SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ədəbiyyatımızın ana dili şairi

Ədəbiyyatımızın ana dili şairi
15-01-2022, 19:00

Azərbaycan xalqının qədimlərdən başlayaraq davam edən mübarizələrindən biri də dil məsələləridir. Hər dövrdə elmi-mədəni problemlər içərisində dil məsələləri öz aktuallığı ilə seçilirmiş. dilimizin saflığı uğrunda mübarizə davam etmişdir.

Görkəmli Azərbaycan maarifçisi Firidun bəy Köçərli deyirdi ki, əgər bir xalqın bütün maddi və mənəvi irsini əlindən alsan, ancaq ana dilinə toxunmasan, həmin millət yox olmaz. O, az müddət sonra yenidən ayağa qalxar. Ana dili olmayan bir milləti isə heç bir mal-dövlətlə diriltmək olmaz.  Doğrudan da,  xalq dili ilə tanınir. Dili olmayan xalq isə ölümə məhkumdur.

Mənim dilim- Azərbaycan dili dünyanın zəngin dillərindən biridir. Bu dili yaşadan xalqdır. Dilimizin saflığı uğrunda mübarizə bunu bir daha təsdiq edir. Qeyd edək  ki, hər bir dövrdə dil məsələləri ilə məşğul olanların, demək olar ki, hamısı yazıçılardır. Dil tarixinin müxtəlif mərhələləri məhz həmin dövrdə yaşayıb-yaratmış sənətkarlarla bağlıdır. Çünki həmin sənətkarlar həmin dövrdə mövcud olan dilə daha tez müdaxilə edə bilirlər. Onlar öz əsərləi ilə dilə yeni-yeni sözlər gətirə və sözü zaman-zaman dildən uzaqlaşdıra da biliblər.

 Vaxtı ilə doğma dilində bədii əsər yaratmaq istəyən, ancaq bu arzusuna çata bilməyən Nizami Gəncəvinin ürək parçalayan sözləri 800 ildən artıqdır ki, qulaqlarımızda səslənir: 

Buyruq halqasına düşdü qulağım,

Qan vurdu beynimə, əsdi dodağım.

Nə ixtiyarım var əmrdən qaçam,

Nə də ki könlüm var, xəzinə açam

 

Nəsimi, Füzuli, Xətayi kimi sənətkarlar, M.F.Axundzadə, C.Məmmədquluzadə, Ö. F. Nemanzadə,  Qasım bəy Zakir S.Vurğun,  Bəxtiyar Vahabzadə bu ənənənin görkəmli nümayəndələrindən olmuş,   Ana dilimizin saflığının qorunması problemi əsərlərinin əsas mövzusuna çevrilmişdir. Onlar öz əsərlərində bu problemi əsərlərinin leytmotivinə çevirmiş və bu problemin qarşısını almaq yollarını göstərmişlər.

Ulu öndər Heydər Əliyev deyirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sənəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”

Bu anda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sözləri də yada düşür: ”Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq”.

Xalqın ruhundan doğan və ürəkdən gələn fikirləri  ana dilində olduğu qədər aydın və dəqiq şəkildə ifadə etmək qeyri-mümkündür . Ana dili aid olduğu, xidmət etdiyi, xalqın ruhu ilə bağlanmış, minillərlə onun düşüncələrini  ifadəçisi olmuşdur.  Bir fikri qeyd etmək yerinə düşər: “Xalqın dili onun mənəvi həyatını heçbir vaxt solmayan və daim təzədən çiçəklənən, tarix sərhədlərindən çox uzaqda başlanmış boyasıdır. Dildə bütün xalq və onun bütün vətəni canlanmış olur. İnsanın bəzən sərt vətəninə qarşı məhəbbətini aydın göstərən onun doğma mahnılarında, doğma şərqilərində, xalq şairinin sözlərində öz doğma təbiətinin səsi ana dilində özünü göstərir.  Xalq nəsilləri birbirinin ardınca keçib gedirlər,lakin hər nəslin həyat nəticəlıri dil vasitəsilə gələcək nəsilə irs olaraq qalır. Dil xalqın içərisində ölüb keçənlərin, yaşamaqda olanları və gələcək nəsilləri böyük tarixi və canlı bir tam şəklində birləşdirən ən canlı, ən məhsuldar və ən möhkəm əlaqədir” .

XX əsrin sonu, XXI əsrin əvvəllərində də dilimizin saflığı uğrunda mübarizə davam etmiş, bir çox yazarlarımız bu mübarizənin önündə getmişlər. Bu ədiblərimizdən biri də xalq şairi Bəxtiyar Vahabzadədir. B.Vahabzadənin dilimizin saflığı ilə bağlı apardığı mübarizə danılmazdır. Şairin bir çox şeirlərində ana dilinin saflığının qorunması kimi məsələlər öz əksini tapır. Bəlkə də buna görədir ki, şairi ”ədəbiyyatımızın ana dili şairi” adlandırıblar.

