SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda 15 may- Beynəlxalq Ailə Günü qeyd olunub-FOTOLAR

Naxçıvanda 15 may- Beynəlxalq Ailə Günü qeyd olunub-FOTOLAR
15-05-2019, 18:40

15 may-Beynəlxalq Ailə Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət nazirlikləri və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında tədbir keçirilmişdir.


Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERELERİ.COM-a verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, cəmiyyətimiz üçün həmişə müqəddəs hesab olunan, tarixən formalaşmış milli-əxlaqi dəyərlər üzərində qurulan, bu dəyərləri özündə yaşadaraq gələcək nəsillərə aparan Azərbaycan ailəsi öz möhkəmliyi ilə bu gün dünya ölkələri arasında fərqlənir.
Ailələrin müdafiəsi, ailə dəyərlərimizin qorunması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider milli dəyərlərimizin qorunub yaşadılması, ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görmüş, müvafiq sahə ilə bağlı möhkəm hüquqi baza yaradılmışdır.
Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkə rəhbərinin həyata keçirdiyi sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sağlam əsaslar üzərində qurulmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikasında da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Muxtar respublikada yaşayan ailələrin daha da möhkəmləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, ailələrinin məşğulluqlarının təmin olunması, sağlamlıqlarının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Komitə sədri qeyd etmişdir ki, hazırda Naxçıvan Muxtar Respublikasında 97041 ailə yaşayır. Bunlardan 461-i aztəminatlı, 1353-ü qaçqın və məcburi köçkün, 224-ü isə şəhid ailəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bütün kateqoriyadan olan ailələrin rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sosial qayğıya ehtiyacı olan ailələrin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görülür, onlara müavinətlər verilir, sosial müdafiələri gücləndirilir.
Bildirmişdir ki, ailələrin sağlamlıqlarının qorunması muxtar respublikada qarşıda duran əsas vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir. Muxtar respublikada aztəminatlı ailələrdən olan xəstələr üçün sağlamlıq layihələrinin həyata keçirilməsi, dispanserizasiya işinin yaxşılaşdırılması, əhalinin kütləvi müayinələrdən keçirilməsi ailələrimizin sağlamlıqlarının qorunmasına öz müsbət təsirini göstərmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada işsizliyin aradan qaldırılması, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində uğurlu tədbirlərin həyata keçirilməsi də davam etdirilir. Belə ki, muxtar respublikada ailə təsərrüfatlarının yaradılması ailələrimizin maddi və rifah halının yüksəlməsinə yönəlmiş əsas tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması, “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın qəbul olunması müxtəlif təsərrüfat sahələrində çalışan ailələr üçün yeni imkanlar açmışdır. Hazırda muxtar respublikada heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə 1020-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir.
Vurğulamışdır ki, aztəminatlı ailələrə xüsusi diqqət və qayğı ilə yanaşılması muxtar respublikada ailə siyasətinin əsasını təşkil edir. Belə ki, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımlar təyin olunur, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti dövlət orqanlarının nümayəndələri muxtar respublikada yaşayan aztəminatlı ailələrə mütəmadi baş çəkir, onların problemlərinin həlli istiqamətində müvafiq işlər görülür. Görülən işlərin nəticəsidir ki, ötən illə müqayisədə aztəminatlı ailələrin sayı 44 faizədək azalmışdır.
Ramilə seyidova bildirmişdir ki, ailələrə göstərilən hərtərəfli diqqət və qayğının nəticəsində bu gün muxtar respublikamızda milli-mənəvi dəyərlərinə bağlı olan, adət-ənənələrini dərindən mənimsəyən nümunəvi uzunömürlü ailələrimiz çoxluq təşkil edir. Hər il dövlətimiz tərəfindən uzunömürlü nümunəvi ailələrin evlilik yubileyləri qeyd olunur. Həmçinin Komitə sədri Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında keçirilən “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VI muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi haqqında məlumat vermiş, iştirakçılara uğurlar arzulamışdır.
