SON DƏQİQƏ

naxcivanxeberleri.com

İxtiyar Hüseynli: “Naxçıvanda lider mövqedə olmayan bir sahə yoxdur”

İxtiyar Hüseynli: “Naxçıvanda lider mövqedə olmayan bir sahə yoxdur”
24-01-2022, 19:21

Azərbaycan Respublikasının Əməkdar jurnalisti, “Tərəqqi” medalı təltifçisi, “Qızıl qələm” mükafatı laureatçısı, Jurnalistlər Birliyinin üzvü, 2 mindən artıq analitik məqalənin, ictimai-siyasi mövzulu araşdırmaların, 30-dan artıq kitabın redaktoru, tərtibçisi, “Azərbaycan” qəzetinin Baş redaktorunun müavini İxtiyar Hüseynli və qəzetin Parlament və siyasət şöbəsinin redaktoru Rəşad Cəfərli ötən günlərdə Naxçıvana səfər ediblər. Burada olarkən 100 yaşlı qəzetimizin və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin də qonağı olublar. Biz də bu fürsəti dəyərləndirib, onların Naxçıvanla bağlı təəssüratlarını öyrəndik.

– Xoş gəlmisiniz. Əvvəlcə istərdim ki, doğma diyarımızla bağlı təəssüratlarınızı bölüşəsiniz. Ümumiyyətlə, Bakıdan gəlmiş bir jurnalist olaraq mərkəzi mətbuatın təmsilçisi kimi Naxçıvanda gedən prosesləri necə dəyərləndirirsiniz?

– Azərbaycan ta qədim dövrlərdən bu günədək minilliklərin süzgəcindən keçib. Keçmişə nəzər salanda aydın görürük ki, Naxçıvanın Azərbaycan tarixində mühüm töhfələri olub. Mən tarixi faktları sadalamayacağam, sadəcə, ən yeni tariximizin – müstəqillik dövrümüzün tarixinə nəzər salmaq istərdim. 90-cı illərdə Azərbaycanda başlayan milli azadlıq hərəkatının, ondan bir neçə il sonra başlayan dövlət quruculuq prosesinin ən uğurlu nəticələrinin başlanğıcı məhz Naxçıvanda olub. Uzun illər Azərbaycanda kortəbii şəkildə gedən milli azadlıq hərəkatı dünyanın ən böyük azərbaycanlısı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana gəlişindən sonra düzgün məcraya yönəldi. Xalqın maraqlarını, mənafeyini ifadə etdi. Görkəmli dövlət xadimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi həyata keçirdiyi islahatlar, onun müəllifi olduğu işlər Azərbaycanın dövlət quruculuğu prosesində ilklərə çevrildi və dövlət quruculuğu prosesinin ən mühüm mərhələləri, islahatları Naxçıvanda başlanıldı. Biz bu gün əminliklə deyirik ki, Naxçıvanda dahi şəxsiyyət tərəfindən əsası qoyulmuş uğurla məqsədyönlü siyasi islahatlar və məhz ulu öndərin siyasi dəstxəti, fədakarlığı ilə davam etdirilir. Mən bunu Bakıdan gəlmiş bir jurnalist olaraq, mərkəzi mətbuatın təmsilçisi olaraq aydın görürəm. Naxçıvanda gedən prosesləri bir cümlə ilə ümumiləşdirmək olar. Bu cümlənin müəllifi Azərbaycan Prezidenti cənab İlham Əliyevdir: “Naxçıvan Muxtar Respublikası inkişafa görə Azərbaycanda lider mövqedədir”. Bu, Naxçıvanda gedən proseslərin, Naxçıvanda görülən işlərin məcmusudur. Azərbaycanın gözbəbəyi olan Naxçıvanı bu çətin şəraitdə qorumaq, saxlamaq, inkişaf etdirmək muxtar respublika rəhbərinin uğurlu siyasi fəaliyyətinin nəticəsi, hər bir naxçıvanlının fədakarlığına, vətənpərvərliyinə verilən qiymətdir.

