SON DƏQİQƏ

naxcivanxeberleri.com

Almanın faydaları haqqında

Almanın faydaları haqqında
15-01-2022, 16:30

Alma gözəl pəhriz və müalicə ərzağıdır. Hələ qədim zamanlardan bilirdilər ki, gecə yeyilən alma sakit və yaxşı yuxu gətirir, mədəni yumşaq edir. Tarixdə romalılar haqqında belə bir deyim var idi: Romalılar yeməyi yumurta ilə başlayıb, alma ilə bitirirdilər. Keçən əsrdə almanı belə qiymətləndirirdilər: “Təzə alma, onun qaxı və bişmişi dadlı, faydalı ərzaq məhsuludur. O, qan azlığında və təngənəfəslikdə faydalıdır, əsəbləri sakitləşdirir və beynin fəaliyyətini yaxşılaşdırır”. Həzm pozğunluğunda, avitominozda, qanazlığında (anemiya) və həddən artıq kök olan insanlarda (piylənmə) alma pəhriz qidası kimi istifadə edilir. Kolit (yoğun bağırsağın iltihabı), dizinteriya, malyariya və qarın yatalağının müalicə olunmasında almanın istifadə olunma təcrübələri məlumdur. Almanın tərkibində ürəyin fəaliyyətini normal saxlayan kaliumun olması onun faydalılığını bir daha artırır. Türşəng turşusunun (oksalat) orqanizmdən çıxarılmasına alma kömək edir. Almanın tərkibində olan pektin orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır və bədəndə olan zəhərli məhsulların xaric olmasına kömək edir. Orqanizmdə olan artıq xolestirinin bədəndən xaric olmasına səbəb olur. Müəyyən edilmişdir ki, almadakı pektin qrupu virusun inkişafını ləngidir. Amerikada soyuqdəymə xəstəliklərinin qarşısını almaq üçün almadan istifadə təcrübəsi mövcuddur. Bu təcrübənin nəticəsində müəyyən edilmişdir ki, gündə 2-3 alma yedikdə soyuqdəymə xəstəliyi iki dəfə, hipertoniya (qan təzyiqi) xəstəliyi isə 6 dəfə azalır. Hətta gündə bir alma yedikdə də yaxşı nəticə əldə edilmişdir. Almanın tərkibindəki, kalium ürək damarları əzələlərinin fəaliyyətini normallaşdırır. Almanın tərkibindəki pektin orqanizmdə zəhərli maddələri və ağır metalların duzlarını (kobaltı, qurğuşun, nikel) neytrallaşdırır və onları orqanizmdən çıxarır. Qeyd etmək lazımdır ki, onu uzun müddət saxlayanda belə öz zərərsizləşdirici təsirini itirmir. Almada xlor mənşəli turşuların olması daş əmələ gəlməsinə qarşı profilaktik vasitə kimi istifadə edilməsinə əsas verir. Xalq təbabətində təzə alma, alma çayı və bişmiş alma həzm prosesini yaxşılaşdırır, öskürəyi yumşaldır, revmatizm və böyrəkdaşı xəstəliklərində (nefrolitiaz), qanazlığında, avitaminozda və miqrendə faydalıdır. Bişmiş alma xroniki qəbizlikdə, təzə alma isə sklerozda və sidikqovucu kimi də istifadə edilir. Şərq təbabətində ürək və beyin xəstəliklərində alma müalicə vasitəsi kimi istifadə edilirdi, onunla sklerozu və qan təzyiqini müalicə edirdilər. Son illərin tədqiqatları göstərir ki, almanın ayrı-ayrı növləri C və P vitaminləri ilə zəngin olduğu üçün ateroskleroz, hipertoniya və revmatizmdə müali.cə vasitəsi kimi istifadə edilir. Şəkər xəstəliyində və piylənmədə turş alma növləri məsləhətdir. Ürək-damar xəstəliklərində, podaqrada (oynaq və toxumaların duzlaşma xəstəliyi), böyrəkdə və sidik kisəsində daş olduqda almanın şirin növlərini yemək məsləhətdir. Duz mübadiləsini yaxşılaşdırmaq üçün alma çayı təyin edilir.

