SON DƏQİQƏ

naxcivanxeberleri.com

MUZEYLƏR DƏYƏRLƏRİMİZİ YAŞADAN MÜQƏDDƏS MƏKANDIR

MUZEYLƏR DƏYƏRLƏRİMİZİ YAŞADAN MÜQƏDDƏS MƏKANDIR
18-05-2019, 10:13

Məlum olduğu kimi, muzey eksponatları xalqın ən qiymətli və əvəzsiz milli sərvətidir. Milli sərvətimizin tərkib hissəsi kimi muzey eksponatları və tarixi abidələr həm də milli dəyərlərimizə daxildir. Belə dəyərlərimizi qorumaq və təbliğ etmək milli kimliyimizi və tariximizi hifz etmək, təbliğ etmək baxımından muzeylər mühüm əhəmiyyətə malikdir. “Muzey” yunan sözü olub, “muzalar məbədi” deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdu. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, nümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr bu adla adlandırılmışdır. Bu baxımdan çox haqlı olaraq deyilir ki, muzeylər tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi müəssisələrdən biridir. Muzeylər həmçinin hər bir xalqın tarixini və mədəniyyətini özündə qoruyub yaşadan, gələcək nəsillərə ötürən mədəniyyət müəssisələridir. Muzey əslində elm, maarif müəssisəsidir. Ona sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlandığı yer kimi baxmaq düzgün deyil. Çünki xalqların mədəniyyəti, tarixi onun var olmasının əsasını təşkil edir və bu mədəniyyət, tarix də muzeylərdə qorunmaqla bərabər təbliğ edilir, öyrədilir.
1977-ci ildən etibarən 18 may Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə Beynəlxalq Muzeylər Günü olaraq qeyd edilir. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Hətta bəzi ölkələrdə muzeylərdə “açıq qapı” elan olunur və bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalara tamaşa edirlər. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir.

