SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müstəqillik illərində inkişafın Naxçıvan modeli

Müstəqillik illərində inkişafın Naxçıvan modeli
6-12-2021, 19:16

Bəşər sivilzasiyasının mədəniyyət ocağı, beş min illik tarixin ərməğanı, qütblərin və qitələrin qovuşduğu əsrarəngiz məkan Azərbaycanın göz bəbəyidir Naxçıvan. Füsunkar təbiəti, münbit torpağı, milli-mənəvi dəyərləri, ləziz mətbəx nemətləri, əsrarəngiz təbiət gözəllikləri ilə bir cənnətməkandır Naxçıvan. Dədə Qorqud hikməti, Əcəmi Naxçıvani Mədəniyyəti, Kalbalı xanın uzaqgörənliyi, Cəlil Məmmədquluzadə ucalığı, Hüseyn Cavid bəşəriliyi, Məmməd Səid Ordubadi mütəfəkkirliyi, Bəhruz Kəngərli ideyası, Yusif Məmmədəliyev elmi, Cəmşid Naxçıvanski igidliyi, ümummilli lider Heydər Əliyev dühalığının hər daşına, qayasına hopduğu bu məmləkətin keçdiyi mübarizə yolunun şanlı tariximizin səhifələrində özünəməxsus bir yeri var. Çünki bu torpağın qazandığı inkişaf və tərəqqiyə, o cümlədən aydın sabahlara qovuşması heç də asan olmamışdır. Ancaq qürurla deyə bilərik ki, sözügedən çətinliklərin məngənəsindən çıxaraq muxtar respublikamız bu gün ümummilli liderimiz Heydər Əliyevin böyük amallara hesablanmış ideyalarına qətiyyətlə sahib çıxaraq onu yaşadıb öz inkişaf və tərəqqi dövrünü qazanmışdır.

 

Müstəqillik yolunda atılan kövrək addımlar 

          Bir aforizimdə deyilir ki, böyük mübarizələrdə qələbə çalmaq üçün kiçik münaqişələrdə məğlub olmaq lazımdır. Bəli, Naxçıvanımızın keçdiyi tarixi inkişaf yoluna nəzər saldıqda bunun ən bariz nümunəsini onun taleyinə həkk olunan hadisələrin timsalında görürük. Belə ki, hələ XX əsrin ilk illərindən etibarən tarixin bütün dövrlərində xalqımıza qarşı təcavüzkar siyasət bəsləmiş erməni daşnaklarının heç bir ağla və məntiqə söykənməyən hiylələri, saxta torpaq iddiaları bu diyarın, o cümlədən də ötən əsrin əvvələrində xalqımızı çətin günlərin sınağına çəkməkdəydi. Heç bir ümidi və pənahı olmayan bir dövlət üçün, millət üçün baş verən bu hadisələr isə onların nəin ki, sabaha, bəlkə də, gələcək yüz ilə belə olan ümidlərini puç etmişdi. Baş verən proseslərin cərəyan etdiyi bir zamanda dövlətçilik ənənlərimizin və ərazi bütövlüyümüzün qorunması üçün atılan ən uğurlu və yekdil addımların başında isə 1918-ci ildə yaradılan və paytaxtı Naxçıvan şəhəri olan Araz-Türk Respublikası dururdu. Tarixi mənbələrimizdə də qeyd edildiyi kimi, ərazisində Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Ordubad mahalı, Eçmiədzin qəzasının bir hissəsi, İrəvan qəzasının Sərdərabad, Uluxanlı, Qəmərli, Vedibasar və Mehri bölgələri daxil olan, sahəsi 8,7 min kvadratkilometr, əhalisi bir milyondan artıq olan bu respublika özündən sonra Moskva, Qars müqavilələri kimi taleyyüklü sənədlərin imzalanmasına zəmin yaradaraq yurdumuzu parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etmiş və bugünkü müstəqilliyimizin ilk carçılarından olmuşdur. Sözügedən hadisələrin ardınca 1924-cü ilin 9 fevralında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması və Naxçıvan şəhəri kimi elm-irfan ocağının respublikanın mərkəzi seçilməsi o dövrlərdə gələcək üçün atılan uğurlu addımların ən gözəl təminatçısı idi. Xalqımızın, dövlətimizin belə çətin və mürəkkəb bir şəraitdə etiraz səsini ucaldaraq bu cür nailiyyətin əldə edilməsini isə gələcəkdə ulu öndər Heydər Əliyev bu cür qiymətləndirəcəkdi: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.