Xalqın həyatını, onun keçmişini, bugününü dərindən bilən, gələcəyini ürək yanğısı ilə düşünən Bəxtiyar Vahabzadənin poeziyası dilin əsl mahiyyətini, səfərbəredici gücünü, insanın təşəkkül və təkamülündə oynadığı əvəzsiz rolunu araşdırmaqdan ötrü zəngin material verir. Şairin poeziyasına dərindən bələd olduqca ondakı coşqun fikirlərə, yüksək sənətkarlığa, fikir və düşüncənin dərinliyinə heyran qalırsan. Bəxtiyar Vahabzadə poeziyasındakı bütün müsbət keyfiyyətlərin mayası doğma ana dilidir, milli leksikonumuzdur. Şair dilimizin inçəliklərindən, sözdən böyük məharət və incə zövqlə istifadə etmişdir.

Müasir Azərbaycan ədəbiyyatında B.Vahabzadənin dilə, dil tarixinə, onun saflığına, qorunmasına həsr etdiyi şeirlərin sayı çoxdur. Bunun səbəbi isə şairin öz dilini sevməsi, bu dili qoruması idi.  O, öz əsərlərində dilin xalq üçün necə dəyərli mənəvi sərvət olması fikrini əsaslandırmış və dilimizin gözəlliklərindən bəhs etmişdir.

Sovetlər quruluşu zamanında sözdə millətlərin mədəniyyəti təriflənsə də, milli respublikaların dillərinin inkişafına  mənfi münasibət mövcud idi. Kommunist  məfkurəsi sözdə beynəlmiləlçi olsa da, əməldə sovet xalqlarının dillərinə eyni münasibət yox idi, bu sahədə xüsusi məhdudiyyətlər qoyulmuşdu. Dövlət və partiya orqanlarında, orduda bütün sənədləşmə və ünsiyyət  ancaq rus dilində aparılırdı. Rəsmi dövlət adamları məclislərdə ancaq rusca danışırdı. Rus dilli orta məktəblərin sayı süni surətdə artırılır və aşkar ruslaşdırma siyasəti aparılırdı.

Ana dilinin sıxışdırılması barədə hər hansı  söz danışmaq millətçilik kimi damğalanır və repressiyalara səbəb olurdu. Belə bir ağır şəraitdə B.Vahabzadə  bir çox şeir və poemalarında ana dili probleminə qayıdır və  onun alovlu təəssübkeşi kimi çıxış edirdi.

  1. Vahabzadə dili məxsus olduğu xalqın tarixini özündə yaşadan bir vasitə kimi qiymətləndirmiş, əsərlərində  bunu təbliğ etmişdir.Şairin ədəbi-ictimai fəaliyyətinə nəzər yetirdikdə bir daha əmin olursan ki, bu çoxşaxəli fəaliyyətin arxasında vətən sevgisi, xalqına, onun dilinə böyük məhəbbət dayanır.
  2. Vahabzadə qəzet və jurnallarda “Ana dilim-ana köküm !”, ” Tarix, dil, ənənə”, ”Ana dili”, ”Dil haqqında sorğu”, ”Bir daha ana dili haqqında”, ”Dil və əlifba”, ”Dilimiz-ədəbiyyatımız”, ”Dildə təbiilik və gözəllik”, ”Ana dili dövlət dili” kimi məqalələrlə çıxış etmişdir.  O, bu kimi məqalələrində  Azərbaycan dilini yüksək qiymətləndirmiş, bir şair kimi dilimizi bədii təsvir və ifadə vasitələri ilə zənginləşdirmişdir. O,  eyni zamanda, bir sənətkar kimi dil və şeir arasında olan bağları aşkarlamağa çalışmışdır.
  3. Vahabzadə şair, ictimai xadim, vətəndaş kimi ana dilimizin həm təbliğatçısı, həm qoruyucusu, həm də yaradıcısı olmuş, müasir Azərbaycan ədəbi dilinin inkişafında xüsusi xidmətləri olmuşdur. Ədəbiyyatşünas R.Xəlilovun sözləri ilə desək: ”O, Azərbaycan dilinə məhəbbətlə yanaşmağa öyrədən, Füzulinin, Xətainin, Cəlil Məmmədquluzadənin, Sabirin, Səməd Vurğunun dil mədəniyyətinə varis çıxan, sadiq qalan şairlərimizdən biridir”.