Muzey tarixi və Azərbaycan muzey fəaliyyəti

Məlumatlara görə, dünyada ilk muzey Ellin dövründə qədim Misirin paytaxtı İsgəndəriyyə şəhərində yaradılıb. Burada 40.000-dən artıq eksponat - sikkələr, heykəllər, sarkofaqlar, gil qablar, papiruslar və bir-birindən gözəl təsviri sənət nümunələri toplanmışdır. Əgər eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, kolleksiyaların, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab edildiyini nəzərə alsaq, ölkəmiz ərazisində Atropatena və Albaniya dövlətlərinin hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd və təqdim etmək olar. Erkən və orta əsrlərdə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənmiş, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilmişdir.
Hazırda dünyada çoxlu sayda muzeylər var. Onlardan ən məşhurları Parisdə Luvr muzeyi (Fransa), Londonda Viktoriya və Albert muzeyi (Böyük Britaniya), İstanbulda Topqapı muzeyi (Türkiyə) və Sankt-Peterburqda Ermitajdır (Rusiya). Azərbaycanda muzey işinin tarixi çox qədim hesab olunmasa da, müxtəlif eksponat və dəyərli əşyaların saxlanma ənənəsinin olduğunu nəzərə almaqla muzey fəaliyyətinin bir ənənə təşkil etdiyini və qədim tarixə malik olduğunu söyləmək mümkündür. XX əsrin əvvəllərində isə bu iş xeyli güclənmiş, Bakı ticarət məktəbi nəzdində Sənaye, Xalq məktəblərinin Bakı-Dağıstan müdiriyyəti nəzdində Pedaqoji, Rus texniki cəmiyyəti Bakı şöbəsi nəzdində Texniki muzeylər fəaliyyət göstərmişdir. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan vermişdir. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunmuşdur.
XX əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində Pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılmışdır. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin maraqlarına xidmət etmişdir. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilmişdir.
İlk milli muzeyin yaradılması Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də fəaliyyətə başlayan “İstiqlal” muzeyi ilk milli muzey kimi böyük şöhrətə malikdir. Muzeyin təsisi ilə əlaqədar “Azərbaycan” qəzetinin 1919-cu il 23 sentyabr tarixli nömrəsində deyilirdi: “Sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da vətənimiz Azərbaycanda bir milli muzey təsisidir. Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını “milli muzey” qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə “İstiqlal muzesi” olmasını əhəmiyyətli görürüz”. Haqqında iftixarla bəhs olunan həmin milli muzeydə tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar və əlyazmalar toplanmışdı. Aprel işğalından sonra “İstiqlal” muzeyinin eksponatları da yeni təşkil olunmuş Azərbaycan dövlət muzeyinə verilmiş, sonralar eksponatların bir hissəsi (o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, “İstiqlal Bəyannaməsi”nin əsli, Azərbaycan Parlamentinin materialları və sair) Moskvadakı İnqilab muzeyinə aparılmışdır.
Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilsə də, bu illərdə Azərbaycanda muzey yaradılışı xüsusi əhəmiyyətlə həyata keçirilmiş, muzeylər şəbəkəsinin genişlənməsi daha da diqqət mərkəzində saxlanılmışdır. Bu sahədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyə gəlməsi dövrü xüsusi mərhələ təşkil edir. Azərbaycan xalqının milli dəyərlərinin qorunması, toplanması və təbliği istiqamətində xüsusi əhəmiyyət kəsb edən işləri canlandıran ulu öndərin misilsiz işləri sırasında muzeylərin yaradılması işi də xüsusi yer tuturdu. Məhz müdrik və uzaqgörən liderin əzmi ilə ölkəmizdə çoxsaylı və müxtəlif profilli muzeylərin yaradılmasına nail olunmuşdur. Nizami adına Ədəbiyyat muzeyini, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyini, Azərbaycan Tarixi muzeyini, Xalq Maarifi muzeyini, başqa-başqa rayon və şəhərlərdə yaradılan tarix-diyarşünaslıq muzeylərini, elm və mədəniyyət xadimlərinin ev muzeylərini və sair bu sıradan Azərbaycanda yaradılan muzeylər şəbəkəsinin ilk və əhəmiyyətli nümunələri kimi xatırlatmaq olar. Hətta iftixar hissi ilə qeyd etmək olar ki, Azərbaycan Xalçası və Tətbiqi Sənət Dövlət Muzeyi dünyada bu profildən olan yeganə muzeylərdən biridir. Həm də adıçəkilən bu muzey Azərbaycanda yeganə muzeydir ki, öz virtual muzeyi də vardır. Bundan başqa Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Bu yerə bəzən “Muzey içində muzey” də deyirlər.
Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsi olaraq qiymətləndirilir. Qobustanda, İstisuda (Kəlbəcər) və Gəmiqayada (Naxçıvan) olan qayaüstü təsvirlər məhz açıq səma altında olan muzey fikrinə sübut olaraq çıxış edir. Hətta məşhur Norveç alimi və səyyahı Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə “səma altında muzey” adlandırıb.
Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olmuşdur. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ilə qədər Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, ümummilli liderimizin hakimiyyəti illərində ölkəmizdə 111 müxtəlif profilli muzey yaradılmışdır. Ulu öndər muzeylərin əhəmiyyəti barədə deyirdi: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ulu öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlamışdır. Onun təşəbbüsü ilə respublika Mədəniyyət Nazirliyinin muzeylər idarəsi, muzey işi üzrə elmi-metodiki mərkəz, muzey ekspozisiyalarının bədii tərtibatı emalatxanası, muzey sərvətləri və xatirə əşyalarının bədii bərpa mərkəzi təşkil olunmuşdur. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılmışdır. Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilmişdir. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey maddi-mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi tədqiqat müəssisəsidir.
Ümummilli lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin imzaladığı “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli sərəncamı, 2009-cu il 22 may tarixli sərəncamla təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”, eləcə də qoruq muzeylərin təşkilinə, muzey işçilərinə fəxri adların verilməsinə dair sərəncamları bu sahəyə göstərilən böyük diqqət və qayğının bariz nümunələrdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” da xüsusi əhəmiyyət kəsb edərək milli mədəni irsimizin qorunmasını dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoymuşdur. Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənmiş, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilmişdir. Ümummilli liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir. Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edir.

