SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vətən üçün yaşayan gənclik

Vətən üçün yaşayan gənclik
28-05-2022, 08:56

Mən bir gəncəm, vətənim kimi.. Sərt ayazlı qışdan çıxıb yorulmayan, günəşli günlərə can atan vətənim kimi…

Mən ata-babalarımdan geri qalanam. 1918-də azadlığın qoynuna sığınmış Azərbaycanın övladıyam.. Azadlığı 23 ay içində əlindən alınan, 71 il sonra çətinliklərə sinə gərib yenidən dirçələn vətənin yetirməsiyəm.. Mübarizin, Xudayarın, Cəbrayılın sahib olduğu əsalətli qanı damarlarında daşıyan gəncəm.. Onlar ki, bu torpağı qanı ilə sulayanlardır. Onlar torpaq oldu, onlar artıq Vətəndir və mən ölmədən vətən olan gənclik istəyirəm. Əsas məsələ isə yaşamaqdadır. Torpağı qanla da sulaya bilərik. Amma biz həmin torpaqlardan yetişən bir ümid ağacı olaq -deyə onlar girmədilərmi məzara?

Vətən günəşdən yorulanda ayağını yerə basıb torpağın sərinliyini götürdüyün yerdir. Vətən sənin bir parçan, sənə, millətinə aid olan can deməkdir. Bu vətən torpağı bu günə gəlmək üçün çox mürəkkəb yollardan keçib. Bütün düşmənlər bir araya gəlib əcdadlarımızı məhv etmək, ətirli torpağımızı ələ keçirmək istəyirdilər. Dilimizi, dinimizi məhv etmək, mədəniyyətimizi korlamaq istəyirdilər. Millətimiz isə bu xəyanətə göz yummamış, ölkə çətin vəziyyətdə olanda milli birlik və həmrəylik  içində necə davranacağını bilirdi. Bu müqəddəs, vətənpərvərlik qoxuyan torpaqlar düşmənə verilməyib, verilməyəcək də. Bizim bir canımız var və o can vətən üçün fəda olsun.  Bu ölkədə ölüm də olsa, bu vətən üçün, ay-ulduzun altında ölərik.

Düz 104 il bundan öncə, 1918 ci il 28 mayda bu ölkənin qəhrəman ziyalıları tərəfindən Azərbaycan Xalq Cumhuriyyətinin əsası qoyuldu. Bu təqdirəlayiq, möhtəşəm hadisə, bəlkə də çox sadə səslənə bilər. Lakin daim düşmənlərin savaş meydanı olan Azərbaycan üçün həmin mühitdə müstəqilliyə can atmaq çətin bir məsələ idi. Bu əziyyət dolu yolda öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirən AXC bizim üçün böyük bir miras buraxdı. O miras ki, illərin zəhməti ilə başa gəlmiş, igidlərin qanı bahasına qorunan bu dövlət idi. Müstəqil, demokratik respublika qurmağa can atan Azərbaycan Xalq Cümhuriyyəti öz 23 aylıq varlığı boyunca sübut etdi ki, biz öz müqəddəratımızı təyin etmək gücünə qadirik və bizim öz milli prinsiplərimiz var.

Bu yola baş qoyan ziyalılar bu qısa zaman kəsiyində artıq AXC-ni bir çox dünya ölkələrinə tanıtmağı bacarmışdı. Elə bu uzaqgörən addımın nəticəsində Azərbaycana qarşı olunan bütün hücumlardan, o cümlədən, bolşevik hücumundan sonra Azərbaycan bir dövlət kimi dünya tarixindən silinmədi. Zaman keçdi, 71 il ötdü.. Çox ağrı-acıdan, çətinlikdən sonra 71 il öncə ilk toxumları atılan Respublikamız 1991-ci ildə yenidən dirçəldi. 23 aylıq körpənin atdığı ilk addımlar əlbəttə büdrəyəcəkdi, nisbətən zəif olacaqdı. Lakin 71 ildən sonra zəhmli, qərarlı addımlar atan müstəqil respublika olmağı bacaran Azərbaycan bütün çətinliklərdən güc qazanmışdı. Artıq qaranlıq günlər geridə qalmışdı. Bu bir xalqın dəfələrlə oda atılması, lakin yenidən küllərindən canlanması demək idi. Nə xoş ki bu cür əzmli bir xalqın nümayəndəsi, gələcəyinin təminatıyıq.

Biz də artıq vətənik, vətən üçün yaşamalıyıq. Elə bir gənclik olaq ki, gücümüzü torpaqdan alaq. Elə bir gənclik olaq ki, par-par parıldayaq qaranlıq gecələrdə, ulduz misalı və sən, ey gənc, yorulma.. Sən gələcəksən, dünya sənin barmak uclarındadır, döndürsən tərsinə dönər. Coşqun bir dəniz kimi, aş, daş. Bir sözlə, vətən kimi ol. Vətən kimi azad, fədakar və iradəli...

Aysel Nuriyeva Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031