  • Alma çayı belə hazırlanır: 2-3 ədəd alma təmizlənib, yuyulur və doğranır, bir litr suda 15 dəqiqə qaynadılır. İsti alma həlimi kəskin respitator xəstəliklərində öskürəkdə, səs tellərinin iltihabında və xırıltısında kömək edir. Turş alma növlərindən hazırlanan şirənin tərkibindəki dəmir, qan azlığını müalicə etmək üçün işlədilir. Turş və turşməzə alma yemək və ya onun şirəsini sıxıb içmək qan təzyiqini sakitləşdirir. Piylənmə zamanı çəkini azaltmaq üçün alma günü məsləhət görülür. Bu məqsədlə 1,5 kq alma beş hissəyə bölünür. Gün ərzində beş dəfə yeyilir. Həmin gün orqanizm su tələb etmədiyi üçün insanın çəkisi 0,5-1,0 kq azalır. Bu məqsədlə turş alma daha səmərəlidir. Xəstəlik zamanı insan orqanizmindən külli miqdarda maddələr ayrılır ki, bu maddələri (məhsulları) bədəndən xaric etmək üçün acqarına çiy alma yemək məsləhətdir. Yadda saxlamaq lazımdır ki, çiy alma mədə və onikibarmaq bağırsaq xorası olduqda zərərlidir və yemək olmaz. Belə bir deyim var: sağlamlıq üçünbir almanı səhər, gözəllik üçün isə ikinci almanı axşam yemək məsləhətdir.

Reseptlər:

  • Qan azlığında gündə yeməkdən qabaq 2-3 dəfə, hər dəfə 3-5 alma yemək məsləhətdir.
  • İştahı artırmaq və qəbizliyin qabağını almaq üçün yeməkdən qabaq qabığını soymadan 2-3 alma yemək lazımdır.
  • Böyrəklərdə və sidik kisəsində daş olduqda alma qabığının çayını içmək lazımdır: 1 xörək qaşığı qurudulmuş alma qabığını 1 stəkan qaynanmış suda çay kimi dəmləmək, gündə 5-6 dəfə yeməkdən qabaq yarım stəkan qəbul etmək faydalıdır.
  • Tərlədici və vitamin mənbəyi kimi yarpaqlarından istifadə edilir. Bunun üçün xırdalanmış yarpaqları 1:4 nisbətində qaynar su ilə su hamamında 15 dəqiqə dəmlənir, soyudulur, süzülür və yeməkdən qabaq gündə 4-5 dəfə 2-3 xörək qaşığı qəbul edilir.
  • Təzə almaları kompot kimi istifadə etmək daha faydalıdır. Belə hesab edilir ki, almanın meyvəsində C vitaminini oksidləşdirmə qabiliyyətinə malik olan maddələr vardır. Almadan kompot bişirəndə termiki emal bu maddələri məhv edir və orqanizmə daxil olan C vitamininin miqdarı artır.
  • Alma kompotu ürək, qaraciyər və böyrək xəstəliklərində faydalıdır.
  • Gündə 2-3 alma yemək qanda olan pis xolesterinin (LDL) miqdarını aşagı salır. Alma insan orqanizminə təsir edən radiasiyanı azaldır. Bu yaxınlarda alimlər müəyyən etmişlər ki, almanın qabığındakı flavonoidlərxərçəng xəstəliyinə müqavimət göstərmə qabiliyyətinə malikdir.
  • Boğaz iltihabında almanı və soğanı sürtgəcdən keçirib bərabər nisbətdə bala qataraq gündə 2-3 dəfə hər dəfə 3 çay qaşığı qəbul etmək faydalıdır.
  • Öskürək və xırıltı zamanı 3 ədəd təmizlənməmiş almanı yumaq, xırda dilimlərə bölüb 1 litr su ilə 35 dəqiqə qaynadaraq isti-isti gündə 2-3 stəkan içmək olar.
  • Mədə-bağırsaq xəstəliklərində. Qastritdə: Göy alma növünün 2 ədədinin qabığını və özəyini təmizləmək, xırda sürtgəcdən keçirib səhər tezdən yemək lazımdır. Müalicəni aşağıdakı qaydada aparılmalıdır: birinci ay – hər gün, 2-ci ay həftədə 2-3 dəfə, 3-cü ay həftədə bir dəfə. Bunu axşamlar qəbul etməmək məsləhətdir.
  • Mədə xorasında (katar): 1 çay qaşığı quru çiçəklərinin üzərinə 1 stəkan qaynanmış su töküb 30 dəq. dəmləmək və kiçik qurtumlarla gün ərzində içmək.
  • Qaraciyər və ödyolları xəstəliklərində 0,5 litr alma şirəsində 75 qram balı həll edib gündə 3-4 dəfə 0,5 stəkan içmək faydalıdır.
  • Alma sirkəsi bir çox xəstəliklərdə müalicəvi təsir göstərir. Alma sirkəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, kaliumla, mineral elementləri – fosforu, xloru, natriumu, magneziumu, kalsiumu, kükürdü, dəmiri, flüoru, silisiumu əlaqələndirir. Bununla da onun dərman universallığı izah olunur.