Beləcə, hər  bir söz sənəti nümayəndəsi kimi, Bəxtiyar Vahabzadə də ədəbi-bədii dilin, ədəbi yaradıcılığın sirlərinə  dərindən yiyələnmiş, öz dəsti-xətti ilə seçilmişdir.

Şair bir çox mövzularda - fəlsəfi, sevgi-məhəbbət, təbiət haqqında  çoxlu şeirlər yazmışdır. Lakin şairin dil haqqında yazdığı şeirlər çoxluq təşkil edir və nisbətən daha sosial səciyyə daşıyır. O, bu əsərləri ilə oxucunu dil haqqında düşünməyə  sövq edir. Onu daha çox vətən şairi kimi tanısaq da, şairin dil haqqındakı şeirləri xüsusi diqqətəlayiqdir. Bu cür şeirləri  dilə sevgisi ilə yazılmış, dilimizdə qürurla bəhs etmişdir.

Şair məqalə və şeirlərində dil ilə bağlı olan ən mütərəqqi fikirləri oxucuya aşılayır, onları dilimizi sevməyə çağırırdı.  O, milli şüurun inkişafını dildə görür və ona görə də “ana dili”nə “ana köküm” deyirdi. O bu yolda öz sələflərinin işini davam etdirərək, zaman keçdikcə inkişaf nəticəsində dəyişilən dilimizi qorumağa çalışmışdır.

 Dilçi alim B.Xəlilov B.Vahabzadənin əsərlərini təhlil etmiş, öz düşüncələrini qələmə almışdır. B. Xəlilov şairin dilə münasibəti barədə yazarkən onun məqalələrinin xüsusi dəyərə malik olduğunu qeyd etmişdir. Müəllif şairin bir neçə məqaləsini misal gətirərək, şairin xalq folklorundan da yararlandığını, ona necə dəyər verdiyini söyləmişdir. Bayatıları təhlil etməkdə xalqın dilinin dürüstlüyünü bilməyin mümkünlüyünü sübut etmişdir. “Bəxtiyar Vahabzadə 1973-cü ildə ”Bayatılar”, ”Ana laylası, uşaq dünyası” məqalələrini yazır. Bu məqalələrdə o, xalq yaradıcılığından - bayatılardan, laylalardan,yəni xalqın ruhundan süzülüb gələnləri yaşatmağımızı vacib sayır. Bununla belə,məqalələrdə qeyd edilir ki, doğma dilimizin, doğma dilimizim sözlərimizin sehrində xalqın düşüncəsini,mənəviyyatını əxz edə bilirik. Deməli,yenə də dil aparıcı mövqedə olur”.

  1. Vahabzadə yaradıcılığının şah əsərlərindən biri  “Ana dili” şeiridir. Bu şeir onun yaradıcılığının əsasını təşkil edir. Bu şeirdə şair dil üçün deyiləcək ən mütərəqqi fikir və ideyalarını əks etdirmişdir. Dilin xalqın həyatında nə qədər vacib bir vasitə olması fikri diqqətə çatdırılmışdır. Şeirdə ana-vətən vəhdəti, sevgisi hiss olunur. Şeirin birinci misralarına diqqət etsək bunun şahidi ola bilərik.

Dil açanda ilk dəfə, ana söyləyirik biz,

Ana dili adlanır bizim ilk dərsliyimiz.

Şair,  eyni zamanda, ”dili insanın anasından öyrəndiyi ən qiymətli sərvət, vətənə və millətə məhəbbətinin başlanğıcı kimi səciyyələndirir” 

Şair öz fərqli baxışları ilə diqqət çəkir. Dilimizi o qədər gözəl tərənnüm edir ki, bu dildə danımağı ar bilənlərə sanki dərs vermiş olur. Öz sözləri ilə bəlkə də onları utandırmaq istəyir .

      Ey öz doğma dilində danışmağı ar bilən,

Bunu iftixar bilən , modalı ədəbazlar

   Qəlbinizi oxşamır qoşmalar telli sazlar.

Qoy bunlar mənim olsun.

 Ancaq vətən çörəyi, bir də ana ürəyi

      Sizlərə qənim olsun

Tanınmış alim Cavad Heyətin dediyi kimi ―Dil kulturun aynası və onun təməl rüknüdür, insanın düşüncə və duyğularını, xəyal və istəklərini bütün incəlikləri ilə açıqlayan və yaşamasına imkan hazırlayan dildir. Cəmiyyəti millət halına gətirən bağların ən güclüsü dildir

Şair dilimizin gözlliklərindən ağızdolusu bəhs edir. Dil, ana dili məsələləri Bəxtiyar Vahabzadənin bədii və publisistik yazılarının daimi, sabit mövzularından olmuş, dilin mənasını və əhəmiyyətini  həm özünə, həm də başqalarına açmağa çalışmışdır:

      Bu dil - bizim ruhumuz, eşqimiz. canımızdır,

   Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.

