SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ailə təsərrüfatlarının formalaşmasında əməksevərlik və ailə birliyi əsas şərtlərdəndir...

Ailə təsərrüfatlarının formalaşmasında əməksevərlik və ailə birliyi əsas şərtlərdəndir...
3-12-2021, 09:00

Ailə təsərrüfatlarımız

Bu gün muxtar respublikada yaradılan çoxsaylı ailə təsərrüfatları əhalinin rifah səviyyəsinin yüksəlməsinə öz töhfəsini verən kiçik təsərrüfat birlikləri kimi diqqəti cəlb edir. Adından da göründüyü kimi, bu birlik ailəni təşkil edən fərdlərin ayrı-ayrılıqda əməyinin birgə hədəfə yönləndirildiyi bir təsərrüfat formasıdır. Ailə təsərrüfatlarının formalaşmasında əməksevərlik, ailə birliyi əsas şərtlərdəndir. Bu sahənin üstün xüsusiyyətləri ondan ibarətdir ki, kənd yerlərində məskunlaşan ailələrin istehsal etdiyi məhsullarla həmin ailələrin həm öz istehlak tələbatlarının müəyyən bir qismi ödənilir, həm də artırılan təsərrüfat məhsullarını satmaq və ya dəyişdirmək yolu ilə gəlir əldə edilir. Bu isə ailələrin sosial rifah halının yaxşılaşması ilə yanaşı, muxtar respublikada kənd təsərrüfatının inkişafına öz təsirini göstərir. Belə ailə təsərrüfatı başçılarından biri də zəhmət adamı, əməksevər ailə başçısıNaxçıvan şəhər sakini Kamran Kazımovdur.

 

Kamran Kazımov digər ailə təsərrüfatçılarından fərqli, özünəməxsus kənd təsərrüfatı məhsulları hazırlayır. Bu məhsulların içərisində sarımsaq və soğan tozu, xüsusilə seçilir. Bununla yanaşı, Kamran müəllim meyvə və müxtəlif dərman bitkilərinin qurudulmuşunu da xüsusi paketlərdə istehsal edir. Söhbət zamanı o bildirdi ki, dünyada gedən qlobal proseslər- iqlim dəyişikliyi, ekoloji çirklənmə, məlum pandemiya bir neçə ildir ki, ailəmizin sənaye üsulu ilə hazırlanmış bəzi qidalardan imtina edib sağlam qidaya keçməsinə səbəb oldu. Ailəmlə birgə asudə vaxtlarımızda meyvə və tərəvəz qurutmağa başladıq. Bir ay öncə bu məşğuliyyətimizi biznesə çevirməyi qərara aldıq. Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məhsullarımın nümunələri ilə müraciət etdim. Orada ailə təsərrüfatı layihəsi haqqında mənə ətraflı məlumat verdilər və bu proqrama qoşulmağımı təklif etdilər. Beləcə, ailə təsərrüfatım yarandı. Həmin qurumda məhsulların standartlara uyğun hazırlanmasında nələrə diqqət yetirməli olduğumu, məhsulların qablaşması qaydaları, etiketlərinin düzgün tərtib olunması barədə geniş məlumat verdilər. Elə həmin gün Naxçıvan Şəhər İcra Hakimiyyətinə getdim, orada məhsullarımı “Ailə təsərrüfatı məhsulları” satış yarmarkasına çıxarmağımı tövsiyə etdilər. Daha sonra məhsullarımın muxtar respublikamızda fəaliyyət göstərən, ticarət obyektlərinə, marketlərə verilməsinə dəstək oldular, hətta etiketlərimi də çap etdirib təmənnasız mənə təqdim elədilər. Bu səbəblərdən hər iki quruma minnətdarlığımı bildirirəm.

