada əhalinin sayı 2018-ci ilin sonu ilə müqayisədə 1,8 faiz artaraq 1 iyul 2022-ci il tarixə 464,1 min nəfər olmuşdur. Ümumi əhalinin 254,9 min nəfərini məşğul əhali təşkil etmişdir ki, bu da 2018-ci ilin sonu ilə müqayisədə 7,4 faiz çoxdur.
    Sahibkarlığın inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişiklik yaradıb. Belə ki, 2018-ci ildə muxtar respublikada dövlət sektorunda çalışanların sayı iqtisadiyyatda çalışanların ümumi sayının 17,1 faizini təşkil etmişdirsə, 2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 14,3 faiz olmuşdur.
    Cari ilin yanvar-iyun aylarında muxtar respublikada muzdla işləyənlərin sayı 98,6 min nəfər təşkil etmişdir ki, bunun da 36,5 min nəfəri dövlət sektorunda, 62,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 17,4 faizi sənaye, 12,2 faizi tikinti, 20 faizi topdan və pərakəndə ticarət, 5,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi yaşayışın təşkili və ictimai iaşə, 1,2 faizi informasiya və rabitə, 0,4 faizi maliyyə və sığorta fəaliyyəti, 0,8 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,2 faizi peşə, elmi və texniki fəaliyyət, 1,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 5,5 faizi dövlət idarəetməsi və icbari sosial təminat, 14,5 faizi təhsil, 5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
    Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmış, 2022-ci ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 593,4 manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 39,2 faiz çoxdur. Bir işçiyə hesablanmış ən yüksək ortaaylıq əməkhaqqı göstəricisi dövlət idarəetməsi və icbari sosial təminat, maliyyə və sığorta fəaliyyəti, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınmışdır. 
    Səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsi istiqamətində görülən işlərin davamlılığı əhalinin məşğulluq səviyyəsini daha da yüksəltmiş, muxtar respublikanın davamlı inkişafına yeni imkanlar yaratmışdır.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Statistika Komitəsinin 
mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031