SON DƏQİQƏ

naxcivanxeberleri.com

Səndə tarixlərin çox nişanı var...

Səndə tarixlərin çox nişanı var...
15-07-2022, 22:58

   Bu il iyirmi illiyini qeyd edəcəyimiz Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ulu öndərimiz Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə yaradılmışdır. Elmin inkişafını daim diqqət mərkəzində saxlayan dahi rəhbər o dövrdə bu Sərəncamı Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq vermişdir. Bölmənin yaradılmasında əsas məqsəd Naxçıvanın tarixinin, etnoqrafiyasının, arxeologiyasının, ədəbi mühitinin, folklorunun, biomüxtəlifliyinin, təbii ehtiyatlarının yenidən, hərtərəfli, müasir dövrün tələblərinə uyğun öyrənilməsi idi. Bölmə yarandığı dövrdən bu günə qədər bu sahələrdə müxtəlif sanballı araşdırmalar aparılmış, mühüm elmi nəticələr əldə olunmuşdur. Bu araşdırmaların aparılması üçün Naxçıvanın ayrı-ayrı rayonlarına təşkil olunan müxtəlif səpkili ekspedisiyalar da artıq bir ənənə halını almışdır. Növbəti ekspedisiyalardan biri də bu yaxınlarda İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən Sədərək rayonuna təşkil edilmişdir.

    Sədərək Naxçıvanın dağlar qoynunda qədim tarixi, gözəl təbiəti, zəngin bitki örtüyü, qəlbi Vətən eşqi ilə döyünən mərd insanları olan bir bölgəsidir. Yerli əhalinin öz şirin şivəsi ilə rayonları haqqında ürəkdolusu etdikləri söhbətlərdən bölgənin tarixi, uzun illər apardığı qəhrəmanlıq mübarizəsi, əhalinin məşğuliyyəti, ərazinin relyefi haqqında aydın məlumat ala bilirik.1990-cı illərin Sədərək hadisələrinin şəxsən iştirakçısı olan müsahiblərimiz Vəzir İmamverdiyev, Rasim Bayramov, Əli Ağayev, Lətif Usubov, Qurban Zamanov, Elçin Adnayev deyirlər ki, o dövrün ağır vəziyyətində Sədərək əhalisi bir gün də olsun, ruhdan düşmədi. Bir nəfər də kəndi tərk etmədi. Hamı öz yerində sinəsini düşmən gülləsinin qabağına verərək bu torpaqları qorudu. Naxçıvanın digər rayonlarından mütəmadi kömək gəldi. Beləliklə, biz əl-ələ verib öz torpağımızın düşmən əlinə keçməsinə imkan vermədik.  
    Naxçıvanın qala qapısı, Azərbaycanın ən ucqar qərb nöqtəsi olan Sədərək rayonu qədim insan məskənlərindən biri olmuş, ərazidən tapılan maddi mədəniyyət nümunələri insanların eramızdan əvvəl VII minillikdə burada yaşaması ilə bağlı məlumat verir. Bölgədə yerləşən Ağoğlan türbəsi, Fərhad arxı, Sədərək qalası rayonun qədim tarixindən xəbər verən abidələrdəndir. Azərbaycanın ən ucqar bölgəsi olan Sədərək orta əsrlər dövründə də yaşayış məskəni olmuş, İrəvan-Naxçıvan ticarət yolu buradan keçmişdir.
    Yerli əhali xalq etimologiyasına əsaslanaraq Sədərək rayonunun adını “sel gərək” mənasında izah etsə də, elmi araşdırmalarda bu toponimin qədim türk tayfaları olan sakların adından gəldiyi məlumdur. 
    1990-cı ilə qədər Sədərək Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. 1990-cı il avqustun 28-də Azərbaycan SSR Ali Sovetinin Fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır. 2021-ci ildə isə Dəmirçi kəndi də Şərur rayonunun tərkibindən çıxarılaraq Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilib. Sədərək rayonu cənub-qərbdən Türkiyə ilə, şimal-qərbdən Ermənistanla həmsərhəddir. Mərkəzi Heydərabad qəsəbəsidir. Hazırda rayonda 1 qəsəbə – Heydərabad, 4 kənd yaşayış məntəqəsi – Sədərək, Qaraağac, Kərki, Dəmirçi var. Əhalinin əsas məşğuliyyəti üzümçülük, taxılçılıq və heyvandarlıqdır. Sədərəklilər deyir ki, bizim yerin adamları həmişə əməyi, zəhməti sevən olublar, çörəyi halal yolla qazanıblar. Ekspedisiyamız zamanı həmsöhbət olduğumuz 80 yaşlı Zeynəb Cəfərovanın söhbətindən: “Mən ailə qurandan sonra Bərdə rayonuna köçdük. Lakin doğma torpağın həsrəti bizə orada çox qalmağa imkan vermədi. Bir müddət sonra öz doğma yurdumuza, ata ocağımıza qayıtdıq. Biz bu dağların havası olmadan yaşaya bilmərik. Ən çətin şərait olan vaxtlarda belə biz buradan ayrılmadıq, yaşadıq, döyüşdük, torpağımızı qoruduq”.
    87 yaşlı Allahverdi Abbasov və onun həyat yoldaşı, Laləzar Abbasova Sədərəyin tarixi haqqında maraqlı məlumatlar verir. Allahverdi kişi deyir ki, vaxtilə bu yerdə Qıyqac, Şəhriyar, Qorxmaz, Aşağı Qayalıq, Kültəpə, Dünbüli və digər adlarda 24 kənd olub. Buranın insanları torpağa çox bağlıdır və torpaqlarımız çox məhsuldardır. Ona görə də bizim əhali başqa yerlərə üz tutmur. Bizdə qədimdən deyərlər:

    Kəl qoşub kotan əkməyən,
    Nanı süfrəyə tökməyən,
    Arının qəhrin çəkməyən,
    Balın qədrini nə bilər?

    Bizdə hamı öz təsərrüfatı ilə dolanır. İndinin özündə də Sədərəkdə, demək olar ki, hər həyətdə təndir var və burada təndir çörəyi bişirmək ənənəsi bu gün də davam edir. Baxmayaraq ki, Sədərək Naxçıvanın ən ucqar bölgələrindəndir və buranın əhalisi uzun illər müharibə şəraitində yaşayıb, amma bu gün burada əhalinin yaşaması üçün hər cür şərait yaradılıb. Bu baxımdan Sədərək heç də mərkəzdən fərqlənmir. Evlərin hamısında qaz, işıq var. Küçələr abadlaşdırılıb, kənd mərkəzi yenidən qurulub. İnzibati binaların hamısı müasir tələblərə uyğun tikilib, tibb məntəqəsi, yeni məktəb binaları şagirdlərin ixtiyarına verilib. 
    Sədərəyin yetirmələri həm Birinci, həm də İkinci Qarabağ müharibəsində böyük şücaət göstərmiş, öz sinələrini düşmənə sipər etmişlər. Ucubiz, Beşbarmaq, Cin təndiri, Qırmızılar dağlarında son damla qanlarına qədər vuruşan Aydın Zamanov, Şakir Cəfərov, Rəhim Hüseynov, İlqar Babayev, Hamlet Qədimov, Mustafa Şiralıyev, İlham Kazımov kimi Birinci Qarabağ müharibəsi şəhidləri Vətən uğrunda ölməyi özlərinə ən uca zirvə bildilər. Onların yolunu 44 günlük Vətən müharibəsində Ərtoğrul Nadirli, Tağı Abdullazadə, Əli Heydərov, Niyaməddin Ələkbərov davam etdirərək torpaqlarımızın işğaldan azad olunmasında müstəsna igidlik göstərərək bu müqəddəs məqama yüksəldilər. 
    Rayon dövlətimizin hərtərəfli qayğısı və diqqəti ilə əhatə olunub. Bu gün artıq Sədərək sabit, təhlükəsiz, gündən-günə inkişaf edən bölgələrimizdəndir. Bu bənzərsiz yerin gözəl təbiəti, mehriban insanları, onlardan aldığımız məlumatlar bir daha bizdə belə bir təəssürat yaradır ki, Vətənimizin hər qarışı qədim tarixə və mədəniyyətə malikdir, hər daşında xalqın qəhrəmanlıq izləri var. Düşünürsən ki, nə yaxşı bu torpağın övladıyam.

Nuray ƏLİYEVA
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu 
Dilçilik şöbəsinin müdiri, dosent

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031