Naxçıvanda qayğı altına alınan muzeylər göstərilən diqqətin bariz ifadəsidir

Naxçıvan Muxtar Respublikasında da ulu öndərin mədəniyyət siyasəti uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında bu sahədə böyük uğurlara nail olunmuşdur. Ali Məclis Sədrinin qayğısı ilə muxtar respublikamızda müxtəlif yeni muzeylərin yaradılması, fəaliyyət göstərən muzeylərin təmir-bərpa işlərinin diqqət mərkəzində saxlanILması tariximizə və dəyərələrimizə verilən əhəmiyyəti bir daha bariz nümayiş etdirir. Bu gün Əshabi-Kəhf iman və etiqad yerimiz olan ziyarətgah kimi fəaliyyət göstərirsə, Əlincə qalası milli qürur və alınmazlıq ünvanımız kimi, Mömünə xatın, Gülüstan, Qarabağlar Türbə Kompleksi, Yusif Küseyroğlu, İmamazada və başqaları nadir istedad və mədəniyyət nümunələrimiz kimi fəaliyyət göstərirlər. Gəmiqaya min illərin qədim və zəngin tarixini nümayiş etdirən dünyanın nadir açıq səma altındakı muzeylərindən biri kimi şöhrətimizə işıq tutur. Xalqımıza ləyaqətlə xidmət edən dahi və müdrik insanların adına yaradılan çoxsaylı muzeylər də zəngin istedadlı şəxsiyyətlər tariximizə işıq salır, dünya və bəşər mədəniyyətinə layiqli töhfələr vermiş insan kapitalımızı nümayiş etdirir. Muxtar respublikamızdakı xatirə muzey və kompleksləri də fəaliyyət göstərir ki, bu da xalqımızın tarixində fədakarlıq nümunələri kimi milli qürur yerimiz olaraq xüsusi bir mövqeyə sahibdirlər. Onlar and yerimiz, tarixi yaddaşımız, milli heysiyyətimizdir.
Milli-mədəni irsə yüksək qiymət verən və böyük qayğı ilə yanaşan Ali Məclisin Sədri cənab Vasif Talıbov demişdir: “Tarixi abidələr qədim irsimizin, milli mədəniyyətimizin öyrənilməsində əvəzsiz mənbədir. Xalqımızın tarixini özündə yaşadan abidələr həm də həm də milli dəyərlərimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir”. Bu baxımdan muxtar respublikamızda tarixi və mədəni abidələr milli dəyərlərin tərkib hissəsi kimi xalqın, ölkənin əsl simasını tanıdan yaradıcılıq məhsulları olaraq qorunur və təbliğ edilir. Təsadüfi deyil ki, ilk dəfə Naxçıvanda mövcud olan tarixi və mədəni abidələrin pasportlaşdırılması işi həyata keçirilmiş, dövlət nəzarətinə götürülərək qorunma altına alınmış, həmçinin hər biri abidə haqqında geniş məlumat verən ikicildlik “Naxçıvan abidələri” Ensiklopediyası nəşr edilmişdir. Məhz muxtar respublikamızın əsl simasını, tarixini, dəyərlərini və mədəni irsini tanıtmaq, təbliğ etmək istiqamətində tarixi və mədəni abidələr mühüm əhəmiyyətə malikdir ki, bu abidələr qorunur, bərpa edilir, qayğı altına alınır. “Mömünə xatın” memarlıq abidəsinin üzərində yazılmış bir müdrik kəlam var: “Biz gedirik, ancaq qalır ruzigar, Biz ölürük, əsər qalır yadigar”. Əlincaqala abidəsində daşlara yazılmış müdrik kəlamda deyilən kimi: “TARİXİ YAŞADANLARI TARİX DƏ YAŞADACAQDIR!”


Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031