Xroniki yorğunluq – xəstəliyinin səbəbi bədəndə yod çatışmazlığıdır. Orqanizmdə yod çatmadıqda: iş qabiliyyəti azalır, yaddaş zəifləyir, insan əsəbi olur, qulaqlarda səs, oynaqlarda ağrı olur.

Resept:

  • 1 stəkan qaynanmış suya, 1 çay qaşığı alma sirkəsi, 1 çay qaşığı bal, 1 damcı yod

Bunları qarışdırıb gündə 1 dəfə yeməkdən sonra içmək. Bir ay ərzində 8 gün içib 2 gün fasilə etmək.

  • 1 çay qaşığı alma sirkəsini 1 stəkan alma şirəsinə qatıb 1 damcı 5%-li yod töküb qarışdırmaq, yemək vaxtı qurtum-qurtum içmək. Bu əsəb gərginliyində və yuxusuzluqda faydalıdır.
  • Ağır formalı titrətmə-qızdırmada 1 stəkan suya 2 çay qaşığı alma sirkəsi və 2 çay qaşığı bal töküb içmək. Bu, xəstəliyin bütün əlamətlərini aradan qaldırır. Bu qatışığı səhər yeməyinə qədər və gecə içmək məsləhətdir.
  • Dəmrov xəstəliklərində su qatılmamış alma sirkəsindən kompres qoymaq məsləhət görülür. Alma sirkəsindən kompres sutkada 6 dəfəyə qədər qoyulur və dəmrov tez bir zamanda sağalır.

Alma sirkəsi gözəl antiseptik vasitədir.

