SON DƏQİQƏ

naxcivanxeberleri.com

ROBERT LUİS BALFUR STİVENSON İNGİLİSDİLLİ ƏDƏBİYYATIN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ KİMİ 

ROBERT LUİS BALFUR STİVENSON İNGİLİSDİLLİ ƏDƏBİYYATIN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ KİMİ 
6-12-2021, 19:43

Şotland şairi, dramaturqu, esse, roman və hekayələr yazarı Robert Luis Balfur Stivenson 13 noyabr 1850-ci ildə Edinburqda, Şotlandiyada anadan olub. Hələ uşaqlıq dövründən R.L.Stivensonun səhhətində problemlər olub. O, 1871-ci ildə qısa müddət ərzində Edinburq universitetində mühəndislik təhsili almış, sonra hüquq fakültəsinə köçürülmüşdür. 1875-ci ildə vəkillik diplomu alsa da, güman ki, səhhətinin zəifliyi nəticəsində və yazıçılığa meyl göstərdiyindən heç vaxt vəkillik peşəsi ilə məşğul olmamışdır. 1876-cı ildə yüngül idman qayığında səyahətə çıxdıqdan sonra 1878-ci ildə onun “Ölkə daxilində səyahət” adlı ilk kitabı nəşr olundu. Elə həmin ildə “Təzə min bir gecə nağılları” jurnallarda, sonra isə ayrıca kitab şəklində nəşr olundu. 1879-cu ildə yazıçı səhhəti ilə bağlı olaraq Belçika və Şimali Fransaya səyahətlərinin təəssüratlarından ibarət olan “Səyahətlər” kitabını nəşr etdirdi. Həmin səyahət ikinci mərhələsində o, ərindən ayrı yaşayan amerikalı xanım Fəni Ozburnla tanış oldu və onunla birlikdə Amerikaya getdi. Fəni ərindən boşanan kimi Stivenson 1880-ci ildə  San-Fransiskoda onunla evləndi. Qısa müddət orada qaldıqdan sonra  onlar yazıçının səhhəti üçün  daha münasib iqlim tapmaq ümidi ilə Avropaya qayıtdılar. 1883-cü ildə  macəra romanı olan “Dəfinələr adası”-nı nəşr etdirdikdən sonra Stivenson  Avropa və Amerikada məşhurlaşdı. Sonra o, uşaqlar üçün nəzərdə tutulmuş “Uşaqlar üçün şeir bağçası”- nı (1885) və “Oğurlanmış”-ı (1886) nəşr etdirdi. 1887-ci ildə sürəkli  səhhət problemləri ilə əlaqədar olaraq o, İngiltərəni tərk etdi və bir daha ora qayıtmadı. O, Fəni ilə birlikdə Amerikaya getdi, növbəti ildə Şimal dənizi adalarına səfər etdi  və 1890-cı ildə orada məskunlaşdı. Stivenson ömrünün  qalan beş ilini arvadı ilə birlikdə Vailimadakı malikanələrində keçirtdi.

  1. Stivenson poeziyası öz həyatiliyi və reallığı ilə Azərbaycan oxucusunun da diqqətini cəlb etmişdir. Burada biz R.L.Stivenson yaradıcılığının tipik poeziya nümunələrindən olan   iki şeiri oxucularımıza orijinaldan tərcümədə təqdim edirik.  Qeyd edək ki, şeirlərin orijinaldan tərcüməçısi Naxçıvan Dövlət Universiteti Xarici Dillər fakültəsi “İngilis dili və tərcümə fakültəsinin dosenti, fil.ü.f.doktoru Şirməmməd Qüdrət oğlu Qulubəylidir.

 

                                     R E K V İ Y E M

                 Bu əngin, ulduzlu göy altında sən

                 Gəl qaz məzarımı yatım bu gündən.

                 Ömrüm də şən keçdi, ölümüm də şən,

                  Son həyat şöləm də arzumda söndü.

                  Yaz məzar daşıma: həmin bu yeri

                   O çox arzulardı əzəldən bəri.

                   O, bir dənizçiydi, qayıtdı geri,

                   Ovçuydu, dağlardan evinə döndü.

 

                             ÖMÜR  YOLDAŞIMA

                     Vəfalı, pərişan, sədaqətdə tək,

                        Gözləri saf büllur,sübhün şehitək,

                        Poladdır isməti, şərəfi, şanı,

                        O hər şeyə qadir

                        Xəlq edib onu.

 

                      Onda qəzəb də var, atəş də, od da,

                        O eşqin önündə aciz həyat da.

                        Ölümü susdurar, şəri sarsıdar,

                        Ona bu qüdrəti

                        Verib yaradan.

                        Müəllim, xeyirxah, könül sirdaşı,

                        Həyatda ən sadiq ömür yoldaşı.

                        Qəlbi bir asiman, açıq xəzinə,

                        Onu xaliq özü

                        Bəxş edib mənə.

Şirməmməd QULUBƏYLİ

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31