 

Qurtuluş yolu 

          Yuxarıda qeyd etdiyimiz tarixi hadisələr, o cümlədən XX əsrin birinci yarısında baş verən ictimai-siyasi proseslər haqqında çox danışmaq olar. Bu mənada, bir məqamı diqqətə çatdırmalıyıq ki, həmin dövrlərdə müstəqillik ideyalarının işığında atılan addımların hər biri xalqımızın azadlıq yanğısının daha da artmasına, dövrün haqsızlıqlarına, ədalətsizliklərinə qarşı çıxmasına və gələcəkdə həqiqi bir lider ətrafında toplanıb əsl vətənpərvərlik nümayiş etdirməsinə zəmin yaratmışdı. XX əsrdə bitmək bilməyən mürəkkəb siyasi proseslər, erməni daşnaklarının dövlətimizə qarşı apardığı işğalçı münasibətlər, sovet rejiminin xalqımızın başına açdığı acı talelər, anarxiya, rüşvətxorluq, başlıbaşınalıq və ən əsası da həmin illərdəki ölkə başçılarının dövlətimizə qarşı apardığı ögey münasibətlər, sözün əsl mənasında, millətimizin sabaha olan ümidlərini belə puça çıxarmışdı. Xalqımızın el qədr-qiyməti bilən övladları, təbii ki, bu cür sonu görünməyən, ortalığa işğalçılıqdan, ümidsizlikdən başqa nəticə çıxara bilməyən vəziyyət qarşısında susa bilməzdi. Belə ağır bir şəraitdə isə onların tək çıxış yolu vahid bir ideya və həqiqi bir lider ətrafında birləşməsi idi.

          Bilmək lazımdır ki, hər bir xalqın, millətin, dövlətin taleyində çətin məqamlar olur. O çətin məqamlar ki, ağır vəziyyətə düçar etdiyi xalqın sanki bəsirət gözünü açaraq ətrafda, ölkədə baş verən hadisələrə adekvad yanaşmasına, yaxşını pisdən, yalanı doğrudan ayırmasına və ən əsası da ölkənin həqiqi liderini seçməsinə şərait yaradır. Bir sözlə, xalqı qəflət yuxusundan oyadır. Necə ki bu saydıqlarımızın sayəsində ötən əsrin 90-cı illərində hakimiyyətə baş verən qanlı-qadalı proseslərə öz imdad səsini ucaldan xalqımız öz ümid dolu baxışlarını sövq-təbii olaraq elimizin irsi-milli sərvəti, böyük novator Heydər Əliyevin üzərində cəmləşdirərək gələcəkdəki öz liderlərini seçməyə qadir olmuşdular. 

 