  • Həddən artıq kökəlmədə və artıq çəkidən xilas olmaq üçün alma sirkəsindən istifadə edilə bilər. Bunun üçün hər yemək vaxtı 1 stəkan suya 2 çay qaşığı alma sirkəsi töküb içilərsə 2 aydan sonra nəticə göz qabağında olacaqdır.
  • Oynaqlarda kəskin podaqra tutmalarında zədələnmiş oynaqlara isladılmış alma dilimindən gecə vaxtı kompres qoyulur, səhər kompres götürülür. Bu müalicə 2-3 həftə ağrı çəkilənə, şiş yumşalana qədər davam etdirilir. Şirəli (sulu) alma daha faydalıdır.
  • Zob xəstəliyində çoxlu yetişmiş alma yemək məsləhət görülür.
  • Yanmış əzələ və ya toxumaya alma sirkəsində isladılmış sarıq bağlamaq yaxşıdır. Bu ağrını azaldır və suluq əmələ gəlməsinin qarşısını alır.
  • Anginada ağız və boğazı alma sirkəsi ilə qarqara etmək faydalıdır. Qarqaranı əvvəl hər 1 saatdanbir etmək, ağrı azaldıqdan sonra isə hər 2 saatdan bir etmək lazımdır. Qarqara çox böyük səmərə verir, o halda ki, bu məhluldan azca içəsən. Bu üsulla 24 saat ərzində anginanı müalicə etmək mümkündür.
  • Varikozlu venaların üstünə alma sirkəsi töküb massaj edilərsə, 1 aydan sonra yaxşı nəticə özünü göstərəcəkdir.
  • Oynaqların zədələnməsində (poliartritdə) çox ağrı olduqda alma sirkəsi yaxşı kömək edir. Bunun üçün hər yeməkdən sonra 1-2 çay qaşığı alma şirəsini 1 stəkan suya töküb içilməlidir. Axşama kimi ağrı tədricən azalır, ayın axırında isə tamamilə keçib gedir.
  • Xroniki yorğunluqda və yuxusuzluqda xalq təbabəti 3 çay qaşığı alma sirkəsinin 1 fincan balla qatışığını çox yaxşı dərman hesab edir. Bu qatışıqdan yatmazdan qabaq 2 çay qaşığı qəbul etmək (lazım gəlsə 4 çay qaşığı da olar) olar.
  • Hipertoniyada xalq təbabəti hər gün 4 stəkan meyvə şirəsinə ekvivalent meyvə yeməyi məsləhət görür. Bu alma, üzüm, quşüzümü və onların şirəsi ola bilər. Bu məqsədlə 1 stəkan suya 2 çay qaşığı alma sirkəsi töküb, gündə 3-4 dəfə 1 ay və daha çox müddətdə qəbul etmək olar.
  • Xalq təbabətində alma sirkəsindən miqreni müalicə etmək üçün istifadə edilir. Bunun üçün qazana bərabər miqdar alma sirkəsi və su tökülür, odun üstündə qaynayana qədər qızdırılır. Bu mayenin üstündən buxar qalxanda, xəstə başını tazın üstünə əyib bu buxardan 75 dəfə nəfəs alır. Bundan sonra baş ağrısı tamamilə kəsilir. Belə buxar vannası baş ağrısında həbi əvəz edə bilir.
  • Başı yuduqdan sonra 1 litr suya 1 xörək qaşığı alma sirkəsi qatıb başı yaxalamaq saçların tökülməsinin qarşısını alır.
  • Səs xırıltılı və boğuq olduqda yuyulmuş və təmizlənməmiş 3-5 ədəd təzə almanın üzərinə 1 litr su töküb 10-15 dəqiqə bişirmək və 4 saat dəmləmək, gündə bir neçə dəfə isti-isti içmək lazımdır. Soyuqdəymədən əmələ gələn öskürəkdə və səs tellərində şiş olduqda bu vasitə çox kömək edir.
  • Alma şirəsi mədə-bağırsaq sisteminin vəziyyətinə yaxşılaşdırıcı təsir göstərir.
  • Alman tədqiqatçıları müəyyən etmişlər ki, alma yeyənlərin, alma şirəsi içənlərin və alma püresi yeyənlərin bağırsaq xərçənginə tutulma riski xeyli aşağıdır.
  • Amerika alimləri müəyyən ediblər ki, aktiv alma yeyənlər alma yeməyənlərdən 3 dəfə az hipertoniya xəstəliyinə tutulurlar.
  • Həddən artıq yorğunluqda, üzgün və zəiflikdə 6 ədəd göy antonovka və ya simerenko almasını xırda hissələrə doğramaq, 400 qram donuzun (porsuğun, ayının, qoyunun) iç yağı ilə qarışdırıb duxovkada sakit odda əridib pörtlətmək, (yandırmamaq) 12 ədəd toyuq yumurtasının sarısını 1 stəkan şəkərlə və 400 qr üyüdülmüş şokoladla yaxşı çalıb qarışdırmaqla, bunları soyumuş alma və yağa qatmaq və yaxşı qarışdıraraq soyuducuda saxlamaq lazımdır. Gündə 3-4 dəfə çörəyin üstünə yaxıb qaynar süd içməklə yemək lazımdır. Bu resept kök adamlar üçün yaramır. Arıq, üzülmüş adamlar üçün çox faydalıdır. Bir həftədə çəki 800 qr-dan 2,5 kq-a qədər artır.
  • Qadınların döşlərinin gilələrində çat olduqda təzə almanı sürtkəcdən keçirdib bərabər miqdar kərə yağı ilə qatıb döşün gilələrinin çatlarına sürtmək faydalıdır.
  • Almanı toxumlar ilə yemək lazımdır, çünki toxumlarında olan yod sutkalıq normanı ödəyir.
  • 1-2 çay qaşığı alma sirkəsini 1 stəkan qaynanmış suya (1 stəkan alma şirəsinə də olar) töküb 1-2 çay qaşığı bal və bir damcı lüqol əlavə edib için. Bu qatışığı yeməkdən qabaq, yemək vaxtı və ya yeməkdən sonra səhər və axşam qəbul etmək olar. Məhluldakı kalium orqanizmi boşaldır, gərginliyi çıxarır və dincəlmə şəraiti yaradır. Yod orqanizmin optimist əhval-ruhiyə yaradan mexanizmini fəaliyyətə gətirir, sakitliyə və dincliyə meyl oyadır, qida maddələri ehtiyatının yaranmasına kömək edir. Bu məhlulun qəbulunu o vaxta qədər davam etdirmək olar ki, burundan selik axsın, burundan selik axanda orqanizm yodla doyduğu üçün məhlulun qəbulu dayandırılmalıdır.
  • Səhər ac qarına 1 stəkan qaynar suya 1 çay qaşığı bal və 1 çay qaşığı alma sirkəsi töküb içmək çox faydalıdır. Qaynar su orqanizmi təmizləyir, bal orqanizmi mikroelementlərlə təmin edir, alma sirkəsindəki kalium isə ürəyi möhkəmlədir.
  • Mədə turşuluğu sıfır olduqda (axiliyada) 2-3 ədəd göy almanı (antonovka və ya sumerenko) sürtkəcin xırda gözündən keçirmək və səhər ac qarına yemək faydalıdır. Bundan sonra 3,5-4 saat heç nə yeyilməməlidir. Bunu 1 ay hər gün etmək, 2-ci ay isə bir gündən bir, 3-cü ay 2 gündən bir, 4-cü ay həftədə 1 dəfə yemək məsləhətdir.
  • Katarakt xəstəliyində almanın üst tərəfini kəsb özəyini təmizləmək. Almanın içinə bal töküb kəsilmiş alma hissəsi ilə örtülür. 2 gün sonra almanın içindəki bal-almaşirəsi şüşə bankaya süzülür. Səhər və axşam gözlərə 2 damcı tökmək lazımdır.
  • Təzyiq yuxarı olduqda (hipertoniya) 6 xörək qaşığı alma sirkəsi; 6 xörək qaşığı bal ilə qarışdırılır. Güorta yemək vaxtı və gecə 1 desert qaşığı hər gün bütün il boyu fasiləsiz qəbul etmək lazımdır. Təzyiq aşağı düşür baş ağrısı keçir və yuxu yaxşılaşır.
  • Orqanizmdə molekulyar dəmir çatışmazlığında alma yemək məsləhət görülür.