– Naxçıvana budəfəki gəlişinizin məqsədi barədə öyrənmək istərdik.
– Səfərimin məqsədi bu inkişafın əyani göstəriciləri ilə tanış olmaqdır. Biri var rəqəmlər, statistika, biri də real göstəricilər. Belə bir fikir var ki, hər cür müqayisə qüsurludur. Lakin həqiqət müqayisədə üzə çıxır. Mən Naxçıvana dəfələrlə səfər etmişəm. Hər səfərimdə buradakı inkişaf proseslərini gördükdə, yaxşı mənada, heyrətlənmişəm. Bugünkü Naxçıvan dünənki Naxçıvan deyil. Hər gün yenilənir, inkişaf edir, çiçəklənir. Artıq 4 gündür ki, həmkarım Rəşad Cəfərli ilə birgə Naxçıvandayıq və bütün növ infrastrukturla tanış olmuşuq. Kənd-kənd gəzmişik, dağ kəndlərində olmuşuq, sərhəd kəndlərində olmuşuq. Kiçik bir dağ kəndində gördüyümüz mənzərə, quruculuq, inkişaf, əhalinin çöhrəsində hiss etdiyimiz razılıq, məmnunluq heyranlıq doğurur. Təsəvvür edin ki, ən ucqar dağ kəndində yaradılan şərait bir çox şəhərlərdə yoxdur. Bunu pafosla demirəm, bu fikirləri bir vətəndaşın mövqeyi kimi qəbul edin. Buna çox sevinirik, bunu yaradan insanlara bir azərbaycanlı olaraq minnətdarlığımızı bildiririk. Bu gün bu sərhəd kəndlərinin timsalında yaradılan şərait, çiçəklənmə, inkişaf təkcə Naxçıvan üçün deyil, bütün Azərbaycan üçündür. Azərbaycanın qərb bölgəsindən uzaq düşmüş Naxçıvan bu gərginlik, bu narahatçılıq içərisində gündən-günə inkişaf edirsə, bu bütün Azərbaycan miqyasında ən mühüm amildir. 

 – Naxçıvanda sizi heyran edən məqamlar nələr oldu?

    – Diqqətimi çəkən bir məqamı da deyim. Ucqar dağ kəndlərinə avtomobillə qalxırdıq. Yolboyu, ən hündür yüksəkliyədək bizi sarı borular müşayiət edir. Baxın elə o sarı borular, Naxçıvandakı abadlığın, inkişafın ən mühüm rəmzlərindən biridir. Rəsmi faktlara nəzər saldıqda görərik ki, Naxçıvan artıq enerji ixrac edir. Naxçıvanda ən ucqar kəndin mavi yanacaqla, daimi enerji ilə təmin olunması ən böyük uğur göstəriciləridir. Bəzən insanlar bu inkişaf prosesinin ilk dövründən etibarən bu irəliləyişin içərisində olur deyə, o qədər də mahiyyətinə vara bilmir. Bəlkə, sizin üçün mənim söylədiklərim sıradan fikirlərdir. Siz bu illəri həyatınızda yaşamışsınız və bu olanlar sizin üçün reallaşıb. Ancaq dediyim kimi, həqiqət müqayisə zamanı üzə çıxır. 30 il öncəki Naxçıvanı bugünkü Naxçıvanla müqayisədə düşünün, nə qədər yeniliklər var. Biz bunu aydın şəkildə görürük. Və onu, xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Cənubi Qafqazda liderdirsə, Naxçıvan da Azərbaycanda liderdir. Çünki Naxçıvan inkişaf göstəricilərinə görə Azərbaycanın ən mühüm bölgəsidir. İnanıram ki, Naxçıvanın inkişafı davamlı, dayanıqlı olacaq və bir vətəndaş kimi bizi hər zaman sevindirəcək. 

  – Bir jurnalist kimi muxtar respublikada mətbuatın inkişaf səviyyəsi, xüsusilə də bu yaxınlarda yubileyini qeyd etdiyimiz  doğma qəzetimiz “Şərq qapısı” haqqında təəssüratlarınızı da bilmək istəyərdik.

    – Gəldiyimiz gündən bəri bizi “Təbriz” mehmanxanasında yüksək səviyyədə qonaqladılar. Orada pəncərədən baxarkən gözoxşayan  binaların nə üçün fəaliyyət göstərdiyini bələdçidən mütəmadi soruşurduq.  Bu binanı soruşduqda dedilər ki, bura “Şərq qapısı” qəzeti və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin fəaliyyət göstərdiyi binadır. Bu qəzetin redaksiyasında 15 il əvvəl olmuşdum. Binanın “Şərq qapısı”na aid olduğunu eşidəndə və qarşımda belə möhtəşəm bir binanı görəndə heyrətə gəldim. Qərara aldım ki, bu binada fəaliyyət göstərən əməkdaşlarla tanış olum. Bu tanışlıqdan böyük  məmnunluq duydum. Buradakı infrastruktur məni daha da heyrətləndirdi. Sözün açığı, burada yaradılan unikal şərait məndə qibtə doğurdu. Düşünürəm ki, mərkəzi mətbuatda  çalışan həmkarlarım da buradakı şəraiti görsəydilər, əminəm ki, sizə qibtə edərdilər. Bu, yaradıcı heyətin əməyinə dövlət tərəfindən verilən böyük qiymətdir, böyük dəyərdir.

