SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Darıdağ” arsenli suyu böyük müalicəvi əhəmiyyətə malikdir

“Darıdağ” arsenli suyu böyük müalicəvi əhəmiyyətə malikdir
12-05-2022, 22:14

    Son dövrlərdə bütün dünyada inkişaf edən və getdikcə daha çox turist kütləsini özünə cəlb edən sahələrdən biri də termal turizmdir. Yüksək temperatura malik yeraltı mineral su və palçıq mənbələrindən istifadə edilməklə müalicə imkanları təqdim edən termal turizm Yaponiya, Almaniya, İtaliya, Fransa, İsveçrə, Yunanıstan, Rusiya, Macarıstan kimi ölkələrdə turizmin mühüm bir hissəsini əhatə edir. Elə qardaş Türkiyə Respublikası da bu sahənin inkişafında əhəmiyyətli yerlərdən birinə malikdir. Belə ki, Türkiyə termal mənbələr baxımından Avropada birinci, dünyada isə yeddinci yerdədir. 

    Naxçıvan Muxtar Respublikasını turizm üçün səciyyəvi edən də bu qədim diyarda turizmin bir çox növləri, o cümlədən termal turizm üçün təbii şəraitin mövcud olmasıdır. Ümumilikdə, müalicə turizminin inkişafı baxımından zəngin potensiala malik muxtar respublikada çoxsaylı mineral su mənbələrinin olması termal turizmin inkişafı üçün geniş imkanlar açır. Naxçıvanda bu turizm sahəsinin inkişafı üçün ən böyük mənbə “Darıdağ” arsenli mineral suyudur.

    Öz spesifik xüsusiyyətləri ilə seçilən “Darıdağ” müalicəvi suyunun araşdırılması hələ 1830-cu ildə Q. Boskoboynikov, 1868-ci ildə Arxilov və Sulkidze tərəfindən aparılıb, 1928-ci ildə isə Lanqvaqren suyun geoloji kəşfi ilə yanaşı, kimyəvi tərkibini də öyrənib. Sonralar da “Darıdağ” suyunun kimyəvi, fiziki, balneoloji, müalicəvi və başqa xüsusiyyətləri Azərbaycan Elmi-Tədqiqat və Fiziki-Təbii Amillərlə Müalicə İnstitutunun, Azərbaycan Dövlət Tibb Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının Təbii Amillərlə Müalicə Bölməsinin əməkdaşlarından akademik M.Qaşqay, A.Qarayev, professor Ə.Əsgərov, M.Əfəndiyev, Ş.Həsənov və başqaları tərəfindən ətraflı öyrənilib. Son dövrlərdə isə professor Ə.Musayev öz təcrübələrində aşkar edib ki, “Darıdağ” arsenli isti suyunda müalicə olunan xəstələr üçün müəyyən edilmiş bir seansın müddəti 10-12 dəqiqədən artıq olmamalıdır. Əks-halda ürək-qan damarlarının genişlənməsi baş verər. “Darıdağ” suyu karbon qazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur: Kudova (Polşa), Dürkgeym (Almaniya), Sineqorsk (Saxalin) sularının analoqudur. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyinə görə “Darıdağ” suyu onlardan üstündür.
    “Darıdağ” suyu qanyaradıcı xüsusiyyətə malik olub, qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır, qanazlığını aradan qaldırır. Daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirərək onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə “Darıdağ” suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində də geniş tətbiq edilir. “Darıdağ” suyunun maddələr mübadiləsinə təsirini öyrənən bir çox alimlər onun mübadilə pozğunluğundan yaranan artritlərə qarşı müalicəvi təsirini sübuta yetiriblər. Suyun təsirindən yaraların çirkdən tez təmizlənməsini, çətin sağalan yaraların qısa müddətə, həm də çapıqsız sağal­masını həkimlər onun antiseptik, faqositar və bakterisid qabiliyyəti ilə əlaqələndirirlər. Müəyyən edilibdir ki, mərgümüşün litium, brom, maqnezium, radioaktiv elementlər və başqa əhəmiyyətli maddələrlə müştərək təsiri maddələr mübadiləsinin bərpasına, periferik sinir sisteminin fəallaşmasına müsbət təsir göstərir. 
    “Darıdağ” suyundan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərinin, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarının müalicəsində geniş istifadə edilib. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizdə müalicəvi suların olduğu yerlərdə səhiyyə ocaqlarının, sanatoriyaların tikilməsi istiqamətində həyata keçirilən tədbirlər 1978-ci ildə Darıdağda da müalicəxananın yaradılmasına imkan verib. Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşən müalicəxananın fəaliyyətində ötən əsrin 90-cı illərində məhdudiyyətlər yaransa da, 2005-ci ildə müəssisə yenidən qurularaq istifadəyə verilib. Ötən müddətdə müalicəxana ölkə vətəndaşları ilə yanaşı, xarici ölkələrdən gələnlərin də sağlamlığının bərpa olunmasında mühüm rol oynayıb, termal turizmin inkişafına geniş imkanlar açıb. Son dövrlərdə isə muxtar respublikanın səhiyyə sistemində həyata keçirilən tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 16 oktyabr tarixli Sərəncamı ilə Darıdağ Arsenli Su Müalicəxanası yenidən təşkil edilərək publik hüquqi şəxs statusu alıb. Hazırda bu müalicəxanaya yerli xəstələrlə yanaşı, xarici ölkələrdən də pasiyentlər müraciət edirlər. 
    Məlumdur ki, müasir dövrdə müalicə turizminin öz tələbləri var. Yalnız bu tələblərə uyğun iş aparılmaqla turizmin bu sahəsini inkişaf etdirmək mümkündür. Elə bu amil nəzərə alınaraq 2019-cu ildən bu müalicəxana üçün yaxınlıqdakı ərazidə yeni kompleks tikilir. Həmçinin bu səhiyyə müəssisəsinə gedən avtomobil yolunun yenidən qurulması da gediş-gəlişi xeyli rahatlaşdıracaq.
    Qeyd edək ki, “Darıdağ Arsenli Su Müalicəxanası” publik hüquqi şəxsi üçün tikilən yeni kompleks istifadəyə verildikdən sonra burada müalicə olunanlara yüksək səviyyəli xidmət göstərmək üçün lazımi şərait yaranacaq. Eyni zamanda müalicəxana daha çox xəstə qəbul edə biləcək. Bütün bunlar isə Naxçıvanda termal turizmin inkişafına geniş imkanlar açacaq. 

İsgəndər MEHDİYEV
Naxçıvan Dövlət Universitetinin müəllimi, kimya üzrə fəlsəfə doktoru

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031