SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bələdiyyələrin fəaliyyəti istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir

Bələdiyyələrin fəaliyyəti istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir
16-05-2019, 22:02

Mayın 16-da Babək rayonunda Ədliyyə Nazirliyinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bələdiyyələrin fəaliyyəti sahəsində maarifləndirmə tədbiri keçiriib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə bələdiyyə sahəsində qanunvericiliyin öyrənilməsi, bələdiyyələrin statusu, bələdiyyə torpaqlarının icarəyə verilməsi məsələləri haqqında məlumatlar verilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov “Yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və ailə təsərrüfatları ilə bələdiyyələrin qarşılıqlı münasibətləri” mövzusunda çıxış edərək bildirdi ki, yerli özünüidarə orqanlarının işində qanunçuluğun təmin edilməsi qanunvericiliklə Ədliyyə Nazirliyinin üzərinə qoyulmuş başlıca vəzifələrdən biridir. Nazirlik vəzifələrin icrasıyla əlaqədar mütəmadi olaraq bələdiyyələrin fəaliyyəti sahəsində maarifləndirmə tədbirləri keçirir. Cəfər Zülfüqarov qeyd etdi ki, 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması bu sahəyə diqqət və marağı daha da artırmışdır. “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, bələdiyyələr də ailə təsərrüfatlarının dəstəklənməsinə öz səlahiyyəti daxilində köməklik göstərə bilərlər. Qanunun tələblərinə əsasən bələdiyyələr də ailə təsərrüfatları ilə qarşılıqlı münasibətlərini gücləndirməli, üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər.

“Ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu” mövzusunda çıxış edən Nehrəm bələdiyyəsinin sədri Tofiq Abutalıbov ailə təsərrüfatlarının inkişafına dövlət tərəfindən diqqət və qayğı göstərildiyini vurğulayaraq həmin təsərrüfatların müsbət tərəfləri və əhəmiyyəti barədə danışdı.

“Bələdiyyə mülkiyyətinin idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda çıxış edən Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov qeyd etdi ki, bələdiyyə əmlakının əsas hissəsini bələdiyyə mülkiyyətində olan torpaqlar təşkil edir. Kənd təsərrüfatı məhsulu istehsalının artırılmasının vacib şərtlərindən biri də məhz bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli və məqsədyönlü istifadə edilməsidir. Bununla əlaqədar qanunvericilik torpaqların münbitliyinin təmin olunması sahəsində bələdiyyələrin də vəzifələrini müəyyən etmişdir. Yerli özünüidarə orqanları əhali arasında torpaqdan təyinatı üzrə və səmərəli istifadə edilməsi ilə bağlı maarifləndirmə işləri aparmalı və qanunvericiliklə müəyyən olunmuş tədbirləri mütəmadi həyata keçirməlidir.

Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri” mövzusunda çıxış etdi. Qeyd etdi ki, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir və icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməlidir. Bələdiyyələr müqavilə şərtlərinə əməl etməyən icarəçilərlə, istifadə edilməyən və ya qanuna, müqavilə şərtlərinə uyğun olmayan torpaqlardan qanunsuz istifadə hallarının qarşısının alınması, torpaqlardan daha səmərəli və düzgün istifadə olunmasının təmin olunması üçün bütün zəruri tədbirləri görməlidirlər.

Seminarın sonunda verilən suallar ətraflı cavablandırılmış, tədbir iştirakçılarına “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair” sənədlər toplusu və “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı” na dair metodik vəsaitlər təqdim olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031