SON DƏQİQƏ

naxcivanxeberleri.com

İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə cinayət məsuliyyətinə səbəb olur

İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə cinayət məsuliyyətinə səbəb olur
5-08-2022, 18:56

Həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı günü-gündən sürətlə artmaqdadır. İnsanlar internetdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və video roliklərə baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün istifadə edirlər.

Bu gün internet mühitində ən populyar layihələrdən biri də sosial şəbəkələrdir. Sosial şəbəkələr sosial qarşılıqlı əlaqələr, sosial obyektlər (adamlar və ya təşkilatlar) və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur.

Sosial şəbəkə bir platformadır, onlayn xidmət və ya internetdə ictimai əlaqələri yaratmaq, yansıtmaq və təşkil emək üçün hazırlanmış bir internet saytıdır. Onlar iqtisadi və sosial cəhətdən həyatımızı əhatə edir. Belə ki, bu şəbəkələrdə gündəlik həyata aid məlumatın paylaşımı, ünsiyyət və dostluqların qurulması ilə yanaşı, onlardan iş imkanları barədə məlumatların ötürülməsi, bir sıra malların və xidmətlərin ticarətində çox geniş istifadə olunur. Ona görə də hər bir sosial şəbəkə istifadəçisi özü üçün şəxsi profil yaradarkən ondan düzgün, səmərəli və qaydalara uyğun şəkildə istifadə etməlidir.

Qeyd edək ki, hər bir istifadəçi internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə şəxsiyyətini eyniləşdirməyə imkan verən özünəməxsus həqiqi məlumatlardan, yəni öz adından, soyadından, ata adından və həmin şəxsə aid digər həqiqi məlumatlardan istifadə etməklə profil və ya hesablar yaratmalıdır.

Təəssüf ki, çox zaman insanlar sosial şəbəkələrdə saxta ad və soyadlardan istifadə edərək saxta profil hesabı yaradırlar. Lakin sosial şəbəkələrdəki mövcud norma və qaydalara görə, saxta profil və ya səhifələrin yaradılması yolverilməzdir və qanunsuzdur. Hər bir şəxs öz adı ilə qeydiyyatdan keçməli və özünə yalnız bir hesab açmalıdır. Şəxs sosial şəbəkədə şəxsi hesab yaradarkən irəli sürülmüş bütün şərtlərlə razılaşır və həmin şərtlərin pozulmasına görə üzərinə qoyulmuş məsuliyyəti qəbul edir.

Vurğulamaq lazımdır ki, bütün sosial media platformalarında saxta profil açmaq qadağan olunur. Əgər istifadəçi saxta ad və soyadlardan istifadə edərək saxta profil hesabı yaradırsa, həmin şəxs dərhal müvafiq sosial şəbəkənin şərtlərini pozmuş olur.

Təcrübədə bir sıra hallarda saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlirik. Bu zaman həmin saxta profil hesabı sahibləri düşünürlər ki, hesabları saxta olduğu üçün bu hərəkətlərinə görə heç bir məsuliyyət daşımırlar. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən bu hərəkət cinayət əməli sayılır və bu əmələ yol verən şəxsin müəyyən cinayət hüquqi məsuliyyət daşımasına səbəb olur.

Belə ki, həmin Məcəllənin 148-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Burada "saxta istifadəçi adlar, profil və ya hesablar" dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. İnternet informasiya ehtiyatı isə internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatıdır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma, böhtan dedikdə isə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma nəzərdə tutulur.

Şəxsin saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə etmədən də kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında hər hansı şəxsi təhqir etməsi və ya böhtan atması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 (böhtan) və ya 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə səbəb olur.

Bu səbəbdən sosial şəbəkələrdən səmərəli və düzgün istifadə etmək lazımdır. Sosial şəbəkələrdən düzgün istifadə edilməməsi müəyyən problem və hüquqi məsuliyyətə səbəb olur.

İsa Əliyev

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031