    Bu dil-tanıtmış bizə bu dünyada hər şeyi.

Bu dil -əcdadımızın bizə qoyub getdiyi

    Ən qiymətli mirasdır, onu gözlərimiz tək

      Qoryub nəsillərə biz də hədiyyə verək

Şairə görə, dil təkcə ünsiyyət vasitəsi deyil, dil insanların özlərini ifadə etmələrində,  duyğu və hisslərini bölüşə bilməklərində də əsas vasitədir:

   Mən bu dildə hiss eşitmişəm

      Həm sevinci, həm də qəmi,

Bu dil ilə yaratmışam

         Hər şeirimi, hər nəğməmi

Şair göstərir ki, tariximiz də, mədəniyyətimizdə dilimizdə yaşayır.  Bu dil yaşadıqca biz də var olacayıq:

   Ana dilim, səndədir xalqın əqli, hikməti,

          Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.

Ürəklərə yol açan Füzulinin sənəti,

        Ey dilim, qüdrətinlə dünyalara yol açmış.

          Səndə mənim xalqımın  qəhrəmanlıqla dolu

Tarixi varaqlanır.

     Səndə neçə min illik mənim mədəniyyətim,

Şan-şöhrətim saxlanır.

Mənim adım-sanımsan,

   Namusum, vicdanımsan!

Şair bu sahədə apardığı mübarizəni belə dəyərləndirirdi:  ”Sovet dövründə mənim əsas mübarizəm ana dilimizin rəsmi dövlət  idarələrindən uzaqlaşdırılmasına görə idi. Bu dövrdə milli dillər sıxışdırılır, assimilyasiyaya uğramaq vəziyyətinə salınırdı. Xalqın milli varlığı ilk növbədə onun dili ilə bağlıdır. Dili olmayan xalqın özü də yoxdur. Gündəlik ünsiyyətdə Azərbaycan dilinin rus dili ilə əvəz edilməsi ömrüm boyu məni ağrıtmış  və mən həm məqalələrimdə, həm də şeirlərimdə bu dilin müdafiəsinə qalxmışam ” 

Bəxtiyar Vahabzadə  öz dilini sevən vətəndaş kimi dilinin müstəqil bir respublikanın dövlət dili kimi işlənməsindən qürur hissi keçirdiyini  belə qeyd edirdi:

Dilim ayaqlarda toz olan zaman

Ali məclislərdən qovulan zaman

Rahatsız deyildim ana dilimdən

Sənə güvənirdim,

bilirdim ki, mən

Dilimdə danışan bir türk yurdu var,

 Öz dilim yaşarsa, millətim yaşar! 

Göründüyü kimi,  dil, dilin saflığı, qorunması məsələləri Bəxtiyar Vahabzadə yaradıcılığının ana xəttini təşkil etmiş, şair bütün omrü boyu bu ənənəyə sadiq qalmışdır.

Bəxtiyar Vahabzadə  yaradıcılığına münasibət bildirən Ramazan Qafarlı yazır: “Dil məsələsində heç kəsə güzəştə getmir. Çünki dil  ürəyinin açarıdır”. O açarı başqasına verəndən ne gözləmək olar? Dilinə xor baxan torpağına kor baxar. Ana südünü əmənde eşitdiyi laylanı qulaqlarında sırğa etməyənlər üçün müqəddəs şey yoxdur. Şair yeri gələndə heç ustad Şəhriyarı da bağışlamır, acısa da günahını üzünə deyir:

Məni bağışlasın

Şəhriyarım da,

Otuz il özgəyə “berader” dedi.

Öz doğma yurdunda, öz Diyarında

Doğma anasına o “mader” dedi.

Ele ki, yumruğu yere dirəndi,

        Dərhal yada düşdü doğmaca kendi.

B.Vahabzadə yaradıcılığı bir daha sübut etdi ki,  ana dili məsələsi onu daima düşündürmüş, bu sahədə böyük işlər görmüşdür.  Şair çox gözəl bilirdi ki, millətin bir millət kimi məhvinə yalnız bir yolla nail olmaq mümkündür – onun dilini əlindən almaqla. Ona görə də həmişə doğma ana dilinə  hörmətlə yanaşmış bu dildə yazib-yaratmaqdan qürur duyduğunu dilə gətirmiş, dilini sevməyənlərə, bu dildə danışmaq istəməyənlərə öz əsərləri ilə tutarlı cavablar vermişdir.

Fəxriyyə CƏFƏROVA

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31