Alma sirkəsinin hazırlanması üsulu (amerkan Carvis üsulu) aşağıdakı kimidir:

Alma yuyulur, çürük və xarab hissələr kəsilib atılaraq təmizlənir. Bundan sonra almanın qabıqları, özəyi və toxumları ilə birlikdə ət maşınından keçirilir. Alınan alma sıyığı münasib qaba (bankaya) yığılır. Hər 0,4 kq alma sıyığına 0,5 litr əvvəlcədən qaynadılmış isti su tökülür (məsələn, 4 kq alma sıyığına 5 litr su qatılır). Hər 1 litr suya şirin almaya 50 qr, turş almaya isə 100 qr bal və ya şəkər, hər litr suya 10 qram çörək mayası və hər litr suya 20 qram quru qara çörək qatılır. Bütün bu qatışıq ağzı açıq qabda 20-300C temperaturlu evdə saxlanır (qabın ağzı geniş olmalıdır). Alma sirkəsi hazırlanan qab şüşə (banka) və ya taxtadan ola bilər. Sirkə hazırlanan qab qaranlıq yerdə saxlanmalıdır. Birinci qıcqırma mərhələsi 10 gün (20-300C) davam edir, alma sıyığı gündə 2-3 dəfə taxta qaşıqla qarışdırılır. Bundan sonra tənzif kisəyə tökülərək süzülür. Alınan şirə (sirkə) yenə də tənzifdən süzülür. Bu şirəyə (sirkəyə) hər 1 litrə 50-100 qram bal və ya şəkər qatılır. İkinci qıcqırma mərhələsində bankanın ağzı tənziflə bağlanır və isti yerdə saxlanır ki, qıcqırma davam etsin. Maye (sirkə) sakitləşəndə və durulanda qıcqırma başa çatmış hesab olunur. Bundan 40-60 gün keçəndən sonra alma sirkəsi hazır olacaqdır. Sirkə hazır olandan sonra butulkalara süzülür, ağızları möhkəm bağlanaraq sərin yerdə saxlanır.

 

Dendrologiya İnstitutunun “Efiryağlı bitkilər”

laboratoriyasının aparıcı elmi işçisi:b.ü.f.d., dos. R.Ə.Ələkbərov

 

“Ağac - kolların introduksiyası və iqlimləşdirilməsi”

lаbоrаtоriyаsının əməkdaşı:bioloq  V.R.Əhmədova

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31