SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın mədəniyyət paytaxtı, musiqimizin beşiyi "Şuşa" -FOTO

Azərbaycanın mədəniyyət paytaxtı, musiqimizin beşiyi "Şuşa" -FOTO
1-07-2022, 16:24

28 illik həsrətdən sonra Qarabağın tacı olan Şuşanın işğalçılardan azad edilməsi, bu qədim şəhərin bərpa olunaraq tarixi simasının özünə qaytarılması, Şuşanın mühüm yerli və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, 2022­-ci ilin ölkə başçısı cənab İlham Әliyev tərəfindən “Şuşa ili” elan olunması özlüyündə bir çox mətləblərdən xəbər verir. Әsası ümummilli lider Heydər Әliyev tərəfindən qoyulmuş güclü Azərbaycan Ordusu Şuşanı yağılardan azad edib və bizim üçün işğal tarixi keçmiş zamanda qalıb. Biz Şuşaya, eləcə də işğaldan azad olunmuş digər torpaqlara əbədi qayıtmışıq, bu torpaqların əsl sahibi kimi yenidən bu yerləri qurub­yaradırıq, Müzəffər xalq kimi yaşayırıq. Bu adın qüruru, fəxri hər bir azərbaycanlı üçün ucadır. Eynilə Şuşa kimi... Çünki bu qədim şəhər Azərbaycanımızın mədəniyyət paytaxtı, musiqimizin və mədəniyyətimizin beşiyi, çağlayan bulağıdır.