Solmuş üfüqlərdən aydın şəfəqlərə və ya dünyaya ulu öndər bəyənatı 

          Böyük mütəfəkkir, publisist Viktor Hüqo bir zamanlar yazırdı: “Əsl Liderin ömrünün bir yarısı Vətənə, digər yarısı da xalqına xidmət etməkdən ibarətdir”. Bəli, xalqımızın həqiqi lideri, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın hər yerində, o cümlədən Naxçıvan Muxtar Respublikasının bütün sahələrində inkişaf və tərəqqi sürətli şəkildə özünü göstərdi. Ümummilli liderin ozamankı hakimiyyətin yarıtmaz siyasəti ucbatından ögey münasibətə məruz qalmış, unudulmuş və blokada şəraitini salınmış Naxçıvana, naxçıvanlılara öz kömək əlini uzatması, ümidləri, azadlıqları sanki quş qanadında ərşə ucalmış aciz və köməksiz xalqımızın qəlbində bir inam məşəli alovlandırmışdı. Bu hissin xalqın qəlbində oyanması da təsadüfü deyildi. Dahi mütəfəkkiri yurduna sevdirən ən əsas məqam da xalqının, elinin, dövlətinin siyasi maraqlarını hər şeydən üstün tutması, bir sözlə, ömrünü onların rifahı yolunda xərcləməsi idi. Bu mənada, xalqımızın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər elə ilk vaxtlardan dövlətin düşdüyü ağır siyasi vəziyyətdən çıxarmaq, illərlə Azərbaycanı parçalayıb, sərvətlərini tar-mar edən dövlətləri öz yerinə oturtmaq üçün çıraq işığında qətiyyətlə çalışaraq saysız-hesabsız tarixi müvəffəqiyyətlər əldə etdi. Bu yolda atılan ilk addımlardan biri kimi Naxçıvan Muxtar Respublikası üzərindən Sovet Sosialist sözlərinin çıxarılması, dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qorunması, Naxçıvanın 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda iştirak etməməsi milli istiqlalımıza, azadlığımıza və hürriyyətimizə rövnəq verən gözəl addımlardan biri idi. Sözügedən addımlar həm də Azərbaycanın məğlubiyyəti üçün çalışan işğalçı qüvəllərə və dünyaya, sözün əsl mənasında, ulu öndər bəyənatı idi.

          Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlməsi, burada baş verən ictimai-siyasi proseslərlə yaxından tanış olması, baş verən ağır problemlərin aradan qaldırılması üçün səylə çalışması, blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikanı regionun qabaqcıl inkişaf obyektlərindən birinə çevirmək üçün çıraq işığında çalışıb, min bir əzab-əziyyətlə inkişafın Naxçıvan modelini yaradaraq, xalqımızı zülmət gecələrdən aydın sabahlara aparması dahi şəxsiyyətin Vətənə sədaqətinin təntənəsi idi. Ulu öndərin ölkəmizin, muxtar respublikamızın xilaskarı kimi atdığı məqsədyönlü addımlardan biri də yurdumuzu öz siyasi xəttinə sadiq, Vətən, xalq qədir-qiyməti bilən, dövrün qaynar, ağır şəraitinə baxmayaraq, onu çətinliklərin məngənəsindən qurtara biləcək bir rəhbərə əmanət etməsi idi. Dahi liderin məmləkətimizi böyük inamla etibar etdiyi bu şəxsiyyət 1960-cı il 14 yanvar tarixində sadə, zəhmətkeş bir ailədə doğulan və tariximizin səhifələrinə müstəqillik illərində inkişafın Naxçıvan modelini yazan cənab Vasif Talıbovdur.

 

Müasirləşən Naxçıvan 

          Ümummilli liderimiz Naxçıvana etdiyi ilk səfərində, qısa zaman müddətində, yeni muxtar respublika rəhbərliyinin qətiyyətli addımları ilə diyarımızın bütün sahələrində gedən inkişaf və irəliləyişin şahidi olmuş və onu müsbət qiymətləndirərək demişdir: “...Muxtar respublikada işlər normal vəziyyətdədir. Görürəm ki, qısa müddətdə Naxçıvanda çox işlər görülübdür... Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan dayaqdır... Əminəm ki, bundan sonra da dayaq olacaqdır”.   

          Müstəqillik illərində muxtar respublikamızda ulu öndər dəst-xətinə sadiqli, yaradıb-yaşatmaq amalı və diyarımızın hər bir sahəsində atılan məqsədyönlü addımlar tezliklə Naxçıvanımıza müasirlik simasını qazandırmağa nail oldu. İstənilən davamlı inkişafın təməlində, ilk növbədə, rəhbər-vətəndaş əlaqələrinin üstünlüyünü uzaqgörənliklə dərk edən muxtar respublika rəhbəri tez bir zamanda ümummilli lider tərəfindən əsası qoyulan həmrəylik münasibətlərində siyasi sabitliyi bərqərar etməklə, bir çox təhlükələri aradan qaldıraraq xalqının etimadını qazana bildi. Bu ideya isə ideal bir siyasətçinin atdığı ən mütəşəkkil addımların önündə dayanır. Sözügedən uğurun sayəsində yurdumuz regionun ən sabit, təhlükəsiz, əmin-amanlığın höküm sürdüyü bir ünvana çevrildi. 