    Biz əvvəlcə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin fəaliyyəti ilə tanış olduq. Birliyin direktoru oradakı avadanlıqlar barədə məlumat verdi. Nəşriyyat ən son model texnika ilə təchiz olunub. Burada yaradılan müasir poliqrafiya, çap olunan nəşrlər təqdirəlayiqdir. Qəzet redaksiyasında olarkən qəzetin baş redaktoru muxtar respublikada mətbuat sahəsində görülən işlər barədə danışdı.  Öyrəndik ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı muxtar respublika mətbuatını yeni inkişaf müstəvisinə çıxarıb. Bu gün muxtar respublikanın paytaxtının və hər bir rayonun özünün yüksək poliqrafik keyfiyyətlə çap olunan, dövriliyi təmin edilən və müasir iş şəraiti yaradılan mətbuat orqanı vardır. Bu, mətbuat sahəsinə göstərilən yüksək qiymətdir. Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması muxtar respublikada jurnalistlərin əməyinə verilən böyük dəyərin göstəricisidir. Yaradılan şərait Naxçıvanda mətbuatın hərtərəfli inkişafında özünü təcəssüm etdirir. Biz bunu görürük və fərəh hissi keçiririk.

    Onu da qeyd edim ki, bildiyimiz kimi, ötən il Naxçıvanda əlamətdar hadisələrdən biri də “Şərq qapısı” qəzetinin 100 illik yubileyi idi. Bu yubiley həm də Azərbaycan miqyasında geniş qeyd olundu. Azərbaycanın rəsmi qəzeti – “Azərbaycan” qəzetinin rəsmi səhifələrində də qəzetlə bağlı geniş məqalələr dərc edildi. Bu bir faktdır ki, mətbuat ənənələrinin formalaşması, düzgün məcrada inkişafında naxçıvanlı ustadların müstəsna, əlahiddə, xidmətləri, töhfələri olub. Onları yetişdirən məhz “Şərq qapısı” qəzetidir. Bu qəzetin Azərbaycan mətbuatında özünəməxsus mövqeyi var. Bu ənənələri bu gün Naxçıvan miqyasında “Şərq qapısı” qəzeti Şərqin qapısı qəzeti olaraq hər zaman daşıyıb və bu gün də daşıyır. “Şərq qapısı” qəzeti təkcə Azərbaycanın mətbuat tarixinin yox, ümumiyyətlə, Azərbaycan tarixinin ayrılmaz hissəsidir. Bu gün biz Azərbaycanın bütün bölgələrindəki muzeylərə nəzər salsaq, orada “Şərq qapısı” qəzetinin fotonüsxələrinə rast gələrik. Orada nələr əks olunub? Bir az əvvəl söylədiyim kimi, milli azadlıq hərəkatı və dövlət quruculuq prosesləri ilə bağlı əbədiyaşar liderimizin imzaladığı sərəncamlar, qərarlar, görüşlər yaşayan bir tarix “Şərq qapısı” qəzetində əbədiləşdirilib. Dönüb tarixə nəzər saldıqda, faktların məhz bu qəzetdən istinad kimi götürüldüyünü şahidi oluruq. Bu tarixi əhəmiyyətliliyi “Şərq qapısı” bu gün də uğurla davam etdirir. Bu gün biz qəzeti elektron şəkildə internetdən izləyə bilirik. Qiyabi şəkildə müəlliflərin hər birini tanıyırıq, Qəzetin baş redaktoru ilə müntəzəm əlaqə saxlayırıq, onun ictimai-siyasi xarakterli aktual məqalələri “Azərbaycan” qəzetində də dərc olunur. Müasir mətbuatın yaradıcı trendləri, informasiya resursları, yeniliklər barədə fikir mübadiləsi aparırıq.  Bir məqamı da qeyd etmək istərdim ki, qəzetdə bu gün dərc olunan məqalələr onilliklər, hətta deyərdim, yüzilliklər sonra Naxçıvanın tarixi araşdırılarkən vərəqlənəcək. Çünki bu qəzet tarixi öyrənmək, araşdırmaq üçün mühüm salnamədir. Qəzetdə gənc jurnalistlərin yetişdirilməsi də, xüsusilə diqqətimi cəlb etdi. Gəlişimizin 3-cü günü Naxçıvan Dövlət Universitetində olduq. Universitetin Media Mərkəzində olarkən jurnalistika fakültəsində oxuyan tələbələrlə həmsöhbət olduq. Jurnalist kadrların hazırlanması, onların işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Burada təhsil alan tələbələrin gənc jurnalist kimi yetişməsi üçün hər cür şərait var. Onlar nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə də yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mətbuatına öz töhfələrini verirlər. Mənim üçün sevindirici haldır ki, tələbələrin “Şərq qapısı” qəzetində yazıları dərc olunur və bu tələbə-jurnalistlər üçün çox mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, Naxçıvan mühitində “Şərq qapısı” qəzeti təkcə tələbə-jurnalistlər üçün deyil, bütün elm adamları üçün məbəd rolunu oynayır.