Komitə sədri çıxışının sonunda bütün ailələri 15 may Beynəlxalq Ailə Günü münasibətilə təbrik etmiş, onlara can sağlığı, firəvan həyat arzulamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirmişdir ki, artıq 10 ildir ki, Beynəlxalq Ailə Günü Naxçıvan Muxtar Respublikasında dövlət səviyyəsində qeyd olunur. Müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümü olan nümunəvi ailələr müəyyənləşdirilir, onlarla görüşlər keçirilir, hədiyyələr təqdim olunur, həyat təcrübələri televiziya və mətbuatda işıqlandırılır. Həmçinin qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasında bütün kateqoriyadan olan ailələr hərtərəfli diqqət və qayğı ilə əhatə olunur. Muxtar respublikada yaşayan aztəminatlı ailələr, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzillə təminatı diqqətdə saxlanılır, onların sosial müdafiəsi gücləndirilir. Gənc ailələrin mənzillə təminatı üçün əlverişli şərait yaradılır. Ailələrin sosial rifahının yaxşılaşdırılması üçün müavinətlər, ünvanlı sosial yardımlar təyin edilir. Hər il muxtar respublikamızda istifadəyə verilən onlarla təhsil, səhiyyə və mədəniyyət müəssisələri ailələrə nümunəvi tibbi xidmətin göstərilməsinə, gənclərin savadlı və dünyagörüşlü yetişməsinə, asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edir. Həyata keçirilən kompleks tədbirlər muxtar respublikamızda sağlam ailə mühiti və sağlam gələcək naminə görülən məqsədyönlü siyasətin bəhrələridir.
Sonra Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev bildirmişdir ki, bu gün xüsusi qayğıya ehtiyacı olan ailələrdə özünəməşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Bugünədək 185 aztəminatlı ailəyə bu məqsədlə müvafiq köməklik göstərilmişdir. 2019-cu ilin 4 ayı ərzində məşğulluq xidməti vasitəsilə 900 nəfər işlə təmin edimişdir ki, onlardan 26-sı sağlamlıq imkanları məhdud, 33-ü isə aztəminatlı ailələrin təmsilçiləridir. Həmçinin, müvafiq dövrdə 56 işaxtaran peşə hazırlığına cəlb edilmişdir ki, onlardan 3-ü sağlamlıq imkanları məhdud şəxslərdir.
Sonra tədbirdə uzunömürlü ailələrin nümayəndələrindən Qadir Rəfiyev, Səfərov Sevindik, zabit ailəsinin üzvi Nəsib Zeyniyev və ailə təsərrüfatçısı Aygün Bayramova çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinə öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə iştirak edən bütün ailələrə, o cümlədən uzunömürlü, Azərbaycan Vətən müharibəsi əlili, gənc, hərbiçi, dövlət qulluqçusu, musiqiçi, müəllim, qaçqın və məcburi köçkün, sənətkar, ailə təsərrüfatı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və şəhid ailələrinə hədiyyələr təqdim olunub.
Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək ailələri 15 may Beynəlxalq ailə Günü münasibətilə təbrik etmiş, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VI muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi haqqında danışmışlar. Bildirilmişdir ki, müsabiqəyə 71 inşa, 73 rəsm, 40 dekorativ iş olmaqla ümumilikdə 184 iş təqdim olunmuş, münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri seçilmişdir.
Sonra orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında keçirilən “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VI muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi qalibləri mükafatlandırılıblar.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qrupunun, nümunəvi musiqiçi ailələrin üzvlərinin və Naxçıvan şəhərindəki 11 nömrəli uşaq bağçası fidanlarının ifalarında konsert proqramı göstərilib.


Naxçıvanda 15 may- Beynəlxalq Ailə Günü qeyd olunub-FOTOLAR
Naxçıvanda 15 may- Beynəlxalq Ailə Günü qeyd olunub-FOTOLAR
Naxçıvanda 15 may- Beynəlxalq Ailə Günü qeyd olunub-FOTOLAR
Naxçıvanda 15 may- Beynəlxalq Ailə Günü qeyd olunub-FOTOLAR

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031