2020­-ci il noyabrın 8­-də Şəhidlər Xiyabanında xalqa müraciəti zamanı ölkə Prezidenti cənab İlham Әliyevin “Әziz Şuşa, biz qayıtmışıq”, “Әziz Şuşa, biz səni dirçəldəcəyik” fikirlərini xüsusi vurğu ilə səsləndirməsi, Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı seçilməsi, 2022-­ci ilin ölkəmizdə “Şuşa ili” elan olunması, Şuşanın əvvəlki nüfuzunun və tarixi simasınıın özünə qaytarılması istiqamətində atılan böyük addımlar həm də bu bölgədən yetişən görkəmli şəxsiyyətlərə, ümumilikdə, Azərbaycan mədəniyyətinə və incəsənətinə verilən böyük qiymət, dəyərdir. Qarabağ torpağı hər zaman musiqi mədəniyyətimizə əvəzsiz töhfələr bəxş edib. Bu yurdun suyunu içib, havasını udanlar şirin avaza, yüksək səs tembrinə malik olublar. Heç təsadüfi deyil ki, muğamlarımızın mahir ifaçılarının əksəriyyəti bu zonada yaşayan insanlar olublar. Yüksək musiqi duyumuna malik olan bir çox musiqiçi və bəstəkarlarımız da məhz Qarabağ bölgəsinin yetirdiyi şəxsiyyətlərdir. Şuşa əzəldən Azərbaycanın musiqi beşiyi, iri mədəniyyət mərkəzlərindən biri sayılıb. Hələ XIX əsrin ikinci yarısında Bakı, Şamaxı kimi Şuşada da muğam məclisləri təşkil olunub. Musiqi məclisləri əsl sənətkarlıq məktəbinə çevrilməklə yanaşı, bu sahənin inkişafında əvəzsiz xidmətlər göstərib. Bu məclislərin əks­sədası nəinki böyük şəhərlərdə, əyalətlərdə, hətta kəndlərdə eşidilib. Tanınmış musiqiçilərdən Sadıqcan, Cabbar Qaryağdıoğlu, Keçəli oğlu Məhəmməd, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Bülbül, Xan Suşinski, Məşədi Cəmil Әmirov, Qurban Pirimov, Üzeyir Hacıbəyov, Fikrət Әmirov, Niyazi, Әfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Әşrəf Abbasov, Süleyman Әləsgərov, Rəşid Behbudov kimi şəxsiyyətlər məhz Şuşa şəhərində yaşayıb­yaratmış mədəniyyət xadimləridir. Şuşanın musiqiçilər yurdu olduğunu məşhur Şərq musiqisinin təqdiqatçısı V.Vinaqradov 1938­-ci ildə Üzeyir Hacıbəyov haqqında yazdığı kitabda qeyd etmişdir. Tədqiqatçının bu haqda yazdığı fikirlər olduqca maraqlıdır: “Şuşa qədim zamanlardan musiqinin beşiyi kimi məşhurdur və bütün Zaqafqaziyada xalq musiqi istedadlarının tükənməz bulağı kimi şöhrət qazanmışdır. Şuşa musiqiçiləri Azərbaycan musiqisinin tarixini yaradırlar, onu yalnız vətənlərində deyil, digər Şərq ölkələrində də təqdim edirlər”. Azərbaycan musiqi tarixinə nəzər yetirdikdə yenə ilk yada düşən Şuşanın görkəmli musiqiçiləridir. XIX əsrdə Şuşada Sadıqcan adı ilə şöhrət qazanmış Mirzə Sadıq Azərbaycan musiqisinə böyük yeniliklər gətirən sənətkardır. “Tarın atası” adlandırılan Mirzə Sadıq tarın 5 siminə 6 sim əlavə edərək onu 11 simə yüksəltmiş, tarın qolunda olan pərdələrin sayını 17­-yə endirmiş, tara zildə səslənən yeni pərdələr əlavə etmiş, “Lal barmaq” üslubunu ortaya çıxarmışdır. Bundan başqa, sənətkar diz üstündə çalınan tarı sinəyə qaldırmış, tarın qoluna “Zabul” pərdəsini, “Mirzə Hüseyn segahı”na isə “müxalifi” əlavə etmişdir. Şuşada ilk musiqi məclisi XIX əsrin ikinci yarısında şərq musiqisinin bilicisi Xarrat Qulu tərəfindən təşkil edilmişdir. Muğam sənətimizin inkişafında mühüm rolu olan bu məclisin üzvləri arasında səsi Fransanın “Sport­rekort” firması tərəfindən vala yazılmış Cabbar Qaryağdıoğlu da var. Böyük rus şairi Yeseninin “Şərq musiqisinin Peyğəmbəri” adlandırdığı Cabbar Qaryağdıoğlu xalq xanəndəsi və bəstəkar kimi məşhur idi. “Bakı”, “Bəsti”, “Tiflisin yolları” və başqa mahnıların həm bəstəkarı, həm də mətn müəllifi olmuşdur. O, “Mənsuriyyə”, “Heyratı”, “Kürdi ­Şahnazı” muğamlarını özünəməxsus, xüsusi tərzdə ifa edirdi. Qarabağ muğam ustalarının içərisində xüsusi səsi ilə tanınan, “Rast” muğamını istedadla ifa edən musiqiçilərimizdən biri də Zülfü Adıgözəlov idi. Xüsusi çalarlı səsə malik olduğuna görə “Kəndlilər”, “Bakılılar”, “Səbuhi” filmlərində Zülfü Adıgözəlovun ifasındakı mahnılar səsləndirilmişdir. Xanəndəliklə bərabər, bir çox mahnıların da müəllifi olan Xan Suşinski əsrarəngiz səsə malik olan böyük Şuşa sənətkarlarından idi. Onun illər ərzində lent yazılarındakı ifasında təqdim edilən “Qarabağ şikəstəsi” 30 il ərzində yenidən doğma Qarabağa qovuşmaq üçün könüllərdə açılan yaraya bir məlhəm kimi səsləndirilirdi. Şuşanın daha bir istedadlı musiqiçisi, xalq mahnılarının, xarici ölkə bəstəkarlarının, həmçinin Azərbaycan bəstəkarlarının operalarının mahir ifaçısı Bülbül, eyni zamanda “Tar məktəbi”, “Balaban məktəbi”, “Kamança məktəbi” kimi dərsliklərin də müəllifi idi. Şərqdə ilk operanın banisi, görkəmli alim­musiqişünas, publisist, dramaturq, pedaqoq və ictiami xadim, Şuşa şəhərində yaşayıb­yaratmış Üzeyir Hacıbəyov  Azərbaycan musiqi mədəniyyətinin tarixində xüsusi və ən böyük yeri olan şəxsiyyətlərdəndir. Heç təsadüfi deyil ki, “Milli Musiqi Günü” də məhz böyük bəstəkarın anadan olduğu günə həsr edilmişdir.

    

Bir vaxtlar “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai­siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin Vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhəri artıq yenidən dirçəlir, Azərbaycan mədəniyyətinin və incəsənətinin yaşadığı, həyat tapdığı bölgəyə çevrilir. Heç şübhəsiz biz bütün bunları Müzəffər Ordumuza və Ali Baş Komandanımıza borcluyuq. Sən daim yaşa, var ol, əziz Şuşa! Anamız Azərbaycanın bir günü belə sənsiz olmasın. Biz səni qədim tarixinlə, zəngin mədəniyyət və incəsənətinlə, xalqımız üçün əziz olan böyük mənəviyyatınla çox sevirik.

Fətəli AXUNDZADӘ

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri

  

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031