    Jurnalist əməyi ilə bağlı ən mükəmməl mövqeyin sahibi olan ulu öndərimiz Heydər Əliyev deyirdi: “Jurnalist əməyi qeyri-adi əməkdir”. Naxçıvanda qeyri-adi əməyə qeyri-adi himayədarlıqla yanaşılır. O qayğının nəticəsi “Şərq qapısı”nın, elə digər muxtar respublika qəzetlərinin də yaradıcı heyətinin məhsuldar fəaliyyətidir. Qarşılıqlı mənəvi öhdəliklər var. Bunlar heç biri hüquqi öhdəliklər deyil. Bu binada jurnalistlər üçün yaradılan şərait, kompüterləşmə, ən müasir avadanlıqlardan istifadə olunması məni çox heyrətləndirir. Jurnalist həmkarım Rəşad müəllimlə birgə buradakı mənzərəni görəndə bir daha şahidi olduq ki, Naxçıvanda lider mövqedə olmayan bir sahə yoxdur. Bunu çox yüksək qiymətləndiririk. İstər təhsil, istər səhiyyə, ümumiyyətlə, bütün sahələrdə, hərbi infrastrukturda da bunun şahidi olduq. Ucqar dağ kəndində yerləşən postdakı əsgərin üzündəki qürur, cəsurluq və məmnunluq ən böyük uğur, ən böyük nailiyyətdir. Sevinirik, fəxr edirik, qürur duyuruq ki, bu gün Naxçıvan çiçəklənən dövrünü yaşayır, yaşayacaq da. Bu diyardan aldığımız zəngin, tükənməz təəssüratı, heç şübhəsiz ki, qısa zamanda qəzetinizin ölkəmizin ən müxtəlif bölgələrindən olan çoxsaylı oxucuları ilə də bölüşəcəyik.
    – Doğma qəzetimizin digər qonağı “Azərbaycan”qəzetinin Parlament və siyasət şöbəsinin redaktoru Rəşad Cəfərlinin də Naxçıvanla bağlı ürək sözlərini dinlədik. 
    – Rəşad müəllim, İxtiyar müəllimdən öyrəndik ki, birlikdə Naxçıvan diyarını qarış-qarış gəzdiniz, gördünüz. Nə hisslər keçirdiniz?

    Naxçıvan elə bir dəyərləri özündə birləşdirir ki, onun haqqında eşitməyən, bilməyən yoxdur. Naxçıvan müasir inkişafın ən gözəl nümunələrini yaradan nümunəvi diyardır. Naxçıvan cənab Prezidentimiz İlham Əliyevin inkişaf siyasətini möhtəşəm şəkildə reallaşdıran bir məkandır. Mən təyyarədən endiyim andan bəri bunun şahidi oldum. 
    Biz Naxçıvana qar yağan gün gəldik və hava limanından çölə addımımızı atan kimi buradakı işgüzarlığı, fədakarlığı, hərəkətliliyi gördük. Yer- göy donmuşdu, ancaq həyat çağlayırdı. Deyirlər, tanışlıq haradan başlayır? – hava limanından. Elə biz də hava limanından başlayaraq bu ana qədər Naxçıvanın bir çox yerlərində olduq, bu diyarla bağlı müsbət fikirlərin doğruluğunun şahidi olduq. Onu da qeyd edim ki, Naxçıvanda gözəl təşkilatçılıq var. Burada hər kəs öz işini bilir. Naxçıvan Muxtar Respublikasında aparılan siyasət bütün bölgələr üçün nümunədir.

Naxçıvan düşmənlə üz-üzə dayanan və düşmənə gözdağı olan qeyrətli oğulların məskənidir. Biz bu diyarı hər zaman sevmişik, uğurlarına sevinmişik və qürur hissi keçirmişik. Arzu edirəm ki, bu sevinci və qüruru hər zaman yaşayaq.

   Maraqlı müsahibəniz üçün dərin minnətdarlığımı bildirirəm. Sağ olun.

Gülcamal TAHİROVA

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031