          Uzun müddət blokada şəraitində yaşamasına baxmayaraq, diyarımızda mövcud olan çoxsayılı problemlərin həlli, şəhərlərimizin, kədlərimizin simasında həyata keçirilən müsbət dəyişikliklər, muxtar respublikamızın tarixi üçün bir yenilik olmaqla yanaşı, həm də blokadanın, sözün əsl mənasında, inkişaf modeli idi. Günü-gündən gülüstana çevrilən şəhərimizdə yeni-yeni inzibati binaların tikilib xalqın ixtiyarın verilməsi, yolların əsaslı şəkildə təmir olunması, təlim-tədris obyektlərinin açılması, park-xiyabanlarımızda olan təmizlik adını çəkdiyimiz inkişaf və tərəqqinin, o cümlədən muxtar diyarımızın qurucu rəhbərinin parlaq ideyalarının ən gözəl nümunəsidir. Bunun nəticəsidir ki, yurdumuzun hər bir sahəsində gedən müfəssəl inkişaf, müasirləşmə onu nəin ki, regionun, hətda dünyanın sayılıb-seçilən qabaqcıl şəhərləri siyahısına daxil edib. Şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmış bu hadisələr, saymaqla bitməyən bu uğurlar mözumuzun sərlövhəsində də adını qürurla çəkdiyimiz bolkada şəraitindəki inkişafın gözoxşayan gözəllikləri və xalqımızın el qeyrəti çəkən övladlarının vətənpərvərlik yoludur. O yol ki, onu qazanıb bu günlərə, gələcək nəsillərə miras qoymaq üçün uzun illər xalqımızı gənclik illərinin ən gözəl çağlarında, çörək növbələrində, elə çörəklə imtahana çəkərək ümidlərini 90-cı illərin sazağında gözlərində dondurmuşdu. O yolun özü ilə birgə yurdumuza gətirdiyi azadlığın, müstəqilliyin, hüriyyətin təməlində çıraq işığında gecəni səhər edənlərin ideyaları, amalları, qurub-yaratmaq cəhdləri dayanmışdı.

          Bu gün böyük xoşbəxtliklə muxtar diyarımızın son 30 ildə, müstəqillik illərində qazandığı uğurlardan, o cümlədən 2018-ci ildə Gənclər paytaxtı seçilməsindən tutmuş, İslam mədəniyyətinin mərkəzi seçilməsinə qədər olan dövrlərdən və son olaraq da Zəngəzur dəhlizi vasitəsilə Turan elinə qaynayıb-qarışmasına qədər olan mərhələlərdən ürəkdolusu danışmaq olar. Çünki, məmləkətimizin göz oxşayan gözəllikləri, inkişafı, tərəqqisi və müasirliyi qarşısında sətirlər belə aciz qalır.  

          Ariflər deyirlər ki, zaman lövbərsiz gəmi kimidir; dayanmadan irəliləyir. Bu gəminin əbədi sakinləri isə keçmişini unutmayan, bu gününün qiymətini bilən və gələcəyi üçün dayanmadan çalışanlardır. Son 30 ilin qısa təhlili göstərir ki, muxtar respublikamızda ulu öndər siyasətinə sadiqliyin nəticəsində əsl vətənpərvərlik məfkurəsindən doğan parlaq ideyalar qurub-yaradan dahi şəxsiyyətlərin əlində, o cümlədən muxtar respublikamızın inkişaf modelinin memarı olan cənab Vasif Talıbov sayəsində tariximizin səhifələrinə günümüzün reallıqları kimi yazılır. Elə cənab Sədrimizn də dediyi kimi: “Yol düzgün seçildikdə, milli maraqlara və dövlətçiliyə sədaqət olduqda, insanların qayğısı və ehtiyacları hədəfə alındıqda istənilən möcüzəni yaratmaq olur”.

 

Məcid Rəşadətoğlu

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31