SON DƏQİQƏ

naxcivanxeberleri.com

AZƏRBAYCAN TARİXİNİN ŞANLI SƏHİFƏSİ

AZƏRBAYCAN  TARİXİNİN  ŞANLI  SƏHİFƏSİ
28-05-2022, 18:05

Heydər Əliyev Ümummilli lider; Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb  ictimai-siyasi  şəraitdə cəmi 23 ay  fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu,  iqtisadiy­yat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər  xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası  işində böyük rol oynamışdır.


Azərbaycan tarixinin şanlı səhifələrindən biri də 1918-ci il mayın 28-dir.  Belə ki, 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı.

1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da, əslində Azərbaycanın tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. 1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın  bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İstiqlal  Bəyannaməsini qəbul etdilər.

Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə idi. Məmməd Əmin Rəsulzadə ilə yanaşı, Ağabəyzadə Sadıxbəy, Ağayev Həsən bəy, Ağamalıoğlu Səməd ağa, Ağayev Əhməd bəy, Axundov Cəfər, Axundzadə Rəşid bəy, Axundzadə Hacı Səlim, Axundzadə Məmmədsadıq, Aşurov Ağa, Cavanşir Behbud xan, Cəfərov Məmməd Yusif kimi ziyalıların cumhuriyyətin qurulmasında müstəsna rolu olmuşdur.

       

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təxminən yüz il əvvəl məhv edilmiş milli dövlətçilik təfəkkürünü yenidən canlandırdı. Böyük dövlət xadimləri yetişdi.  Azərbaycan xalqı həmin dövlət xadimlərinin şəxsində öz tarixi coğrafiyası, milli maraqları, beynəlxalq mövqeyi barədə düşünməyə başladı. Cümhuriyyət mövcud olduğu iki ilə qədər müddət ərzində müxtəlif sahələrdə bir sıra uğurlar qazansa da, əsas tarixi əhəmiyyəti onda oldu ki, M. Ə. Rəsulzadənin sözləri ilə desək, millətə azadlığın nə olduğunu anlatdı.

        

Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət - 23 ay ərzində çox böyük işlər görə bildi. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edildi, milli ordu yaradıldı, ana dili dövlət dili elan edildi.  Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edildi.

Bir sözlə, qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu.

Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı.

XX əsrdə ikinci dəfə  demokratik dövlət əldə etdikdən sonra Azərbaycan  həmin demokratik cümhuriyyətin ənənələrini bərpa etdi. Azərbaycan dövləti özünün 1918-ci ildə qurulmuş demokratik cümhuriyyətin varisi olduğunu elan etdi.  Məhz varislik prinsipinə görə, Respublika Günü Azərbaycanın dövlət müstəqilliyi günü kimi qeyd olunaraq, xalqın XX əsrdə qazandığı nailiyyətlərlə bağlı bir gündür. Şübhəsiz ki, XX əsrin sonlarında ümummilli liderimiz   Heydər Əliyevin hakimiyyətə qayıdışı demokratik, müstəqil Azərbaycanın dövlətinin qorunması, möhkəmləndirilməsi 1918-ci ildə əldə etdiyimiz uğurların əbədiyyətə qədər davam etməsinə səbəb olaraq dönüş yaratdı.

          

İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıldı. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.

Bu günkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi və Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Müasir dövrümüzdə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçiliyimiz tarixindəki rolu həmişə xatırlanır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirən Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib. 

        

Ulu Öndərimiz dəfələrlə bildirirdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi ilə qeyd edirdi ki “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər. Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır”.

        

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib”.

Bildiyimiz kimi,  Milli Məclisin 2021-ci il oktyabrın 15-də keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib.

Qanunun qəbul edilməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

 Bəli,  bu gün Azərbaycan xalqı  28 May- Dövlət Müstəqillik Gününü  böyük təntənə ilə qeyd edir.

                                                                 

Ələkbər Cabbarlı

Fəxriyyə Cəfərova

 

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930