“Bəs nə üçün məhz soğan və sarımsaq tozunu hazırlamağı qərar verdiniz?” sualıma müsahibim cavab olaraq dedi ki, Azərbaycanda hələ 850 il bundаn əvvəl Nizаmi Gəncəvi, sоnrаlаr isə Məhəmməd Yusif Şirvani öz əsərlərində sarımsağın və soğanın əhəmiyyətindən, fаydаlı cəhətlərindən bəhs еdiblər. Həmçinin bu bitkilər güclü antibakterial təsirə malikdir. Bu tərəvəzlər çox faydalı olsa da, qoxularına görə onları gündəlik ictimaiyyətdə olan, iş yerlərində əmək fəaliyyəti ilə məşğul olduqları üçün kollektiv içində olan adamlar gündəlik qida rasionlarına əlavə edə bilmirlər. Eyni zamanda, immunitetlərini möhkəmləndirmək baxımından uşaqlarımız üçün hədsiz dərəcədə faydalı olan bu tərəvəzləri xoşagəlməz iy və dad səbəbindən onların gündəlik qida rasyonuna daxil etmək müşkül məsələdir. Bütün bunları düşünərək sarımsaq və soğanın tozunu hazırladıq. Qeyd edim ki, bu tərəvəzlərin tozları özündən fərqli olaraq yeməklərə əlavə etdikdə heç bir qoxu, iy hiss olunmur. Tozların hazırlanma prosesi 4 gündən artıq çəkir. Öncə sarımsaq və soğan qabıqlarından təmizlənib yuyulur, doğranılır və qurutma avadanlığına qoyulur. İki gün avadanlıqda quruyan sarımsaq və soğanı daha sonra üyüdüb toz halına gətiririk. Hazırda tozları 30 qramlıq paket şəklində şəhərimizin marketlərinə vermişik.Yaxın günlərdə muxtar respublikamızın digər bölgələrindəki mağaza və marketlərə də satış üçün təqdim edəcəyik. Onu da bildirim ki, hazırda təsərrüfatımızda alma, armud, banan, kivi, xurma, portağal, limon kimi meyvələri qurutmaqla məşğuluq. Bu quru meyvələri 100 faiz təbii, qatqısız, tərkibi dəyişmədən hazırlayıram. Meyvə quruları çox faydalıdır. Tərkiblərində sellüloz maddəsi var ki, bu da həzmi və maddələr mübadiləsini yaxşılaşdırır. Quru meyvələrdə vitamin və minerallar təzə meyvədə olduğundan daha çoxdur. Həmçinin kalium, natrium, dəmir, karotin, yod, maqnezium, pektin, B qrupu vitaminləri ilə zəngindir. Meyvələrin qurudulmasında xüsusi avadanlıqdan istifadə edirəm. Bu proses iki üsulla mümkündür: birincisi günəş altında, ikincisi xüsusi avadanlıqla. Birinci üsulun çətinliyi qurutma müddətinin xeyli vaxt tələb etməsidir. İkinci isə məhsulun tez bir zamanda qurudulması üçün bütün dünyada üstünlük verilən üsuldur.

Müsahibim söhbətinə davam edərək dedi: – Noyabr ayının 20-si və 21-i tarixlərdə “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” satış yarmarkasında ilk dəfə idi ki, 16 növdə 200-dən artıq məhsulla iştirak etdim. Bunlar meyvə quruları, sarımsaq və soğan tozları, quru kələm şorbası (borş), meyvə və qızılgül qarışımlı kəklikotu çayı, həmçinin əl işlərim olan diyarımızın tarixi abidələrinin və komplekslərinin şəkilləri təsvir olunan maqnitlər (maqnitlərə əlavə elədiyim QR kodu smartfonun kamerasına yaxınlaşdırdıqda anında ekranda Naxçıvanda yerləşən bütün tarixi abidələr və komplekslər haqqında məlumat əks olunur), uşaqlar üçün hazırladığım böyük yumurta qutular, QR kodla oxuyan canlı çərçivələr idi. Yarmarkada stendimə şəhərimizin sakinləri ilə yanaşı, xarici turistlərin və ölkəmizin digər bölgələrindən gəlmiş yerli blogerlərin marağı məni çox sevindirdi. Ailə təsərrüfatı məhsullarının faydası ilə yanaşı, qablaşması və hər birinin üzərlərində QR kod olması da yarmarkaya gələnlərin diqqət və marağına səbəb oldu. Maraqlananlar elə oradaca smartfon telefonları vasitəsilə QR kodları skan edib anında məhsulların hazırlanması, faydaları, tərkibləri barədə ətraflı məlumat əldə edirdilər. Məhsulların qablaşmasında kraft kağız paketlərindən istifadə etmişdim, hansı ki bu təbii tərkibli paketlər plastik qablara nisbətən çox qısa çürümə müddətinə malikdir və parçalanma zamanı ətraf mühitə zərərli maddələr düşmür.
Son olaraq bunu da demək istərdim ki, muxtar respublikamızın rəhbəri tərəfindən ailə təsərrüfatlarına göstərilən yüksək diqqət və qayğı, yaradılan şərait məni təsərrüfatımı daha da böyütməyə, yeni avadanlıqlar almağa, istehsal həcmini artırmağa sövq edir. İnşallah, önümüzdəki aylarda meyvə qurusu çeşidlərinə yenilərini əlavə etməyi düşünürəm. Yeni tozlar üçün də ideyalarım var. 2022-ci ildə istehlakçıların məhsullarımı onlayn şəkildə sifariş verib qapıda təhvil almaları üçün mobil tətbiq və internet saytının da hazırlanması planlarım var. Bunları deməkdə məqsədim odur ki, Naxçıvanın ən böyük oxucu kütləsinə malik “Şərq qapısı” qəzeti vasitəsilə hər hansı əl işini, bacarığı, qabiliyyəti biznesə çevirmək ideyası olan ailələr muxtar respublika rəhbərinin bu sahədə yaratdığı geniş imkan və şəraitdən xəbərdar olsunlar. Ailə təsərrüfatlarını daim işıqlandırdığınız üçün sizə, redaksiya kollektivinizə minnətdarlığımı bildirirəm.
Bu gün ailə təsərrüfatları xüsusi təsərrüfat növü olub əməyə və iqtisadi fayda götürmək prinsipinə əsaslanan sahibkarlıq formasıdır. Əlbəttə ki, bu sahədə qazanılan təcrübə əhalinin keyfiyyətli yerli məhsullara olan tələbatını ödəməklə yanaşı, kənd yerlərində yaşayan əhalinin məşğulluğunun təmin edilməsinə və sosial-iqtisadi inkişafa da öz töhfəsini verməkdədir.

 Aytac CƏFƏRLİ

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31